Məhkəmə qərarları › İş №1(078)-2/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-2/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-2/2022 01.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı-Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Babək rayonu Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, müvəqqəti işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində 01 aprel 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə saat 01 radələrində Naxçıvan şəhəri Babək məhəlləsi 2 ünvanında yerləşən X30 kafedə tanışı Zərərçəkmiş şəxs ilə rastlaşıb onunla görüşmüş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öz oturduğu kabinetə qonaq dəvət etmiş, onun dəvəti ilə Zərərçəkmiş şəxs həmin kabinetə getmiş, kabinetdə olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə birlikdə spirtli içki qəbul edib öz aralarında zarafat etmiş, bir qədər oturduqdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şit zarafatlar etmiş, onun hərəkətləri Təqsirləndirilən şəxs xoşuna gəlmədiyindən kabinetdə oturan digər şəxsləri narahat etməmək məqsədilə Təqsirləndirilən şəxs ona sanitar qovşağına keçməyi təklif etmiş, Zərərçəkmiş şəxs razılıq verdikdən sonra birlikdə kafenin sanitar qovşağına keçib orada öz aralarında mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs üzərindəki bıçağı çıxartmış və həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarnının ön divarının sol yarısına və sol sağrı nahiyyəsinə bıçaq zərbəsi vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. Halhazırda işləmir. Zərərçəkmiş şəxs 7-8 ildir tanıyır. Aralarında ədavət və düşmənçilik münasibəti yoxdur. 25 fevral 2022-ci il tarixdə günorta saatlarında uşaqlıqdan tanıdığı dostu Həbibə zəng vuraraq görüşmək istədiyini bildirmiş, Həbib də ona axşam zəng vuracağını gəlib görüşəcəklərini demişdir. Həmin gün saat 19 radələrində Həbib ona zəng vuraraq X30 kafesində oturduğunu bildirmiş, onu da dəvət etmişdir. Həbibə gəldiyini desə də evdən bir qədər gec çıxmış, sonra X30 kafesinə gedib 1 nömrəli kabinetdə Həbiblə görüşmüşdür. Həbiblə bir yerdə oturub yeyib-içmişlər, həmin vaxt Həbiblə birlikdə viski sifariş vermişlər. Viski gələnə kimi Həbiblə birlikdə 4-5 bakal piyvə içmiş, sifariş verdikləri bir litrlik viski gəldikdən sonra həmin viskini də işçişdirlər. Ayaqyoluna getmək üçün kabinetdən çıxmış, barın qabağında Hafislə ofsiantın söhbət etdiyini görmüşdür. Hafislə salamlaşmış, burada nə etdiyini soruşmuş, Hafis ona dostları ilə oturub yeyib-içdiklərini bildirmişdir. Hafisə Həbiblə 1 nömrəli kabinetdə oturduğunu demiş, onu da dəvət etmişdir. Ayaqyolundan qayıtdıqdan sonra Hafisin kabinetdə Həbiblə oturduğunu görmüş, sonra birlikdə piyvə sifariş verib içmişdirlər. Piyvə içən zaman Hafislə zarafat edib deyib-gülmüş, ancaq etdiyi zarafatın Hafisin acığına gəldiyini hiss etmişdir. Piyvə içə-içə Hafis də onunla zarafat etməyə başlamış, həmin vaxt stolun üstündəki menyunu götürüb ona tərəf tullamışdır. Hafis niyə ona qarşı bu hərəkəti etdiyini soruşmuş, Hafis də ona zarafat etdiyini demişdir. Ancaq Hafisin kinayə ilə ona qarşı həmin hərəkətləri etdiyini hiss etdiyi üçün Hafisə ayaqyoluna getməyi, səs-küy olmamasını təklif etmişdir. Çünki heç kimi narahat etmədən orada söhbət edəcəklərini düşünmüşdür. Hafis də onunla razılaşıb birlikdə kabinetdən çıxmış, birlikdə ayaqyoluna getmişlər. Ayaqyolu otağına keçib Hafislə söhbət etməyə başlamış, söhbət zamanı Hafislə aralarında mübahisə düşmüş və Hafis ona yumruq atmışdır. Qarşılıq verib Hafisə yumruq atdıqda yumruq ona dəyməmişdir. Hafisin özündən canlı olduğunu görüb sərxoş vəziyyətdə ona heç nə edə bilməyəcəyini düşünərək Hafisi qorxutmaq üçün üstündə olan bıçağı çıxartmış, ondan sonra özünü müdafiə etmək üçün Hafisə iki bıçaq vurmuşdur. Ancaq sərxoş olduğundan Hafisin hansı nahiyyəsindən bıçaqla vurmağını xatırlamır. Sonra Hafis yerə yıxılmış, ayaqyolundan çölə çıxaraq əlindəki bıçaqla Həbiblə oturduqları kabinetə getmişdir. Həbib onu görüb nə olduğunu soruşduqda Həbibə Hafisi bıçaqla vurduğunu demişdir. Həbib onun əlindən bıçağı almış sonra X30 kafedən çıxıb qaçaraq evə getmişdir. Bir qədər keçəndən sonra polis əməkdaşları ona zəng vurmuş, evdə olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onun yaşadığı evə gəlmiş və o Hafisi bıçaqladığını deyərək təslim olmuş, onu Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə dəvət etmişlər. Hafislə ilk dəfə mübahisə etmiş, mübahisə nəticəsində Hafisə bıçaqla xəsarət yetirmişdir. Hafislə aralarında əvvəllər mübahisə olmamış, mübahisə olmadığına görə də Hafisə əvvəllər heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı Hafisi bıçaqla vurmaq istəməmişdir. Həbib bıçağı alan zaman Hafis yanlarında olmamışdır. Hafisi vurmaq niyəti olmamışdır. Hafisi bıçaqlayandan sonra hadisə yerinə kafenin administratoru Rəşid gəlmiş, onun gəldiyini görən kimi oradan çıxıb getmişdir. Hadisə yerinə başqa kimlərin gəldiyini görməmişdir. Bıçaqlara şəxsi marağı olduğu üçün üstündə olmuşdur. Hadisənin törədilməsində istifadə etdiyi bıçaq açılıb-bağlanan, metal rəngli, dəstəyi yanıq-açıq qəhvəyi rənglidir, həmin bıçağı hərdən bir paltarının cibində gəzdirir. Həbiblə kabinetdə oturub içən zaman həmin bıçağın gödəkçəsinin cibində qaldığını hiss etmişdir. Hafislə mübahisə zamanı onu qorxutmaq üçün bıçağı cibindən çıxartmışdır, özünü müdafiə etmək üçün bıçağı Hafisə tərəf çəkib fırladaraq onunla mübahisə etmişdir. Mübahisə zamanı Hafis əlini qarnının üstünə qoyanda onu bıçaqladığını bilmiş, sonra da oradan çıxıb getmişdir. Etdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsindən başqa aşağıdakı sübutlarla da təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Hal-hazırda işsizdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, onunla arasında hər hansı bir qohumçuluq və düşmənçilik münasibəti olmamışdır. İlkin onun təhsil aldığı Universitetdən qrup yoldaşı olan X13 dostudur. İlkini əvvəlcədən tanımağına baxmayaraq onunla dost kimi yaxın münasibəti olmamışdır, ortaq dostları vasitəsi ilə İlkinlə bir neçə dəfə görüşüb birlikdə oturmuş, İlkinlə yeyib-içmiş, İlkini dostu Həbibə görə tanıdığı üçün həmişə birlikdə görüşüb oturmuşlar. Son bir ildə Həbib hərbi xidmətdə olduğu üçün görüşə bilməmişlər. 25 fevral 2022-ci il tarixdə günorta saatlarında Hüseyn adlı dostu zəng edərək ad günü olduğu üçün onu da X30 kafeyə dəvət etmişdir. Həmin gün axşam saat 20 radələrində X30 kafeyə gedərək orada dostları ilə görüşmüşdür. Sonra keçib kupelərin birində əyləşmiş, bir neçə saat oturduqdan sonra sanitar qovşağına getmək üçün kupedən dəhlizə çıxmışdır. Bu zaman dəhlizdə İlkinlə qarşılaşmış, İlkinlə salamlaşıb görüşmüşdür. İlkin ona Həbiblə birlikdə kupedə oturduğunu deyərək onu da dəvət etmişdir. İlkinə bir azdan keçəcəyini demiş sonra sanitar qovşağına gedib öz kupesinə qayıtmış, bir az oturduqdan sonra İlkin və Həbibin oturduğu kupeyə getmişdir. Onlarla bir yerdə oturub söhbət etmiş, İlkinlə öz aralarında zarafat edib deyib-gülmüşlər. Sonra İlkinlə etdikləri zarafatlar birbirilərinin xoşuna gəlməmişdir. O əlində olan menyunu İlkinə tərəf atmış, İlkin bunun səbəbini soruşanda ona zarafat etdiyini demişdir. Bu zaman İlkin ona sanitar qovşağına gedib orada söhbət etmələrini təklif etmiş, yanında olan şəxsləri və kafedəki digər müştəriləri səs-küy salıb narahat etməmək üçün İlkinlə razılaşıb sanitar qovşağına getmişdir. Sanitar qovşağında olan zaman İlkinlə aralarında mübahisə baş vermiş, sonra İlkini qolundan tutub ayaqyolundan çölə çıxartmaq istəmiş, həmin vaxt İlkinin sağ əlində bıçaq görmüş, sonra qarın nahiyəsində istilik hiss etdiyindən əlini həmin yerə qoymuş, əlini çəkib baxanda qarnından qan gəldiyini görmüşdür. Həmin vaxtı yerə yıxılmış, İlkin də oradan qaçıb getmişdir. Səs-küyə ətrafdakı şəxlər köməyə gəlmiş, sonra X24 mərkəzinə zəng vurmuşlar. Həmin vaxtı ətrafdakı şəxslərin köməyi ilə ayağa qalxıb əvvəlcədən dostları ilə oturduğu kabinetə getmiş, bir az keçdikdən sonra X24 avtomobili gəlmiş, həkimlər ona kabinetdə ilkin tibbi yardım göstərmişlər. Sonra X24 avtomobili ilə Naxçıvan MR Xəstəxanasına aparılmış, xəstəxanada həkimlər onu müayinə etmiş, müayinə zamanı sol qarın nahiyyəsindən başqa sol bud nahiyəsindən də yara aldığını bilmişdir. İlkin aralarında olan zarafata görə söhbəti uzadıb ona sanitar qovşağına getməyi təklif etmiş, səs-küy salıb orada olan şəxsləri narahat etməmək üçün İlkinlə razılaşıb sanitar qovşağına getmiş, sanitar qovşağında olan zaman İlkinlə aralarında mübahisə baş vermiş, sərxoş olduğu üçün İlkin onu bıçaqla necə vurduğunu bilməmişdir. Qarnında istilik hiss edəndə İlkinin onu əlindəki bıçaqla vurduğunu bilmiş, kafedə olan zaman içki qəbul etdiyi üçün hadisə zamanı baş verənlər təxminən yadında qalmışdır. İlkin də həmin vaxtı içkili olmuş, kabinetdə olan zaman İlkinlə aralarında hər hansı bir söz-söhbət və mübahisə olmamışdır. Hadisə zamanı sanitar qovşaqda heç kim olmamışdır. İlkinin üzərində bıçaq olduğundan xəbəri olmamış, hər şey qəfildən baş vermişdir. İlkinin bıçağı necə və harasından çıxardığını görməmişdir. Birdən qarın nahiyəsində istilik hiss etmiş, əli ilə oraya baxanda qan gəldiyini görmüşdür. İlkinin əlində bıçaq görsə də, hadisə qəfildən olduğuna görə dəqiq yadında qalmadığı üçün həmin bıçağın görünüşünü təsvir edə bilmir. Əvvəllər İlkinlə aralarında heç bir mübahisə olmamışdır. Belə bir hadisə ilk dəfə olmuş, İlkin onu bıçaqlayandan sonra həmin vaxt hadisə yerinə kafenin administratoru Rəşid gəlmişdir. Sonra kafenin müdiri Tural və digər şəxslər də oraya gəlmişdirlər.Oraya gələn digər şəxsləri tanımamışdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır və hal-hazırda heç yerdə işləmir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyər və onunla dost münasibətləri vardır. 25 fevral 2022-ci il tarixdə saat təxminən 20:30 radələrində X30 kafesində olan zaman İlkinə zəng edərək onu da dəvət etmiş, saat təxminən 21 radələrində İlkin kafeyə gəlmişdir. Birlikdə kafenin 1 nömrəli kabinetində oturmuşlar. İlkin gəldikdən sonra viski sifariş vermiş, İlkinlə birlikdə yeyibiçmişlər. Həmin vaxt qız tanışı da orada olmuşdu. Viskini içdikdən sonra İlkin kabinetdən çıxmış, bir az keçdikdən sonra Universitetdən tanıdığı Zərərçəkmiş şəxs oturduqları kabinetə gəlmişdir. Hafislə görüşən zaman burada nə etdiyini soruşmuş, Hafis ona dostunun ad günü olduğunu, dəhlizdə İlkinlə qarşılaşdığını, İlkin onu kabinetə dəvət etdiyini bildirmişdir. Sonra İlkin kabinetə gəlmiş, bu zaman o qız dostu ilə kabinetdə bir tərəfə çəkilib söhbət etməyə başlamışdır. Həmin vaxt Hafislə İlkinin öz aralarında zarafat edərək deyib-güldüklərini görmüşdür. Hafislə İlkin bir az söhbət etdikdən sonra hər ikisi kabinetdən çıxmış, təxminən 10 dəqiqə keçəndən sonra İlkin əlində bıçaqla kabinetə qayıtmışdır. İlkindən nə olduğunu soruşanda , İlkin ona “Hafisi bıçaqla vurduğunu bildirmişdir. İlkinə indicə Hafislə deyib-gülmədiyini, dəli olduğunu demiş, həmin vaxtı İlkinin qolundan tutub əlindəki açılıb-bağlanan bıçağı almışdır. Bıçağı aldıqdan sonra İlkin kafedən çıxıb qaçmış, İlkindən aldığı bıçağı cibinə qoymuşdur. Kabinetdən dəhlizə çıxanda Hafisin barın yanında yaralı vəziyyətdə yerə yıxıldığını görmüşdür. İlkinin əlindən aldığı bıçağı X30 kafenin yanındakı yaşıllıq əraziyə atmışdır. Sonra hadisə yerindən çıxıb getmiş, bir az keçdikdən sonra polis əməkdaşı ona zəng vurub hadisə yerinə dəvət etmişdir. Hadisə yerinə gələndə polis əməkdaşlarına baş vermiş hadisəni danışaraq hadisənin törədilməsində istifadə olunan bıçağı İlkinin əlindən alıb yaşıllıq əraziyə atdığını demiş, dəvət edilən hal şahidləri və digər iştirakçılarla birlikdə hadisə yerinə baxış keçirilmiş, bıçağın atıldığı yaşıllıq zonaya da baxış keçiriləndə xeyli axtarıldıqdan sonra polis əməkdaşları tərəfindən bıçaq tapılmışdır. Hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən həmin açılıb-bağlanan bıçaq qablaşdırılaraq götürülmüşdür. Hafislə İlkinin arasındakı mübahisənin səbəbini bilməmişdir. Hafislə İlkin arasında olan bıçaqlanma hadisəsini görməmiş, kabinetdə olan zaman onlar arasında hər hansı bir mübahisə olmamıdşır. Hadisə olan zaman 1 nömrəli kabinetdə qız tanışı ilə oturmuş, İlkin əlində bıçaqla kabinetə gələndən sonra hadisənin baş verdiyini bilmişdir. Kabinetdən çıxanda Hafisin yanında kafedə işləyən bir neçə şəxsin olduğunu görmüş, həmin şəxslər Hafisə kömək etmiş, onların heç birini tanımır. İlkinin əlindəki bıçağın üzərində qan olduğunu görmüş, bıçağın dəstəyi yanmış taxta materialdan hazırlanmış, dəstəyin rəngi yanıq sarı rəngli olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yaşayır. 2021-ci ilin mart ayından hal-hazıradək Naxçıvan şəhəri Babək məhəlləsi 2 ünvanında yerləşən X30 kafesinin administratoru vəzifəsində işləyir. Həmin kafenin müdiri X6r. Cinayət işi üzrə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müştəri kimi tanıyır, onlarla aralarında ədavət və düşmənçilik münasibəti yoxdur. 25 fevral 2022-ci il tarixdə saat 11:00 radələrində işə getmişdir. Səhər-səhər iş ilə əlaqədar müştərilər az olur, müştərilərlə maraqlanaraq həmin gün ərzində əvvəlcədən sifarişləri qəbul etmişdir. Hafis 6 nömrəli kabinetdə oturmuş, Həbiblə İlkin isə 1 nömrəli kabinetdə oturmuşlar. İlkin və Həbib viski sifariş verib birgə içmiş, viskini içəndən sonra İlkin dəhlizə çıxmışdır. Dəhlizdə olanda İlkin Hafislə rastlaşmış, bir-biri ilə görüşmüşlər. X27 oturduğu 1 nömrəli kabinetə dəvət etmiş, Hafislə İlkin 1 nömrəli kabinetə keçmişdir. Həmin vaxt ofsiantlara nəzarət etmiş, bir qədər sonra İlkinlə Hafis oturduqları kabinetdən çıxıb kabinetlər olan hissənin ayaqyolusuna tərəf getmişlər, həmin vaxt İlkinlə Hafisin birbirilərinə mehriban davrandıqlarını görmüşdür. 10-15 dəqiqə keçəndən sonra ayaqyolu tərəfdən tappıltı eşitmiş, səs gələn tərəfə gedəndə İlkinin əlində bıçaq olduğunu və Hafisin də əli ilə qarnını tutub dizi üstə yerdə qaldığını görmüşdür. İlkin onu görən kimi qaçıb getmiş, Hafisdən nə olduğunu soruşmuş, Hafis də ona İlkinin onu bıçaqla vurduğunu demişdir. Bu barədə kafenin müdiri Turala məlumat vermiş, hadisə yerinə polis əməkdaşları və X24 avtomobili gəlmişdir. Hadisə zamanı Hafisin əynində qara rəngli paltarlar olduğunu görmüş, həkimlər Hafisə ilkin tibbi yardım göstərmiş, sonra da həkimlər Hafisi X24 avtomobilinə mindirib aparmışlar. Hadisə yerinə polis əməkdaşları gələrək baxış keçirtmiş, baxış zamanı Həbib polis əməkdaşlarına bıçağı İlkinin əlindən alıb kafenin yanındakı yaşıllıq əraziyə atdığını bildirmiş, polis əməkdaşları həmin əraziyə baxış keçirdib axtarış edəndə bıçağı tapmışlar. Polis əməkdaşları həmin bıçağı qablaşdıraraq götürmüşlər. İlkinlə Hafisin arasında olan mübahisəni görməmiş, sadəcə olaraq ayaqyolu tərəfdən səs gəldiyini eşitmiş, ayaqyoluna gedəndə orada İlkinlə Hafisin olduğunu və onlardan başqa heç kimin olmadığını, Hafisin yaralı vəziyyətdə yerə yıxıldığını görmüş, həmin vaxt İlkin oradan çıxıb getmişdir. Hafisə kömək edib bar olan tərəfə gətirmiş, kafenin müdiri Turala bu barədə məlumat vermişdir. İlkinlə Hafisi müştəri kimi tanıyır. İlkinlə Hafisin arasında nə mübahisə olduğunu bilmir, müştərilər kabinetdə oturduğu üçün orada hadisə zamanı heç kim olmamışdır. Hadisə olan vaxt səs eşidəndə gecə yarısını keçdiyi üçün orada heç kimin olmamış, səs gələn tərəfə gedəndə ancaq İlkinlə Hafisi görmüş, İlkinlə Hafisdən başqa ayaqyolunda heç kim olmamışdır. İlkinin əlində bıçağı görmüş, həmin bıçaq açılıb-bağlanan bıçaq idi. Kafenin kabinetlər olan hissəsində ümumiyyətlə müşahidə kameraları yoxdur. Hadisə ayaqyolunda olduğundan orada hadisəni qeydə alan kamera sistemi əvvəlcədən olmayıbdır, hadisə zamanı kafeyə hər hansı bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 və X14 şahid X18 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatların bir qismini təsdiq etmişdirlər. İstintaq zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8 ilin sentyabr ayından Babək Rayon Sığorta İdarəsində sığorta agenti vəzifəsində işləmiş, hazırda işdən azad edilmişdir. Zərərçəkmiş şəxs əvvəlcədən tanıyır, Hafislə dost kimi münasibəti vardır. Təqsirləndirilən şəxs isə əvvəlcədən tanımır, onunla aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibəti yoxdur. 25 fevral 2022-ci il tarixdə dostu X7 onunla telefon əlaqəsi saxlayaraq ad gününü qeyd etmək üçün X30 kafeyə dəvət etmiş, həmin gün saat təxminən 20 radələrində X30 kafeyə getmişdir. Kafedə dostu Hüseynlə qarşılaşıb onunla görüşmüş, kabinetə keçib əyləşmiş, kabinetdə Hüseyndən başqa X19 da olmuşdur. Bir qədər keçdikdən sonra Hafis də oraya gəlib görüşdükdən sonra birlikdə kabinetdə oturub ad gününü qeyd edib kabinetdə yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra Hafis kabinetdən çıxıb getmiş, təxminən 15-20 dəqiqə keçəndən sonra dəhlizdən səs eşitmiş, kabinetdən çıxanda Hafisin dəhlizdə barın yanında yerdə uzandığını görmüşdür. Barın yanında olan şəxslərin Hafisin başına toplaşdığını, Hafisə tərəf gedəndə Hafisin əli ilə sol qabırğa nahiyəsini tutduğunu və əlinin qan olduğunu görmüşdür. Həmin vaxtı hadisənin təsirindən Hafisdən nə olduğunu soruşa bilməmiş, bir az keçdikdən sonra hadisə yerinə X24 avtomobili gəlmiş, sonra həkim Hafisi kabinetlərdən birinə keçirib orada ona ilkin tibbi yardım göstərmiş, sonra onu X24 avtomobilinə mindirib xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər Hafisi müayinə etdikdən sonra onun vəziyyətinin yaxşı olduğunu bildirmişlər. İlkinlə Hafis arasında olan mübahisəni görməmiş, Hafisi barın qabağında görəndə İlkin orada olmamışdır. İlkinlə Hafisin arasındakı mübahisənin səbəbini bilmir, hadisə yerində dostu Hacı Hüseynovla birlikdə olmuşdur. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X19 şahid X11 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İstintaq zamanı Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin xarakterini, yetirilmə müddətini və ağırlıq dərəcəsini müəyyən etmək məqsədilə 28 fevral 2022-ci il tarixli qərarla «Məhkəmə-tibb ekspertizası» təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış 01 mart 2022-ci il tarixli 23 saylı ekspert rəyində vətəndaş Zərərçəkmiş şəxs bədənində qarının ön divarının sol yarısında yara və sol sağrı nahiyəsində yara olduğu, göstərilən xəsarətlərin hər hansı bir kəsici-deşici alətin təsirindən törədildiyi, eləcə də bıçaq zərbəsindən törənə bilər olduğu, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun olduğu, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aid olduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olubolmamasını müəyyən etmək məqsədilə o, Naxçıvan Şəhər Təcili X17 müayinə edilmiş və alınmış 26 fevral 2022-ci il tarixli 284 nömrəli "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktında Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmadığı, ağzından alkoqol iyinin gəldiyi göstərilmişdir. İstintaqla əlaqədar Naxçıvan MR Xəstəxanasına 28.02.2022-ci il tarixdə Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs hansı diaqnozla xəstəxanaya daxil olması ilə bağlı sorğu verilmiş və Naxçıvan MR Xəstəxanasından alınmış 01 mart 2022-ci il tarixli 28 nömrəli cavabda Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs 26.02.2022-ci il tarixdə saat 04:22 radələrində Naxçıvan MR X1 sol qabırğaaltı, sol bud-çanaq nahiyələrinin kəsilmiş yaraları diaqnozu ilə daxil olduğu göstərilmişdir. İstintaq zamanı 01 mart 2022-ci il tarixli qərarla “Kompleks məhkəmə-trasoloji və soyuq silahların tədqiqi ekspertizası” təyin edilmiş və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 03 mart 2022-ci il tarixli 58-59 nömrəli rəydə tədqiqata təqdim edilmiş bıçağın, formasına, quruluşuna, üzərində zavod işarələrinin olmasına və sair xüsusiyyətlərinə əsasən zavod üsulu ilə hazırlanmış bir tərəfinin kəsici, ucunun deşici xassəyə malik olan turist bıçaqlarına uyğun gəldiyi, soyuq silah hesab edilmədiyi, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli uzunqol koftanın (sviterin), qara rəngli qolsuz maykanın və qara rəngli cins şalvarın səthindəki zədələrin (3 ədəd) bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəldiyi, belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsinin və ona oxşar bıçaq tiyələrinin də aid olduğu göstərilmişdir. İstintaqla əlaqədar 01 aprel 2022-ci il tarixdə tədqiqat üçün nümunələrin götürülməsi barədə qərar qəbul edilmiş və 02 aprel 2022-ci il tarixdə qərar Zərərçəkmiş şəxs elan olunmuş, 04 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-də ekspert-bioloq tərəfindən qan nümunəsi götürülmüşdür. İstintaq zamanı 01 aprel 2022-ci il tarixli qərarla «Məhkəmə-bioloji ekspertizası» təyin edilmiş və Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış 12 aprel 2022-ci il tarixli 04 saylı ekspert rəyində təqdim edilən bıçağın, pambığa hopdurularaq götürülmüş nümunələrin və hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli qolsuz maykanın, bir ədəd qara rəngli uzunqol boğazı sepli köynəyin və bir ədəd qara rəngli cins şalvarın üzərində qan olduğu, həmin qanın insan qanı olduğu, tərkib əlamətlərinə görə Zərərçəkmiş şəxs qanı ilə eyni olduğu, yəni (İ) qan qrupuna aid olduğu göstərilmişdir. İstintaqla əlaqədar Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X4 qeydiyyatda olub-olmaması barədə 01 aprel 2022-ci il tarixdə sorğu verilmiş və alınmış 04 aprel 2022-ci il tarixli 185 saylı cavabda 2000-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs 12.12.2017-ci il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə Dispanserdə dispanser qeydiyyatda dayandığı göstərilmişdir. İstintaq zamanı 05 aprel 2022-ci il tarixli qərarla “məhkəmə psixiatrik ekspertizası” təyin edilmiş və Y.Budaqov adına Naxçıvan MR X3 alınmış 16 aprel 2022-ci il tarixli 223 saylı ekspert rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Emosional davamsız şəxsiyyət pozuntusu”nun müşahidə olunduğu, Təqsirləndirilən şəxs müşahidə olunan “Emosional davamsız şəxsiyyət pozuntusu”nun davamlı dekompensasiya vəziyyətində olmadığı üçün hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İstintaq zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik edən, hadisə yerinə baxış zamanı götürülmüş, cinayətin törədilməsində alət kimi istifadə edilmiş turist bıçağı, qan nümunələri və hadisə zamanı zərərçəkmiş şəxs Hafiz Xudaverdiyevin əynində olmuş və Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Travmatologiya şöbəsindən götürülmüş bir ədəd qara rəngli qolsuz mayka, bir ədəd qara rəngli uzunqol boğazı sepli köynək və bir ədəd qara rəngli cins şalvar cinayət işi üzrə 18 aprel 2022-ci il tarixdə maddi sübut hesab edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Mənzil İstismar İdarəsindən alınmış arayışdan aydın olur ki, təqsirləndirilən şəxs Babayev X12 şəhəri Ə.Qəmküsar küçəsi ev 11, mənzil 9 ünvanında qeydiyyatda olmaqla anası – 1966-cı il təvəllüdlü X16 ilə yaşayır. Həmin Mənzil İstismar İdarəsindən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məsuliyyəti ağırlaşdıran hal yoxdur. 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 30 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X5 müvafiq tələbnamə göndərilmiş və alınmış 04 aprel 2022-ci il tarixli 2/1178 nömrəli cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumatın olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 128-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına yüngül zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 128-ci maddəsinin dispozisiyası sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olan zərərin vurulmasından ibarətdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Məhkəmədə, Təqsirləndirilən şəxsnın əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olan zərərçəkmiş şəxs X2 məxsus bir ədəd qara rəngli qolsuz mayka, bir ədəd qara rəngli uzunqol boğazı sepli köynək və bir ədəd qara rəngli cins şalvar zərərçəkmiş şəxsin özünə qaytarılmalı, zərəçəkmiş şəxsə məxsus qan nümunələri hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi maddi sübut olaraq götürülmüş bir ədəd turist bıçağı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1100 (bir min yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan zərərçəkmiş şəxs X2 məxsus bir ədəd qara rəngli qolsuz mayka, bir ədəd qara rəngli uzunqol boğazı sepli köynək və bir ədəd qara rəngli cins şalvar zərərçəkmiş şəxsin özünə qaytarılsın. İş üzrə maddi sübut olan zərəçəkmiş şəxsə məxsus qan nümunələri hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd turist bıçağı xüsusi müsadirə edilərək hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar