Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-2/2023 06.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:20 dəqiqədə Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2 uşaq atası, müvəqqəti işsiz, əvvəllər talama cinayətləri törətdiyinə görə 4 dəfə məhkum olunsa da, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində sərxoş halda Naxçıvan şəhərində Cahan ticarət mərkəzinin qarşısındakı dayanacaqdan 2 nömrəli marşrut avtobusuna minib ayaqüstə dayanmış, həmin marşrut avtobusunda olarkən qarşısında, ayaqüstə arxası ona tərəf dayanan Zərərçəkmiş şəxs əynində olan isti gödəkcəsinin sağ yan cibinin zamokunu açaraq, onun cibindən "İphone 11 Pro Max (256 GB)” markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs 950 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, ona edilmiş ittihamın mahiyyəti və mənasını bildiyini, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, ünvan 1 ünvanında yaşamaqla, heç bir yerdə işləmədiyini, əmlaklarını gizli yolla taladığı X8 və Zərərçəkmiş şəxs əvvəlcədən tanımadığını, onlarla aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibətinin olmadığını, 1996-2009-cu illər arasında Bakı şəhərində törətdiyi cinayətlərə görə 4 dəfə azadlıqdan məhrum edildiyini, 2014-cü ildə azadlığa buraxıldıqdan sonra Naxçıvan şəhərinə gəldiyini, 18 dekabr 2022-ci il tarixdə, saat 09 radələrində Cahan ticarət mərkəzinə getdiyini, orada satıcıların avtomobillərini saxlamaqda onlara kömək etdiyinə görə 5 manat pul aldığını, həmin pula 2 ədəd peraşki və 250 qramlıq araq götürüb bazarda peraşki ilə arağı içdiyini, sonra pilləkənlərdən yuxarı qalxıb Cahan ticarət mərkəzinin arxasındakı sıra ilə düzülmüş mağazaların qarşısından keçərkən orda dayanmış avtomobillərdən birinin yanında qara rəngli sellofan torba olduğunu və yanında heç kimin olmadığını gördüyünü, torbanın içərisinə baxanda ət olduğunu görüb, həmin torbanı götürdüyünü, həmin əti Sədərək rayonunda yaşayan uşaqlarına aparmaq qərarına gəldiyini, subay olsa da, Sədərək rayonunda keçmiş həyat yoldaşından iki uşağının olduğunu, Cahan ticarət mərkəzinin qarşısındakı avtobus dayanacağına çıxıb oradan dörd yola getmək üçün 2 nömrəli marşrut avtobusuna mindiyini, avtobusda dörd yola gələrkən qarşısında arxası ona tərəf olan cavan oğlanın dayandığını, həmin oğlanın başının qarışıq olduğunu və avtobusun sıxlıq olduğunu görüb onun əyninə geydiyi gödəkçənin sağ cibindən mobil telefonu götürüb öz cibinə qoyduğunu, içkili olduğuna görə həmin mobil telefonu harada söndürdüyünün yadına gəlmədiyini, çünki cavan oğlanın telefonunu ondan alanda telefonun sönülü olduğunu, 4 yol ticarət mərkəzinin qarşısında 2 nömrəli marşrut avtobusundan düşüb, əti uşaqlarına vermək üçün orada olan taksilərdən biri ilə Sədərək rayonuna getmək istədiyini, telefonu da satıb pulunu uşaqlarına verməyi düşündüyünü, 10 aydan artıq olar ki, boşandıqlarına baxmayaraq uşaqlarına kəsilən alimenti ödəyə bilmədiyini, dörd yol ticarət mərkəzinin qarşısında taksi axtararkən həmin cavan oğlanın yanındakı bir qızla ona yaxınlaşıb "telefonumu avtobusda cibimdən götürmüsən, telefonumu ver" dediyini, həmin cavan oğlana telefonun özündə olmadığını bildirdiyini, həmin cavan oğlanın əlini atıb onun gödəkçəsinin sağ cibindən telefonu çıxartdığını, sonra bir nəfər polis əməkdaşının onlara yaxınlaşıb nə olduğunu soruşduğunu, həmin cavan oğlanın da polis əməkdaşına, "telefonumu marşrut avtobusunda mənim cibimdən oğurlamışdır, mən də onu tapıb telefonumu ondan aldım" dediyini, polis əməkdaşlarının onları Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, Polis İdarəsinə gəldikdən sonra həmin ətin sahibinin də İdarəyə müraciət etdiyini görüb, həmin qara sellofan torbada olan əti də oğurladığını dediyini, polis əməkdaşlarının iki nəfər hal şahidi çağırıb telefona və ətə baxış keçirdiklərini, baxış zamanı ətin təxminən 3 kq-dan bir qədər artığının mal əti, qalanının isə it yemi olduğunun məlum olduğunu, polis əməkdaşlarının ətə və telefona baxıb protokol tərtib edib əti və telefonu öz sahiblərinə qaytardıqlarını, qara torbada olan ətin gizli yolla talayarkən, kimə məxsus olduğunu bilmədiyini, həmin qara torbanı oraya kimin qoyduğunu da görmədiyini, torbanın yanında heç kimin olmadığını görüb götürdüyünü, əvvəllər cinayət əməlləri törətsədə, 2014-cü ildə azadlığa buraxılıb Naxçıvana qayıtdıqdan sonra oğurluq etmədiyini, həmin vaxtı da uşaqlarına yemək lazım olduğundan həmin əti və telefonu oğurladığını, hadisə zamanı içkili olduğunu, bazarda əti oğurlayarkən orada heç kimin olmadığını, hər iki törətdiyi oğurluq hadisəsində onun oğurluq etdiyini kimsənin görmədiyini, qeyd edilənlərdən başqa heç bir oğurluq hadisəsi törətmədiyini, 2014-cü ildə cəzasını çəkib gəldikdən sonra evləndiyini, iki övladının olduğunu, üç il olar ki, ayrıldıqlarını və etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, Bərdə rayon Nazırlı kəndində qeydiyyatda olmaqla Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin İV kursunda oxuduğunu, ünvan 2 ünvanında kirayə yaşadığını, marşrut avtobusunda cibindən mobil telefonunu oğurlayan Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla heç bir münasibətinin olmadığını, 18 dekabr 2022-ci il tarixdə saat 14-15 radələrində qrup yoldaşı Şahid2 ilə birlikdə Cahan ticarət mərkəzinin qarşısındakı avtobus dayanacağından 2 nömrəli maşruta mindiklərini, avtobusun içərisi dolu olduğundan ayaq üstdə dayandığını, Aminənin isə oturduğunu, birlikdə 2 nömrəli maşrutla Naxçıvan Dövlət Universitetinə getdiklərini, Universitetin qarşısında avtobusdan düşdükdən sonra, kitabxanaya kitab oxumaq üçün gedərkən telefonunu götürmək üçün əlini isti gödəkçəsinin cibinə atdıqda telefonunun cibində olmadığını, birdən başqa cibinə qoyar deyə digər ciblərinə baxsa da telefonu tapa bilmədiyini, özünə məxsus təxminən 1600 manat qiyməti olan iphone 11 pro max markalı mobil telefonunun oğurlandığını düşündüyünü, buna görə çox narahat olub nə edəcəyini bilmədiyini, yoldan keçən bir avtomobili saxladaraq sürücüsündən qabaqda gedən avtobusu izləməsini xahiş etdiyini, həmin avtomobilin də marşrut avtobusunu izlədiyini, marşrut avtobusunun Naxçıvan şəhəri Əliabad qəsəbəsinə kimi gedib çıxdığını, ora gedənə qədər Aminənin telefonundan bir neçə dəfə üstündə ***-***-**-** nömrə olan telefonuna zəng vursada, telefonuna zəng çatmadığını, telefonda GPS sistemini açsa, telefonunun harada olduğunu tapa biləcəyinin yadına düşdüyünü, Aminədən GPS sistemi açmasını istədiyini, Aminə GPS sistemini açdıqda səhv marşrut avtobusunun arxasınca gəldiklərini gördüyünü, GPS sisteminin 9 mərtəbəli binaların yanındakı avtobus dayanacağını göstərdiyini, həmin avtomobillə geriyə qayıdıb, 4 yoldakı 9 mərtəbəli binaların yanındakı avtobus dayanacağına gəldiklərini, ora çatanda Aminədən telefonu alıb GPS sistemində telefonunu göstərən yer tərəfə qaçdığını, ticarət mərkəzinin tam qabağına gələndə, ticarət mərkəzinin qabağında dayanan, ağ rəngli isti gödəkçə geyinmiş kişinin maşrutda onun arxasında dayanan kişi olduğunu gördüyünü, GPS sistemində siqnalın da həmin şəxsi göstərdiyini, həmin an kişinin telefonunu oğurladığından şübhələndiyini, ona yaxınlaşıb telefonunu istədiyini, həmin şəxsində telefonun onda olmadığını dediyini, təkrar GPS sisteminə baxdıqda sistemdəki siqnalın həmin şəxsi göstərdiyini, əlini onun sağ cibinə atıb onun cibindən öz telefonunu götürdüyünü, elə həmin vaxtı polis əməkdaşının onlara yaxınlaşıb nə olduğunu soruşduğunu, olanları polis əməkdaşına danışdığını, birlikdə Naxçıvan Şəhər Polis İdarəsinə gəldiklərini, cibinə girərək telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs əlindəki qara torbada olan ət və it üçün götürülən sümüyü də bazardan oğurladığını bildiyini, həmin ətin də sahibinin polis idarəsinə gəldiyini, onların iştirakları ilə telefonuna və torbada olan ətə baxış keçirilərək əşyalarının özlərinə qaytarıldığını, maşruta minəndən sonra avtobusun içərisində öz telefonundan istifadə etdiyini, avtobusdan düşənə yaxın telefonunu isti gödəkçəsinin sağ yan cibinə qoyub və cibinin sepini çəkib bağladığını, ondan sonra da avtobusdan düşdükdə telefonunun cibində olmadığını gördüyünü, Cahan ticarət mərkəzinin qarşısından marşruta mindikdən sonra, ağ rəngli isti gödəkcə geyinmiş yaşlı kişinin də maşruta mindiyini, həmin vaxt o kişinin əlində qara rəngli salafan torba olduğunu, həmin kişinin avtobus hərəkət edərkən onun arxasında ayaq üstə dayandığını telefonunun oğurlandığını avtobusdan düşdükdən sonra bildiyini, mobil telofonunun qaytarıldığını, Təqsirləndirilən şəxs tanımadığını, qanuni qərar verilməsini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatlar bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Şərur rayon Püsyan kəndində qeydiyyatda olmaqla yaşadığını, 05 yanvar 2017-ci ildən Naxçıvan Şəhər Polis İdarəsinin PPXB-də polis nəfəri işlədiyini, polis baş serjantı rütbəsini daşıdığını, 18 dekabr 2022-ci il tarixdə Naxçıvan şəhəri H.Əliyev prospektində dörd yol adlanan yerdə postda xidmətdə olduğunu, xidmət zamanı saat 15 radələrində bir qız ilə bir cavan oğlanın 9 mərtəbəli yaşayış binasının yanından 4 yol ticarət mərkəzinə tərəf qaçdığını gördüyünü, özünün də nəisə olar deyə onların arxasınca getdiyini, həmin iki nəfər şəxsin orta yaşlı bir kişiyə yaxınlaşıb onunla mübahisə etməyə başladıqlarını görüb, onların yanına gedərək nə baş verdiyini soruşduğunu, cavan oğlanın da ona "bu kişi mənim mobil telefonumu avtobusda cibimdən oğurlamışdı, məndə telefonumda olan izləmə proqramı vasitəsi ilə tapıb telefonu aldım" dediyini, həmin oğlandan hadisənin necə baş verdiyini soruşduqda isə, oğlanın ona, "Naxçıvan Dövlət Universitetinə gəlmək üçün şəhərdə Cahan ticarət mərkəzinin yanından 2 nömrəli avtobusa minib, avtobusda ayaqüstə dayandığını, həmin yaşlı kişinin də onun yanında dayandığını, 2 nömrəli avtobusla gəlib Naxçıvan Dövlət Universitetinin yanında dayanacaqda avtobusdan düşdükdən sonra mobil telefonunun cibində olmadığını gördüyünü, qrup yoldaşının mobil telefonundan GPS vasitəsi ilə izləyib öz mobil telefonunun dörd yol adlanan yerdə yerləşən ticarət mərkəzinin yanında olduğunu gördüyünü, buraya gələndə əvvəlcədən avtobusda yanında dayanan həmin yaşlı kişini gördüyünü, kişidən mobil telefonunun onda olub-olmadığını soruşduğunu, yaşlı kişinin də ona telefonun onda olmadığını dediyini, həmin vaxtı əlini atıb yaşlı kişinin cibindən öz mobil telefonunu çıxardığını dediyini bildirdiyini, hadisə barədə manqa komandiri İlkin Novruzova məlumat verdiyini, PPX-nin əməkdaşları gəldikdən sonra, həmin yaşlı kişini ve telefonu oğurlanan oğlanı Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiklərini, İdarədə mobil telefonunu onun cibindən oğurlayan şəxsin Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, telefonu oğurlanan şəxsin isə Bərdə rayon Nazırlı kənd sakini Zərərçəkmiş şəxs olduğu və onun NDU-da oxuduğunun məlum olduğunu, Təqsirləndirilən şəxs yanında qara sellofan torba olduğunu, ondan həmin torba da nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin torbanın içərisində ət olduğunu və həmin torbanı da Cahan ticarət mərkəzində avtobusa minməmişdən qabaq orada yerləşən mağazanın qarşısından oğurladığını bildirdiyini, bu barədə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavininə raportla müraciət edib öz xidmət yerinə qayıtdığını, həmin şəxsləri əvvəlcədən tanımadığını, onlarla aralarında heç bir ədavət və düşmənçilik münasibətinin olmadığını, həmin mobil telefonu Ruslan ona göstərəndə onun sarı rəngli İphone 11 pro max markalı mobil telefon olduğunu gördüyünü bildirmişdir. İş materiallarında olan istintaqla əlaqədar həqiqətin müəyyən edilməsi yəni, işin hərtərəfli obyektiv araşdırılması məqsədi ilə göstərilən Zərərçəkmiş şəxs məxsus 2019-cu ildə aldığını bildirdiyi İphone 11 Pro Max markalı, qızılı rəngli, mailto:drruslanln@icloud.comElektron ünvan e-maillə qeydiyyatdan keçmiş və yaddaş tutumu 256 GB olan mobil telefonun, orta bazar qiymətlərinin müəyyən edilməsi üçün xüsusi bilik tələb edən ekspert rəyinin zəruriliyini nəzərə alaraq 23 dekabr 2022-ci il tarixli qərarla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 422 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində, Zərərçəkmiş şəxs məxsus İphone 11 Pro Max (256 GB) markalı mobil telefonun orta bazar qiymətinin 950 manat olduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs gizli yolla taladığı, Azərbaycan Respublikası CPM-in 131.1.2-ci maddəsinə əsasən məişətdə gündəlik tələbat olunan əşya olduğundan sahibi Zərərçəkmiş şəxs qaytarılmış İphone 11 Pro Max 256 GB markalı telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İstintaq zamanı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamə ilə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadığı, müsbət xarakterizə olunduğu müəyyən edilmişdir. İstintaq zamanı Naxçıvan Dövlət Universitetindən və Bərdə rayonu Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamələrlə Zərərçəkmiş şəxs Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin əyani şöbəsinin İV kurs tibbi profilaktika ixtisasında təhsil aldığı, Bərdə rayonu Şatırlı kəndində qeydiyyatda olduğu və müsbət xarakterizə olunduğu müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənildiyindən, məhkum olunmamış hesab edilməsi, himayəsində 2 övladının olması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X4 müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli 2/403 nömrəli məktubla daxil olmuş cavabda Təqsirləndirilən şəxs birinci dəfə xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının qüvvədən düşmüş CM-in 93-3 hissə 3-cü maddəsi ilə, ikinci dəfə xx.xx.1999-cü il tarixdədə həmin məcəllənin 93-4 hissə 2 maddəsi ilə, üçüncü dəfə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddəsi ilə müəyyən müddətlər azadlıqdan məhrum etmə cəzası aldığı, sonuncu dəfə isə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə barəsində xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məkkəməsi tərəfindən 5 il müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edildiyi və cəzasını cəkib qurtardıqdan sonra xx.xx.2014-cü il tarixdə azadlığa buraxıldığı göstərilmişdir. Naxçıvan Şəhər Polis İdarəsinin 25 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan təddbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və işin digər halları ilə onun tamah niyyəti ilə zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.5ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əvvəllər dəfələrlə eyni xarakterli müxtəlif cinayətləri törətməsini, əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün— ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan təddbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 06 aprel 2023cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış İphone 11 Pro Max 256 GB markalı telefon cinayət təqibi üzrə icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili X1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan təddbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış İphone 11 Pro Max 256 GB markalı telefon cinayət təqibi üzrə icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili X1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-2/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-2/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver