Məhkəmə qərarları › İş №1(078)-20/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-20/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-20/2023 26.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:30 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində 4 may 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd Türkiyə Respublikasında “Makine ve Kimya Endüstrisi” zavodunda zavod üsulu ilə istehsal edilmiş, “Browning Hi- Power”, “Parabellum Luger”, “SİG Sauer P226”, “Walter P99”, “Glock 17”, “Glock 19”, “Ruger SR9”, “Beretta 92”, “Smith&Wesson Model 910”, “Steyr M1912”, markalı tapançalarda, “Colt 9mm SMG”, “Beretta MAB 38”, “HK MP5”, “Mauser C96”, “Uzi”, “Minebea M” markalı tapança-plemyotlarda və s. silahlarda döyüş sursatı kimi istifadə edilən, 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı təyinatı üzrə istifadəyə yararlı patronu əldə edib üzərində gəzdirərkən yəni, 02 may 2023-cü il tarixdə saat 14:10 radələrində X10 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun əl yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilmiş və onun çantasının içərisində yuxarıda qeyd olunan patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz etirafı ilə sübut olunur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin sentyabr ayında işləmək məqsədi ilə Türkiyə Respublikası Zonquldak şəhərinə getmişdir. Bundan əvvəldə bir neçə dəfə həmin şəhərə işləmək üçün gedib. Sonuncu dəfə də əvvəl işlədiyi Zonquldak şəhərinin Alaplı kəndində əvvəldən tanıdığı Azərbaycan Respublikası vətəndaşı olan Könül Mirzəyevanın nəvəsinə baxıcılıq etmişdir. X14 isə Türkiyə Respublikasının Yozqat şəhərində olan Bozok Universitetində təhsil alır. 2022-ci ilin sentyabr ayında bacısı Ayşən də onunla birlikdə Türkiyə Respublikasına getmiş, lakin bacısı Yozqat şəhərində yaşamışdır. 02 may 2023-cü il tarixdə X14 ilə birlikdə Tovuz şəhərinə getmək üçün Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasındə yerləşən X10 Limanına gəlmişdir. X10 Limanınından giriş etmiş, Naxçıvan-Bakı təyyarə reysinə bilet alıb, Bakı şəhərinə, oradan Tovuz şəhərinə getmək istəmişdir. Hava limanının giriş hissəsində yoxlanışdan keçən zaman baqaj yüklərini rentgen qurğusuna qoymuş, rentgen qurğusuna nəzarət edən hava limanı işçisi çantada patrona bənzər nəyinsə olduğunu bildirmiş və çantasına baxış keçiriləcəyini bildirmişdir. Türkiyədə olan zaman ona suvenir kimi verilən patroonun çantasında qaldığını xatırlamışdır. Hava limanında işləyən xanım rengen qurğusuna başqa yükə baxan zaman patronu çantasından çıxarıb ayağı ilə rengen qurğusunun altına itələmişdir. Daha sonra çantasına baxsınlar deyə açmışdır. Bu zaman, heç bir əşya müəyyən edilməmiş, oradan aralanan zaman isə onu rentgen qurğusunun yaxınlığında olan qadın çağırmış və patronun yerə düşdüyünü bildirmişdir. Çantasına baxış keçirilən zaman içərisində olan əşyaları və geyimləri çantadan çıxarıb silkələmiş, patron həmin əşyaların arasından yerə düşmüş ola biləcəyini söyləmişdir. Həmin patron götürülmüş və hava limanından onu polis əməkdaşlarına təhvil vermişdirlər. Bir müddət Türkiyə Respublikasında işləyib sonra yaşadığı Tovuz şəhərinə geri dönmüşdür. Türkiyə Respublikasından müvvəqqəti yaşamaq üçün icazə almışdır. Çantasından aşkar edilərək götürülən patronu Türkiyə Respublikasında olan zaman tanışlarından biri ona hədiyyəlik əşya kimi vermiş, patron hədiyyəlik əşyaların içində olmuşdur. Ona verilən hədiyyəlik əşyalar bağlı olduğu üçün onların içərisinə baxmamışdır. Həmin patronunda hədiyyəlik əşyaların hansısa birinin içərisində olduğunu düşünmüşdür. Çantasından həmin patron X10 Limanının yoxlama məntəqəsində olan zaman hava limanın işçisi rentgen qurğusu vasitəsi ilə müəyyən etmişdir. Çantasıda olan patronun məsuliyyətə səbəb olduğunu bilməmişdir. Patronun daşımaqda heç bir məqsədi olmamışdır. Əmlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayəti törətməsi həm də şahidlərin ifadələri və ekspert rəyləri ilə sübut olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2013-cü ildən X10 Limanında ATX agenti vəzifəsində işləmiş, sonra mütəxəssis vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə işləyir. Hava limanında növbəli şəkildə işləyir. 1 may 2023-cü ildə növbədə olan zaman hava limanının giriş hissəsində rentgen qurğusuna qoyulan yüklərin içərisinə nəzarət edərkən yüklərin içərisində şübhəli təsvirlərin, patronun olduğunu görmüşdür. Həmin yükün kimə məxsus olduğunu soruşan zaman bir nəfər xanım yaxınlaşaraq ona məxsus olduğunu bildirdi. Baqaj yükünün açmasını istəyən zaman həmin xanımın yanında bir nəfər kişi var idi, o bildirdi ki, xanım bilet alsın, yükü o açsın. Kişi yükü açan zaman içərisində qadına aid əşyalar olduğu üçün qadını çağırmağa getdi. Yükün sahibi olan qadın geri gəlib rentgen qurğusunun yanında çantanı açdı. Rentgende bjuteriya qutusu olduğunu bildirib qutunu açmasını demişdir. Qutunun içərisində iki ədəd sırğa və onların yanında bir ədəd patron görünürdü. Qadın həmin qutunu çantadan çıxararaq çantanın arxa hissəsində yerə qoydu, sonra yaxınlaşın qutunun içərisini ona göstərdi. Qutuda patronun olmadığını gördü və bu zaman arxada olan xanım patron axtardığını soruşmuşdur. Çantanın sahibi onda patron olmadığını bildirmişdir. Çantanı təkrar rentgen qurğusundan keçirən zaman patron təsvirini görməmişdir. Səhv etdiyini düşünmüş və qadın keçmişdir. Bir-iki dəqiqə sonra təsadüfən yerə baxarkən rentgen qurğusunun altından patronu görmüş, həmin patronun xanıma aid olduğunu bilib növbə rəisinə məlumat vermişdir. Sonra polis əməkdaşları gəlib xanımı və patronu apardılar. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildə X10 Limanında ATX-nin agenti vəzifəsinə təyin edilmiş, həmin vəzifədə bir müddət işlədikdən sonra 2019-cu ilin may ayında həmin xidmətin növbə rəisi vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır. Hava limanında növbəli şəkildə işləyir. 02 may 2023-cü il tarixdə saat təxminən 14:00 radələrində X10 Limanında növbədə olan zaman hava limanının giriş hissəsində rentgen qurğusuna nəzarət edən əməkdaş Reyhanə Vəliyeva ona xidməti rabitə qurğusu ilə məlumat verərək yüklərin içində patron müəyyən etdiyini bildirmişdir. Bundan sonra hava limanının giriş hissəsinə yaxınlaşmışdır. Reyhanə Vəliyeva bir nəfər qadının yükündən bir ədəd patron müəyyən etdiyini bildirərək həmin qadını göstərmişdir. Həmin vaxt qadının adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib etdikdən sonra, hava limanın daxilinə hava limanının polis əməkdaşları dəvət edilmiş, patron və Təqsirləndirilən şəxs hava limanını polislərinə təhvil verilmişdir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Həmin qadını ilk dəfə hava limanında görmüşdür. Təqsirləndirilən şəxs yanında bir nəfər qadın olmuş, lakin həmin qadının kim olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs baqaj çantasından patron aşkar edilib götürülən zaman orada olmamış, həmin yerə gedən zaman patron aşkar edilərək götürülmüş, çantadan aşkar edildiyi anı görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, 2014-cü ilin mart ayından X9 xidmətə başlamışdır. İlk iş yeri Babək Rayon Polis X1 Bölməsinin sahə inspektoru olmuşdur. Bundan sonra 2015-ci ildə X6 Polis Şöbəsinin məhsul növbətçisi vəzifəsinə, 2021-ci ildə isə həmin şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, hal-hazırda həmin vəzifəni müvəqqəti icra edir. 2 may 2023-cü il tarixdə saat təxminən 14:00 radələrində X10 Limanında xidmətdə olan zaman hava limanını təhlükəsizlik xidmətinin növbə rəisi Şəmsəddin müəllim ona məlumat verərək patron tutulduğunu bildirmiş, təhvil götürməyini istəmişdir. Bundan sonra X6 Polis Şöbəsinin növbətçi hissəsindən zəng edərək patron tutulduğunu və təhvil götürməyini söyləmişdirlər. Təhlükəsizlik xidmətinə yaxınlaşıb patronu təhvil götürən zaman çantasından patron aşkar edilən şəxsin Tovuz şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxsin çantasından aşkar edilən patron müvafiq qaydada onun iştirakı ilə qablaşdırılmış və üzərinə imzalar çəkilmişdir. Təqsirləndirilən şəxs təhvil götürüb X6 Polis Şöbəsinə gətirmişdir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə hava limanında görmüşdür. Təqsirləndirilən şəxs və qablaşdırılımış zərfi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X6 Polis Şöbəsinin növbəti hissəsinə təhvil vermişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X4 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayında Türkiyə Respublikasının Yozqat şəhərində yerləşən Bozok Universitetinin İqtisadi İdari Bilimlər fakultəsinə qəbul olmuş, hal-hazırda həmin universitetin 2-ci kursundə təhsil alır. Yozqat şəhərində tələbələr üçün nəzərdə tutulan özəl yurtda yaşayır, bacısı Təqsirləndirilən şəxs da Türkiyə Respublikasının Zonquldak şəhərində yaşayır və uşaq baxıcılığı edir, 2023-cü ilin may ayının 2-də bacısı Ellada ilə birlikdə Tovuz şəhərinə getmək üçün Naxçıvan Muxtar Respublikasına gəlmişdirlər. X10 Limanı vasitəsi ilə Bakı şəhərinə oradan isə Tovuz şəhərinə gedəcəkmişlər. X15 məntəqəsindən bir başa X10 Limanına gəlmiş, hava limanının içərisində bir nəfər tanımadıqları şəxsdən veşlərinə kömək etməsini xahiş etmişdirlər. Yükləri rentgen qurğsundan keçən zaman o, mobil telefonu ilə danışmış, telefon ilə danişa-danışa isə bilet almaq üçün gedib sıraya durmuşdur. Sonra bacısı Təqsirləndirilən şəxs yüklərinin keçdiyi hissəyə getmiş, telefon ilə danışdığı üçün nə olduğunu dəqiq xatırlaya bilməmişdir. Sonra bacısı gəlmiş, onlar bilet sırasına bilrikdə durmuşdurlar. Bir neçə dəqiqə keçəndən sonra bacısı Elladanı hava limanı işçiləri rentgen qurğusunun yanına çağırmış, sıranın çatdığı üçün bacısının gəlmədiyini görmüş və sənədlər onda olduğu üçün onun yanına getmişdir. Bacısının yanına gedəndə hava limanının işçiləri rentgen qurğusunun altından patron aşkar edildiyini və həmin patorunun onlara aid olduğunu bildirmiş, oda həmin qadına patronun onların çantasından, yəni bacısının çantasından rentgen qurğusunun altına düşdüyünü dəqiqləşdirmək üçün soruşmuşdur. Qadın isə təstiqləmişdir. Bundan sonra polis əməkdaşları çağırılmış və onları polis şöbəsinə aparmışdırlar. Bacısı ilə yaşamadığı üçün, bacısının baqaj yüklərini yığmasından və həmin yüklərin içərisində nələrin olmasından xəbəri olmamışdır. Həmçinin çantasında patronun olması barədə bacısı ona heç bir söz deməmişdir. Bacısı ilə yaşamadığı üçün onun patronu haradan əldə edib, harada saxladığını bilməmişdir. Hava limanı işçisi bacısının çantasında olan patorunun rentgen qurğusunun altından aşkar etdiyini bildirəndə, onun qeyd etdiyi sözləri dəqiqləşdirmək üçün “bacımın çantasından patron aşkar olubmu”deyə sual vermiş, bacısı Elladanın çantasında patron olduğunu bilmədiyi üçün ona başqa bir söz deməyib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 may 2023-cü il tarixli 462 nömrəli rəyində tədqiqata təqdim olunmuş 01 ədəd patron Türkiyə Respublikasında “Makine ve Kimya Endüstrisi” zavodunda zavod üsulu ilə istehsal edilmiş, “Browning Hi-Power”, “Parabellum Luger”, “SİG Sauer P226”, “Walter P99”, “Glock 17”, “Glock 19”, “Ruger SR9”, “Beretta 92”, “Smith&Wesson Model 910”, “Steyr M1912”, markalı tapançalarda, “Colt 9mm SMG”, “Beretta MAB 38”, “HK MP5”, “Mauser C96”, “Uzi”, “Minebea M” markalı tapança-plemyotlarda və s. silahlarda döyüş sursatı kimi istifadə edilən, 9mm kalibrli, “P.08” (“Parabellum”) markalı təyinatı üzrə istifadəyə yararlı patron olması qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş üçün əhəmiyyətli olduğundan X10 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı kameranın 2 may 2023-cü il tarixi, saat 19:55:30 saniyəni göstərdiyi və video-kameranın hava limanının giriş zalını çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə giriş hissədə yerləşən rentgen qurğusu və yoxlama aparatları düşür. Kameranın saat 13:24:27 saniyəni göstərdiyi vaxt hava limanının girişində yerləşən rentgen qurğusunda bir neçə şəxsin hərəkət etdiyi, bunlarla birlikdə Təqsirləndirilən şəxs rentgen qurğusuna çantasını qoyduğu, saat 13:24:50 saniyəni göstərdiyi vaxt hava limanı təhlükəsizlik xidmətinin işçisi çantanı açmasını bildirdiyini, saat 13:25:35 saniyəni göstərdiyi vaxt Təqsirləndirilən şəxs çantanı rentgen qurğusunun yanına qoyaraq digər hissəyə keçdiyi, saat 13:28:05 saniyədə Təqsirləndirilən şəxs rentgen qurğusunun yanına qayıtdığı və çantanı açdığı, saat 13:29:01 saniyədə çantadan çıxarıb yerə qoyduğu və ayağı ilə rentgen qurğusunun altına itələdiyi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, həmin rentgen qurğusunda aşkar edilən şeyin patron olduğu, həmin patronu məsuliyyətdən azad olmaq üçün ayağı ilə rentgen qurğusunun altına itələdiyini bildirmişdir. Mülki hava gəmisinin sərnişinindən baxış keçirilərkən daşınması qadağan olunmuş təhlükəli maddələrin, əşyaların və yüklərin aşkar olunması və götürülməsinə dair 23 nömrəli 02 may 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Sutanəli qızında 1 ədəd mərmi aşkar edilmiş və bu akt hal şahidləri Rehyanə Vəliyeva və Məmmədov Şəmsəddin tərəfindən imzalanmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs çantasından bir ədəd patron aşkar edilən zaman X10 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD diski iş üzrə sübut kimi tanınmışdır və iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X2 Şöbəsinə 3 may 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə sorğu verilmiş, Daxili İşlər Nazirliyinin X2 Şöbəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Tovuz Rayon məhkəmənin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə isə 1 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. X10 Limanında Təqsirləndirilən şəxs çantasına baxış zamanı müəyyən edilərək götürülmüş, 1 ədəd 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı patron 24 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq patron saxlanması üçün Naxçıvan Muxtar Respublikası DİN-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 228.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə hesab gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı 02 may 2023-cü il tarixdə X10 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərin köçürüldüyü cinayət işinin materiallarında olan DVD-yə baxış keçirilərkən müəyyən edilmişdir və bu hallar məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlini etiraf etməsi və əməlində peşman olması, yaşadığı yer üzrə müsbət xasiyyətnamə verilməsi cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirini etiraf etməsi onun ədalət mühakiməsinə hörmət hissinə dəlalət edir, səmimi peşmançılığını bildirməsi isə onun cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünü, yəni cərimə cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinə məhkəmədə baxılarkən təqsirləndirilən şəxsin ifadəsindən aydın olur ki, onun fəaliyyəti Türkiyə Respublikasında yaşamaqla baxıcılıq etməkdir və bunun üçün Türkiyə Respublikasında yaşamaqla bağlı müvəqqəti icazəsi vardır. Azərbaycan Respublikası CPM-in 346.1- və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, 24 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq bir ədəd möhürlənmiş bağlamada Naxçıvan Muxtar Respublikası DİN-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı patron hökm qanuni qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası DİN-nə təhvil verilməlidir. Məhkəmə iş üzrə maddi kimi tanınmış istintaq zamanı Vəsilə Əliyevanın çantasından bir ədəd patron aşkar edilən zaman X10 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk törədilmiş cinayət üzrə sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası DİN-nin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd möhürlənmiş bağlamada olan 1 ədəd 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı patron hökm qanuni qüvvəsini alandan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar