Məhkəmə qərarları › İş №1(078)-20/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-20/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-20/2025 03.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:15 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq 2 ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,65*17 mm kalibrli olmaqla, həmin kalibrə malik LLAMA, BROWNİNG, VZOR, BERETTA, WALTHER PPK, Zauer. Mod 38, ASTRA markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patronu əldə edib, saxlamaqla üzərində gəzdirərkən yəni, 21 sentyabr 2024-cü il tarixdə X3 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun əl yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilmiş və əl yüklərinə baxış həyata keçirilərkən onun əl çantasından 1 ədəd və pul qabından 1 ədəd olmaqla ümumilikdə 2 ədəd yuxarıda qeyd olunan patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz etirafı ilə sübut olunur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində Türkiyədə işlədiyini, həm də müalicə aldığını, işlədiyi yerdə özünün inancından bu hərəkəti etdiyini, dua kimi istifadə etdiyini, ruzi-bərəkət, sağlamlığını qorumaq üçün eşitdiyini və istifadə etdiyini, 2018-ci ildən Türkiyədə olduğunu, orada xəstə baxdığını, işlədiyi ciflikdən əldə etdiyini, dəfələrlə Naxçıvandan gəlib, İstanbula getdiyini, ruzi-bərəkət üçün dua yazdırdığını, yararlı olduğunu bilmədiyini, biri pul qabında olduğunu, biri çantasında olduğunu, orada nənəyə baxdığını, mərmilərin orada hər kəsə verildiyini, mərminin üstünü yazdırdığını, gəlib gedəndə aşkarlanmadığını, bir neçə dəfə monitardan keçdiyini, gizlətmək niyətinin olmadığını, 2 uşağının olduğunu, Türkiyənin Balıkəsir şəhərində olduğunu, uşaqlardan böyüyünün 30, kiçiyinin 25 yaşı olduğunu bildirmişdir. Son sözündə çox peşman olduğunu bildirmiş və məhkəmədən ən yüngül cəzanın verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayəti törətməsi həm də şahidlərin ifadələri və ekspert rəyləri ilə sübut olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində 260 saylı reysdə monitor qurğusunda postda olduğunu, 2 qadın gəldiyini, çantaları sıx olduğundan ayrı-ayrı cihazdan keçirdiyini, 2 ədəd mərmi aşkarlandığını, biri çantanın içində, biri pul qabında olduğunu, hədiyyə paketində olduğu, digər qadının “bunda nə varki” dediyini xatırladığını, xanımın nəzarəti ilə onu götürdüklərini, rəisə məlumat verdiklərini, hədiyyə paketinə sarılı olan pul qabında olduğunu, cihazda metalın göstərdiyini, kamufulaj vəziyyətində olduğunu, xanımın nə dediyini xatırlamadığını, etiraz hərəkətlərini xatırlamadığını, onun öz vəzifəsini yerinə yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində sentyabr ayı 268 saylı reys uçuşa gedərkən əməkdaşları mərmi aşkar etdiyini, aktla birlikdə mərmiləri təhvil verdiklərini, təxminən 01:00 radələri olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində sentyabr 21 iki xanımın Bakıya gedən zaman mərmi aşkarlandığını, ona zəng gəldiyini, ora yaxınlaşdığını, sənədləşdirib təhqiqata göndərdiklərini, mərmiləri görmədiyini, təhqiqatçıya təhvil verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindı sentyabr ayının 21-dən 22-sinə keçən gecə 268 saylı reysdə 2 qadının çantasında mərmi saxladığını, onun yoxlamada olduğunu, biri çantada olduğunu, birinin hədiyyə paketində olduğunu bildirmişdir. Şahid5 xx.xx.2025-ci il tarixdə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, müalicə aldığı üçün xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 21 sentyabr 2024cü il tarixdə X3 Limanında yoxlanışdan keçərkən əl çantasından 2 ədəd patron aşkar edilərək götürülməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. 22 noyabr 2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 228.1- ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün şəxsin tutulması haqqında qərarla axtarış elan olunmuş, həmin tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə könüllü olaraq istintaqa gəlmiş, həmin tarixdə cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərar qəbul edilmişdir. 25 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq 2 ədəd zavod üsulu ilə istehsal edilmiş, 7,65*17 mm kalibrli olmaqla, həmin kalibrə malik LLAMA, BROWNİNG, VZOR, BERETTA, WALTHER PPK, Zauer. Mod 38, ASTRA markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patronu əldə edib, saxlamaqla üzərində gəzdirərkən yəni, 21 sentyabr 2024-cü il tarixdə X3 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun əl yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilmiş və əl yüklərinə baxış həyata keçirilərkən onun əl çantasından 1 ədəd və pul qabından 1 ədəd olmaqla ümumilikdə 2 ədəd yuxarıda qeyd olunan patron aşkar edilərək götürülmüşdür. İş üzrə 21 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əl çantasına rentgen müayinəsi zamanı baxış keçirilmiş və əl çantasından 1 ədəd və pul qabından 1 ədəd olmaqla ümumilikdə 2 ədəd 7,65*17 mm kalibrli olmaqla, odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş istifadəyə (atəşə) yararlı patron aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 1206 nömrəli rəyindən görünür ki, 1.təqdim edilmiş 2 (iki) ədəd patron 7,65*17 mm kalibrli olmaqla, həmin kalibrə malik “LLAMA”, “BROWNİNG”, “VZOR”, “BERETTA”, “WALTHER PPK”, “Zauer. Mod 38”, “ASTRA” markalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, 2. Təqdim edilmiş 2 (iki) ədəd 7,65*17 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmişdir. 3. Təqdim edilmiş 2 (iki) ədəd 7,65*17 mm kalibrli patron təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş əl çantasından 1 ədəd və pul qabından 1 ədəd olmaqla ümumilikdə 2 ədəd patron cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. X3 Limanının inzibati binasında qeydiyyata alınmış video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 25 dekabr 2024-cü il tarixdə baxış keçirilmiş və həmin videonun 20 dəqiqə 5 saniyə olması, videokameranın hava limanının inzibati binasında rentgen qurğusunun yerləşdiyi ərazini çəkməsi müşahidə edilir. Kameranın müşahidəsinə rentgen qurğusu və yoxlama aparatları düşür. Həmin vaxt rentgen qurğusunda vətəndaşlardsan birinin əşyalarının yoxlanılması, əşyalar qurğudan keçdikdən sonra hava limanı əməkdaşı tərəfindən vətəndaşın çantasına baxış keçirilməsi, digər vətəndaşların onları gözləməsi, hava limanı əməkdaşı tərəfindən şübhəli çantanın təkrar rentgen yoxlamasından keçirilməsi, təkrar baxış keçirilməsi, ondan sonra gələn vətəndaşın da çantasının rentgen qurğusundan keçirilməsi, sonrasında çantaya baxış keçirilməsi müəyyən olunur. Sonra orada xidmət aparan polis əməkdaşları dəvət olunur, həmin şəxslər polis əməkdaşlarına təhvil verilir. Nəticədə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə videogörüntüləri izlədikdən sonra görüntüdə ilk olaraq çantasına baxış keçirilən şəxsin özü olduğunu, həmin rentgen qurğusunda aşkar edilən əşyanın 2 ədəd patron olub özünə aid olduğunu, Türkiyə Respublikasından əldə etdiyini, çantasına hava limanı əməkdaşı tərəfindən baxış keçirildiyini, baxış zamanı çantasından həmin 2 ədəd patronun aşkar olunduğunu bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs əl çantasından aşkar olunmuş ümumilikdə 2 ədəd patrona Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 25 dekabr 2024-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs baxış keçirilən 2 ədəd patronun özünə məxsus olduğunu, həmin patronları Türkiyə Respublikasında olarkən orada evində baxıcılıq etdiyi qadının evindən götürdüyünü, ruzi bərəkət gətirməsinə inandığı üçün üzərində daşıdığını, Bakı şəhərinə getmək üçün X3 Limanına getdiyi zaman hava limanında yoxlama zamanı aşkar olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı öz müdafiəsi üçün dəlillər gətirərək Türkiyə Respublikasında olarkən əldə edib əl çantasına qoyaraq daşıdığı 2 ədəd patronu ona ruzi bərəkət gətirdiyinə inandığı üçün çantasında daşıdığını bildirsə də, şahid ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər mötəbər və təkzibedilməz sübutlarla onun qanunsuz olaraq döyüş sursatını əldə etmək, saxlamaq, daşımaq və gəzdirməklə Azərbaycan Respublikası CM-in 228.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 228.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə hesab gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı 21 sentyabr 2024-cü il tarixdə X3 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü cinayət işinin materiallarında olan DVD-yə baxış keçirilərkən müəyyən edilmişdir və bu hallar məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlini etiraf etməsi və əməlində peşman olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirini etiraf etməsi onun ədalət mühakiməsinə hörmət hissinə dəlalət edir, səmimi peşmançılığını bildirməsi isə onun cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Eləcə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası qeydiyyatda aldığı yer üzrə icra və probas şöbəsinə həvalə edilməlidir və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1-ci və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alandək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd əl çantası, 1 ədəd pul qabı, ümumilikdə 2 ədəd patron xüsusi müsadirə olunmalı hökm qanuni qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası DİN-nə təhvil verilməlidir. Məhkəmə iş üzrə maddi kimi tanınmış istintaq zamanı Təqsirləndirilən şəxs çantasından 2 ədəd patron aşkar edilən zaman X3 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk törədilmiş cinayət üzrə sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci olan 67 (altmış yeddi) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzası qeydiyyatda olduğu və yaşadığı yer- Qazax rayonu, Çaylı kəndi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, Naxçıvan Muxtar Respublikası DİN-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd əl çantası, 1 ədəd pul qabı, ümumilikdə 2 ədəd patron xüsusi müsadirə olunmalı hökm qanuni qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası DİN-nə təhvil verilsin. Məhkəmə iş üzrə maddi kimi tanınmış istintaq zamanı Təqsirləndirilən şəxs çantasından 2 ədəd patron aşkar edilən zaman X3 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk törədilmiş cinayət üzrə sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə ekspertiza xərci olan 67 (altmış yeddi) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar