Məhkəmə qərarları › İş №1(078)-21/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-21/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-21/2023 18.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:30 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, 24 avqust 1976-cı il tarixdə Ermənistan respublikasının, Verdenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 uşaq anası, əvvəllər məhkumluğu olmayan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla Yasamal rayonu, ikinci alatava2, küçə 2p Həsənova Tamara ünvanda kirayə yaşayan, müvəqqəti işsiz, barəsində 13 aprel 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq 1 ədəd Türkiyə Respublikasında “Makine ve Kimya Endüstrisi” zavodunda zavod üsulu ilə istehsal edilmiş, “Browning Hi-Power”, “Parabellum Luger”, “SİG Sauer P226”, “Walter P99”, “Glock 17”, “Glock 19”, “Ruger SR9”, “Beretta 92”, “Smith&Wesson Model 910”, “Steyr M1912”, markalı tapançalarda, “Colt 9mm SMG”, “Beretta MAB 38”, “HK MP5”, “Mauser C96”, “Uzi”, “Minebea M” markalı tapança-plemyotlarda və s. silahlarda döyüş sursatı kimi istifadə edilən, 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı təyinatı üzrə istifadəyə yararlı patronu əldə edib üzərində gəzdirərkən yəni, 02 aprel 2023-cü il tarixdə saat 20:05 radələrində X10 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun əl yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün əl yüklərinə ümumi yoxlanış keçirilmiş və onun çantasının içərisində yuxarıda qeyd olunan patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməsi ilk növbədə onun öz etirafı ilə sübut olunur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2000-ci ildən ilk olaraq Azərbaycan Respublikasının “Caspar” gəmiçilik şirkətində aşbaz kimi işə başlamış və müxtəlif şirkətlərlə işləmişdir. Sonuncu iş yeri Türkiyə Respublikasında “Şahin oğullar” gəmiçilik şirkəti olmuşdur. Həmin şirkətdə aşbaz işləmiş, 2021-ci ildə işdən çıxımış və halhazırda işsizdir. 2022-ci ilin may ayının 16-da Türkiyə Respublikasına getmişdir. Çünki gəmidə aşpaz işlədiyi zaman xəsarət aldığı üçün təqaüd almaq məqsədi ilə getmişdir. İşi məhkəməlik olduğu üçün 2023-cü ilin aprel ayının 02-nə kimi orada olmuşdur. Aprel ayının 02-də Naxçıvan Muxtar Respublikasına gəlmişdir ki, Naxçıvandan Bakı şəhərinə getsin. Həmin gün X10 Limanına getmiş, təxminən 20:00 radələrinə bileti olmuşdur. Təyyarəyə minik başlayan zaman qeydiyyatdan keçmək üçün yoxlanışa getmiş və yoxlama zamanı rentgen qurğusundan əl çantası keçən zaman içərisində bir ədəd patron olduğu müəyyən edilmişdir. Həmin patron çantasından onun iştirakı ilə götürülmüş və hava limanından onu polis əməkdaşlarına təhvil vermişdirlər. Türkiyə Respublikasının Van şəhərində tək yaşamış və işləməmişdir. X1 Hava Limanında aşkar edilərək götürülən bir ədəd patronu Türkiyə Respublikasının Van şəhərində olan zaman “Ruka” adlı merketin yaxınlığında yerdən tapmışdır. Türkiyə Respublikasının Van şəhərində olan zaman həmin patronu yerdən tapmış və onu suvenir kimi saxlamaq məqsədi ilə çantasına qoymuşdur. X8 Hava Limanının yoxlama məntəqəsində olan zaman hava limanın işçisi rentgen qurğusu vasitəsi ilə patronu müəyyən etmişdir. Təhsili və biliyi az olduğu üçün patron gəzdirməyin məsuliyyətə səbəb olduğunu bilməmişdir. Bir övladı vardır. Qızı 17 yaşındadır. Əri 2004-cü il tarixdə vəfat etmişdir. Tək ailə başçısıdır və övladını saxlamaq üçün gəmidə aşbaz işləmişdir. Əmlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayəti törətməsi həm də şahidlərin ifadələri və ekspert rəyləri ilə sübut olunur. Məhkəmə istintaqı zamanı şahid X7 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildə X10 Limanında ATX-nin agenti vəzifəsində təyin edilmiş, bir müddət həmin vəzifədə işlədikdən sonra 2022-ci il tarixdə ATX-də növbə rəisi vəzifəsinə təyin edilmiş və halhazırda həmin vəzifədə çalışır. Hava limanında növbəli şəkildə işləyir, 02 aprel 2023-cü il tarixdə saat təxminən 20 radələrində X10 Limanında növbədə olan zaman hava limanının zalında olan rentgen qurğusuna nəzarət edən əməkdaş Firuzə Məmmədova xidməti rabitə qurğusu ilə ona məlumat verərək rentgen qurğusunun yanına çağırmışdır. Həmin yerə yaxınlaşdıqda mütəxəsis X11 Əliyeva adlı sərnişinin əl yükündən patron müəyyən etdiyini bildirmişdir. Patron ona təhvil verilmiş və sonra o, Hava limanının polislərini hava limanına dəvət etmiş, patronu polis əməkdaşlarına təhvil vermişdir. X3 tanımır, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti yoxdur. Həmin qadını ilk dəfə, hava limanında görmüşdür. Təqsirləndirilən şəxs əl yükündən patron götürülən zaman orada olmamış, patronu rentgen qurğusuna nəzarət edən Firuzə Məmmədova götürmüşdür. Patronun çantadan aşkar edildiyi anı görməmişdir. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərmişdir ki, 2018-ci ildən isə X10 Limanında ATX-nin agenti vəzifəsinə təyin edilib həmin vəzifədə bir müddət işləmişdir. 2019-cu ildən isə mütəxəsis vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır. Hava limanında növbəli şəkildə işləyir. 02 aprel 2023-cü il tarixdə saat təxminən 20 radələrində X10 Limanında növbədə olan zaman hava limanının minik zalının giriş hissəsində rentgen qurğusuna qoyulan yüklərin içərisinə nəzarət edirmiş, rentgen qurğusuna baxan zaman yüklərin içərisində şübhəli təsvirin, patronun olduğunu görmüşdür. Həmin yükün (çantanın) kimə məxsus olduğunu soruşan zaman tanımadığı bir nəfər xanım yaxınlaşaraq ona məxsus olduğunu bildirmişdir. Həmin qadından əl yükünü açmasını istəmiş, həmin qadının ad, soyadının isə Təqsirləndirilən şəxs olduğunu həmin vaxt bilmişdir. Təqsirləndirilən şəxs əl yükünü açan zaman bujiteriya qutusunun içərisindən kağıza bükülü olan nəsiyə götürmüşdür. Ona əlində olan kağız bükümü yenidən rentgen qurğusuna qoymasını xahiş etmiş, Təqsirləndirilən şəxs əlində olan kağız bükülünü rentgen qurğusuna qoymuş, monitorda bükümün içərisində olan predmeti ilk müşahidə edən zaman əl yükündə olan təsvirin eynisi olduğunu bildikdən sonra bükümü rentgen qurğusundan götürüb açmışdır. Kağız bükümü açanda içərisində bir ədəd patron olduğunu görmüşdür. Bu səbəbdən də dərhal növbə rəisi Nərminə Quliyevaya məlumat verərək minik zalının giriş hissəsində olan rentgen qurğusunun yanına çağırmışdır. Nərmin Quliyeva rentgen qurğusunun yanına gəldikdə Təqsirləndirilən şəxs əl yükündən aşkar edilən patronu ona təqdim etmişdir. Bundan sonra Nərim Quliyeva hava limanı polislərini hava limanına dəvət etmişdir. Təqsirləndirilən şəxs və patronu polis əməkdaşlarına tədqim etmişdirlər. X3 tanımır, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti yoxdur. Həmin qadını ilk dəfə hava limanında görmüşdür. Əl yükündən patron aşkar edilən Təqsirləndirilən şəxs yanında heç kəsi görməmiş və o, tək olmuşdur. Təqsirləndirilən şəxs əl yükündən patronu rentgen qurğusu ilə müəyyən etmişdir. Patronu Təqsirləndirilən şəxs kağıza bükülü halda çantasından özü çıxarmışdır. Lakin o, əlində olan predmeti yenidən rentgen qurğusuna qoymasını xahiş etmiş, kağız bükümünü rentgen qurğusundan götürüb içərisinə baxanda isə patron olduğunu görmüşdür. Patron aşkar edilən zaman onun tərəfindən foto və yaxud video çəkiliş edilməmişdir. Məhkəmə iclasında dindirilən şahid X13 ifadəsində göstərmişdir ki, 2003-cü ilin iyul ayından X9 xidmətə başlamışdır. İlk iş yeri X5 Polis Şöbəsinin İTB-nin polis nəfəri olmuşdur. Bundan sonra 2015-ci ildə həmin şöbədə manga komandiri vəzifəsinə təyin edilmiş, hal-hazırda polis nəfəri vəzifəsindədir. O, növbəli şəkildə işləyir və iki gün evdə, bir gün işdə olur. 02 aprel 2023-cü il tarixdə saat təxminən 20 radələrində X10 Limanının ərazisində xidmətdə olan zaman hava limanını təhlükəsizlik xidməti ona məlumat verərək patron tutulduğunu və təhvil götrməyini istəmişdir. O, bundan sonra X5 Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verib həmin şəxsi təhvil götürmüşdür. Təhvil götürən zaman çantasından patron aşkar edilən şəxsin Bakı şəhər Abşeron rayon Novxanı kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxsi aşkar edilmiş patron ilə birlikdə təhvil götürmüş və X5 Polis Şöbəsinə gətirmişdir. Patron müvafiq qaydada zərfə qablaşdırılmış, möhürlənərək imzalanmışdır. Abşeron rayonu, Novxanı kənd sakini Təqsirləndirilən şəxs kim olduğunu bilməmiş, onunla hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Təqsirləndirilən şəxs və qablaşdırılımış zərfi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X5 Polis Şöbəsinin növbəti hissəsinə təhvil vermişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli 354 nömrəli rəyində tədqiqata təqdim olunmuş 01 ədəd patron Türkiyə Respublikasında “Makine ve Kimya Endüstrisi” zavodunda zavod üsulu ilə istehsal edilmiş, “Browning Hi-Power”, “Parabellum Luger”, “SİG Sauer P226”, “Walter P99”, “Glock 17”, “Glock 19”, “Ruger SR9”, “Beretta 92”, “Smith&Wesson Model 910”, “Steyr M1912”, markalı tapançalarda, “Colt 9mm SMG”, “Beretta MAB 38”, “HK MP5”, “Mauser C96”, “Uzi”, “Minebea M” markalı tapança-plemyotlarda və s. silahlarda döyüş sursatı kimi istifadə edilən, 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı təyinatı üzrə istifadəyə yararlı patron olması qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş üçün əhəmiyyətli olduğundan X10 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVDyə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 16 may 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı kameranın 2 aprel 2023-cü il tarixi, saat 19:55:30 saniyəni göstərdiyi və video-kameranın X10 Limanın minik zalını çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə giriş hissədə yerləşən rentgen qurğusu və yoxlama aparatları düşür. Kameranın saat 19:55:40 saniyəni göstərdiyi vaxt hava limanının minik zalının girişində yerləşən rentgen qurğusunda bir neçə şəxsin hərəkət etdiyi, bunlarla birlikdə Təqsirləndirilən şəxsda rentgen qurğusuna çantasını qoyduğu, saat 19:57:30 saniyəni göstərdiyi vaxt hava limanı təhlükəsizlik xidmətinin işçisi çantanı açmasını bildirdiyini, saat 19:58:30 saniyəni göstərdiyi vaxt Təqsirləndirilən şəxs çantasında olan əşyaları boşaldıb yenidən rentgen qurğusuna qoyduğu, çantanı rentgen qurğusunun yanına qoyaraq digər hissəyə keçdiyi, saat 20:00:20 saniyədə Təqsirləndirilən şəxs çantasında olan patronun təhlükəsizlik xidməti tərəfindən çantada olan qutudan çıxarılması müşahidə edilir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, həmin rentgen qurğusunda aşkar edilən şeyin patron olduğu, həmin patronu hava limanının işçilərinə verdiyini və onun iştirakı ilə müvafiq zərfə qablaşdırdıqlarını bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs çantasından bir ədəd patron aşkar edilən zaman X10 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD diski iş üzrə sübut kimi tanınmışdır və iş materiallarına əlavə edilmişdir. İş üzrə 02 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs sərnişinin uçuşa buraxılmaması haqqında 02 nömrəli akt tərtib edilmiş, aktdan aydın olur ki, sərnişinin uçuşa buraxılmaması səbəbi mərmisi olmasıdır. Akt cinayət işinin materiallarına əlavə olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X2 Şöbəsinə 23 may 2023-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə sorğu verilmiş, Daxili İşlər Nazirliyinin X2 Şöbəsinin Əməliyyat-sorğu kartotekasında onun məhkumluğunun olmadığı müəyyən edilmişdir. X10 Limanında Təqsirləndirilən şəxs çantasına baxış zamanı müəyyən edilərək götürülmüş, 1 ədəd 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı patron 24 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq patron saxlanması üçün Naxçıvan Muxtar Respublikası DİN-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 228.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə hesab gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş üzrə toplanmış sübutların məcmusu o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı 02 aprel 2023-cü il tarixdə X10 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü cinayət işinin materiallarında olan DVD-yə baxış keçirilərkən müəyyən edilmişdir və bu hallar məhkəmə istintaqında tədqiq olunmuş, biri-birini məntiqi baxımdan tamamlayan və təkzibedilməz mötəbər dəlillərlə tam sübuta yetirilir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olması, əməlini etiraf etməsi və əməlində peşman olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirləndirilən şəxsin məhkumluğunun olmaması onun bir vətəndaş kimi ictimai dəyərlərə hörmət hissindən, normativ və əxlaqi xarakterli ümumi davranış qaydalarına vicdanlı münasibət göstərdiyindən, mütəmadi kriminal davranışa meyilli olmadığından xəbər verir. Təqsirini etiraf etməsi onun ədalət mühakiməsinə hörmət hissinə dəlalət edir, səmimi peşmançılığını bildirməsi isə onun cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, onun artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getməsindən xəbər verir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünü, yəni cərimə cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinə məhkəmədə baxılarkən təqsirləndirilən şəxsin ifadəsindən aydın olur ki, onun fəaliyyəti gəmidə aşpaz işləməsidir və uzun illər müxtəlif şirkətlər daxilində bu fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası CPM-in 346.1- və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, 24 may 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq bir ədəd möhürlənmiş bağlamada Naxçıvan Muxtar Respublikası DİN-nin maddi sübutların saxlanc yerində saxlanılan 1 ədəd 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı patron hökm qanuni qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası DİN-nə təhvil verilməlidir. Məhkəmə iş üzrə maddi kimi tanınmış istintaq zamanı Təqsirləndirilən şəxs çantasından bir ədəd patron aşkar edilən zaman X10 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk törədilmiş cinayət üzrə sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 47 (qırx yeddi) iş saatına görə 282 (iki səksən iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası DİN-nin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd möhürlənmiş bağlamada olan 1 ədəd 9 mm kalibrli, “P.08” (“Parabellum”) markalı patron hökm qanuni qüvvəsini alandan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 47 (qırx yeddi) iş saatına görə 282 (iki səksən iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar