Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-22/2024 13.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanda yaşayan, 06 dekabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 5,196 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrində Babək rayonu, Uzunoba kəndində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılarkən geyindiyi göy rəngli şalvarının sağ cibindən 01 ədəd bükümdə 5,196 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilən protokollarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində, Təbriz otelinin yaxınlığında Aytac Allahverdiyeva ilə tanış olmuş, aralarında dostluq münasibəti yaranmışdır. Aytac Allahverdiyeva ilə söhbət zamanı 3 aydan bəri narkotik vasitələrdən istifadə etdiyini demişdir. Aytac ona marixuana narkotik vasitəsindən təşkil edə biləcəyini bildirmişdir. Aytacın həmin maddəni haradan əldə etməsini isə bilməyib, bu barədə ondan soruşduqda heç bir cavab verməyib. Aytaca istifadə etmək istəsə bu barədə deyəcəyini bildirmişdir. Daha sonra Aytacdan narkotik vasitə gətirməsini istəmiş, Aytac da bir neçə gün ərzində gətirəcəyini demişdir. Bir neçə gün sonra Aytac ilə “Uşaq Şəhərciyi” deyilən parka gəlmiş, özünə məxsus “VAZ 2107” markalı avtomobilində olan zaman Aytac çantasından narkotik vasitə olan marixuananı çıxarıb ona vermişdir. Təxminən bir həftə sonra yenə Aytaca müraciət edərək marixuana təşkil etməsini xahiş etmiş, Aytac onun üçün marixuana narkotik vasitəsindən gətirib Naxçıvan şəhərində vermişdir. Bir neçə gün sonra isə yenə Aytaca marixuana narkotik vasitəsini gətirməsini demiş, 04 dekabr 2023-cü il tarixdə Aytac ilə Naxçıvan şəhərində Uşaq şəhərciyində görüşmüş, Aytac orada şəffaf sellofan paketdə marixuana narkotik vasitəsini verib getmişdir. Özündə olan tütün ilə marixuanadan biraz qatıb iki büküm şəklində hazırlayıb salfetkaya qoymuş, qalan marixuana isə şəffaf rəngli sellofanda qalmışdır. Həmin gün yəni 04 dekabr 2023-cü il tarixdə hazırladığı bükümlərdən birini Babək rayonu Uzunoba kəndində istifadə etmişdir. Yanında qonşusu Mürsəl olmuşdur. Həmin gün saat 20:00-da Babək rayon Uzunoba kəndində olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Hər ikisinin qolunu qandallayıb Daxili İşlər Nazirliyinə gətirdilər. Ona üzərində olan əşyaları təqdim etməyi bildirilmişdir. O, geyindiyi göy rəngli şalvarın sağ cibindən üç ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı üç aydır ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar olunan marixuana narkotik vasitəsini Aytac adlı tanışı ona vermiş, Aytac Allahverdiyeva marixuana narkotik vasitəsini ona aralarında olan dostluq münasibətinə görə vermişdir. Aytaca marixuana narkotik vasitəsi istifadə etdiyini dediyi zaman o həmin maddələrdən bir tanışında olduğunu deyib onun üçün gətirəcəyini demiş, gətirdiyi narkotik vasitələrə görə heç vaxt Aytaca pul verməmişdir. Aytac özü də ondan pul istəməmişdir. Aytac Allahverdiyeva ona marixuana narkotik vasitəsindən başqa heç bir narkotik vasitə və psixotrop maddə verməmişdir. İlk dəfə marixuana narkotik vasitəsini Bakı şəhərində olarkən istifadə etmiş, bir müddət istifadə etməsə də, sonradan istifadə etmək istəmişdir. Söhbət zamanı Aytaca marixuana narkotik vasitəsini istifadə etdiyini və yenə istifadə etmək istədiyini demiş, Aytac ona marixuana narkotik vasitəsini tapa biləcəyini demiş, Aytacdan başqa heç kimdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Aytac Allahverdiyevanın vermiş olduğu marixuana narkotik vasitəsindən əvvəllər və indi heç kimə verməmiş və satmamış, həmin maddələri öz istifadəsi üçün Aytacdan götürmüşdür. Aytac narkotik vasitəni Mürsəlin avtomobilində ona vermiş, Mürsəl də görmüşdür. Mürsəl qonşusudur və taksi lazım olanda Mürsəlin maşınından istifadə edir. Mürsəl siqaret belə içmir, narkotik vasitəni birlikdə çəkməyiblər. Lakin Aytacla bir dəfə maşında narkotik vasitə qəbul edibdir. O polis əməkdaşlarına narkotik vasitəni Aytacdan aldığını bildirdikdən sonra əməliyyat qurdular və o Aytaca zəng edərək narkotik vasitənin qalan hissəsini də istədi. Aytacın yaşadığı binaya gedib həyətdə gözlədi. Polis əməkdaşları da kənarda idilər. Aytac ona son bütümü verəndə polislər Aytacı tutdular, narkotik vasitəni götürdülər və Aytacı da polisə gətirdilər. Törətdiyi əməldən peşman olmuşdur. Əməlindən peşman olmasını nəzərə alıb qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında Naxçıvan şəhərində, Təbriz otelinin yaxınlığında Təqsirləndirilən şəxsla tanış olmuş, aralarında dostluq münasibəti yaranmışdır. Bir müddət Natiqlə münasibət saxlamış, aralarında olan söhbət zamanı Natiqin marixuanadan istifadə etdiyini öyrənmişdir. Natiqin dediklərindən sonra ona “bizim kənddə, yolun kənarında həmin bitkidən çox vardır” demiş, ona yolun kənarında bir kolun olduğunu dedikdən sonra kəndə getmiş, həmin bir ədəd marixuana kolunu qopardıb bir kənara qoymuşdur. Ona ilk dəfə daha əvvəl qopardığı marixuananın bir neçə budağını qopardıb salfetkaya büküb gətirib Natiqə Naxçıvan şəhərində ona məxsus avtomobildə vermiş, qarşılığında Natiqdən pul almamışdır. Natiq haradan aldığını soruşan zaman ona öz pulu ilə Şərur rayonunda yaşayan tanışından aldığını demiş, sonra isə həmin gündən iki-üç gün sonra Natiq ondan yenə marixuana istəmiş, yenə yaşadığı Şərur rayon Yengicə kəndinə gedərək ona bir neçə yarpaq qopardıb salfetkaya bükərək gətirib vermişdir. 01 dekabr 2023-cü il tarixdə Şərur rayonuna getmiş, həftənin birinci günü yəni 04 dekabr 2023-cü il tarixdə dərsə gedəcəyi üçün Naxçıvan şəhərinə qayıdan zaman əvvəl qopardığı marixuana bitkisinin qalan budaqlarını da qoparıb özü ilə birlikdə gətirmişdir. Yaşadığı kənddə yol kənarından qopararaq saxladığı marixuana kolu 4 dekabr 2023-cü il tarixdə də yığdıqdan sonra qutarmışdır. Naxçıvan şəhərində Natiqlə “Uşaq Şəhərciyi” deyilən parkda görüşmüş, marixuana bükümünü Natiqə vermişdir. 05 dekabr 2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq Daxili İşlər Nazirliyinə dəvət etmiş, orada hüquq və vəzifləri izah olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış, üzərindən heçnə aşkar olunmamışdır. Ondan Təqsirləndirilən şəxs marixuana narkotik maddəsi verib-vermədiyi soruşulduqda polis əməkdaşlarına Təqsirləndirilən şəxs tanıdığını, ona 04 dekabr 2023-cü il tarixdə marixuana narkotik vasitəsi verdiyini, həmin maddədən hazırda kirayə yaşadığı evdə də olduğunu demişdir. Polis əməkdaşları ilə həmin evə getmiş, marixuana narkotik vasitəsini tapa bilməmiş, sonradan Təqsirləndirilən şəxs verdiyi maddənin həmin maddə olduğunu, DİN-də həyəcanlandığı üçün Natiqə həmin maddəni verdiyini unutmuşdur. Təqsirləndirilən şəxs verdiyi marixuana narkotik vasitəsinə qarşılıq pul almamışdır. Təqsirləndirilən şəxs başqa heç kimə marixuana verməmişdir. Ona DİN-in əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Törətdiyi əmələ görə peşmandır. Narkotik vasitəni olmasını kənddə polislər reyd keçirən zaman özü çıxan otları məhv etdikləri vaxt bilmişdir. Narkotik vasitəni qırdığı yer nənəsigilin həyətində yola düşən hissədə idi. 2 dəfə Natiqə narkotik vasitə verdiyini xatırlayır, bir dəfə isə Natiqini ona saxlaması üçün verdiyi narkotik vasitəni ona qaytarmışdır. X15 Nazirliyinə gətirən zaman üzərində heç nə aşkar olunmamışdır. Natiq yalan danışır. O avtomobildə Natiqlə narkotik vasitə istifadə etməmişdir. Mürsəlin yanında Natiqə narkotik vasitə verməmişdir. 1 dəfə Mürsəlin avtomobilinə minmişdir. Məhkəmə istintaqı zamanı şahid X10 ifadəsində göstərmişdir ki, 04 dekabr 2023-cü il tarixdə etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası X11 raportla məruzə etdikdən sonra əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü olan Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Zeynalabdin Babayev və Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Elvin Ələsgərov ilə birlikdə Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrində Babək rayonu Uzunoba kəndində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərində daşıdığı nakotik vasitə və ya psixotrop maddəni gizlətməyinə kifayət qədər əsaslar olduğundan o, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs geyindiyi göy rəngli şalvarının sağ cibindən iki ədəd ağ rəngli salfetkaya bükülmüş və bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitəyə bənzər kütlə, bir ədəd istifadə edilmiş siqaret və bir ədəd istifadə edilməmiş siqaret aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunmuş maddənin marixuana narkotik vasitəsi olduğunu, həmin maddəni tanışı Aytac Allahverdiyevadan aldığını bildirdiyindən 05 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası X11 raportla məruzə edilmiş, əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü olan Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Zeynalabdin Babayev və Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Elvin Ələsgərov ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Aytac Allahverdiyeva 05 dekabr 2023-cü il tarixdə saat 12:00 radələrində Naxçıvan şəhəri ərazisində saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilmiş, onun üzərində aparılmış şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Aytac Allahverdiyeva sorğu zamanı kirayə yaşadığı ünvan 2 ünvanında əl çantasının içərisində bir büküm marixuananın olduğunu bildirdiyindən onun kirayə yaşadığı ünvana özünündə iştirakı ilə baxış keçirilmiş, lakin Aytac Allahverdiyevanın qeyd etdiyi büküm aşkar olunmamışdır. Sonra müvafiq sənədlər tərtib olunmuş və orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tanımamış, aralarında hər hansı bir qohumluq münasibəti və yaxud ədavət olmamışdır. X2 tanımamış, aralarında hər hansı bir qohumluq münasibəti və yaxud ədavət olmamışdır. X1 narkotik vasitələrin və ya pxisotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında X4 və X7 şahid qismində dindirilərkən X10 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, Natiqi uşaq yaşalarından tanıyır, qonşusudur. Bir müddət onun yanında işləmişdir. Natiq getdiyi yerə onun maşını işlə gediblər. Natiqin qız dostu çox olur. Aytac bir neçə dəfə onun avtomobilinə də minib. Sonuncu dəfə Natiq tutulan gün Aytac onun avtomobilinə mindi. Uzunobaya gedəcəkdilər. X13 dönən yolda dedi ki, anasına zəng vurmalıdır, qayıdıb Aytacı Uşaq şəhərciyinin yanında qoydular. Kupedə olanda polislər gəlib onların hər ikisinin qoluna qandal vurub Daxili İşlər Nazirliyinə gətirdilər. Onlar kupedə olanda Natiq siqaret çəkirdi. Lakin çəkdiyinin narkotik vasitə olduğunu bilməyibdir. Çünki onun qoxu bilmə qabiliyyəti itibdir. Aytacın Natiqə narkotik vasitə verib-vermədiyini görməmişdir. Bu barədə məlumatı yoxdur. Daxili İşlər Nazirliyinə çatanda məlum oldu ki, onun Natiqin narkotik vasitə qəbul edilməsində heç bir əlaqəsi yoxdur, onu azad etdilər. Şahid qismində də məhkəməyə çağırmadılar. Bildikləri bundan ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş üzrə 04 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən geyindiyi göy rəngli şalvarının sağ cibindən 01 ədəd bükümdə 5,196 qram çəkidə marixuana narkotik vasitəsi aşkar olunaraq götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli 1203 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kağız zərfin içərisindəki 01 ədəd şəffa sellofan bükümdə təmiz çəkisi 5,196 qram olan yaşımtıl rəngli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir (İ siyahı, sıra nömrə 109.1). Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,196 qram marixuana narkotik vasitəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 5,166 qram marixuana narkotik vasitəsi məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 08 yanvar 2024-cü il tarixli 5 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs “Konnobinoid narkomaniyası” aşkar olunmuş, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, disponser qeydiyyata alınması məsləhətdir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 09 yanvar 2024-cü il tarixli 6 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik müşahidə olunmamış, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasənhər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Bu səbəbdən, Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Lakin məhkəmə ittiham aktında narkotik vasitənin istintaqa məlum olmayan mənbədən əldə edilməsi barədə gəlinən nəticə ilə razılaşmır. Belə ki, istər ibtidai istintaq zamanı toplanmış sübutlarla, istərsə də məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitənin məhz şahid X3 tərəfindən ona verildiyi müəyyən edilmişdir. Bu hal ibtidai istintaq zamanı da müəyyən edildiyi halda nəyə görə istintaqa məlum olmayan mənbədən narkotik vasitənin əldə edilməsinin qeyd edilməsi məhkəmə tərəfindən anlaşılan olmamışdır. Halbuki şahid özü sözügedən narkotik vasitənin 04 dekabr tarixində təqsirləndirilən şəxsə verdiyini bildirmiş, təqsirləndirilən şəxs bu halı təsdiq etmişdir və bu hal iş materiallarında olan axtarış-götürmənin əks olunduğu videogörüntülərlə də təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, 04 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması əsası ilə Babək rayonu Yuxarı Uzunoba kəndində tutulmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman yanında məhkəmə istintaqı zamanı dəvət edilib dindirilən Şahid olmuşdur. Şahid ifadəsində o, şahid Aytac Allahverdiyeva və Təqsirləndirilən şəxs birlikdə Ununoba restoranına gedən zaman Aytacın anası ilə danışmalı olduğunu bildirib onu uşaq şəhərciyinin yanına qaytardıqlarını bildirmişdir. Şahid Aytacın Natiqə bükümdə hər hansı narkotik vasitə vermədiyini bildirmişdir. Aytac Allahverdiyeva ifadəsində sonuncu dəfə narkotik vasitəni 04 dekabr tarixində Natiqə verdiyini bildirib, Natiq də öz növbəsində narkotik vasitəni 04 dekabr tarixində Aytacdan aldığını bildirmişdir. İstintaq orqanı tərəfindən narkotik vasitə verən şəxsin və alan şəxsin ifadələrində aydın şəkildə bu halı bildirdikləri və maddi sübutun mövcud olduğu halda bir hissədə-alan şəxsə ittiham verilməsi, bir hissədə-narkotik vasitəni əldə edib, daşıyan şəxsə münasibətdə sübuta yetirilməməsinin qeyd edilməsi anlaşılan deyil. Bu isə onu deməyə əsas verir ki, istintaq orqanı narkotik vasitənin verilməsi mənbəyini müəyyən etdiyi halda bu halı lazımi qaydada araşdırmamış, şahid barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, onun barəsində material ayrılaraq hüquqi qiymət verilməsi üçün icraata götürülmüşdür. Halbuki yuxarıda qeyd edildiyi kimi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. İstintaq orqanı tərəfindən narkotik vasitənin mənbəyinin müəyyən edildiyi halda şahid barəsində həmin narkotik vasitənin daşınmasını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə münasibətdə heç bir araşdırma aparılmadığı cinayət işinin materialları ilə təsdiq edildiyindən buna və zəruri istintaq və əməliyyat axtarış hərəkətlərinin qüsurlu aparılmasına münasibətdə xüsusi qərar qəbul edilmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer- Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 4, ev 71 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin 08 yanvar 2024-cü il tarixli 5 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs “Konnobinoid narkomaniyası” aşkar olunmuş, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, disponser qeydiyyata alınması məsləhətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və o, Naxçıvan MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserində dispanser qeydiyyatına alınmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,196 qram marixuana narkotik vasitəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 5,166 qram marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi saxlanılan bir ədəd möhürlənmiş bağlamada olan 5,166 qram marixuana narkotik vasitəsi müşadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 4, ev 71 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cavadov X8 MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar olunaraq götürülmüş kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,196 qram marixuana narkotik vasitəsi cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış müvafiq olaraq 5,166 qram marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-22/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-22/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver