Məhkəmə qərarları › İş №1(078)-24/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-24/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-24/2023 24.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri X2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs X6 iştirakı ilə, 12 avqust 1997-ci il tarixdə Sabirabad rayonu, Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə, saat təqribən 06:00 radələrində ünvan 1 ünvanında yaşayan otaq yoldaşı Zərərçəkmiş şəxs məxsus olan pul qabını oğurlayaraq götürmüş, Bakı şəhərinə getmək məqsədilə bilet almaq üçün Naxçıvan şəhərindəki aviakassaya getmiş, bu zaman otaq yoldaşı olan Zərərçəkmiş şəxs ona zəng vurduğunu görsə də açmamış və otaq yoldaşı olan Zərərçəkmiş şəxs pul qabında olan 90 manat puldan 60 manatına bilet almış və oradan çıxaraq 2 manat pula nahar etmişdir. 01 iyul 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.1-ci maddəsi ilə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə baxışı iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlini etiraf edərək, Sabirabad rayonu, Qaratəpə kəndində anadan olduğunu, 2023-cü ilin may ayının 23-dən Naxçıvan Muxtar Respublikasına gələrək burada işlədiyini, 30 iyun 2023-cü il tarixdə, axşam saatlarında 01 iyul 2023-cü il tarixdə Bakı şəhərinə getməyi planlaşdırdığını, otaq yoldaşı İlkinin söhbət zamanı kartında 3000 manatdan çox pulunun olduğunu eşitdiyindən onu əldə etməyi planlaşdırdığını, səhər saat 05:00 radələrində yuxudan oyandığını, otaq yoldaşı İlkinin yatdığını gördüyünü, bilet almaq üçün pulu olmadığı üçün otaq yoldaşı İlkinin pul qabını içərisinə baxmadan götürdüyünü və təqribən saat 06:00 radələrində taksiyə minərək aviakassaya getdiyini, oradan bilet soruşduqda isə 01 iyul 2023-cü il tarixə bilet olmadığını, 03 iyul 2023-cü il tarixə bilet olduğunu söylədiklərini, həmin tarixə bilet aldığını, aviakassada saat təqribən 12:30 radələrinə qədər gözlədiyini, orada gözlədiyi müddətdə otaq yoldaşı İlkinin ona zəng vursa da, onun zəngini imkan tapıb aça bilmədiyini, bilet alandan sonra nahar etmək üçün şəhərdə “Elnur oyun zalı" adlanan yerə getdiyini, orada 1 manat 40 qəpiklik kolbasa çörək yediyini, bir ədəd enerji içkisi olan powerplus alıb içdiyini, həmin vaxt həmkəndlisi olan Ziya Səfərovun ona zəng vuraraq “hardasan” deyə soruşduğunu, ona ünvanı dediyini, Z.Səfərovun oraya gəldiyini, ondan “otaq yoldaşın İlkinin pul qabını sən götürmüsən” deyə soruşduğunu, ona “xeyr, kiminsə pul qabını götürəsi deyiləm ki” dediyini, bundan sonra ona polis əməkdaşlarının zəng vuraraq yerini soruşduğunu, yerini onlara dediyini, əlində olan pul qabını “Elnur oyun zalı”nın ayaqyolunda gizlətdiyini, X5 və İstirahət Parkına polislərin yanına getdiyini, orada polis əməkdaşlarının ondan “telefonumuza niyə cavab vermirdin” deyə soruşduqlarını, onlara “aviakassada növbə gözləyirdim, ona görə aça bilmədim” dediyini, onların onu oradan “Elnur oyun zalı”na gətirdiklərini, pul qabının yerini soruşduqlarını, onu “Elnur oyun zalı”nın ayaqyolunda əlüzyuyanın arxasında gizlətdiyini onlara dediyini, onların pul qabını oradan götürdüklərini, sonra onu oradan Naxçıvan Şəhər Polis İdarəsinə apardıqlarını bildirdi. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və cinayət işi üzrə icraata xitam verilməsinə razı olmasını bildirdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X7, Culfa rayonu, Xanəgah kəndində anadan olduğunu, 2020-ci ildən Naxçıvan Dövlət Universitetində Muzeyşünaslıq və arxiv işi ixtisasında təhsil aldığını, 2023-cü ilin may ayının sonlarından otaq yoldaşı olan Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının 1-də səhər saatlarında yuxudan oyanıb ona məxsus içərisində 90 manat pul, 2 ədəd "xxxx" ASC-yə məxsus bankomat kartı, tələbə bileti olan pul qabını və 45 manat olmaqla, bir dəfə geyindiyi ayaqqabını ona demədən geyinib və evi tərk edərək getdiyini, saat təqribən 11:30 radələrində yuxudan oyanıb işlədiyi ‘‘Şərq Süfrəsi” ailəvi restoranına getmək istəyərkən pul qabının gecə qoyduğu şkafın üzərində olmadığını gördüyünü, dərhal otaq yoldaşı olan Təqsirləndirilən şəxs zəng vurub onun bu məsələdə xəbərinin olub-olmamasını bilmək istədiyini, lakin Təqsirləndirilən şəxs iki dəfə onun zənginə məşğul verdiyini, daha sonra bir neçə dəfə ona zəng vursa da, onun zənginə cavab vermədiyini, məcbur qalıb Naxçıvan Şəhər Polis İdarəsinə gəlib məsələni danışdığını, orada onun ərizəsini aldıqlarını, üzərindən təqribən 2 saat yarım keçəndən sonra polis əməkdaşlarının ona zəng vuraraq pul qabını götürən şəxsi tapdıqlarını və ona Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına gəlməyini bildirdiklərini, həmin yerə getdiyini, oradan polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs pul qabını gizlətdiyi ünvan 2 ünvanında yerləşən “Elnur oyun zalı”na getdiklərini, orada Təqsirləndirilən şəxs ayaqyolundakı əlüzyuyanın arxasında gizlətdiyi pul qabını onlara göstərdiyini, polis əməkdaşlarının götürdüyünü, Naxçıvan Şəhər Polis İdarəsinə gəldiklərini bildirdi. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını bildirərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə, saat təqribən 06:00 radələrində ünvan 1 ünvanında yaşayan otaq yoldaşı Zərərçəkmiş şəxs məxsus olan pul qabını oğurlayaraq götürmüş, Bakı şəhərinə getmək məqsədilə bilet almaq üçün Naxçıvan şəhərindəki aviakassaya getmiş, bu zaman otaq yoldaşı olan Zərərçəkmiş şəxs ona zəng vurduğunu görsə də açmamış və otaq yoldaşı olan Zərərçəkmiş şəxs pul qabında olan 90 manat puldan 60 manatına bilet almış və oradan çıxaraq 2 manat pula nahar etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Lakin məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Çünki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını və ona qarşı tələbinin olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs də, iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda, cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-cü maddəsində “barışdıqda” sözündən sonra “ona dəymiş ziyanı tamamilə ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda, cinayət məsuliyyətindən azad edilir” ifadəsi qeyd olunmuşdur. Hazırki işdə zərərçəkmiş şəxs barışmasını bildirməklə yanaşı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı tələbinin olmamasını da bildirmişdir. Ona görə də belə hesab olunur ki, ziyanın ödənilməsi ilə bağlı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı hər hansı tələb yoxdur, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsi onun barəsində tətbiq edilə bilər. Beləliklə məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321-ci maddəsinin göstərişini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə, yəni zərərçəkmiş şəxslə barışdığı üçün həmin Məcəllənin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilsin. Qərardan 20 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar