Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-25/2023 04.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Babək rayonu, Xəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, 3 uşaq atası, Cahan Holdinqdə PEN satışında sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, 06 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 05 fevral 2023cü il tarixdə, saat 19:20 radələrində yaşadıqları ünvan 2 ünvanında aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya çənə sümüyünün sağ hissəsində bucaqdan keçən sınıq xəsarəti yetirməklə, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, 2012-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, həmin evlilikdən də 2 qız və 1 oğlan övladının olduğunu, həyat yoldaşının riyaziyyat-informatika müəlliməsi olduğunu, Şərur rayon Kürçülü kənd tam orta məktəbində işlədiyini, Nərmin ilə 11 ildir evli olmaqlarına baxmayaraq onunla yola getmədiyini, uşaqlarını həmişə döydüyünü, uşaqları dünyaya gələndən Nərminin uşaqlara baxmadığını, uşaqlarına anasının baxdığını, gecə uşaq bir şey istəyəndə “gecdir yat, səhər yeyərsən” dediyini, belə uşağa baxmadığını, acıdil olduğunu, evə gələn qohum-qonşuya pis davrandığını, onları yola vermədiyini, şərbaz olduğunu, evə babası gələndə ona “mənə baxır” deyə şər atdığını, kişinin evdə durmadığını və çıxıb getdiyini, psixoloji problemlərinin olduğunu, birdən qışqırdığını, ona “qışqırma, mən qıcıqlanıram, asta danış, bir-birimizi başa düşək” dediyini, ancaq onu eşitmədiyini, belə xasiyyətlərinin olduğunu, ona görə də onunla hey mübahisə etdiklərini, onunla mübahisələrinin çox vaxt uşaqlar üstündə olduğunu, o uşaqlara əl qaldırdığından ona “nə üçün uşağı vurursan” dediyini, o da dil qaytaranda onunla mübahisə etdiklərini, anası araya girəndə mübahisənin bitdiyini, mübahisə edəndən sonra Nərminin onunla kin saxladığını, mübahisədən sonra gözlərinin qızardığını, öz-özünə söyüş söydüyünü, “dəlixanaya aparacam” dediyini, onun da başlayıb güldüyünü, Nərminin çənəsinin sınması ilə bağlı həmin hadisənin 2023-cü ilin fevral ayında, saat 13 radələrində baş verdiyini, həmin vaxt onunla mübahisə etdiklərini, bir-biri ilə didişdiklərini, sonra anasının gəlib “Nərmin evdən qaçdı” dediyini, evdən çıxıb Nərminin ardınca düşdüyünü, Nərminə nə qədər desə də, Nərminin onu gözləmədiyini, onun ardınca düşəndə onun da ucadan söyüş söydüyünü, ucadan söyüş söyməsin, dayansın deyə onu dilə tutduğunu, ancaq Nərminin dayanmadığını, piyada Naxçıvan qəbirstanlığının yanına gəldiklərini, onu sakitləşdirmək istədiyini, “evə gedək” dediyini, lakin Nərminin “evə getmirəm” dediyini, onunla birlikdə 6 nömrəli maşruta mindiklərini, aeroportun yanında düşdüklərini, “gedək evə” dediyini, onun da “getmirəm, gedib özümü Əlincə qalasından atacam” dediyini, onu birtəhər evə gətirdiyini, saat 20 radələri olduğunu, evdə də onu sakitləşdirsə də, onun susmadığını, söyüş söydüyünü, Nərminə “sus, söyüş söymə, qonşular eşidir” dediyini, Nərminin də biabırçı vəziyyətdə ucadan qonşuları söydüyünü, dayana bilməyib ona bir şillə vurduğunu, Nərminin də “elə vurdun çənəm qırıldı” dediyini, ona inanmadığını, çünki əvvəl mübahisə edəndə də Nərminin artislik etdiyini, “oram arğıyır, buram ağrıyır” dediyini, həmin günü yemək də yemədiklərini, hər şeyin burnundan gəldiyini, yatdıqlarını, səhər ayılanda Nərminin yemək yediyini gördüyünü, Nərminə “bəs deyirdin çənəm qırılıb, necə yemək yeyirsən” dediyini, Nərminin də “sağ tərəf çənəm qırılıb, sol tərəfdə yeyirəm” dediyini, ondan sonra Nərminin xəstəxanaya getdiyini, xəstəxanada polislər maraqlansa da, polislərə “yıxılıb çənəsi qırılıb dediyini, sonradan Nərminin öz bacısından 200 dollar götürüb özünə mobil telofon və bilet alıb Bakıya getdiyini, ona icazəsiz hara gedirsən kim qarşılayacaq dedikdə atam oradadır dediyini, sonra tez-tez zəng etdiyini lakin Nərminin səhər saat 09-da zəng edib çatdığını, atası ilə olduğunu dediyini, sonra həkimdə olduqlarını dediyini, həkimdə olub-olmadığını bilmədiyini, bir həftə sonra evə qayıtdığını, bir neçə gün sonra işə gedib-gəldiyini, fevral ayı bitdi martın 17-də işdən gəldiyini Nərminin ona uşaqları həyətə ötürdüyünü bir maşının uca səslə maqnitafonla gedib-gəldiyini dediyini, məhlələrində o cür tərbiyəsiz adam olmadığını dediyini, səhəri bazar günü məhləyə çıxdıqda bir maşının musiqinin səsini verib getdiklərini görüb onlara yaxınlaşdıqda oğlanı tanıdığını, ikinci mikrorayonda yaşadığını, həmin oğlanın bir gün qabaq ona zəng edib görüşərək uşağını Nərminin hazırlaşdırmasını istədikdə razılaşmadığını, həmin hadisələrin üst-üstə düşməsinə görə şübhələndiyini, ondan məhləyə gəlmə səbəbini soruşduqda Vüsalgilə gəldiyini dediyini, Vüsalgilin evlərinə gedib soruşduqda Vüsalın həmin adamı tanımadığını dedikdə həmin oğlanı orada döydüyünü, Nərmindən həmin oğlanı tanımağını soruşanda tanımadığını dediyini, Vüsaldan soruşanda ona “sənin bilmədiyini çox şey var” dediyini, Vüsalın həmin Həsənin ona Nərminlə telofonda danışdığını dediyini, Nərmindən Həsəni tanımağını soruşduqda yenə də tanımadığını dediyini, polisə gedib onu və Həsəni çağıtdıracağını, biri-birlərini tanıyıbtanımadıqlarını deyib getdiyini, bir azdan anasının zəng edib Nərminin evdən qaçdığını dediyini, məhləyə qayıtdığını lakin qaranlıq olduğundan tapa bilmədiyini, zəng etdiyini Nərminin özünü öldürəcəyin ki onu tutsunlar dediyini, Nərminin atasına zəng etdikdə qızını tapıb verməsə onu tutduracağını dediyini, bölməyə gedib şikayət etdiyini, sonra Nərmini “Əlincə Qalasının” yanından tutub gətirdiklərini, bölmədə Nərminin evə gəlmək istədikdə qoymadığını, intihar etmək istədiyini ona görədə qəbul etməyib atasına təhvil verdiyini, sonra Nərminin xəyanətinə görə nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etdiyini, boşanmaq üçün məhkəməyə müraciət edəndə onu mediasiyaya göndərdiklərini, beləcə məhkəmə prosesinin uzandığını, Nərminin də onu şikayət etdyini, Nərminin 4 əlavə nömrə ilə də danışması ilə əlaqədar məhkəməyə sübutlar təqdim etdiyini, buna görə Nərminin gedib izahatını dəyişib onun çənəsini qırmağım ilə əlaqədar şikayət etdiyini, ona bir şillə vurduğunu, Nərminə bir sillə vurduğuna görə peşman olduğunu, kaş ki, vurmazdı, onun silləsindən Nərminin çənəsinin sınmasını tam olaraq bilmədiyini, Nərminin həmin vaxtı dişinin ağrıdığını, sonra çənəsinin sındığını dediyini, tik-tok səhifəsində bəyənmə etdiyi üçün Nərminin mübahisə edib onu xəyanətdə ittiham etdiyini, lakin həmin səhifədə qadının görsənmədiyini, onun paylaşdığını bəyəndiyini, əməlindən peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, 10 il olar ki, Təqsirləndirilən şəxs ilə ailə qurduğunu və bu evlilikdən 2 qız və 1 oğlan övladının olduğunu, evli olduqları müddətdə Təqsirləndirilən şəxsla münasibətlərinin bir gün yaxşı, beş gün pis olduğunu, Rəşadla aralarındakı nünasibətin pis olmağının səbəbinin onun spirtli içki qəbul edib evə sərxoş vəziyyətdə gəlməyi və qaynanası ilə aralarında olan anlaşılmazlıqlar olduğunu, Rəşadın mütəmadi olaraq başqa-başqa insanların söhbətini ortaya ataraq, sonradan da onun həmin şəxslərlə münasibəti varmış kimi danışdığını, elə bu səbəbdən də aralarında mütəmadi mübahisə yarandığını və Rəşadın onu döydüyünü, bir dəfə də təxminən 2 il bundan əvvəl Rəşadın onun burnunu yumruqla vurub sındırdığını, lakin ondan şikayət etmədiyini, sonuncu dəfə onun çənəsini yumuruqla vurub sındırdığını, 05 fevral 2023-cü il tarixdə Rəşadın telefonda başqa bir qadınla yazışdığını gördüyünü, Rəşadla həmin qadının arasında bir çox sevgi mesajlarının və əxlaqsız təkliflərin yazıldığının şahidi olduğunu, bundan əlavə Rəşadın həmin qadına “qızımın 12 yaşının tamam olmasını gözləyirəm, ondan sonra bir bəhanə tapıb boşanacam, həmin vaxtı sən mənim yanımda olarsan" yazdığını, bu mesajdan sonra Rəşada “əgər mənimlə boşanmaq istəyirsənsə bəhanə axtarmağa gərək yoxdur, gedək məhkəmədə boşanaq, mən ata evimə gedərəm, səndə həmin qadınla yaşayarsan” dediyini, elə bu səbəbdən də mübahisə zamanı Rəşadın həmin günü demək olar ki günortadan axşama qədər onu bir neçə dəfə döydüyünü və nəhayət atasının gəlib onu aparması üçün ona zəng etmək istəyərkən Rəşadın onun telefonunu əlindən alıb qıraraq onu otağa salıb möhkəm döyərək yumruqla sifətinə vurub çənəsini sındırdığını, bundan sonra Rəşadın 3 gün onu evdən bayıra buraxmadığını, kimsəylə də əlaqə saxlamağına icazə vermədiyini, sonra qaynanasının onu sakitləşdirib Rəşadın onu bir də döyməsinə imkan verməyəcəyini deyib Rəşaddan şikayət etməməsini istədiyini, Rəşaddan şikayət etməyəcəyini dedikdən sonra onun xəstəxanaya getməyinə icazə verdiklərini, 08 fevral tarixində xəstəxanaya gedib müayinə olunduqdan sonra sağ çənə sümüyünün sındığını bildiyini, həmin vaxtı polis əməkdaşlarının gəlib ondan nə olduğunu soruşsalar da, onlara yıxıldığını dediyini və bu məsələnin bağlandığını, 10 fevral tarixində Bakı şəhərinə əməliyyata getdiyini, əməliyyat olunub 17 fevral tarixində evə qayıtdığını, bir ay müalicəsinin davam etdiyini, bundan bir müddət keçdikdən sonra isə Rəşadın yenə də öz çirkin əməllərini davam etməyə başladığını və özünün etdiyi hərəkətləri, danışdığı sözləri onun üzərinə ataraq ona şər-böhtan atmağa başladığını, onun bu hərəkətlərindən bezdiyinə görə ondan ayrılacağını dediyini, 17 martda yemək üstündə mübahisələrinin olduğunu, onun çənəsini sındırdığına görə polisə müraciət edərək balaca qızını da götürüb ata evinə getdiyini, 05 aprel tarixində onu yenidən polisə dəvət edib yenidən ərizə alındığını, 05 fevral tarixində Rəşadın onu vurarkən Rəvanla Vəfanın yanlarında olduğunu, Rənanın isə qapının ağzında olduğunu, hazırda ağzında dəmir olduğunu, hələ də ağrılarının olduğunu, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşadığını, bir övladının olduğunu, oğlu Təqsirləndirilən şəxs on bir ildir ki, Zərərçəkmiş şəxs ilə ailə qurduğunu, bu evlilikdən üç övladının olduğunu, 2021-ci ildə gəlini Nərminlə oğlu Rəşad yola gedə bilmədiklərindən boşanmaları üçün gəlini Nərminin məhkəməyə müraciət etdiyini, məhkəmə prosesi zamanı barışdıqlarına görə boşanmadıqlarını, həmin vaxtdan sonra da gəlini Nərminənin bir neçə dəfə heç bir əsas olmadan çıxıb atası evinə getdiyini, gəlininin onunla birgə yaşamaq istəmədiyini, buna görə də oğlu ilə aralarında söz-söhbət olduğunu, sonuncu dəfə 05 fevral 2023-cü il tarixdə saat 14:00 radələrində gəlini Nərminlə oğlu Rəşad arasında birgə yaşadıqları ünvan 3 ünvanınad yerləşən evdə mübahisə olduğunu, oğlunun sakitləşmək üçün evdən çıxdığını, bir az keçdikdən sonra gəlini Nərminənin ona evdən çıxıb gedəcəyini dediyini, Nərminə evdən getməsin deyə qapını bağladığını, Nərmin pəncərədən çıxıb gedmək istəyərkən, buna imkan vermədikdə onun qolunu dişləyərək çıxıb getdiyini, oğlu Rəşada zəng elədiyini, Rəşad onu Müəllimlər inistutunun yanında altı nömrəli marşuruta minərkən görüb və taksi ilə onun arxasınca düşdüyünü, Nərminin Cahan ticarət mərkəzində düşüb su aldıqdan sonra hava limanı tərəfə getdiyini, oğlununda onun arxasınca gedərək onu evə gətirməyə çalışdığını, birtəhər razı saldıqdan sonra Rəşadla birgə evə gəldiklərini, evə gəldikdən sonra da otaqlarında mübahisə etdiklərini, oğlu Rəşadın Nərminə sakit ol qonşular eşidir dedikdə, onun uca səslə yenədə söyüş söydüyünü, mübahisələri bitdikdən sonra otaqdan çıxdıqlarını, gəlib salonda heç nə olmamış kimi əyləşdiklərini, bir az keçdəndən sonra nəvəsi Rəvaınn "bəs atam otaqda anamı sillə ilə vurdu" dediyini, təxminən bir neçə gün sonra Nərminin "çənəmdə ağrı var həkimə gedəcəm" dediyini, səhərisi gün xəstəxanaya sığorta almaq üçün gedəndə, qarşılaşdıqlarını, evə gələn zaman "çənəmə Heyran həkim baxdı, çənəmdə sınıq var" dediyini, evə gəldikdən sonra ev telefonunda kimləsə danışdığını, ona "Bakıdan həkimlə danışdım, nömrəsini də Heyran həkim verib, mənə Bakıdakı həkim deyir ki, sabah saat 10:00-da burda ol çənəni əməliyat eliyək" dediyini, Nərminə "bəs mənim pensiyam xərclənib, Rəşad da hələ maaşın almayıb" dediyini, Nərminin də "bacımdan pul alıb gedəcəm" dediyini, bir saat keçməmiş bacısının yoldaşı İlkinin gəldiyini, Nərmin də onun pul gətirdiyini dediyini, bacısının yoldaşı ilə birgə bilet almağa getdiklərini, bilet alıb gələn zaman telefonda aldığını dediyini, axşam getməyə avtobusa bilet aldığını, bacısının yoldaşının onu axşam avtovağzala apardığını, təxminən bir həftə Bakı şəhərində olduğunu, Bakıdan gəldikdən sonra Nərminin "çənəmə dəmir qoydular" dediyini, onun çənəsinə içəri tərəfdən baxan zaman tikiş izlərini gördüyünü, Nərminin həkimə çənəsinə dəmir qoyulması üçün iki yüz manat pul verdiyini dediyini, qısa müddət sonra yenə də oğlu ilə aralarında mübahisələrin davam elədiyini, qonşusu Vüsalın oğlu Rəşada "bəs sənin yoldaşının kimləsə danışır, sənə xəyanət edir" dediyini, oğlu bu söhbəti onun özünə deyən zaman, boynuna almadığını, Rəşada sübut elə dediyini, Rəşadın polisə müraciət edərək həmin şəxsin tapılması üçün ərizə vermək üçün getdiyini, Nərminin evdən getdiyini öyrənən kimi Rəşada "yoldaşın evdən qaçıb gəl" dediyini, Nərmin getdikdən bir saat sonra atası ilə anasının gəldiklərini, gəlininin evdən çıxaraq getməsi barədə 1-ci Polis Bölməsinə müraciət elədiklərini, polis əməkdaşlarının maraqlanaraq Nərmini Əlincə qalasına çıxarkən saxlayıb bölməyə gətirdiklərini, Rəşadla Nərmindən polis əməkdaşlarının izahat aldıqlarını, Polis Bölməsindən çıxdıqdan sonra Nərmin evə gəlmək istədikdə özünün razı olmadığını, Nərminin atası və anası ilə birlikdə gələrək əşyalarını yığıb atası evinə getdiklərini, bir müddət sonra Nərminin polisə müraciət edərək Rəşadın haqqında şikayət ərizəsi verdiyini eşitdiyini, gəlini Nərminin özbaşınalıq edib oğlu Rəşadın sözün eşitmədiyini, buna görə də aralarında mübahisə yarandığını, onların mübahisə etdiyini bilsə də, görmədiyini, nəvəsi Rəvanın otaqda Rəşadın Nərmini şillə ilə vurduğunu ona dediyini bildirdi. Yetkinlik yaşına çatmayan şahidlərin qanuni nümayəndəsi qismində tanınaraq işə buraxılmış Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "X3 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya"nın üzvü X4 iştirak ilə məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan X11 ifadəsində, Təqsirləndirilən şəxs onun doğma atası, hadisə nəticəsində xəsarət alan Zərərçəkmiş şəxs isə onun doğma anası olduğunu, Naxçıvan şəhəri 10 nömrəli bağçaya getdiyini, 6 yaşının olduğunu, X7 onun böyük bacısı olduğunu, onun 10 yaşı olduğunu, digər bacısı X8 isə 8 yaşı olduğunu, atası Rəşadın anası Nərminəyə bir şapalaq vurduğunu, həmin hadisəni gördüyünü, həmin vaxt evdə olduğunu, Vəfanında evdə olduğunu və hadisəni gördüyünü, böyük bacıları Rənanın və nənəsinin çöldə olduqlarını, anası Nərminin atasına söyüş söydüyünü, atası Rəşadın da hirslənib anası Nərminə bir şapalaq vurduğunu, atasının axşam anasını vurduğu zaman anası Nərminin atasına, "vurma çənə qırılıb dişim arğıyır" dediyini, atasının su qabını götürüb anası Nərminin üstünə atanda su qabının ona dəymədiyini, anasını əli ilə vurduğunu, əvvəllər mübahisə etdiklərində də atası Rəşadın anası Nərmini vurduğunu, atasının hirsləib öz telefonunu sındırdığını, bir dəfə anasının evdən çıxıb getdiyini, anasının hara getdiyini bilmədiklərini bildirdi. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan şahidlər X12 və X13, sahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan X11 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 14 iyun 2023-cü il tarixli 643 saylı ekspert rəyində 1992-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilən xəsarətlər çənə sümüyündə sağ hissəsində bucaqdan keçən sınıq olduğu. Sınığın küt əşyanın təsirindən yarandığı, həmçinin bilavasitə yumruq zərbəsinin üz nahiyyəsinə təsirindən yarana biləcəyi, xəsarətin yetirilmə müddətin qərarda göstərilən tarixə uyğun gəldiyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR dərəcəli bədən xəsarətinə aid olduğu göstərilmişdir. Arayışda Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X2 pisixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin başlanmasına səbəb və əsas, Zərərçəkmiş şəxs 05 aprel 2023cü il tarixdə müraciət edərək 05 fevral 2023-cü il tarixdə yaşadıqları ünvan 2 ünvanında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onun sağ çənə nahiyyəsinə yumruq zərbəsi vuraraq qəsdən sağlamlığına az ağır xəsarət yetirməsi faktı olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə, saat 19:20 radələrində yaşadıqları ünvan 2 ünvanında aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən yumruq zərbəsi vuraraq sonuncuya çənə sümüyünün sağ hissəsində bucaqdan keçən sınıq xəsarəti yetirməklə, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və PAB-dən alınmış 14 iyun 2023-cü il tarixli 643 saylı ekspert rəyində 1992-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilən xəsarətlər çənə sümüyündə sağ hissəsində bucaqdan keçən sınıq olduğu. Sınığın küt əşyanın təsirindən yarandığı, həmçinin bilavasitə yumruq zərbəsinin üz nahiyyəsinə təsirindən yarana biləcəyi, xəsarətin yetirilmə müddətin qərarda göstərilən tarixə uyğun gəldiyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR dərəcəli bədən xəsarətinə aid olduğu göstərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, X6 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X6 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, himayəsində 3 azyaşlı övladının olduğu, müsbət xarakterizə olunması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 06 iyul 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer-Naxçıvan şəhəri 6-cı məhəllə 6, döngə 2, ev 4 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhər ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yaşadığı yer- Naxçıvan şəhəri 6-cı məhəllə 6, döngə 2, ev 4 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-25/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-25/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver