Məhkəmə qərarları › İş №1(078)-25/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-25/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-25/2024 18.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ordubad rayonu, Vənənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaq anası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “26” fevral 2024-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb X3 Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzində yerləşən 4 №-li qızıl mağazasından ona məxsus olan bir ədəd qızıl qolbağın naməlum şəraitdə oğurlandığını bildirməsi olmuşdur. X10 Tədbirləri nəticəsində X4 məxsus bir ədəd qızıl qolbağın Ordubad rayon Vənənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində alıcı kimi daxil olduğu X4 məxsus olan Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzində yerləşən 4 nömrəli qızıl mağazasından bir ədəd 585 əyarlı, 6.15 qram, qiyməti 522.75 (beş yüz iyirmi iki manat yetmiş beş qəpik) manat olan qızıl qolbağı gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, ailəsi ilə birlikdə Ordubad rayon Vənənd kəndində yaşadığını, xx.xx.2023-cü ildə bacısı qızı X19 ilə birlikdə Cahan Ticarət Mərkəzinin ikinci mərtəbəsində qızılların alqı-satqısı bölməsində olduqlarını, həmin vaxt onların orada olan mağazalardan birinə daxil olduqlarını, həmin vaxt alt tərəfi qırılmış üzüyünü əlində saxladığını, mağazaya daxil olduqdan sonra üzüyünü göstərərək təmir etdirmək istədiyini bildirdiyini, satıcının isə ona arxa tərəfi göstərərək orada düzəltdirə biləcəyini dediyini, onların qızıl bölməsinə gəlməkdə məqsədlərinin bacısının ad gününə görə qızı Arzunun ona qızıl qolbaq almaq istəməsi olduğunu, vitrində olan qızıllara baxdıqlarını, həmin vaxt bacısı qızının bir qolbağı bəyəndiyini, ona bildirdiyini, onun da qolbağı əlinə aldığını, həmin vaxtı əlində alt tərəfi qırılmış üzüyü də olduğunu, çantasını açıb üzüyünü oraya qoymaq istəyən zaman qolbağı da çantasına qoyduğunu, qızıllara bir qədər baxdıqdan sonra həmin mağazadan çıxaraq başqa mağazalara baxmağa başladıqlarını, bacısının qızı Arzunun başqa bir mağazadan qolbaq aldıqdan sonra Cahan Ticarət Mərkəzindən çıxaraq bazarda bir qədər fırlanaraq oradan Türk Məscidinin yanına getdiklərini, marşruta minərək kəndə qayıtdıqlarını, kəndə gəldikdən sonra çantasını evə qoyaraq bacısıgilə getdiyini, sabahısı gün onun bacısının ad günü olduğunu, o, sabahısı günü bacısıgildə olan zaman həyat yoldaşı Cabirin oraya gələrək evə getmələrini dediyini, onların birlikdə evə getdiklərini, həmin vaxt Ordubad rayon Polis şöbəsinin əməkdaşlarının onlarla birlikdə evə gəldiklərini, onun çantasına yaxınlaşaraq açmağını istədiklərini, o çantasını açan zaman qolbağın orada olduğunu gördüyünü, polis əməkdaşlarının həmin qolbağı götürdüklərini, əlində alt tərəfi qırılmış üzük olduğunu, üzüyü çantasına qoyan zaman diqqət etmədən qızıl qolbağı da çantasına qoyduğunu, qolbağı oğurlamaq məqsədinin olmadığını, həmin mağazadan qızıl almadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, ona dəyən maddi zərər ödənildiyi üçün Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmadığını bildirmiş, həmçinin eyni tarixdə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini, bu səbəbdən növbəti məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 əvvəlki məhkəmə iclasında ifadəsində hal-hazırda Naxçıvan şəhər Cahan Ticarət Mərkəzində yerləşən dörd nömrəli qızıl mağzasınında qızıl satışı ilə məşğul olduğunu, X14 əvvəlcədən tanımadığını, onunla arasında ədavət və düşmənçilik olmadığını, xx.xx.2023-cü il tarixdə iki nəfər xanımın birlikdə onun Cahan Ticarət Mərkəzində yerləşən dörd nömrəli mağzasına daxil olduqlarını, həmin vaxt xanımların qolbaq almaq istədiklərini dediklərini, o, da həmin vaxt qolbaqlar olan iki tablonu onlara təqdim etdiyini, onların bir neçə qolbağa baxdıqlarını, baxdıqları qolbaqların qiymətlərini həmin xanımlardan birinin soruşduğunu, onların təxminən iyirmi dəqiqə ərzində onun mağzasında olaraq müxtəlif qolbaqlara baxdıqlarını, sonra isə heç nə almayaraq mağazadan çıxıb getdiklərini, onlar mağazadan çıxıb getdikdən sonra onun qolbaqları tabloda yerlərinə yığmağa başladığını, hər tabloda altmış qolbağın yeri olduğunu, onlara təqdim etdiyi tabloların da dolu olduğunu, lakin qolbaqları yerinə yığan zaman bir ədəd qolbağın əksik olduğunu gördüyünü, təcili mağazada quraşdırdığı kameraya baxmağa başladığını, kamera görüntülərinə baxan zaman tabloda olan bir ədəd qolbağın mağazaya gələn xanımlardan birinin götürdüyünü gördüyünü, kamera görüntülərinə baxdıqdan sonra polisə məlumat verərək mağazasından bir ədəd qolbağın oğurlandığını dediyini, bununla bağlı Polis İdarəsinə gələrək mağzasından qızıl qolbağın oğurlanması ilə bağlı ərizə verdiyini, həmin qızıl qolbağın çəkisinin altı qramdan çox olduğunu, qiymətinin beş yüz manatdan artıq olduğunu, təqsirləndirilən şəxsin uşaqları olduğuna görə ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində Təqsirləndirilən şəxs onun doğma xalası olduğunu, xx.xx.2023-cü il tarixdə xalası Təqsirləndirilən şəxs ilə birgə anası X6 ad gününə hədiyə qızıl qolbaq almaq məqsədilə Naxçıvan şəhər Cahan Ticarət Mərkəzinə gedib həmin Ticarət Mərkəzinin ikinci mərtəbəsində qızıl dükanları olan bölməyə daxil olduqlarını, xalası Zəhra ilə birlikdə mağazaları gəzib qızıl qolbaq axtardıqlarını, girdikləri mağazalarda qızıl qolbağın qiymətinin baha olduğunu, onun isə əlində 170 manat pulu olduğunu, girdikləri birinci qızıl mağazasında iki nəfər kişi satıcı olduğunu, onlara qızıl qolbaqlar olan tabloları təqdim etdiklərini, qızıl qolbaqları vitrinin üzərinə qoyub onlara nümayiş etdirməyə başladıqlarını, xalası Zəhranın vitrinin üzərindəki qızıl qolbaqları bir-bir götürüb baxaraq qiymətlərini soruşduğunu, satıcı həmin qolbaqların 400-500 manat arası olduğunu bildirdiyini, xalası Zəhranın ona dönüb həmin qızılların bu qiymətə olduğunu dediyini, onun da o qədər pulu olmadığı üçün xalasına başqa mağazaya getmələrini dediyini, həmin vaxt xalası Zəhranın oradan qızıl qolbaq götürdüyü barədə xəbəri olmadığını, həmin mağazadan çıxdıqdan sonra onun yanındakı qızıl mağazasına daxil olub orada münasib qiymətə, yəni 167 manata anası üçün qolbaq aldıqlarını, qolbağı aldıqdan sonra bazara getdiklərini, bazardan çıxdıqdan sonra yaşadıqları Ordubad rayon, Vənənd kəndinə qayıtdıqlarını, səhəri günü, yəni xx.xx.2023-cü il tarixdə onların öz evlərində anasının ad gününü qeyd edən zaman xalasının əri Cabirin gələrək xalası Zəhraya evə getməli olduqlarını bildirdiyini, sonra isə Ordubad Rayon Polis Şöbəsinin əməkdaşlarının xalası Təqsirləndirilən şəxs və onu Ordubad rayon Polis Şöbəsinə dəvət etdiklərini, onlara xalasının qızıl mağazasından qızıl qolbaq götürməyi ilə bağlı video görüntülər göstərdikdən sonra Naxçıvan şəhər Polis İdarəsinə gətirdiklərini, xalası Təqsirləndirilən şəxs qızıl mağazasında qolbaq götürülməsi ilə bağlı heç bir məlumatının olmadığını, bu barədə xalasının ona nəsə demədiyini, əvvəllər belə hərəkətlər etmədiyini bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə HKpi-508/23 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Abbas Quliyev tərəfindən tərtib edilmiş 05 avqust 2024-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2023cü il tarixdə ünvan 2 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü X1 Şəhər Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, müdir işlədiyi Cahan Ticarət Mərkəzinin 4 nömrəli qızıl-zinət əşyalarının satışı mağazasından bir ədəd qızıl bilərzik naməlum şəxslər tərəfindən oğurlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Ordubad rayonu, Vənənd kənd sakinləri, 1986-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs və 2006-cı il təvəllüdlü, X19 tərəflərindən müəyyən olunaraq Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmişdir.(cild İ, iş vərəq 11) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (cild İ, iş vərəq 45-46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs-xx.xx.1986-cı ildə Ordubad rayon Vənənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmamış, Ordubad rayon Vənənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 65-66) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2023-cü il tarixli ərizədən görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs X8 istintaqa ərizə ilə müraciət edərək 04 avqust 2023-cü il tarixdə 09:30 radələrində işlətdiyi Cahan Ticarət Mərkəzində yerləşən 4 nömrəli qızıl mağazasına 2 qadın yaxınlaşıb satdıqları qızılların qiyməti ilə maraqlandığını, onlar gedəndən sonra tabloda olan qolbaqlardan birinin olmadığını gördüklərini, kameraya baxıb onlara alış-veriş məqsədi ilə yaxınlaşan iki qadından birinin həmin qolbaqlardan birini götürüb çantasına qoymasını müşahidə etdiklərini, həmin şəxslərin tapılması və ona dəymiş ziyanın geri qaytarılması üçün qanunauyğun qaydada köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 5) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. (cild İ, iş vərəq 50) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmək haqqında qərardan görünür ki, həmin tarixdə material üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. (cild İ, iş vərəq 20) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2023-cü il tarixli 1121 saylı ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd (585 əyarlı, 6,15 qram) qızıl zinət əşyasının 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 522,75 (beş yüz iyirmi iki manat yetmiş beş qəpik) manat müəyyən edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 22) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X11 tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli, 27 saylı məktubdan görünür ki, Ordubad rayon Vənənd kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 37) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə bir ədəd qızıl qolbaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (cild İ, iş vərəq 41-42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, X2 Şəhər Polis İdarəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğlurlanan qızıl qolbağın gündəlik tələbat əşyası olmasını nəzərə alaraq ona qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 43) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, X8 ona məxsus olan, qızıl mağazasından oğurlanmış bir ədəd 585 əyarlı, 6.15 qram olan qızıl qolbağı təhvil almış və həmin qızıl qolbağı məhkəmə prosesinə qədər qoruyub saxlayacağını bildirmişdir. (cild İ, iş vərəq 44) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Ordubad rayon Vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 63 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ordubad rayon Vənənd kəndində yaşayır və qeydiyyatdadır. (cild İ, iş vərəq 75) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Ordubad rayon Vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 62 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri həyat yoldaşı X20, oğlu xx.xx.2005-ci il təvəllüdlü X21, oğlu xx.xx.2007-ci il təvəllüdlü X22, oğlu xx.xx.2013-cü il təvəllüdlü X24 və qızı xx.xx.2015-ci il təvəllüdlü X16r. (cild İ, iş vərəq 76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Ordubad rayon Vənənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunmuşdur ki, xx xxxxxx 1986-ci il tarixdə Ordubad rayon Vənənd kəndində anadan olmuş və haliyyədə Vənənd kənd qeydiyyatında olan Təqsirləndirilən şəxs 1992-ci ildə Vənənd kənd tam orta məktəbinin 1-ci sinifinə getmişdir. 2003-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2004-cü ildə X20 ilə ailə həyatı qurmuşdur. Dörd övladı var. O,həmişə özündən böyüklərə hörmət etmiş, kiçiklərin qayğısına qalmışdır. O,ailəsində uşaqlarının və həyat yoldaşının qayğısına qalır, onların hörmətin daim uca tutur. Qohumları ilə həmişə yaxşı münasibətdə olub heç biri ilə problem yaşamamışdır. Qonşularla çox yaxşı münasibətdədir onlara hörmətlə yanaşır. Xeyir və şər işlərində yaxından iştirak edir. (cild İ, iş vərəq 77) İş üçün əhəmiyyətli olduğundan Naxçıvan şəhəri Cahan Ticarət Mərkəzinin ikinci mərtəbəsində yerləşən dörd nömrəli qızıl mağazasında qeydiyyata alınmış videogörüntülərinin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə məhkəmə istintaqı zamanı baxış keçirilmiş və baxış zamanı həmin videonun 04 avqust 2023-cü il tarixi, saat 11:04:51 saniyəni göstərdiyi və video-kameranın sağ tərəfdən dörd nömrəli qızıl mağazasının giriş hissəsini və vitrinin önünü çəkdiyi müşahidə edildiyi, görüntüdə Təqsirləndirilən şəxs və bacısı qızı X15 vitrinin önündə olduğu, vitrinin arxasında biri zərərçəkmiş X12 olmaqla iki nəfər satıcı olduğu, Təqsirləndirilən şəxs ilə Arzu Məmmədovanın bir-bir satıcının təqdim etdiyi qızıl qolbaqlarla tanış olduğu, təqdim edilən ikinci qızıl qolbaqla Arzu Məmmədova tanış olduqdan sonra Təqsirləndirilən şəxs verdiyi, Təqsirləndirilən şəxs qızıl qolbağa baxdıqdan sonra əlində saxlayaraq vitrinin önündəki digər qolbaqlara baxaraq Arzu Məmmədova ilə söhbət etdiyi, bir az keçdikdən sonra əlində saxladığı qızıl qolbağı çantasına qoyub çantasını açdığı hissədən bir üzük çıxardaraq satıcıya göstərməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, video-görüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını və cinayət nəticəsində dəymiş zərəri tamamilə ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 08 (səkkiz) ay müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli olması müəyyən edilmişdir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Ordubad rayon Vənənd kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin: -15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 15-1.1-ci maddəsinin tələbinə görə probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosialhüquqi xarakterli tədbirlər sistemindən ibarətdir; -15-1.2 və 15-1.2.1-ci maddələrinin mahiyyətinə görə cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər barəsində probasiya nəzarəti tətbiq edilir; -15-2.3-cü maddəsi ilə müəyyən edilir ki, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir; -51-2.1-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərində qoyulmuş vəzifələrin həyata keçirilməsinə nəzarət Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd 585 əyarlı, 6.15 qram, qiyməti 522.75 (beş yüz iyirmi iki manat yetmiş beş qəpik) manat olan qızıl qolbağın zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun müdiri Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Ordubad rayonu, Vənənd kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs çəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd 585 əyarlı, 6.15 qram, qiyməti 522.75 (beş yüz iyirmi iki manat yetmiş beş qəpik) manat olan qızıl qolbağın zərərçəkmiş şəxs X4 qaytarılması nəzərə alınsın. Naxçıvan Şəhər Vəkil Bürosunun müdiri Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar