Məhkəmə qərarları › İş №1(078)-26/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-26/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-26/2023 10.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:20-də Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, mütəxəssis X4 iştirakı ilə, xx xxxx 1974-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan, 12 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Cinayət işinin başlanmasına səbəb, 04 iyun 2023-cü il tarixdə, saat 01:45 radələrində X9 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs əl çantasında 1 ədəd soyuq silah kastet (beşbarmaq) aşkar edilərək götürülməsi faktı və əsas isə həmin fakt üzrə toplanmış materiallar olmuşdur. Məhkəmə istintаqı zаmаnı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı beşbarmağı əldə edib saxlamış, həmin soyuq silahı, ona məxsus olan Şərur rayonu, Dəmirçi kəndində yerləşən mənzilindən götürüb Bakı şəhərinə aparmaq məqəsədi ilə çantasının içərisinə qoymuşdur. Həmin soyuq silahı çantada götürüb Bakı şəhərinə aparmaq üçün X9 Limanına apararaq gəzdirmiş, 04 iyun 2023-cü il tarixdə, saat 01:45 radələrində çanta rentgen qurğusundan keçirilməklə yoxlanılarkən hava limanının əməkdaşları tərəfindən beşbarmaq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, təxminən 5 ildir ki, Bakı şəhərində ailə üzvüləri ilə yaşadığını, 11 may 2023-cü il tarixdə Sədərək rayonu, Dəmirçi kəndində yerləşən evinə gəldiyini, bir müddət Sədərək rayonu, Dəmirçi kəndində evində yaşamaqla, evini təmizlədiyini, evi təmizləyərkən bir ədəd beş barmaq aşkar etdiyini, Bakı şəhərinə aparmaq üçün çantasına digər aşyalarla birlikdə qoyduğunu, 04 iyun 2023-cü il tarixdə özü ilə Bakı şəhərinə apardığı çantaları götürüb X9 Limanına getdiyini, orada çantaları rentgen aparatına qoyduqdan sonra çantada şübhəli təsvirli əşya aşkar edildiyini, bundan sonra çantaya baxış keçirildiyini, beş barmağın çantadan aşkar edilərək götürüldüyünü, həmin beş barmağın qadağan olunmuş əşya olduğunu bilmədiyini, törətdiyi əmələ görə peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, 2017-ci ildə X9 Limanında ATX-nin agenti vəzifəsinə təyin edildiyini, həmin vəzifədə işlədiyini, növbə rəisi Elvin Mahmudov məzuniyyətdə olduğu üçün onun vəzifələrini müvəqqəti icra etdiyini, hava limanında növbəli şəkildə işlədiyini, 04 iyun 2023-cü il tarixdə, saat təxminən 01:45 radələrində X9 Limanında növbədə olan zaman hava limanının giriş hissəsində rentgen qurğusuna nəzarət edən əməkdaş Şahid3 ona xidməti rabitə qurğusu ilə məlumat verərək yüklərin içində beşbarmaq müəyyən etdiyini bildirdiyini, bundan sonra hava limanının giriş hissəsinə yaxınlaşdığını, Şahid3 bir nəfər qadının yükündən bir ədəd beşbarmaq müəyyən etdiyini bildirərək həmin qadını ona göstərdiyini, həmin vaxt o qadının adının Təqsirləndirilən şəxs olduğunu bildiyini, Təqsirləndirilən şəxs iştirakı ilə akt tərtib etdikdən sonra hava limanının daxilinə hava limanının polis əməkdaşlarının dəvət edildiyini, beşbarmaq və Təqsirləndirilən şəxs hava limanının polislərinə təhvil verildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, 2005-ci ilin iyul ayından X8 xidmətə başladığını, 2018-ci il tarixdən X5 Polis Şöbəsinin İTB-nin polis nəfəri vəzifəsində xidmət etdiyini, növbəli şəkildə işlədiyini, iki gün evdə, bir gün işdə olduğunu, 04 iyun 2023-cü il tarixdə, saat təxminən 01:45 radələrində X9 Limanının ərazisində xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin ona məlumat verərək beşbarmaq tutulduğunu və təhvil götürməyini bildirdiyini, bundan sonra X5 Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verib həmin şəxsi təhvil götürdüyünü, beşbarmaq aşkar edilən şəxsin Sədərək rayonu, Dəmirçi kənd sakini Təqsirləndirilən şəxs olduğunun müəyyən edildiyini, həmin şəxsi aşkar edilmiş beşbarmaq ilə birlikdə təhvil alıb X5 Polis Şöbəsinə gətirdiyini, beşbarmağın müvafiq qaydada zərfə qablaşdırıldığını, möhürlənərək imzalandığını, Təqsirləndirilən şəxs hava limanı təhlükəsizlik xidmətinin əməkdaşlarından təhvil alandan sonra X5 Polis Şöbəsinin növbəti hissəsinə təhvil verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində, 2014-cü ildən X9 Limanına işə qəbul edildiyini və hal-hazırda mütəxəssis vəzifəsində işlədiyini, Hava limanında növbəli şəkildə işlədiyini, 04 iyun 2023-cü il tarixdə, saat təxminən 01:45 dəqiqədə X9 Limanında növbədə olan zaman hava limanının giriş hissəsində yerləşən rentgen qurğusuna qoyulan yüklərin içərisinə nəzarət həyata keçirdiyini, həmin vaxt rentgen qurğusuna baxan zaman yüklərin içərisində şübhəli təsvirin, yəni beşbarmağın olduğunu gördüyünü və həmin çantanın kimə məxsus olduğunu soruşduğunu, həmin vaxt çantanın Təqsirləndirilən şəxs ona məxsus olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs çantasını açmasını tələb edib baxdıqda çantanın içərisindəki plastik qabda beşbarmaq olduğunu gördüyünü bildirdi. İş materiallarına əlavə edilmiş: X9 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və mütəxəsis X4 iştirakları ilə keçirilmiş baxış zamanı 04 iyun 2023-cü il tarixi, saat 01:09:58 saniyəni göstərir və video-kameranın hava limanının giriş zalını çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə giriş hissədə yerləşən rentgen qurğusu və yoxlama aparatları düşür. Kameranın saat 01:14:10 saniyəni göstərdiyi vaxt hava limanının girişində yerləşən rentgen qurğusunda bir neçə şəxsin hərəkət etdiyi, bunlarla birlikdə Təqsirləndirilən şəxs rentgen qurğusuna çantalarını qoyduğu, saat 01:16:15 saniyəni göstərdiyi vaxt hava limanı təhlükəsizlik xidmətinin işçisi çantanı yenidən rentgen qurğusuna qoymasını bildirdiyi, saat 01:16:40 saniyəni göstərdiyi vaxt müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çantanı rentgen qurğusunun yanına qoyduğu, 01:18:17 saniyəni göstərdiyi vaxt hava limanı təhlükəsizlik əməkdaşının Təqsirləndirilən şəxs çantasına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirdiyi müşahidə edilir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu, rentgen qurğusunda aşkar edilən beşbarmağın özünə məxsus olduğunu bildirmişdir. 04 iyun 2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs çantasına rentgen müayinəsi zamanı baxış keçirilmiş və çantada bir ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən, istifadəyə yararlı beşbarmaq aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli 562 nömrəli rəyində tədqiqata təqdim olunmuş 01 ədəd predmet kustar üsulla hazırlanmış, kastet (beşbarmaq) tipində hazırlanmış deşici, vurucu, əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah olması qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X3 Şöbəsinə 09 iyun 2023-cü il tarixdə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə sorğu verilmiş, Daxili İşlər Nazirliyinin X3 Şöbəsinin Əməliyyat-sorğu kartotekasında onun məhkumluğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin başlanmasına səbəb, 04 iyun 2023-cü il tarixdə, saat 01:45 radələrində X9 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən Sədərək rayonu, Dəmirçi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs əl çantasında 1 ədəd soyuq silah kastet (beşbarmaq) aşkar edilərək götürülməsi faktı və əsas isə həmin fakt üzrə toplanmış materiallar olmuşdur. Cinayət işinin istintаqı zаmаnı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı beşbarmağı əldə edib saxlamış, həmin soyuq silahı, ona məxsus olan Şərur rayonu, Dəmirçi kəndində yerləşən mənzilindən götürüb Bakı şəhərinə aparmaq məqəsədi ilə çantasının içərisinə qoymuşdur. Həmin soyuq silahı çantada götürüb Bakı şəhərinə aparmaq üçün X9 Limanına apararaq gəzdirmiş, 04 iyun 2023-cü il tarixdə, saat 01:45 radələrində çanta rentgen qurğusundan keçirilməklə yoxlanılarkən hava limanının əməkdaşları tərəfindən beşbarmaq aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, əməlini etiraf etməsi və əməlində peşman olması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların ümumi məcmusunu və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı hallara qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünü, yəni cərimə cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 346.1- və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməsi, dəyişdirilməsi və seçilməsi olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 iyun 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə istintaq zamanı Təqsirləndirilən şəxs çantasından bir ədəd beşbarmaq aşkar edilən zaman X9 Limanının videomüşahidə kamerasının çəkdiyi video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk törədilmiş cinayət üzrə sübut əhəmiyyəti daşıdığından cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan bir ədəd beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və hazırda məhkəmədə saxlanılan bir ədəd beşbarmaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar