Məhkəmə qərarları › İş №1(078)-28/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-28/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-28/2023 28.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Şərur rayonu, Dizə kəndində qeydiyyatda olmaqla, yaşayan, 12 iyul 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintаqı zаmаnı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə, saat 20:15 radələrində özünə məxsus olan, AE 867287 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Khazar” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan- Sədərək avtomobil yolu ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olarkən “X16” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 3.24 ( maksimum sürətin məhdudlaşdırılması) tələbini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, Naxçıvan şəhəri ərazisinə düşən həmin yolun 7-ci km-də avtomobil ilə ehtiyatsızlıqdan iti vuraraq əks istiqamətli yola keçərək avtomobili yolun sol kənarına aşırmış, avtomobildə olan sərnişin X6 başın hər iki nahiyyələrində dərialtı hematoma, başın yumuşaq toxumaları altına qansızma, baş beyin toxumasının ödemi, hematoma və qansızma, döş qəfəsi nahiyyəsinə qansızma, sağ ayaq pəncəsində yara olmaqla dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ölümünə səbəb olmuş, digər sərnişin Zərərçəkmiş şəxs sol bud sümüyünün qapalı yerdəyişən sınığından ibarət ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, 23 aprel 2023-cü il tarixdə həmkəndlisi Ərsan adlı şəxsin ondan qaynanasının Bakı şəhərindən gəlməsini, onları qarşılamaq üçün hava limanına getməsini xahiş etdiyini, Ərsanla razılaşdığını, həmin gün saat 19:20 radələrində Naxçıvan şəhərinə hava limanına getmək üçün Şərur rayon Dizə kəndindən mülkiyyətində olan “Khazar” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola düşdüyünü, Ərsanın isə Rəbbil adlı başqa bir həmkəndlisinin “Vaz 21074” markalı avtomobili ilə getdiyini, özünün isə tək getdiyini, Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduğunda Şərur rayon Xanlıqlar kənd yolayrıcında dörd nəfər cavan uşağın dayandığını gördüyünü, həmin uşaqların onun avtomobilinə əl etdikləri üçün avtomobili uşaqların yanında saxladığını, həmin uşaqların ona Naxçıvan şəhərinə getmək istədiklərini, lakin yol pullarının olmadığı bildirdiklərini, uşaqlarla razılaşdığından, uşaqların avtomobilə əyləşdiklərini, Naxçıvan şəhərinə gəlmək üçün hərəkətə davam etdiyini, uşaqlardan axşam vaxtı hara getdiklərini soruşduğunda onların “axşam Naxçıvan şəhərində qalacağıq” dediklərini, uşaqların öz aralarında söhbət etdiklərini, Naxçıvan şəhəri istiqamətində Çalxanqala kənd yolayrıcını keçib yolun yoxuş olan hissəsi ilə 100 km/saat sürətlə yaxın işıqlarla hərəkətə davam etdiyini, lakin hansı hərəkət zolağında hərəkətdə olduğunu xatırlamadığını, havanın tam qaralmadığını, alatoranlıq olduğunu, anidən üç metr məsafədə avtomobilin önündə it gördüyünü, iti gördüyü an itin avtomobilin ön tərəfdən altına girdiyini, həmin an idarəetməni itirdiyini, avtomobilin rolunu hərəkət etdirə bilmədiyini, yalnızca iti görməyini və itin avtomobilin altına girməyini xatırladığını, başqa heçnə xatırlamadığını, üç gün sonra xəstəxanada ayıldığını, 18 gün xəstəxanada qaldığını, sonra bir ay ev şəraitində müalicə aldığını, hadisə nəticəsində X5 vəfat etdiyini, Zərərçəkmiş şəxs isə xəsarət aldığını sonradan bildiyini, mərhumun ölümünə görə özünü qınadığından evlərinə gedə bilmədiyini, ailə üzvülərinin yas mərasiminə gedib iştirak etdiklərini, törətdiyi əməldən peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində, 23 aprel 2023-cü il tarixdə, saat 19 radələrində mərhum oğlu Qasımov Cəfər ilə yaşadığı evlərində olduğunu, Cəfərin dostu Sənanın 50 manat pulu olduğunu və Naxçıvan şəhərinə getmək istədiklərini, narazı olduğunu getməsini istəmədiyini, lakin buna baxmayaraq Cəfərin yuyunub paltarlarını geyinərək dostları Əli, Uğur və Sənan ilə Naxçıvan şəhərinə getmək üçün evdən çıxdığını, saat təxminən 20:00 radələrində Cəfərin mobil telefonuna zəng elədiyini, Cəfərin ona Naxçıvan şəhərinə çatırıq dediyini, təxminən 10 dəqiqə sonra qonşuları Azər dayının zəng edərək ona Cəfərin telefonuna zəng vurduğunu və bir qadının açdığını dediyini, Cəfərin mobil nömrəsinə yenidən zəng elədiyini, qadının telefonu açaraq ondan kim olduğunu soruşduğunu, Cəfərin anası olduğunu dediyini, qadının ona qəza olduğunu bir neçə nəfərin xəstəxanada olduğunu dediyini, taksi çağırdığını, Naxçıvan şəhərinə xəstəxanaya gəldiyini, xəstəxanada Cəfərin öldüyünü bildiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını, hadisənin ehtiyatsızlıqdan olduğunu, oğlunu Əlinin yoldan çıxardığını, Əlidən narazılığının olduğunu, Qurbaninin qohumlarının yas mərasimində iştirak etdiklərini, Qurbanini bağışladığını ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə X4 iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadəsində, Şərur şəhərində ailəsi ilə birlikdə yaşadığını, Şərur şəhəri 2 saylı orta məktəbdə 9-cu sinifdə təhsil aldığını, 23 aprel 2023-cü il tarixdə dostları Şahid, Uğur Qasımov və Cəfər Qasımov ilə Naxçıvan şəhərinə gəlib gəzməyi planladıqlarını, həmin gün saat 19:00-da Şərur rayon Xanlıqlar kənd yolayrıcına gəldiklərini, yolda gözlədikləri müddətdə bir neçə avtomobilin saxladığını, lakin onları Naxçıvan şəhərinə aparmadıqlarını, bir az keçəndən sonra “Khazar” markalı avtomobilin gəldiyini gördüklərini, həmin avtomobilə əl edərək saxladıqlarını, sürücüyə yol pullarının olmadığını, onları Naxçıvan şəhərinə aparmasını xahiş etdiklərini, sürücünün onlarla razılaşdığını, avtomobilə oturduqlarını, Cəfərin ön sərnişin oturacaqda, özü, Sənan və Uğurun isə arxa oturacaqda oturduqlarını, Naxçıvan şəhəri istiqamətində hərəkətə başladıqlarını, yolda öz aralarında söhbət etdiklərini, sürücünün isə onlarla söhbət etmədiyini, Kəngərli rayon Böyükdüz kəndini keçib Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduqlarını, sürücünün avtomobili hansı sürətlə idarə etdiyini bilmədiyini, lakin yüksək sürət olduğunu, əlində telefonla oynadığını, bir anda avtomobilin sola tərəf getdiyini hiss etdiyini, avtomobilin fırlandığını, huşunu itirdiyi üçün başqa heçnəyi xatırlamadığını, sonra xəstəxanada olduğunu bildiyini, hazırda sağaldığını, Qurbaninin təqsirinin olmadığını, hadisə olaraq baş verdiyini, Qurbaninin qəsdən etmədiyini, Qurbanini bağışladığını, şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndə X8 Zərərçəkmiş şəxs oğlu olduğunu, qəza nəticəsində xəsarət aldığını, hazırda sağaldığını, Qurbaninin təqsirinin olmadığını, hadisə olaraq baş verdiyini, Qurbaninin qəsdən etmədiyini, Qurbanini bağışladığını şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ifadəsindən müəyyən edilir ki, Şərur şəhərində ailəsi ilə birlikdə yaşayır. 2023-cü il tarixdə Şərur şəhər 2 saylı tam orta məktəbin 11-ci sinfini bitirib. 23 aprel 2023-cü il tarixdə Cəfər Qasımov, Uğur Cəfərov və Zərərçəkmiş şəxs ilə birlikdə Naxçıvan şəhərinə gəzməyə gəlmək üçün razılaşıb, həmin gün saat 19:00 radələrində Şərur rayon Xanlıqlar kənd yolayrıcına gəlib, bir neçə avtomobil saxlasa da pullarının olmadığı üçün onları aparmayıblar.Biraz keçdikdən sonra “Khazar” markalı avtomobilə əl elədiklərini, avtomobilin saxladığını, sürücüyə pullarının olmadığını, onları Naxçıvan şəhərinə aparmasını xahiş etdikdə, sürücünün razılaşıb, avtomobilə oturduqlarını, Cəfərin qabaq sərnişin oturacaqda, özü, Uğur və Əlinin isə arxa oturacaqda oturublar. Naxçıvan şəhəri istiqamətində hərəkətə başlayıb, yolda öz aralarında söhbət ediblər. Sürücünün isə onlarla söhbət etmədiyi, Kəngərli rayon Çalxanqala kənd yolayrıcını keçib hərəkətə davam etdikləri, sürücünün avtomobili təxminən 80-100 km/saat sürətlə idarə etdiyi, arxa oturacaqda sağ tərəfdə oturduğu, avtomobilin önünə 4 metr məsafədən sarı rəngli itin çıxdığını gördüyü, itin avtomobilin qabaq tərəfindən altına girdiyi, həmin an sürücünün idarəetməni itirdiyi, avtomobilin yolun sol tərəfinə doğru sürütləndiyi, avtomobilin yoldan çıxaraq aşdığı, başqa heçnə xatırlamadığı məlum olur. İş materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 24 №-li ekspert rəyində göstərilmişdir ki, X1 meyitinin məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın hər iki təpə nahiyyələrində dərialtı hematoma, başın yumuşaq toxumaları altına qansızma, baş beyin toxumasının ödemi, hematoma və qansızma, döş qəfəsi nahiyyəsinə qansızma, sağ ayaq pəncəsində yara küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələri istisna edilmir, ağırlıq dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla nəticələnən ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu baş beyin ödemi, hematoma və qansızma səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 425 №-li ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər- sol bud sümüyünün qapalı yerdəyişən sınığı küt mexanizmdən bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, eləcə də avtomobil qəzası nəticəsində də törəmələri istisna olunmur. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətinə aiddir. Naxçıvan Muxtar Respublikası X11 Şəxsin xx.xx.2023- cü il tarixli 217 nömrəli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə travmatologiya şöbəsinə sol bud sümüyü yuxarı 1/3-nin yerdəyişməli sınığı-diaqnozu ilə daxil olmuş, stasionar müalicəyə götürülmüş, xx.xx.2023-cü il tarixdə xəstədə “osteosintez” əməliyyatı olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının xx.xx.2023cü il tarixli, 499 saylı ekspert rəyində göstərilmişdir ki, “Khazar” marka **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 3.24 (maksimum sürətin məhdudlaşdırılması) yol nişanının tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkaqol sərxoşluq müəyyən olunmamışdır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 Şöbəsindən verilən tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı qeyd edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmişin hüquqi varisinin, zərərçəkmişin, qanuni nümayəndəsinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin başlanmasına səbəb, 23 aprel 2023-cü il tarixdə, saat 20:15 radələrində Naxçıvan-Sədərək avtomobil yolunun 7-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman yola qaçan iti vuraraq əks istiqamətli yola keçmiş, avtomobili Naxçıvan şəhəri istiqamətində yolun sol kənarındakı ağaclıq əraziyə aşırmış, nəticədə avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü, X9 hadisə zamanı aldığı bədən xəsarətlərindən ölmüş, sürücü və digər sərnişinlər 2005-ci il təvəllüdlü Şahid, 2006-cı il təvəllüdlü X14 və 2008-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan MR Xəstəxanasına daxil olması faktı əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin istintаqı zаmаnı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə, saat 20:15 radələrində özünə məxsus olan, AE 867287 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi “Khazar” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olarkən “X16” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 3.24 ( maksimum sürətin məhdudlaşdırılması) tələbini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, Naxçıvan şəhəri ərazisinə düşən həmin yolun 7-ci km-də avtomobil ilə ehtiyatsızlıqdan iti vuraraq əks istiqamətli yola keçərək avtomobili yolun sol kənarına aşırmış, avtomobildə olan sərnişin X6 başın hər iki nahiyyələrində dərialtı hematoma, başın yumuşaq toxumaları altına qansızma, baş beyin toxumasının ödemi, hematoma və qansızma, döş qəfəsi nahiyyəsinə qansızma, sağ ayaq pəncəsində yara olmaqla dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirərək ölümünə səbəb olmuş, digər sərnişin Zərərçəkmiş şəxs sol bud sümüyünün qapalı yerdəyişən sınığından ibarət ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışması, müsbət xarakterizə olunması və himayəsində azyaşlı uşağının olması yüngülləşdirici hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxsnın məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 iyul 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitasini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azerbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 45 (qırx beş) iş saatına göre 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Naxçıvan MR DİN-nin DYPİ-in duracağında saxlanılan “Khazar” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358 ve 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (alt) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Naxçıvan MR DİN-nin DYPİ-in duracağında saxlanılan istehsal tarixi 2019-cu il olan, mühərrik nömrəsi E.1 147H0479652, ban nömrəsi E.2 NVABA1HHFLF630180 olan “KHAZAR” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə cəmi 45 (qırx beş) iş saatına göre 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar