Məhkəmə qərarları › İş №1(078)-29/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-29/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-29/2023 06.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, bir uşaq atası, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 11 may 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintаq zаmаnı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 övladı X6 MR Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2022-ci ilin oktyabr ayının ortalarında Şahbuz rayon Şahmat məktəbinin qarşısında 1500 manat, həmin tarixdən 6 gün sonra Naxçıvan şəhər “dörd yol” adlanan ərazidə 500 manat, həmin tarixdən 5 gün sonra Şahbuz rayon Şahmat məktəbinin qarşısında 500 manat, həmin tarixdən 7 gün sonra Naxçıvan şəhərində 600 manat, təxminən 2-3 gün sonra Şahbuz rayon Şahmat məktəbinin qarşısında 200 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 321 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 360 manat, Naxçıvan MR FHN-nin inzibati binasının yaxınlığında 100 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 300 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 4.381 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edəcəyi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla əvvəlcədən Zərərçəkmiş şəxs3 həyat yoldaşı Eldəniz Rüstəmova verməli olduğu 4.000 manat və 2022-ci ilin noyabr ayının əvvəllərində Şahbuz rayon Mahmudoba kəndində Zərərçəkmiş şəxs3 yaşadığı evdə 3.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 7.000 manat yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs1 özünü polis əməkdaşı kimi təqdim etməklə, vəzifəli şəxslər yanında sözünün keçdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar deyərək, hər hansı bir səlahiyyətə malik olmadan, ərzaq mağazasına sərəncam almaq imkanının olduğuna inandırmış və vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 01 aprel 2023-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Hüseyn Cavid məqbərəsinin yaxınlığında sonuncuya məxsus 3.000 manat, 02 aprel 2023-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzinin yaxınlığında 3.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 6.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən evi pula ehtiyacı olduğu üçün satdığından kirayə yaşamaq üçün ev axtarmışdır. 2023-cü ilin mart ayının sonlarında X3 Polis Şöbəsində təmir işləri aparırmış, həmin vaxt rəisin sürücüsü Emin adlı şəxs ona, Xətai məhəlləsində kirayə verilən bir ev olduğunu demiş, həmin şəxslə danışmaq üçün onun əlaqə nömrəsini Emindən almışdır. Sonra Şahin adlı həmin şəxslə əlaqə saxlamış və kirayə verdikləri Xətai məhəlləsi, döngə 25-də yerləşən 26 nömrəli evin qarşısında görüşmüşdürlər. Evə baxdıqdan sonra razılaşmış və hər ay 600 manat ödəmək şərti ilə evi icarəyə götürmüşdür. Şahin adlı şəxsi tanımadığını, ilk dəfə orada görürüb tanış olduğunu, özünü Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Bir müddət sonra Şahin ona zəng vurmuş və ərzaq mağazasının olduğunu, 2016-ci ildə bağlandığını, həmin mağazanı yenidən açmaq istədiyini, ona köməklik edə biləcəyini soruşmuşdur. O, Şahinə həmin mağazanı açdıra biləcəyini söyləmişdir. Borcu olduğu üçün, fikirləşmişdir ki, Şahini aldadıb ondan 6000 manat pulu alsın, borcunu versin, sonra alacaqlarından pullarını alıb Şahinə qaytarsın. Həmin günü Şahinlə danışığından bir neçə saat sonra Şahinə zəng vurub, ona demişdir ki, rəisə demiş, icra hakimiyyəti ilə danışmış, mağaza məsəlsi həll olacaq, 6000 manat pul ver, 15 gün ərzində ərzaq mağazasına sərəncam verəcəklər. Şahin onunla razılaşmış və pulu hazırlayıb xəbər edəcəyini bildirmişdir. Həmin günün səhəri 4-5 dəfə Şahinə zəng vurmuş, pulu təcili gətirməsini, rəisin danışdığını zamin durduğunu, pulu bu gün vermək lazım olduğunu bildirmişdir. Şahin 1 aprel 2023-cü il tarixdə Naxçıvan şəhərində 3000 manat pulu, 02 aprel 2023-cü il tarixdə isə 3000 manat pulu Cahan ticarət mərkəzinin qarşısında ona vermişdir. O, həmin pulları borcuna vermişdir. Həmin pulun 2300 manatını Natiq adlı şəxsin kart hesabına yükləmiş, 2500 manat isə mebel hazırlatdığı üçün ora vermiş, qalan pulu özü xərcləmişdir. Şahinə hər gün fərqli bəhanələrlə işinin alınacağını, mağazasının açılacağını demişdir. Təxminən 40 gün keçmiş, sonra Şahinə 1-2 gün gözlə pulu qaytaracağını demişdir. Şahbuz rayon Mahmudoba kənd sakini Zərərçəkmiş şəxs2 Naxçıvan şəhərində çayxanada təsadüfən tanımış və həmin vaxtdan tanışlıq münasibətində olmuş, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Zərərçəkmiş şəxs2 2022-ci ilin oktyabr ayının ortalarında onunla söhbət zamanı oğlu Coşqun Kərimovun işsiz olduğunu demiş, bundan sonra o, Coşqun Kərimovu işə düzəldə biləcəyini bildirmişdir. X5 Hallar Nazirliyində işə düzəldəcəyi adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq ondan Şahbuz rayonunda Şahmat Məktəbinin qarşısında 1500 manat, həmin vaxtdan təxminən 5-6 gün sonra əlavə olaraq Naxçıvan şəhərində 4 yol adalanan yerdə 9 mərtəbəli binanın yanında 500 manat, həmin vaxtdan təxminən 5-6 gün sonra Şahbuz rayonunda Şahmat məktəbinin qarşısında 500 manat, həmin vaxtdan təxminən 1 həftə sonra yenidən işin alınması üçün 600 manat, həmin vaxtlarda əmisinin öldüyünü bildirərək Şahbuz rayonunda Şahmat məktəbinin qarşısında 200 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 321 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 360 manat, Naxçıvan MR FHN-nin inzibati binasının yaxınlığında 100 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 300 manat pulununu aldadaraq ələ keçirməklə ümumilikdə 4.381 manat ziyan vurmuşdur. Şahbuz rayon Mahmudoba kənd sakini Zərərçəkmiş şəxs3 anam Nərminə ilə yaxın münasibətdə olduğundan tanımış onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Zərərçəkmiş şəxs3 həyat yoldaşı Eldəniz Rüstəmov ilə bal alqı-satqısı etdiyini, həmin baldan onlara 4.000 pul borcunun olduğunu, 2022-ci ilin noyabr ayında ailəvi şəkildə Zərərçəkmiş şəxs3gildə olan zaman ona Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin direktor vəzifəsinin boş olduğunu bildirərək onu həmin vəzifəyə təyin etdirə biləcəyini bildirmiş, bunun qarşılığında isə onlara olan borcundan əlavə 3000 manat pul istəmiş, onlara olan 4.000 manat borcunuz ilə birlikdə, ümumilikdə 7000 manata onu bir iki aya Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin direktoru təyin etdirə biləcəyini bildirmişdir. 2023-cü ilin fevral ayında 2800 manat pulu geri qaytarmış, qalıq qalan 4.200 manat pulu isə hələ geri qaytarmamışdır. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, taksiçilik fəaliyyəti ilə məşğul olur. X7 Limanına məxsus “Naz Lifan” avtomobili icarəyə götürüb sərnişin daşımaqla məşğul olur. Təxminən 2023-cü ilin mart ayının ortalarında hava limanı ərazisində olan zaman orada olan polis əməkdaşları ona X8 Şöbəsinə yeni rəis təyin edilmiş və kirayə ev axtarır, kirayə ev olsa xəbər et demişdirlər. O, polis əməkdaşlarına özünün evinin olduğunu və kirayə verdiyini bildirmişdir. Həmin gün X8 Şöbəsinin rəisi ünvan 2 ünvanında yerləşən evə gələrək baxmış və icarəyə götürübgötürməyəcəyini xəbər edəcəyini bildirmişdir. Təxminən yarım saat sonra başqa bir şəxs ona zəng edərək evi kirayə verib-vermədiyini soruşmuş, Zərərçəkmiş şəxs1 həmin şəxsə evə başqa bir adamın baxdığını və ondan xəbər gözlədiyini söyləmişdir. Həmin şəxs rəislə danışmışam evi götürməyəcək və evi özünün götürəcəyini bildirmişdir. Həmin şəxsin danışığından polis əməkdaşı olduğunu düşünmüşdür. Danışıqdan sonra həmin şəxs gəlib evə baxaraq gizli polis olduğunu və sedmoyda işlədiyini söyləmişdir. Ailə üzvülərini həmin günün səhəri evə gətirmiş, evə baxdıqdan sonra açarları təhvil almış və evi kirayə götürmüşdür. Həmin şəxsin adının Rza olduğunu soy adını və ata adını bilməmiş, telefon nömrəsi isə ***-***-**-** olmuşdur. Rza adlı şəxs evi aylıq 600 manata götürmüş, bir dəfə 500 manat pul vermiş, qalan pulu verməmiş və əlavə olaraq 100 manat suya borcu qalmışdır. 2023-cü ilin mart ayının sonlarında Rza adlı şəxs ilə danışan zaman polis olduğu üçün 2016cı ildə polislər tərəfindən bağlanılmış, ərzaq mağazasını açdırıb-açdıra bilməyəcəyini soruşmuşdur. Bir gün sonra Rza ona zəng edərək rəislə danışdığını 6000 manat pul qarşılığında mağazasının açılacağını söyləmişdir. Onunla razılaşmış, ona pulu hazırlayıb xəbər edəcəyini söyləmiş, həmin gün Rza zəng edərək mağazanın sənədlərinin hazır olduğunu, rəisə söz verdiyini, pulu təcili verməli olduğunu söyləmişdir. Borc taparaq təcili pulu düzəldərək 01 aprel 2023-cü il tarixdə 3000 manat pulu Naxçıvan şəhərində Hüseyn Cavid məqbərəsinin yaxınlığında Rzanın özünə vermiş, qalan 3000 manat pulu isə 02 aprel 2023cü il tarixdə “Cahan” ticarət mərkəzinin qarşısında Rzaya vermişdir. Həmin pulu qardaşı Bakı şəhərindən onun kart hesabına göndərmişdir. Pulu Rzaya verdikdən sonra Rza mağazanın sənədlərini gətirəcəyini söyləmiş, müxtəlif bəhanələr ilə onu aldatmış, onda isə işin alınmadığını və pulu qaytaracağını söyləmişdir. Rza aldığı 6000 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs ona əlavə olaraq mağazanın açılması üçün Naxçıvan MR daxili işlər nazirinə dediyini və mağzanın tez bir zamanda açılacağını bildirmişdir. Pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında tanımış, Naxçıvan şəhərində çayxanda çay içən zaman tanış olmuş, arada Şahbuz rayonuna gələndə görüşmüş, Təqsirləndirilən şəxs otellərə nəzarət etdiyini və onun üçün arada Şahbuz rayonunda gəldiyini demişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Rza ilə söhbəti zamanı ona işləmədiyini və oğlununda işsiz olduğunu demişdir. Təqsirləndirilən şəxs ona oğlunu işə düzəldə biləcəyini söyləmiş, onunla danışan vaxtı oğlunun Fövqaladə Hallar Nazirliyində işə düzəlməsini istədiyini demişdir, Rza həmin vaxtı Fövqaladə Hallar Nazirliyində iş olduğunu və oğlunu oraya düzəldəcəyini, 2000 manat pul verməli olacağını demişdir. Onunla razılaşmış, ona danışıqlarından təxminən 10 gün sonra Şahbuz rayonunda Şahmat Məktəbinin qarşısında görüşüb 1500 manat pul vermişdir. Rza oraya Toyota marakalı avtomobil ilə gəlmişdir. Təqsirləndirilən şəxs ona oğlu Şahid1 işə 1 ay müddətində düzələcəyini, bu məsələdən tam əmin olmağını demişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 gün sonra ona zəng vurub oğlunun işə düzəlməyi üçün 500 manat əlavə pulun lazım olduğunu demişdir. 1 həftə sonra 500 manat pulu Naxçıvan şəhərində 4 yol adalanan yerdə 9 mərtəbəli binanın yanında Təqsirləndirilən şəxs vermişdir. 5-6 gün sonra Rza yenidən zəng vuraraq 500 manatda lazım olduğunu demiş, o, 1 həftə sonra Rzaya Şahbuz rayonunda Şahmat məktəbinin qarşısında 500 manat pulu vermişdir. Təxminən 1 həftə sonra yenidən zəng vuraraq işin alınması üçün 600 manat pulun lazım olduğunu demiş, o, həmin vaxtı Bakı şəhərində olduğundan qardaşı Şahid2 zəng vuraraq Rzaya 600 manat pul verməsini demiş, qardaşı Rzaya 600 manat pul vermişdir. Bakıdan qayıtdıqdan sonra Rza ona zəng vuraraq əmisinin Türkiyə Respublikasının İğdir şəhərində öldüyünü ona 200 manat pul lazım olduğunu demiş, o, da oğluna 200 manat pul vermiş, o da həmin pulu Şahbuz rayonunda Şahmat məktəbinin qarşısında Rzaya vermişdir. xx.xx.2022-ci il tarixdə Rza oğlu Coşquna zəng vurub, imtahan olduğunu imtahandan keçmək üçün 321 manat pulu banka ödəmək lazım olduğunu demiş, o, oğluna qeyd olunan pulu vermiş, o da aparıb “Milliön” ödəmə terminalından Təqsirləndirilən şəxs verdiyi hesaba 321 manat pul ödəmişdir. X9 Naxçıvan şəhərinə çağırmış, FHN-in binasına aparmış və orada ondan 100 manat pul almışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə zəng vurub oğluna imtahandan keçdiyini, forma pulu ödəmək lazım olduğunu demiş, oğlu 360 manat pulu Rzanın verdiyi hesaba ödəmişdir. 1 həftə sonra Rza zəng vurub oğluna işin tam həll olduğunu və həmin işə düzəldən adamları yeməyə aparacağını demiş və xx.xx.2022-ci il tarixdə 300 manat pul istəmişdir. Oğlu həmin hesaba 300 manat pul yükləmişdir. Hər dəfə Təqsirləndirilən şəxsla danışan zaman işin 5-10 günə həll olacağını deyirmiş, bir müddət sonra Rza ona onu Hava Limanında polisə müavin verdiklərini, bir dəfə Coşqunu hava limanına polis şöbəsinə çağırmışdır. Rza FHN-də əməkdaşların sərəncamda olduqlarını, oğlu Coşqunu polisə işə götürəcəyini dediyini, bu vaxta qədər hər gün fərqli bəhanələr deyərək, ümumilikdə 4381 manat pulunu ələ keçirmişdir. Pulunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə qanuni cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təxminən 11 ildir ki, Təqsirləndirilən şəxs anası Nərminə Kərimova ilə tanışlığı olmuşdur. Nərminə Kərimova ilə münasibətləri yaxşı olduğu üçün ailəvi şəkildə bir-birlərinə gedib-gəlmişlər, həmin vaxtlarda Nərminənin övladı Təqsirləndirilən şəxs tanımışdır. Rza ilk əvvəllər həyat yoldaşı Eldəniz Rüstəmov ilə bir neçə dəfə bal alqı-satqısı etmişdir. Həyat yoldaşı Eldəniz Rzaya bal verir, Rza balı satdıqdan sonra pulunu gətirib həyat yoldaşı Eldənizə verirmiş, Rza son zamanlar həyat yoldaşından bal alıb aparır, pulunu gətirməmiş, belə olduqda Rzanın onlara 4000 manata yaxın pul borcu yaranmışdır. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ailəvi şəkildə onlara gəlmişdir. Onlarda olan zaman ona Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin direktor vəzifəsinin boş olduğunu bildirərək onu həmin vəzifəyə təyin etdirə bilməyəcəyini bildirmiş, bunun qarşılığında isə onlardan onlara olan borcundan əlavə 3000 manat pul istəmişdir. Onunla razılaşıb evdə olan 3000 manat pulu Rzaya vermişdirlər. Rza bir-iki aya onu direktor təyin etdirəcəyini bildirmişdir. Həmin vaxtadan 2 ay keçdikdən sonra o, işin düzəlməyəcəyini görüb Rzadan pulu istəmişdir. Rza işinin düzəlmədiyini pulu tezliklə qaytaracağını bildirmişdir. Bundan sonra o, bir neçə dəfə Rzadan pulu istəmiş təxminən 2023-cü ilin fevral ayında Rza anası ilə onlara gələrək ona 2500 manat pul vermişdir. Qalan pulu isə verəcəyini bildirmişdir. Lakin bir neçə müddət keçməsinə baxmayaraq, Rza qalan pulu vermədiyindən Naxçıvan MR DİN-nə ərizə ilə müraciət etmişdir. O, ilk öncə Təqsirləndirilən şəxs anası Nərminə Kərimovanı tanımış, onlara ailəvi gəl-get etdikləri üçün Təqsirləndirilən şəxsda bundan sonra tanımışdırlar. Təqsirləndirilən şəxs onlardan bal almış, 4000 manat baldan verəcəyi qalmış, 3000 manatı isə sonradan almışdır. Təqsirləndirilən şəxs onu Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinə direktor kimi təyin etdirmək üçün 7000 manat pul lazım olduğunu, 4000 manatı onlara olan borcundan özünün qoyacağını, 3000 manat isə yenidən ondan alaraq verəcəyi olan 4000 manatın üzərinə qoyub 7000 manata işi düzəldəcəyini bildirmişdir. Rzanın bu kimi əməllərinin olub-olmadığından məlumatım olmamışdır. Təqsirləndirilən şəxs ona 7000 manat puldan ümumilikdə 3000 manatını geri vermiş 4000 manatı isə qalıq qalmışdır. Təqsirləndirilən şəxs verdiyi 7000 manat pulun özünə məxsus olduğunu, pulunun ayda 100 manat olaraq Kərimovun qohumları tərəfindən ödənildiyini, bu səbədən hazırda təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə şikayətinin olmadığını, bunların nəzərə alınaraq qanuni qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2022ci ilin noyabr ayında atam Zərərçəkmiş şəxs2 evə gələrək, dostunun olduğunu və həmin şəxsin ona Naxçıvan MR FHN-nin Şahbuz rayon Şöbəsində iş düzəldəcəyini bildirmişdir. Bundan bir-iki gün sonra atası ilə gedib anası Könül Kərimovanın adına 2300 manat kredit götürüb 1500 manatını iş düzəltmək üçün atasının tanışı olan Təqsirləndirilən şəxs vermişdirlər. Həmin pulu verəndən sonra Təqsirləndirilən şəxs atasından iki dəfə 500 manat, bir dəfə isə 600 manat pul istəmişdir. Təqsirləndirilən şəxs atasına zəng edərək əmisinin Türkiyə Respublikasında öldüyünü və onu gətirmək üçün pul lazım olduğunu bildirmiş, atasından 200 manat pul istəmişdir. Həmin 200 manat pulu Şahbuz rayonunda olan Şahmat məktəbinin qarşısında Rzaya özü vermişdir. Rza onun mobil nömrəsini götürdükdən bir neçə gün sonra Naxçıvan şəhərinə Naxçıvan MR FHN-nin binasına getmişdirlər. Rza içəri girib çıxmış və sənədlərinin hazır olduğunu, tezliklə işə başlayacağını bildirmişdir. Rza çölə çıxan zaman ona içəridə olan şəxslərə 100 manat şirinlik verdiyini bildirmiş həmin puluda orada ondan almışdır. 24 noyabr 2022-ci il tarixdə Rza ona zəng edərək imtahana girəcəyini və 321 manat hesaba pul atmalı olduğunu söyləmiş, o, həmin hesaba 321 manat pul göndərmişdir. Yenə 30 noyabr 2022-ci il tarixdə Rza ona zəng edib işə qəbul olduğunu, forma pulu ödəməli olduğunu söyləmiş, oda 360 manatı dediyi hesaba ödəmişdir. 08 dekabr 2022-ci il tarixdə 300 manat işə girdiyinə görə şirinlik verməli olduğunu bildirib ondan 300 manat pul almışdır. Həmin vaxtdan sonra Rza gündə bir yalan danışmış, sonuncu dəfə işinin alınmadığını, onu polisə işə düzəldəcəyini söyləmişdir. O Rza ilə razılaşmamış və pulunu qaytarmasını istəmişdir. Bir-iki günə pulunu qaytaracağını bildirmiş, lakin pullarını qaytarmamışdır. Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs tanımamış, ona pul verən zaman görmüş, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Təqsirləndirilən şəxs verdiyi pulları işləmədiyi üçün atası Zərərçəkmiş şəxs2 almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022ci ilin noyabr ayının əvvəllərində qardaşı Zərərçəkmiş şəxs2 Bakı şəhərində nəvəsinin kiçik toy məclisində iştirak etmək üçün getmişdir. Həmin vaxtlarda qardaşı Zərərçəkmiş şəxs2 onun mobil telefonuna zəng edərək Rza adlı şəxsə 600 manat pul verməyini özü Bakı şəhərindən geri dönəndə pulu verəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs adlı şəxsin mobil telefonunu qardaşı Əlidən almış və onunla telefonda danışıb 600 manat pulu ona Naxçıvan şəhərində 4 yol deyilən yerdə vermişdir. Sonra Naxçıvan şəhərində işlərini görüb kəndə geri dönmüşdür. Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs kim olduğunu bilməmiş, qardaşı Əli ona pul verməyini söylədiyi üçün ona aparıb 600 manat pul vermiş, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Qardaşı Əlinin dediyi qədəri ilə Təqsirləndirilən şəxs qardaşı oğlu Coşqun Kərimova iş düzəldəcəkdi, bu səbəbdən qardaşından pul almışdır. O, bir dəfə Təqsirləndirilən şəxs 600 manat pul vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəinin 3-cü bədinin tələbinə əsasən həl edilməidir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 övladı X6 MR Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2022-ci ilin oktyabr ayının ortalarında Şahbuz rayon Şahmat məktəbinin qarşısında 1500 manat, həmin tarixdən 6 gün sonra Naxçıvan şəhər “dörd yol” adlanan ərazidə 500 manat, həmin tarixdən 5 gün sonra Şahbuz rayon Şahmat məktəbinin qarşısında 500 manat, həmin tarixdən 7 gün sonra Naxçıvan şəhərində 600 manat, təxminən 2-3 gün sonra Şahbuz rayon Şahmat məktəbinin qarşısında 200 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 321 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 360 manat, Naxçıvan MR FHN-nin inzibati binasının yaxınlığında 100 manat, xx.xx.2022-ci il tarixdə bank hesabına 300 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 4.381 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs3 Şahbuz rayon Mahmudoba kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edəcəyi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla əvvəlcədən Zərərçəkmiş şəxs3 həyat yoldaşı Eldəniz Rüstəmova verməli olduğu 4.000 manat və 2022-ci ilin noyabr ayının əvvəllərində Şahbuz rayon Mahmudoba kəndində Zərərçəkmiş şəxs3 yaşadığı evdə 3.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 7.000 manat yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui istifadə etmək və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs1 özünü polis əməkdaşı kimi təqdim etməklə, vəzifəli şəxslər yanında sözünün keçdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar deyərək, hər hansı bir səlahiyyətə malik olmadan, ərzaq mağazasına sərəncam almaq imkanının olduğuna inandırmış və vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 01 aprel 2023-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Hüseyn Cavid məqbərəsinin yaxınlığında sonuncuya məxsus 3.000 manat, 02 aprel 2023-cü il tarixdə Naxçıvan şəhərində yerləşən Cahan ticarət mərkəzinin yaxınlığında 3.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 6.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağın olmasını və Zərərçəkmiş şəxs3 şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməllərinin törədilməsi hallarını, əksər zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmədiyini və zərərçəkmiş şəxslərin onun barəsində şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablanmışdır. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkən şəxslərə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində onlara vurulmuş zərərlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saata görə 300 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar