Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-29/2025 02.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2007-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 8, ev 12 b ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdə, saat 21:30 radələrində ünvan 2 ünvanında yerləşən evin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi mübahisə zəminində Zərərçəkmiş şəxs bıçaqla vuraraq sağ çiyin qurşağı üzərində və döş qəfəsinin ön sağ yarısında kəsilmiş-deşilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Sözügedən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun öz ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, istintaq hərəkətlərinin protokolları və ekspert rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmiş, sərbəst şəkildə ifadə verməmişdir. Ona verilən suallara cavab olaraq əməli törətdiyini, özünü tam təqsirli bildiyini, Zərərçəkmiş şəxs 2024-cü ildən tanıdığını, aralarında mübahisə olduğunu, o səbəbdən bıçaq götürdüyünü, məqsədinin onu vurmaq olduğunu, qolundan vurduğunu, peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Əlyasinin babasının ona danışmaq üçün zəng vurduğunu, özünün içkili olduğu üçüb getmədiyini, sonra axşamçağı babası ilə onun gəldiyini gördüyünü, evə keçdiyini, onların darvaza qapısını qırıb evə keçdiyini, sonra onların şüşəni qırdıqlarını, özünün həyətə getdiyini, sonra onunla tutaqlaşdığını, həmin zaman Əlyasinin bıçağı vurduğunu, sonra ərzaq mağazasına qaçıb girdiyini, sonra qışqırdığını və Əlyasin və babasının qaçıb getdiyini, sonra polis əməkdaşlarının gəldiyini ,1 saat sonra onları şöbəyə gətirdiklərini, qayçı ilə vurmağını qəbul etdiyini, lakin qayçının kapron olduğunu, əsil qayçı olmadığını, heç bir zərər vermədiyini, onunla vurmağının səbəbi olduğunu, Əlyasinin də bunu çox yaxşı bildiyini, səhəri gün zəng edib normal danışdıqlarını, hadisə olmazdan əvvəl temanın yanında binanın arxasında onunla söhbət etdiyini, səhvləri olduğuna görə ona nalayiq ifadələr işlətdiyini, sonra axşam bu hadisənin baş verdiyini, hadisə zamanı bıçağı görmədiyini, qonşuların bıçağı var deyə səsləndiklərini, o zaman bildiyini, Əlyasinin ağsaqqalı və böyüklərinin ondan xahiş etdiyini, Əlyasini bağışladığını, özünün ondan bir şikayətinin olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü evdə olduğunu, nəvəsi Əlyasinin onun yanında qaldığını, axşam saatlarında Əlyasinin əsəbi halda evə gəldiyini, Əlyasindən niyə bu qədər əsəbisən deyə soruşduğunu, o isə istədiyi Firəngiz adlı qızın atası İbrahim ilə mübahisə etdiyini, Əlyasin Firəngizin yaşadığı evdə olan zaman Firəngizin atası İbrahimin evə gəldiyini, Əlyasini evdə gördüyü üçün mübahisə etdiklərini və İbrahimin onun şəxsinə qarşı nalayiq ifadələr işlətdiyini, əlindəki qayçı ilə bir neçə dəfə onu vurduğunu bildirdiyini, ibrahimə zəng vuraraq ne üçün Əliyasini vurduğunu soruşduqda İbrahimin ona qarşı nalayiq ifadələrlə cavab verməyə başladığını, İbrahimin Əliyasini söhbət etməyə dəvət etdiyini, Əlyasin gedən zaman o da onun arxasınca getdiyini, Əliyasinin darvaza qapısından İbrahimin yaşdağı evə daxil olduğunu, özünün çöldə gözlədiyini, bu vaxt səs-küy yarandığını, ətrafdakı insanların səsküyə gəldiyini, mübahisənin böyüdüyünü gördükdə isə Əliyasini götürərək oradan uzaqlaşdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilən Şahid1 ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı dindirilən ifadəsi məhkəmə istintaqı zamanı elan edilən şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, 12 №-li Tam Orta Məktəbin 10cu sinif şagirdi olduğunu, 3 ay bundan qabaq tanış olduğu Təqsirləndirilən şəxs ilə bir birlərini istədiklərini, atası İbrahimlə anası Təranə arasında mübahisə olduğundan anası ilə birlikde ayrılıqda kirayədə qaldıqlarını, 19 dekabr 2024-cü il tarixdə axşam saatlarında Əliyasini kirayədə qaldıqları evə dəvət etdiyini, Əlyasinin xəstələndiyini, ona isti yemək var gəl yeyək dediyini, Əliyasinin kirayədə qaldıqları evə gəldiyini, Əyləşdikdən sonra Əlyasinə çay süzüb gətirdiyini, biraz keçdikdən sonra qapının döyüldüyünü, gələnin atası Zərərçəkmiş şəxs olduğunu, onları görməyə gəldiyini, evin pəncərəsindən baxdığında gələnin atası İbrahimin olduğunu gördüyünü, Əliyasinin isə dərhal mübahisə yaranmasın deyə otaqlardan birinə keçdiyini, atası evə daxil olan kimi Əliyasinin keçdiyi otağa getdiyini, ona sən kimsən, burda nə edirsən deyərək vurmağa başladığını, atası İbrahimin stolun üstündəki qayçı ilə Əlyasini baş nahiyyəsindən bir neçə dəfə vurduğunu, Əliyasinində atası İbrahimi yumuruqla bir neçə dəfə vurduğunu, daha sonra Əliyasindən getməsini istədiyini, Əliyasinin ayaqqabılarını geyərək çıxıb getdiyini, həmin gündən sonra isə Əliyasinlə əlaqə saxlamadığını, 20 dekabr 2024-cü il tarixdə Əliyasinin atası İbrahimin yaşadığı Azər Tarverdiyev küçəsi, ev 1 ünvanına gedərək onu bıçaqla vurmasından xəbərinin olmadığını bildirmişdir. İstintaq zamanı dindidilən ifadəsi məhkəmə istintaqı zamanı elan edilən şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, icarəyə götürdüyü ərzaq mağazasında satıcı işlədiyini, həmin mağazanın X4 yerləşən Beko Kitab evi ilə qarşı-qarşıya binanın birinci mərtəbəsində yerləşdiyini, 20 dekabr 2024-cü il tarixdə saat 21:30 radələrində mağazada olan zaman çöldə səs-küy gəldiyini eşitdiyini, çölə çıxıb baxdığında Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra isə mağazaya daxil olduğunu, Zərərçəkmiş şəxs başqa kiminləsə mübahisə etdiyini görmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: Təqsirləndirilən şəxs adına tələbnamə tərtib olunmuş və daxil olmuş cavab məktubunda Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3- CM-nin 73.2-ci maddəsi ilə xitam edilmişdir. İstintaq zamanı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli 457 №o-li ekspert rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlərsağ çiyin qurşağı üzərində və döş qəfəsinin ön sağ yarısında kəsilmiş-deşilmiş yaralar hər hansı bir iti kənara və iti uca malik əşya (alət) ola bilsin ki, bıçaq təsirindən törənmişdir. Xəsarətlərin yetirilmə müddəti müayinədən bir gün əvvəllə uyğun gəlir ve sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aiddirlər. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli 1560 N-li rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişəttəsərrüfat təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində, ünvan 2 ünvanında yerləşən evin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi mübahisə zamanı onu qəsdən əlindəki bıçaqla vuraraq Zərərçəkmiş şəxs sağ çiyin qurşağı üzərində və döş qəfəsinin ön sağ yarısında kəsilmiş-deşilmiş yaralardan ibarət xəsarətlər yetirməklə, zərəçəkmiş Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül bədən xəsarəti yetirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması, zərərçəkmiş şəxslə barışması, əməli törədən zaman yetkinlik yaşına çatmaması məhkəmə istintaqı zamanı cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də, onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer-Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi döngə 8 ev 12b üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini-ünvan 3 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, 21 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Lakin işə baxılan zaman 24 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs 18 yaşını tamamlamışdır. Artıq yetkinlik yaşına çatmışdır. Bu əsasla təqsirləndirilən şəxs barəsində seçilən yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilən qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək qedy edir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi maddi sübut olaraq tanınmış cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd bıçaq xüsusi müsadirə olunmalı və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142330 olan, X6 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəkil xərci ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini-ünvan 3 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer-Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi döngə 8 ev 12b üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs istifadə etdiyi maddi sübut olaraq tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd bıçaq xüsusi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142330 olan, X6 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-29/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-29/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver