Məhkəmə qərarları › İş №1(078)-3/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-3/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-3/2023 25.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi X11 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2şayan, 17 fevral 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “07” mart 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə saat 23 radələrində ünvan 7ədim Dünya kafesində tanışları ilə birlikdə yeyib-içərkən aralarında olan pul haqq-hesabına görə birlikdə yeyib-içdiyi Zərərçəkmiş şəxs ilə sərxoş vəziyyətdə mübahisə edərək Zərərçəkmiş şəxs üstünə gedib kafenin içərisində ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına onu vurması, sonra kafedə olan şəxslərin onları aralayaraq onu sakitləşdirib kafedən çıxarması, sonra qərəzli hərəkətlərini davam etdirərək Qədim Dünya kafesinin qarşısında Zərərçəkmiş şəxs gözləyib kafedən çıxan zaman onun üzərinə gedərək ictimai qaydanı pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək onunla mübahisəsini davam etdirərək ona qarşı qərəzli hərəkətlər etməsi faktı olmuşdur. Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 7ədim Dünya kafesində tanışları ilə birlikdə yeyib-içərkən aralarında olan içki söhbətinə görə birlikdə yeyib-içdiyi Zərərçəkmiş şəxs ilə sərxoş vəziyyətdə mübahisə edib yumruq ataraq kafenin içərisində ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına onu döymüş, kafedə olan şəxslər onları aralayaraq onu kafedən çıxarmasına baxmayaraq “Qədim Dünya” kafesinin qarşısında Zərərçəkmiş şəxs onun ünvanına dediyi nalayiq ifadələri düşünə-düşünə əsəbləşərək onu gözləmiş, Zərərçəkmiş şəxs kafedən çıxan zaman onunla mübahisəsini davam etdirərək onu yumruq və təpiklə vuraraq döymüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, ünvan 1 ünvanında qeydiyyatda olduğunu, 2022-ci ildə həmin ev satıldığında həmin ünvanda qeydiyyatdan çıxarıldığını, hal-hazırda ünvan 2şadığını, hal-hazırda Park AVM-in ikinci mərtəbəsində fərdi qaydada tatu fəaliyyəti ilə məşğul olduğunu, Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, Aidəmlə İnstagram sosial şəbəkəsində tanış olduğunu, sonra tatu ilə məşğul olduğundan onunla iş barəsində tanışlığının yarandığını, Zərərçəkmiş şəxs tatu ustası olduğunu, onunla birlikdə işləmək üçün Aidəmin də yanına gəldiyini, birlikdə işləməyə başladıqlarını, Zərərçəkmiş şəxs naxçıvanlı olsa da, Bakı şəhərində yaşadığını, Aidəm usta olduğundan Naxçıvana tatu döymək üçün gəldiyini, 04 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Aidəmlə birlikdə Park AVM-dən çıxıb piyada Sizin marketə gedib oradan bir litrlik araq aldıqlarını, sonra Qədim dünya kafeyə gedib, ikinci mərtəbəyə qalxaraq piyvəxanada pilləkəndən sağa dönüb, ən sondakı stolda Aidəmlə birlikdə oturduqlarını, sonra masaya yemək sifariş verdiklərini, həmin vaxt tatu ilə məşğul olan Nihadın ona zəng vurduğunu və işlə bağlı bir neçə şey soruşduğunu, telefon danışığı zamanı Nihadın Pərvizdən "harada olduğunu" soruşduğunu, Pərvizin ona "Qədim Dünya kafedə oturduqlarını və onunda gəlməsini istədiyini" dediyini, bir müddət keçəndən sonra Nihadın qardaşı Nicatla kafeyə gəldiklərini, Nicat və Nihadın da onlara qoşulduğunu, araqları qurtardıqdan sonra əlavə bir ədəd Jager Master spirtli içkisi aldıqlarını, ancaq Jager Masteri kimin aldığını xatırlamadığını, sonra Nihadla Qədim dünya kafesinin barında oturub adama 2 ədəd tekila içdiyini, sonra Nihadın tualetə getdikdən sonra qayıdıb stola oturduqlarını, həm araq, həm Jager, həm də Tekilla içdiyindən sərxoş olduğunu və çox şeyi dəqiq xatırlamadığını, Aidəmin "tekilanı siz içmisiniz" deyə soruşduğunu, bu söz acığına gəldiyindən Aidəmə "bir yerdə yeyib-içdik indi içdiyim tekilanı məndən soruşursan" dediyini, Aidəmə də "yekə oğlansan, burada nə var, dünən mən qonaq elədim, indi də sən qonaq edirsən, içkiyə nə məhdudiyyət qoyursan” dediyini, Aidəmlə aralarında buna görə söyüşüb mübahisə etməyə başladıqlarını, mübahisə zamanı kafenin içərisində tutaqlaşdıqlarını, Aidəmə yumruq atdığını, sonra Aidəmin baş hissəsindən əli ilə tutub, sıxdığını, Aidəmin də həmin vaxt onun belindən tutduğunu və sıxdığını, sonra Nihat və Nicatın onları kafenin içərisində aralaşdırdığını, sonra kafeni işlədənlərin gəlib onu çölə çıxardıqlarını, həmin vaxt spirtli içki içdiyindən sərxoş olduğunu, qarşılıqlı söyüşdüyü üçün əsəbləşdiyini, Aidəmi görən kimi ona söydüyü söyüşlərin ağlına gəldiyini və ona qarşı hiddətləndiyini, kafenin qarşısında olarkən Aidəm və Nihatın kafedən çıxdıqlarını, Aidəmi görən kimi yenə əsəbləşdiyini, Aidəmlə münahisəni yenidən davam etdirdiyini, Aidəmlə yalnız söhbət etmək istədiyini deyib onu buraxmalarını dediyini, həmin vaxt onu buraxdıqlarını və əsəblərini cilovlaya bilməyib Aidəmə yumruq atdığını, sonra sərxoş olduğundan heç nə xatırlamadığını, Aidəmin çıxıb gedəndən sonra hirsinin soyuduğunu, Qədim dünya tərəfdən Park AVM tərəfə gedəndə sərxoş olduğundan ayağının büdrədiyini və sağ əlinin üstünə yıxıldığını, həmin vaxt sağ əlinin öz bədənin altında qaldığını, sonra hadisə yerinə polis əməkdaşlarının gəldiyini, hadisə yerinə baxış keçirdiklərini və baxışdan sonra polis əməkdaşlarının onu aparıb, sərxoşluq müayinəsində keçirdiyini, mübahisənin içki üstündə olduğunu, Aidəmin onunla tekila içməyini sorğuladığını, buna görə onunla mübahisə etdiyini, onunla arasında əvvəllər heç bir mübahisənin olmadığını, sərxoş olmasaydı, bəlkə də Aidəmlə mübahisəsi eləməyəcəyini, Zərərçəkmiş şəxs ona söyüş söydüyünü, bunu qəbul edə bilmədiyi üçün söydüyü söyüş yadına düşdüyündən mübahisəsini davam etdirdiyini, Aidəmdən başqa heç kimlə mübahisə etmədiyini, heç kimi vurmamdığını və vurmağa da cəhd etmədiyini, sərxoş olduğundan heç nə xatırlamadığını, Nicat və Nihatın onları araladığını, ətrafda olan əlavə şəxsləri tanımadığını, hadisə zamanı Aidəmi döydüyünü, ona bir neçə yumruq vurduğunu, başqa heç kimə xəsarət yetirmədiyini, Aidəmlə mübahisə edəndə də özünün xəsarət almadığını, ağır sərxoş olduğundan yolda piyada gedən zaman yerə sağ əlinin üstünə yıxıldığını, əlinin daraq sümüyü sındığını, hadisə zamanı ona heç kimin xəsarət yetirmədiyini, sərxoş olduğundan bu hadisəni törətdiyini, peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiqlədiyini, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini qeyd edərək onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ayış binasında xalasıgildə yaşadığını, əslən Naxçıvanlı olsa da, Bakı şəhəri Binə qəsəbəsi İ.Nəsimi küçəsində yerləşən fərdi yaşayış evində yaşadığını, tatu ilə məşğul olduğunu, tatirokva işləməkdə peşəkar olduğunu, 5 il Bakı şəhərində yalnız bu işlə məşğul olduğunu, Naxçıvan şəhərində də gənclərin bu sahəyə marağının olduğunu, Naxçıvanda işləmək qərarına gəldiyini, 2022-ci ilin dekabr ayının 25-də Naxçıvan şəhərinə gəldiyini, Naxçıvanda reklam işi ilə məşğul olan dostu Bilalın yanına getdiyini, Bilalın Beko ilə üzbəüz binada işlədiyini, onun yanında getdiyini, həmin vaxt onun yanında bir nəfər tanımadığı şəxsin reklam çıxardığını gördüyünü, onun da tatu ilə bağlı reklam çıxardığından maraqlı gəlib tatu yeri açırsan deyə soruşduğunu, onun da “Park AVM-də tatu yeri açıram” dediyini, ona “mən Naxçıvan şəhərinə müvəqqəti gəlmişəm, özüm Bakı şəhərində 5 il tatu ilə məşğul olmuşam, istəsən sənə köməklik edim, faizə birlikdə işləyək” dediyini, onun da razılaşdığını, ondan sonra onunla yaxından tanış olduğunu, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu, sonra Pərvizin özünü Park AVM-dəki tatirovka yerinə dəvət elədiyini, birlikdə ora getdiklərini, həmin yeri Pərvizin özünə göstərdiyini, Pərvizə “normaldır, birlikdə işləyə bilərik” dediyini, sonra Pərvizlə söhbət edəndə ona “bir-birimizi şəxsən tanımasaq da, İnstagram sosial şəbəkəsində yazışmışıq, virtual tanışlığımız olub” dediyini, onunla birlikdə işləməyə başladığını, 04 yanvar 2023-cü il tarixədək Pərvizlə birlikdə işlədiklərini, müştərinin də olduğunu, aralarında onunla heç bir problemin olmadığını, hadisə gününə qədər də heç nə olmadığını, 04 yanvar 2023-cü il tarixdə iş bitdiyi üçün Pərvizlə “gedək bir-iki bakal piyvə içək” deyə razılaşdıqlarını, sonra Pərvizlə aşağı düşəndə araq almaq barədə sözləşdiklərini, ona görə Sizin marketə gedib Pərvizlə birlikdə araq aldıqlarını, sonra gəlib Qədim Dünya kafesində 2-ci mərtəbədə oturduqlarını, biraz oturub yeyib içəndən sonra ortaq dostları olan Nihat və Nicat qardaşlarının yanlarına gəldiyini, Nihat və Nicatla da birlikdə oturub araq içib, yediklərini, sonra vəziyyət yaxşı olduğuna görə Jaqer master markalı spirtli içki aldıqlarını, həmin içkini almaq üçün Nicatla taksiyə minib Çəmən marketə getdiklərini, oradan həmin içkini aldıqlarını, Qədim Dünya kafeyə qayıtdıqlarını, sonra birlikdə, Nicat, Nihat, Pərviz və özünün birlikdə həmin içkini də qəbul etdiklərini, sonra hesabı vermək üçün kassaya yaxınlaşdığını, kassa da özünün hesabı verdiyini, hesabda tekla içkisinin yazıldığını, təəccüblənib kassadan “bu tekla mənim stoluma gəlməyib” dediyini, kassada oturan şəxsin “sizin yanınızda olan iki nəfər şəxs siz olmayanda barda içib” dediyini, hesab 87 manat gəldiyini, həmin hesabı ödəyib stola qayıtdığını, sonra stolda “siz tekla içmisiniz” deyə soruşduğunu, Pərvizin də “biz içmişik, nə olmuşdu” dediyini, Pərvizə “heç nə olmayıb, nuş olsun, hesaba yazılıb soruşmaq istədim” dediyini, Pərvizin də bu sözünə acıqlanıb “mənim içdiyimi niyə soruşursan” dediyini, bunun üstündə Pərvizlə mübahisəsinin olduğunu, Pərvizin stoldan durub üstünə gəldiyini, təpik yumruq atdığını, onun da belindən yapışıb əl-qol atmasın deyə saxladığını, sonra onları kafedə olan şəxslərin aralaşdırdıqlarını, Nicata “Pərvizi apar, problem olmasın” dediyini, Nicatın da Pərvizi götürüb apardığını, mübahisə olmasın deyə Nihatla içəridə 10-15 dəqiqə oturduqlarını, sonra obyekt yiyəsinin gəlib “siz də durun gedin, Pərviz aşağıda səs-küy salır” dediyini, Nihatla aşağı düşdüyünü, Qədim Dünya kafesindən çıxanda Pərvizin gözləmədən hər kəsin içərisində üstünə yetirdiyini, sonra mübahisəsini davam etdirərək, tutaqlaşdığını, özünə qarşı zor tətbiq edib vurmaq istəsə də, ancaq özünü müdafiə etmək üçün onu hərəkətlərinin qarşısı aldığını, yanlarında olan şəxslərin onları aralamaq istəsələr də, Pərvizin sərxoş olduğu üçün əl çəkmədiyini, bu zaman onunla dartışdıqlarını, birlikdə yerə yıxıldıqlarını, həmin vaxt mübahisələri küçədə ictimaiyyət arasında olduğundan ətrafda olan şəxslərin səs-küyə gəlib onları aralaşdırdıqlarını, sonra tanımadığı şəxsin özünü kənara çəkib mübahisə olmasın deyə köməklik edib öz avtomobilinə mindirib yaşadığı yerə apardığını, ondan sonra Pərvizin nə etdiyini və hara getdiyini bilmədiyini, səhərisi gün Naxçıvan ŞPİ-nin 1 nömrəli PB-nə dəvət edildiyini, Polis Bölməsinə gedib axşam olan hadisə barədə polis əməkdaşlarına baş vermiş hadisəni danışdığını, Təqsirləndirilən şəxs sərxoş olduğu üçün özü ilə heç yerə, səbəbiz olaraq mübahisə elədiyini, Pərviz həmin vaxt sərxoş olduğundan nə danışdığını bilmədiyini, ağzına gələn nalayiq ifadələri dediyini, kafenin içərisində özünü yumruq və təpiklə vurduğunu, kafenin çıxışında mübahisə zamanı üstünə gəlib, onu yumruqla vurmaq istədiyini, ancaq özünü müdafiə edib onun atdığı yumruğu tutduğunu, Pərvizlə tutaqlaşdıqlarını, sonra mübahisə zamanı yerə yıxıldığını, Pərvizi təzə tanıdığını, onunla əvvəllər heç bir mübahisənin olmadığını, sadəcə sərxoş vəziyyətə olduqlarından heç yerə kafenin içərisində Pərvizin onunla mübahisə elədiyini, söyüş söyüb mübahisə zamanı kafedə oturan və hadisə yerində orada olan ətrafdakı şəxsləri narahat elədiyini, Təqsirləndirilən şəxs onun özü ilə mübahisə etdiyini, tekla söhbətinə görə “niyə içdiyimi maraqlanırsan” dediyini, həmin vaxt kafedə olduqlarından sərxoş vəziyyətdə mübahisə elədiyini, səs-küy saldığı üçün ətrafda olan şəxsləri narahat etdiyini, Nicat və Nihatın Naxçıvan şəhərində yaşadığını, Pərvizlə ortaq dostları olduğunu, Nihatın da tatu ustası olduğunu, kafenin içərisində və kafenin çıxışında olanda çox adam olsa da, Naxçıvanda yaşamadığı üçün heç kəsi tanımadığını, həmin vaxt Pərvizlə mübahisəsi olduğundan heç ətrafda kimlərin olduğuna diqqət eləmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşadığını, ünvan 7ədim Dünya kafesində 2 aydır, qəlyançı işlədiyini, Qədim dünya kafesinin sahibinin X20 olduğunu, sonuncunun Qədim dünya kafesini 5 ildir X15 icarəyə verdiyini, hal-hazırda Toğrul Şəfiyevin həmin obyekti işlətdiyini, 04 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Qədim dünya kafesində baş vermiş hadisə zamanı barda oturduğunu, Pərvizin dostları ilə birlikdə 12-ci masada oturduqlarını, bu zaman Pərvizin yanında oturan şəxslə mübahisə etdiklərini, müdir Toğrul və Rahibin onların yanına gedib aralaşdırdıqlarını, sonra Pərvizi aşağı endirdiyini, həmin vaxt Pərvizin ona "isti gödəkçəsinin" stolda qaldığını dediyini, onunla stola tərəf gəldiyini, Pərvizin stoldan isti gödəkçəsini götürdüyünü, sonra Pərvizi kafedə olan müştərilər narahat olmasın deyə kafeyə qayıtmaması üçün bir də aşağı endirdiyini, sonra öz işini görməyə qayıtdığını, Pərvizlə Aidəmin aşağında mübahisə etdiklərini görmədiyini, sonra polis əməkdaşlarının gəlib hadisə yerinə baxış keçirdiyini, Pərvizin əlində nəsə olduğunu görmədiyini, həmin vaxt müştəri çox olduğundan başının müştərilərə qarışdığını və qəlyan hazırladığını və başqa heç nə görmədiyini, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs nə üçün mübahisə etdiyini bilmədiyini, sadəcə olaraq sərxoş olduqlarını, ona görə mübahisə etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şəhəri 35-ci məhəllə döngə 3, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşadığını, hal-hazırda işləmədiyini, hadisəni törədən Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, onu qardaşı Nihata görə tanıdığını, onunla aralarında ədavət və düşmənçilik münasibətinin olmadığını, Zərərçəkmiş şəxs əvvəlcədən tanımadığını, sonra Pərvizin yanında onu gördüyünü, onunla aralarında ədavət və düşmənçilik münasibətinin olmdığını, 04 yanvar 2023-cü il tarixdə saat 23 radələrində qardaşı Nihadla birlikdə “Park AVM”-in yanında olduqlarını, Pərvizin Nihada zəng vurub “Qədim Dünya” kafesinə çağırdığını, birlikdə “Qədim Dünya” kafesinə gedib 2-ci mərtəbəyə qalxdıqlarını, Pərviz ilə Aidəmin “Qədim Dünya” kafesində pilləkəndən sağa dönəndə ən sondakı stolda oturduqlarını, həmin vaxt kafenin içərisində bütün stolların dolu olduğunu, onların stolunda oturduqlarını, sonra stola yemək gəldiyini və birlikdə bir litr araq içdiklərini, deyib güldüklərini, arağın qurtardığını, sonra bir ədəd də Jager almağa razılaşdıqlarını, sonra Aidəmlə onun birlikdə kafedən çıxdıqlarını, X21 kafedə qaldıqlarını, Aidəmlə “Çəmən” marketdən “Jager” adlı spirtli içki aldıqlarını, sonra kafeyə qayıtdıqlarını və stolda oturub birlikdə “Jager” spirtli içkini içdiklərini, sonra Aidəmin hesabı ödəyib stola qayıtdığını, stolda “siz tekila içmisiniz” deyə soruşduğunu, Pərvizin də “sən niyə içdiyimiz içkinin söhbətini edirsən” dediyini Aidəmin də “içkinin söhbətini eləmirəm, soruşuram, bəlkə hesabı artıq yazıblar” dediyini, Pərvizin bu sözə qızışıb ayağa qalxdığını, həmin vaxt Pərvizin əlində rumka olduğunu, Aidəmlə mübahisə etməyə başladıqlarını, mübahisə zamanı Aidəmlə tutaqlaşdıqlarını, sonra kafenin işçilərinin və orada olan şəxslərlə birlikdə Pərvizlə Aidəmi ayırdıqlarını, sonra onun da Pərvizi aşağı düşürdüyünü, ancaq Pərvizi saxlamağın mümkün olmadığını, əl çəkmədiyini, nə qədər saxlasa da, xeyri olmadığını, onun Aidəmin gəlməsini istədiyini, sonra “Qədim Dünya”nın qabağında Pərvizin yenə söyüş söyməyə, mübahisəni davam etdirməyə başladığını, sonra qardaşı Nihad ilə Aidəmin aşağı düşdüklərini, ondan sonra Pərvizin Aidəmlə mübahisəni davam etdirməyə başladığını, ətrafda olan şəxslərin də ora yığışdıqlarını, mübahisə zamanı Pərvizin Aidəmlə tutaqlaşdığını və bir-biri ilə itələşdiklərini, sonra Aidəmlə Pərvizin yerə yıxıldıqlarını, sonra ətrafda olan digər şəxslərlə birlikdə onları aralaşdırdıqlarını, sonra Nihadın Aidəmi kənara çəkdiyini və Aidəmin çıxıb getdiyini, sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini və Pərvizi apardıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şəhəri N.Naxçıvani döngə 5, ev 6 ünvanında qeydiyyatda olmaqla ünvan 10, hal-hazırda “Qədim Dünya” kafesinin icarədarı olduğunu, həmin kafeni 4 ildir işlətdiyini, “Qədim Dünya” kafesinin Naxçıvan şəhəri Nizami küçəsi 27 ünvanında yerləşdiyini, “Qədim Dünya” kafesinin sahibinin X20 olduğunu, Qədim dünya kafesində mübahisə edən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanımadığını, onlarla aralarında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 04 yanvar 2023-cü il tarixdə saat 23 radələrində “Qədim Dünya”kafesində olanda 12-ci masada oturan müştərilər arasında mübahisə getdiyini gördüyünü, Pərvizin Aidəmi itələdiyini, onu vurmaq istədiyini gördüyünü, onun da onlara tərəf gedib kafedə olan şəxslərlə mübahisəni sakitləşdirdiklərini, həmin vaxt masada 4 nəfər şəxsin oturduğunu, sonra Pərvizi masadan çölə çıxardıqlarını, sonra Aidəmi də yanında olan digər şəxslə çölə çıxardıqlarını Sonra kafedə işə başının qarışdığından heç nə görmədiyini, sonra hadisə yerinə polis əməkdaşlarının gəldiyini və kafeyə baxış keçirdiklərini, sonra ona Pərvizin Aidəmlə kafenin qarşısında da savaşdıqlarının məlum olduğunu bildirdi. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X17 ifadəsində ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşadığını, hal-hazırda fərdi qaydada tatu fəaliyyəti ilə məşğul olduğunu, hadisəni törədən Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Təqsirləndirilən şəxs Park AVM-də ikinci mərtəbədə tatu salonu açdığını, özünün də bu fəaliyyətlə məşğul olduğundan və tatuya marağı olduğundan onun yanına getdiyini, Pərvizin də Zərərçəkmiş şəxs ilə birlikdə orada işlədiklərini, özünün də onlarla tanış olduğunu və münasibət yarandığını, 04 yanvar 2023-cü il tarixdə saat 23 radələrində qardaşı Nicatla birlikdə Park AVM-in yanında olduqlarını, Pərvizin ona zəng vurub "Aidəmlə birlikdə Qədim Dünya kafedə oturumuşuq, gəl" dediyini, özünün də ona "gəlirəm" dediyini, özünün də qardaşı Nicatla birlikdə Qədim dünya kafesinə gedib 2-ci mərtəbəyə qalxdıqlarını, Pərviz ilə Aidəmin Qədim dünya kafesində pilləkəndən sağa dönəndə ən sondakı stolda oturduqlarını, həmin vaxt demək olar digər stolların da hamısının dolu olduğunu, onların stolda oturduqlarını, sonra stola yemək gəldiyini və birlikdə bir litr araq içdiklərini, deyib güldüklərini, arağın qurtardığını və onun tualetə getdiyini, Pərvizin də arxasınca gəldiyini, tualetdən çıxanda Pərvizin barda onu gözlədiyini gördüyünü, barda adam başı 2 rumka tekila içdiklərini, sonra stola qayıtdıqlarını, sərxoş olduğundan tam xatırlamadığını, sonra deyəsən Aidəmlə qardaşının birlikdə gedib Jager adlı spritli içki aldıqlarını və gətirdiklərini, birlikdə stolda həmin Jageri də içdiklərini, sonra Aidəmlə Pərviz arasında stolun başında mübahisə olduğunu, Pərvizin mübahisə zamanı stolda Aidəmlə üzbəüz oturduğunu, mübahisə zamanı Pərvizin stoldan stəkanı götürüb yerə çırpdığını, ondan sonra qardaşı Nicatın Pərvizi aşağı apardığını, özünün də Pərviz getməsi üçün Aidəmlə stolda oturduqlarını, sonra Qədim dünya kafesinin işçisinin gəlib onlara "siz də durun, müştərilər narahat olur" dediyini, sonra özünün Aidəmlə aşağı düşdüklərini, Pərvizin aşağıda Qədim dünya kafesinin qarşısında səs-küy saldığını, "Aidəm bura gəlsin, çağırın, gəlsin" dediyini, özünün də qardaşı Nicatla onu sakitləşdirməyə başladıqlarını, ancaq Pərvizin sakitləşmədiyini, söyüş söydüyünü, həmin vaxt Aidəmin də kənarda durduğunu, ətrafda olan şəxslərin Qədim dünya kafesinin qabağına yığışdıqlarını, Pərvizin onlara "buraxın Aidəmlə söhbət edək, heç nə eləməyəcəm" dediyini, Pərvizin çox içdiyindən ayaqüstə dura bilmədiyini, sonra Aidəmlə mübahisəsini Qədim dünya kafesinin qabağında davam etdirməyə başladıqlarını, mübahisə zamanı Pərvizlə Aidəmin tutaqlaşdıqlarını, Pərvizin Aidəmi vurmaq istəyəndə Aidəm onu tutub saxladığını, sonra birlikdə yerə yıxıldıqlarını, Aidəmin də Pərvizi hərəkət eləməsin deyə tutub saxladığını, sonra ətrafda olan şəxslərin köməyi ilə onları ayırdıqlarını, Aidəmin Pərvizlə mübahisə etmək istəmədiyini, Pərvizin Aidəmi söysə də, Aidəmin onu yola verdiyini, "səhər söhbət edərik" dediyini, sonra Aidəmin yoldan keçən bir avtomobilə minib getdiyini, sonra hadisə yerinə polis əməkdaşlarının gəlib Pərvizi apardıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 108) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş vərəq 29) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olan və Naxçıvan Şəhər Hüquq Məsləhətxanasında fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir (cild İ, iş vərəq 72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 20 fevral 2023-cü il tarixli 2/2155 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 118- 119) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X8 tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 115 nömrəli məktubdan görünür ki, ünvan 2şayan 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi davranış pozuntusu” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X4 dispanser qeydiyyatda dayanır. (cild İ, iş vərəq 57) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X3 alınmış 23 fevral 2023-cü il tarixli 30 saylı ekspert rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu” xəstəliyinin aşkar olunduğu, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs hərəkətlərinin hadisəni törədən anda və halhazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. (cild İ, iş vərəq 121-123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kürdəxanı qəsəbəsi İƏD üzrə Nümayəndəliyindən alınmış 16 fevral 2023-cü il tarixli cavabda xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 11 ünvanında qeydiyyatda olub-olmaması və həmin ünvanda yaşaması barədə rəsmi məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 125) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs Naxçıvan şəhəri 9-cu məhəllə ev 55 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Həmin Mənzil İstismar İdarəsindən alınmış xasiyyətnamədə ərazidə yaşadığı müddətdə nümunəvi davranışı, gözəl əxlaqı və fəallığı ilə seçildiyi, qonşularla səmimi olduğu, xeyir-şər işlərində daima yaxında iştirak etdiyini, barəsində heç bir şikayət və tələbin daxil olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 127,128) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış 13 yanvar 2023-cü il tarixli 50 saylı ekspert rəyində vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izlərinin müəyyən edilməyi göstərilmişdir(cild İ, iş vərəq 45,46) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 13 yanvar 2023-cü il tarixli 49 saylı ekspert rəyində vətəndaş Təqsirləndirilən şəxs bədənində sağ əlin daraq sümüyünün sınığı, sınığın küt əşyanın təsirindən yarandığı, həmçinin yerə yıxılma zamanı da yarana biləcəyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır dərəcəli bədən xəsarətləri olduğu göstərilmişdir. (cild İ, iş vərəq 55,56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş 05 yanvar 2023-cü il tarixli 1139 nömrəli "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktında Təqsirləndirilən şəxs 2,01 promil sərxoş vəziyyətdə olduğu, ağzından alkoqol iyinin gəldiyi göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli, 252 nömrəli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 2şayır və onun ailə üzvləri atası 1965-ci il təvəllüdlü X12, anası 1970-ci il təvəllüdlü X6, bacisi 1990ci il təvəllüdlü X9, qardaşı 1988-ci il təvəllüdlü X7r. (cild İ, iş vərəq 126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən alınmış arayışdan aydın olur ki, Zərərçəkmiş şəxs S.Vurğun e 18 ünvanında qeydiyyatda olduğu amma həmin evdə yaşamadığı, həmin nümayəndəlikdən alınmış xasiyyətnamədə Zərərçəkmiş şəxs həmin ünvanda yaşamadığı üçün heç bir məlumatın olmaması aydın olur (cild İ, iş vərəq 129, 130) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaransa da, sonradan belə hərəkətlər ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində ona cərimə cəzası təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cərimənin məbləği 1800 (bir min səkkiz yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1800 (min səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar