Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-31/2023 05.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, mütəxəssis X3 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Babək rayonu, Payız kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, təhsilsiz, ailəli, 3 uşaq atası, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, Babək rayonu, Payız kəndində qeydiyyatda olmaqla, yaşayan, 03 may 2023-cü il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 8-12 aprel 2023-cü il tarixlərində idarə etdiyi Naxçıvan Şəhəri Sanitar Təmizlik İdarəsinə məxsus QAZ 53 markalı avtomobillə Naxçıvan şəhəri İslam Səfərli küçəsində tullantıları yığarkən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 saylı Sahə Ərazi İnzibati Dairəsi üzrə nümayəndəliyinin balansıda olan yolun kənarındakı su arxının üzərindən dəmir örtüklərdən ümumi dəyəri 1792 manat olan 28 ədədini 2 dəfəyə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 23-24 aprel 2023-cü il tarixlərində idarə etdiyi Naxçıvan Şəhəri Sanitar Təmizlik İdarəsinə məxsus QAZ 53 markalı avtomobillə Naxçıvan şəhəri Atatürk küçəsində, tullantıları yığarkən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Sahə Ərazi İnzibati Dairəsi üzrə nümayəndəliyin balansında olan 7 nömrəli tam orta məktəbin qarşısından keçən su arxının üzərindəki dəmir örtüklərdən ümumi dəyəri 576 manat olan 9 ədədini gizli yolla talayaraq təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində, cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, Babək rayonu Payız kəndi qeydiyyatda olmaqla yaşadığını, təxminən 13 ildir ki, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsində sürücü işlədiyini, təxminən aprel ayının əvvəllərində günorta saatlarında Naxçıvan şəhərində 1 nömrəli tam orta məktəbin yanında küçəni tullantılardan təmizləyərkən, məktəbin həyətinin kənarında yolun qırağında olan su kanalının üzərindəki dəmir örtüklərdən birinin ağzının yuxarı olduğunu və yerindən çıxdığını gördüyünü, gedib əlini ona atdığını və yerindən çıxarıb qaldırdığını, dəmir örtüyü götürüb idarə etdiyi tullantıları yığıdığı Təmizlik İdarəsinin avtomobili olan QAZ 53 markalı yük avtomobilinin arxasına qoyduğunu, sonradan həmin yerdən yenə 4 ədəd dəmir örtük çıxarıb avtomobilə qoyduğunu, həmin yolla qabağa gedib yolun kənarından əlavə olaraq ara bir 2 ədəd olmaqla bir neçə yerdəndə dəmir örtüklərdən götürüb avtomobilə qoyduğunu, həmin vaxtı ətrafda heç kimin olmadığını, dəmir örtükləri gizlin götürməkdə məqsədinin onları satıb pul əldə etmək olduğunu, avtomobilə minib oradan uzaqlaşdığı və Xətai məhəlləsinə əvvəlcədən tanıdığı Vilayətin evinə gəldiyini, Vilayətin orada dəmir alıb satdığını, Vilayətə yaxınlaşıb dəmir gətirdiyini, Vilayətin onu həyətə dəvət etdiyini, həyətə gedib dəmir örtükləri və küçələrdən tullantı kimi topladığı mis və alüminiumdan olan digər metalları Vilayətə verdiyini, Vilayətin dəmirləri tərəzidə çəkdiyini, dəmirlərin çəkisinin nə qədər olduğunu bilmədiyini, Vilayətin ona 37 manat pul verdiyini, təxminən 2 gün keçdikdən sonra yenə 1 nömrəli tam orta məktəbin yanından İdarənin yük avtomobili ilə keçəndə yolun kənarında zibil olduğunu görüb dayandığını və avtomobildən yerə düşüb, həmin zibili avtomobilə qoyduğunu, oradan yenədə su kanalının üzərində olan dəmir örtüklərdən İran Məsçidinə qədər olan məsafədən ar-ara bir neçə yerdən iki, iki götürüb avtomobilə qoyduğunu və oradan uzaqlaşıb onları satmaq üçün Vilayətin həyətinə gəldiyini, həmin dəmir örtükləri Vilayətə satdıb və əvəzində 20 manat pul aldığını, 2023-cü ilin aprel ayının 23-24 tarixlərində günorta saatlarında Naxçıvan şəhərində 7 nömrəli tam orta məktəbin qarşısında ətrafdakı tullantıları təmizləyən zaman yolun kənarındakı su kanalının üzərində olan dəmir örtüklərdən ikisinin qırılıb su kanalının içərisinə düşdüyünü gördüyünü, həmin dəmir örtükləri görən kimi onları oğurlayıb satmaq qərarına gəldiyini, həmin qırılmış və kanalın içərisinə düşmüş örtükləri oradan götürdüyünü, onlardan ikisinin qırılmış vəziyyətdə olduğunu və onları avtomobilə qoyduğunu, sonra həmin su kanalının üzərində olan dəmir örtüklərdən bir neçəsini də oğurlayıb tullantıları yığıdığı QAZ 53 markalı yük avtomobilinə qoyduğunu, ümumilikdə 7 nömrəli məktəbin yanından 9 ədəd dəmir örtük oğurladığını, sonra avtomobilə oturub həmin dəmir örtükləri satmaq üçün Xətai məhəlləsində dəmir alıb satan Elməddinin həyətinə apardığını, Elməddinin həmin dəmir örtükləri tərəzidə çəkdiyini və təxminən 110 kq olduğunu dediyini, Elməddinin ona satdığı dəmir örtüklərin qarşığılında 41 manat pul verdiyini, pulu alıb Uşaq Şəhərciyinin qarşısındakı binaların altında olan apteklərdən birinə gedib və uşağına dərman aldığını, sonra şəhərdən çıxıb yaşadığı Payız kəndinə getdiyini, Naxçıvan şəhərində Şəhidlər Xiyabanının qarşısından idarə etdiyi avtomobillə şəhərə doğru gələrkən bir nəfər şəxsin zəng vurub harada olduğunu soruşduğu, olduğu yeri həmin şəxsə dediyini, həmin şəxsin polis əməkdaşı olduğunu dediyini, orada onu gözləməyini istədiyini, həmin polis əməkdaşının yanına gəldikdən sonra onu Naxçıvan şəhər Polis İdarəsinə dəvət etdiyini, İdarədə 1 nömrəli məktəbin yanından və 7 nömrəli məktəbin yanından su arxının üzərindəki dəmir örtükləri oğurlamaqda şübhəli olduğunu dediyini, həmin dəmir örtükləri oğurlayaraq metal qəbulu yerinə satdığını etiraf etdiyini, qızı Aysunun təxminən 3 ildir xəstə olduğu və müalicə aldığı, hər dəfə dərman lazım olduğu və buna maddi cəhətdən imkanı olmadığından oğurluq etmək qərarına gəldiyini, 1 nömrəli məktəb tərəfdən təxminən 25-30 ədəd dəmir örtük, 7 nömrəli məktəb tərəfdən isə 9 ədəd dəmir örtük oğurladığını, başqa heç bir yerdən heç nə oğurlamadığını, oğurluğu tək elədiyini və bu işdə ona heç kimin köməklik etmədiyini, heç kimlə əlbir olmadığını, dəmirləri oğurlaması barədə heç kimə nə əvvəl, nə də sonra heç nə demədiyini, hətta ailəsinin belə bilmədiyini, oğurladığı dəmir örtükləri yalnız Qonaq evinin yanında qalan Vilayət adlı şəxsə və Xətai məhəlləsində Elməddin adlı şəxsə satdığını, hazırda həmin örtükləri bərpa etdiyini, əməldən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, ünvan 1 ünvanında yaşadığını, hal-hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətində Sosial-İqtisadi inkişafın proqnozlaşdırma və təhlil şöbəsində aparıcı və məsləhətçi işlədiyini, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Cabirin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsində sürücü işlədiyini, hal-hazırda həmin yerdə işləmədiyini, oğurlanan su arxının üzərində olan dəmir örtüklərin Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olduğunu, dəmir örtüklərdən 28 ədədinin 4 saylı Ərazi İnzibati Dairə üzrə nümayəndəliyə aid olduğunu, 9 ədədinin isə 2 saylı ərazi inzibati dairəsi üzrə nümayəndəliyə aid olduğunu, cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi olduğunu, Naxçıvan Şəhər İcra Hakimiyyətini təmsil elədiyini, ümumilikdə 37 dəmir örtüyünün oğurlandığını, həmin dəmir örtükləri ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs oğurlayıb satdığını, istintaq zamanı dəmir örtüklərin bərpa edilərək yerinə qoyulduğunu, əvvəllər icra hakimiyyətinin balansında olan dəmir örtüklərin oğurlanmadığını, belə halların baş vermədiyini, hazırda hər hansı şikayətlərinin olmadığını bildirdu. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, dəmir alqısatqısı ilə məşğul olduğunu, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsində sürücü işlədiyini, təqsirləndirilən şəxslə arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, özünün dəmir alqı-satqısı ilə məşğul olduğunu, Cabirin əvvəlcədən də bir neçə dəfə dəmir gətirib satdığını, baş vermiş hadisənin dəqiq vaxtını xatırlamadığını, Cabirin qonaq evinin arxasında yerləşən həyətinə təxminən 90 kiloqrama yaxın dəmir gətirdiyini, həmin dəmirləri zibillikdən yığıb gətirdiyini düşündüyünü, gətirdiyi dəmirləri tərəzinin üzərinə qoyan zaman 90 kiloqram olduğunu, Cabirə 27 manat pul verdiyini, pulu aldıqdan sonra getdiyini, təxminən 3 saat sonra polis əməkdaşının ona zəng etdiyini və Cabirin satdığı dəmirləri soruşduğunu, polis əməkdaşına Cabirin 90 kiloqram dəmir gətirdiyini dediyini, sonradan Cabirin gətirdiyi dəmirlərin oğurluq olduğunu bildiyini, dəmirlərin ümumi çəkisinin 90 kiloqram olduğunu, dəmirlərə görə 27 manat pul verdiyini, Cabirin əvvəllərdə bir neçə dəfə dəmir gətirib satdığını, həmin dəmirləri haradan necə əldə etdiyini bilmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, istifadəyə yararsız dəmirlərin yığılması yerində fəhlə işlədiyini, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, həmin şəxsin Naxçıvan Şəhər Təmizlik İdarəsində sürücü işlədiyini, yaxın münasibətinin olmadığını, Təqsirləndirilən şəxs ilə arasında ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, baş vermiş hadisənin tam vaxtını dəqiq bilmədiyini, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən həyətə 3 təlisdə doğranmış halda dəmir gətirib satdığını, təlislərin içərisinə baxmadığını, həmin dəmirləri əvvəlcədə olduğu kimi zibillikdən yığıb gətirdiyini düşündüyünü, gətirdiyi dəmirləri tərəzinin üzərinə qoyduğu və 105 kiloqram çəkisinin gəldiyini, 35 manat pul verdiyini, Cabirin pulu aldıqdan sonra getdiyini, Cabir dəmirləri gətirdikdən təxminən 3 saat sonra polis əməkdaşının zəng edərək Cabirin gətirdiyi dəmirləri soruşduğunu, Cabirin 105 kiloqram dəmir gətirdiyini dediyini, sonradan Cabirin gətirib verdiyi dəmirlərin oğurluq olduğunu bildiyini, polis əməkdaşlarının hadisə yerinə gəldiyini, Cabirin əvvəllər də 1-2 dəfə gətirib dəmir satdığını, Cabirin başqa oğurluqları barədə heç bir məlumatının olmadığını, satış üçün təzə armaturlar, samovarlar və mis qazanlar gətirilərkən onların şəklini çəkdiklərini, vətəndaşdan onu haradan alması barədə soruşduqlarını, telefon nömrəsini yazdıqlarını, Cabirin dəmirləri zibilxanadan gətirdiyini dediyini bildirdi. İş materiallarında olan: Oğurlanan 37 ədəd su arxı dəmir örtüklərinin ümumilikdə qiymətinin müəyyən edilməsi məqsədilə Naxçıvan ŞİH-nə sorğu verilmiş və alınmış 01 may 2023-cü il tarixli 5-5/2-164/2023 saylı məktubda Naxçıvan şəhəri 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində 7 nömrəli məktəbin qarşısından keçən su arxının üzərində olan 50x50 sm ölçüdə 9 ədəd dəmir örtüyün bir ədədinin qiyməti 64 manat olmaqla 576 manat, Naxçıvan şəhəri 4 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin ərazisində İ.Səfərli küçəsində su arxının üzərində 50x50 sm ölçüdə 28 ədəd dəmir örtüyün bir ədədinin qiyməti 64 manat olmaqla 1792 manat olduğu, ümumilikdə 37 ədəd dəmir örtüyün dəyərinin 2368 manat olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 14 iyun 2023cü il tarixli 535 saylı ekspert rəyində 50x50 ölçüdə olan dəmir örtüklərin bir ədədinin orta bazar qiymətinin 64 manat olmaqla ümumilikdə 37 ədəd dəmir örtüyün orta bazar qiymətinin 2368 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və işin digər halları ilə onun oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, Təqsirləndirilən şəxs himayəsində 3 uşağının olmasını və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, 03 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 03 may 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat məhkəmənin 03 may 2023-cü il tarixli qərarı ilə rədd edilməklə həbsdən azad edilmiş, 03 may 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilərək buraxılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla 4 gün hesablanmaqla 4 gün təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə vir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer Babək rayonu, Payız kəndi üzrə Babək rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 197-198, 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün 1 günə 2 gün hesablanmaqla 4 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer Babək rayonu, Payız kəndi üzrə Babək rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 (qırx səkkiz) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Müdafiəçi köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-31/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-31/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver