Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-34/2023 26.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Рespublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxxx 1993-cü il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, müvəqqəti işsiz, əvvəllər Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmaqla məhkumluğu ödənilməmiş, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-50/2023 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının 22-də Zərərçəkmiş şəxs1 məxsus Naz Lifan markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilə daxil olub avtomobilin içərisindən ona aid bir ədəd AA******* nömrəli şəxsiyyət vəsiqəsini, AC N 787023 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, ********** nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsini və 03423 nömrəli, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş pensiya vəsiqəsini talamışdır. Bundan başqa, o, 2023-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub həyətdən 140 manat dəyərində bir ədəd üzərində SAFT yazıları olan, 26-lıq velosipedi oğurlamış və zərərçəkmiş şəxsə 140 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 15 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Vaz 21074 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilə daxil olub avtomobilin içərisindən ona aid bir ədəd AA******* nömrəli şəxsiyyət vəsiqəsini, bir ədəd AE 877914 nömrəli sürücülük vəsiqəsini talamışdır. Bundan başqa, o təkrarən 01 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Vaz 21074 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə qanunsuz daxil olub ona aid bir ədəd BD852039 nömrəli sürücülük vəsiqəsini, bir ədəd avtomobilin qeydiyyat şəhadətnaməsini talamışdır. Bundan başqa, o, təkrarən 26 may 2023-cü il tarixdə, saat 15:19 radələri aralığında ünvan 2 ünvanında evdə heç kimin olmadığı müddətdə evə qanunsuz daxil olaraq oradan tamah məqsədilə Zərərçəkmiş şəxs4 İbrahim oğluna məxsus bir ədəd 5 manat dəyərində olan qolsuz formada ön hissəsi zəncirbəndlə açılıb-bağlanan, “S” ölçülü qara rəngli jileti və bir ədəd 180 manat dəyərində olan “Hyundai Santafe” markalı avtomobilə aid pultu və bir ədəd 2 manat dəyərində evin giriş qapısı üçün açarı oğurlamış və zərərçəkmiş şəxsə 187 manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, 15 aprel 2023-cü il tarixdə saat 05 radələrində Naxçıvan şəhərində olduğunu, piyada şəhəri gəzdiyini, şəhərdə Araz restoranı tərəfə gəldiyini, oradan ara məhləyə daxil olduğunu, ara məhlə ilə hərəkət edəndə orada olan evlərin qapısının bağlı olduğunu gördüyünü, cibində pulu olmadığından oralarda gəzməkdə məqsədinin pul götürmək olduğunu, məhlədə yolda dayanmış ağ rəngli avtobusu görüb avtobusa yaxınlaşdığını, avtobusun qapısına əlini atdığını, qapısının açıq olduğunu, avtobusa daxil olduğunu, məqsədinin avtobusdan pul götürmək olduğunu, lakin avtobusu nə qədər axtarsa da, pul tapa bilmədiyini, avtobusun içərisini axtaran zaman bardaçokunu açdığını, orada göy rəngli bir dəftər olduğunu gördüyünü, həmin dəftəri götürüb gödəkcəsinin döş cibinə qoyduğunu, bardaçokda açıq qəhvəyi rəngdə olan balaca qadın çantasının olduğunu, həmin çantanı da götürüb cibinə qoyduğunu, avtobusun açarının kontakt yerində olduğunu, həmin açarı da götürdüyünü, sonra avtomobildən yerə düşdüyünü, qapını bağlayıb piyada oradan uzaqlaşdığını, ara məhlə ilə yuxarıya qalxıb Əliabad qəsəbəsinə gəldiyini, yanacaq doldurma məntəqəsinin yanından keçib yaşayış binalarına tərəf getdiyini, Əliabad qəsəbəsində binanın həyətində gəzən zaman qara rəngli VAZ 2107 markalı avtomobilin dayandığını gördüyünü, həmin avtomobildən pul götürmək məqsədi ilə avtomobilə yaxınlaşdığını, avtomobilin sükan tərəfdən qapısı açıq olduğundan qapını açıb avtomobilə daxil olduğunu, avtomobilin içərisini axtarmağa başladığını, bardaçokun içərisindən 5 manat pul tapdığını, həmin pulu götürdüyünü, sonra avtomobilin sükan tərəfində patpirisin yanında kağızın arasında sənədlər gördüyünü, həmin sənədləri götürüb içərisinə baxanda orada bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi və başqa sənədlərin olduğunu gördüyünü, orada olan şəxsiyyət və sürücülük vəsiqəsini özünə götürdüyünü, məqsədinin həmin vəsiqələri tapıntı kimi kiməsə verib əvəzində pul qazanmaq olduğunu, həmin vəsiqələri gödəkcəsinin cibinə qoyduğunu, avtomobilin içərisində olan zaman əvvəlcədən avtobusdan götürdüyü qadın çantası və göy rəngli dəftər lazım olmadığından və iz itirmək üçün avtomobilin arxa oturacağına atdığını, sonra avtomobildən düşdüyünü, məhlədə bir qədər irəliyə getdiyini, yaşayış binasının giriş blokuna daxil olduğunu, blokda girişdən sol tərəfdə iki ədəd velosipedin olduğunu, velosipedlərdən birinin balaca, birinin böyük olduğunu, böyük velosipedi götürüb oradan çıxdığını, həmin vaxtı səhər saatları olduğunu, ətrafda heç kimin olmadığını, velosipedlə hərəkət edib Araz restoranına tərəf gəldiyini, həyətində gəzdiyini, hər yerin bağlı olduğunu, bir neçə gün şəhərdə gəzdikdən sonra 20 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirildiyini, sənədləri məqsədli şəkildə oğurladığını, belə “polisə tapmış kimi verib, polis də sənədin sahibini tapa, sənədin sahibi də mənə şirinlik kimi 30-40 manat pul versin” düşünüb oğurluq etdiyini, sənədləri oğurlayıb sahibinə qaytarıb tapmış kimi qarşılığında pul almaq istədiyini, Azərbaycan məhəlləsində piyada gəzdiyini, küçə qapısının açıq olduğunu gördüyünü, həmin küçə qapısından içəri keçdiyini, həyətdə velosiped olduğunu gördüyünü, velosipedə minib yola düşdüyünü, oğurluq etdiyi avtomobillərin və velosipedin sahiblərini tanımadığını, pula ehtiyacının olduğunu, buna görə də oğurluq etmək qərarına gəldiyini, VAZ 2107 markalı avtomobildən şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi oğurlamaqda məqsədinin həmin vəsiqələri sahibinə qaytarıb əvəzində pul almaq olduğunu, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd Daxili İşlər Nazirliyinə aid pensiya vəsiqəsini, bir ədəd şəxsiyyət vəsiqəsini, bir ədəd Vergilər Nazirliyinə aid şəhadətnaməni və bir ədəd Naz Lifan markalı avtomobilin qeydiyyat şəhadətnaməsini təxminən bir ay bundan əvvəl şəhərdə gəzən zaman Əliabad qəsəbəsindən aşağı ara məhlədə olan avtomobildən götürdüyünü, həmin avtomobilin olduğu yeri dəqiq bilmədiyini, bir həyətdən velosiped oğurladığını, həmin velosipedi bir qədər sürdükdən sonra aparıb başqa yerə qoyduğunu, ancaq üzərindən uzun müddət keçdiyi üçün velosipedi haraya qoyduğunu xatırlamadığını, oğurluq etməkdə ona heç kimin köməklik etmədiyini, özünün tək oğurluq elədiyini, oğurluq etməkdə başqa heç kimlə əlbir olmadığını, oğurluq etməyi barədə heç kimə məlumat vermədiyini, heç kimin məlumatının olmadığını, əvvəllər Türkiyə Respublikasında bıçaqlanma ilə məhkum olunduğunu, Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə tutulduğunu məhkum olunduğunu, oğurluqdan əldə etdiyi gəlirləri şəxsi ehtiyacları üçün xərclədiyini, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkumluğunun olduğunu, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası aldığını, 26 may 2023-cü il tarixdə saat 10 radələrində Cəhri qəsəbəsindən Naxçıvan şəhərinə gəldiyini, Naxçıvan şəhərində uşaq şəhərciyi tərəfdə boşboş fırlandığını, binalar olan tərəfə keçdiyini, yolun kənarından birinci blokdan dəhlizə daxil olduğunu, birinci mərtəbədəki qapılara baxdığını, qapıların bağlı olduğunu, sonra ikinci mərtəbədəki qapılara baxdığını və bağlı olduğunu, elektirik sayğaclarının yerləşdiyi qutulara baxdığını, ancaq açar tapa bilmədiyini, belə edə-edə 5-ci mərtəbəyə qalxdığını, soldakı qapıya baxdığını, qapının bağlı olduğunu, sağdakı qapıya baxdığını, qapının bağlı olduğunu, sağ qapının yanındakı elektirik sayğacının olduğu qutunu açıb orada açarın olduğunu, açarı götürüb qapıya saldığını, qapını açdığını, içəri daxil olduğunu, evdə heç kəsin olmadığını gördüyünü, salonda çarpayıların birinə uzandığını, ac olduğu üçün mətbəxə keçdiyini, mətbəxdə soyuducuya baxdığını, orada olan yeməklərdən yediyini, hamama girdiyini, hamamda üzünü vurduğunu, salona keçdiyini, salonda olan stolun üstündə bir ədəd avtomobil pultunu götürüb cibinə qoyduğunu, evin içərisini axtarsa da, heç nə tapa bilmədiyini, hava yağıntılı olduğundan stulun başında asılı olan qara rəngli jileti götürüb geyinib evdən çıxdığını, evdən çıxanda heç kəs şübhələnməsin deyə qapını açarla bağlayıb binadan çıxdığını, açarın da cibində qaldığını, çıxıb getdiyini, 27 may 2023-cü il tarixdə Naxçıvan şəhərində olanda CAŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını, özünün də evə girib jilet və pultu götürdüyünü polis əməkdaşlarına dediyini, oğurluq etdiyi evin sahibini və orada yaşayan şəxsləri tanımadığını, yol üstü gedib evə girdiyini, evdən jileti götürüb geyinib pultu da cibinə qoyduğunu, Cəhri kəndində yaşamağa evinin olduğunu, ancaq getmədiyini, özünün də ailəsinin olmadığını, subay olduğunu, anasının Türkiyədə yaşadığını, Türkiyə Respublikasının vətəndaşı olduğunu, qardaşının Türkiyədə cəza evində olduğunu, bacısının da anası ilə birlikdə Türkiyədə yaşadığını, Cəhridəki evin də anasının evi olduğunu, orada dayısıgilin yaşadığını, şəhərdə gəzəndə boş ev, maşın olan kimi girdiyini, həmin evə oğurluq etmək məqsədilə girdiyini, 2023-cü ilin aprel ayının əvvəllərində Naxçıvan şəhərində Əcəmi seyrangahı tərəfdən ağamalının diki ilə aşağı endiyini, ara məhlələrə girdiyini, həyət evinin qapısının açıq olduğunu, özünün də həmin həyətə boylandığını, həyətdə heç kəsin olmadığını, özünün də keçib həyətə getdiyini, yaşayış evin qarşısında bir ədəd velosipedi olduğunu, velosipedi götürüb həyətdən çıxardığını, həmin velosipedə minib sürərək məhləden uzaqlaşdığını, velosipedlə Araz restoranın yanına getdiyini, velosipedi hara qoyduğunu bilmədiyini, velosipedi səhər saatlarında oğurladığını, velosipedin böyük olduğunu, velosipedi götürəndə rahat sürdüyünü, törətdiyi əməldən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində, hal-hazırda təqaüdçü olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Naz Lifan LF 7132/2 320 minik markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin özünə məxsus olduğunu, 2023-cü ilin mart ayının 21-də axşamçağı idarə etdiyi avtomobili məhlədə küçə qapısının ağzında saxladığını, evə getdiyini, səhərisi gün, yəni 2023-cü ilin mart ayının 22-də evdən çıxıb avtomobilə əyləşəndə avtomobilində oğurluq olduğunu hiss etdiyini, avtomobildə o yan-bu yana baxanda sənədlərinin avtomobildə olmadığını gördüyünü, avtomobilindən özünə məxsus bir ədəd AA******* nömrəli şəxsiyyət vəsiqəsinin, AC N 787023 nömrəli nəqliyyat vasitənin qeydiyyat şəhadətnaməsinin, ********** nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin və 03423 nömrəli, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş pensiya vəsiqəsinin oğurlandığını, özünün də bu barədə polis sahə rəisi Toğrulla danışdığını, polisə müraciət elədiyini, bir aya yaxın vaxt keçəndən sonra polis əməkdaşının zəng edib “sizin sənədlər şəxsi axtarış zamanı Babək rayon Cəhri qəsəbə sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunub” dediyini, ondan sonra Təqsirləndirilən şəxs avtomobilindən oğurluq etdiyini öyrəndiyini, avtomobilindən başqa heç bir əşya və qiymətli kağız, pulunun oğurlanmadığını, ilk dəfə avtomobilindən oğurluq olduğunu, avtomobilinin qapısının həmişə açıq qoyduğunu, oğurluq olandan sonra avtomobilinin qapısını bağladığını, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə ondan şikayət və tələbinin olmadığının nəzərə alınaraq müvafiq qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində, halhazırda təqaüdçü olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, VAZ 21074 minik markalı **- BF-*** dövlət nömrə nişanlı avtomobilin özünə məxsus olduğunu, avtomobilin öz adına olduğunu, 2023-cü il aprel ayının 30-da idarə etdiyi VAZ 21074 minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobili yaşadığı binanın həyətində saxlayıb evə getdiyini, avtomobilin qapsının açıq olduğunu, ümumiyyətlə avtomobili bağlamadığını, həmişə qapısının açıq qaldığını, səhərisi gün, 01 may 2023-cü il tarixdə səhər-səhər binadan aşağı düşüb avtomobilinə mindiyini, avtomobilinin günlük hissəsinə bir iki şey almaq üçün əlini günlüyə atıb qoyduğu 70 manat pulu götürmək istəyəndə pulunun yerində olmadığını gördüyünü, özünün də avtomobildə bardoçoka baxanda sürücülük vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin yerində olmadığını gördüyünü, avtomobilinə oğru girdiyindən şübhələndiyini, özünün də polisə müraciət etdiyini, polislərin gəlib avtomobilinə baxış keçirdiklərini, bununla əlaqədar olaraq ərizə və izahat yazdığını, bir neçə gün keçəndən sonra polisdən avtomobilindən sənədlərini və 70 manat pulunu Təqsirləndirilən şəxs oğurladığını, sürücülük vəsiqəsinin tapıldığını öyrəndiyini avtomobilindən yalnız bir ədəd özünə məxsus BD852039 nömrəli sürücülük vəsiqəsinin, bir ədəd avtomobilinə məxsus qeydiyyat şəhadətnaməsinin və 70 manat pulunun oğurlandığını, ilk dəfə idi avtomobilindən oğurluq olduğunu, avtomobilinin qapısını həmişə açıq qoyduğunu, oğurluq olandan sonra avtomobilin qapısını bağladığını, bu hadisəyə qədər avtomobilindən oğurluq olmadığını, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə şikayət və tələbinin olmadığını nəzərə alınaraq müvafiq qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində, halhazırda X6 mühəndis işlədiyini, 18 aprel 2023-cü il tarixdə axşam saatlarında iş yerinə getmək üçün özünə məxsus VAZ 21074 markalı avtomobili Naxçıvan şəhəri Əliabad qəsəbəsində yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolun kənarında avtomobil dayanacağında saxladığını, avtomobildən düşüb servis avtomobilinə minib iş yerinə getdiyini, bir həftə axşam növbəsində bir həftə isə gündüz növbəsində işlədiyini, həmin gün gecə növbəsində olduğunu, 18 aprel 2023-cü il tarixdə səhər saatlarında işdən Naxçıvan şəhərinə qayıtdığını, öz avtomobilinə minəndə avtomobilin qabaq sol qapısının açıq olduğunu gördüyünü, avtomobilinə oturanda avtomobilin qapısını bağlamadığını və ona görə açıq qaldığını düşündüyünü, avtomobillə yaşadığı evə getdiyini, evə getdikdən sonra uşaqların avtomobilə minəndə avtomobildə arxa oturacaqda çəhrayı rəngli bir qadın çantasının olduğunu dediklərini, həmin vaxt avtomobildə flaş diskin yerində olmadığını gördüyünü, avtomobilə baxanda sürücülük və şəxsiyyət vəsiqələrinin də oğurlandığını gördüyünü, bardoçoka baxanda 5 manat pulunun da oğurlandığını gördüyünü, sonra polisə müraciət etdiyini, araşdırma nəticəsində oğrunun tapıldığını, oğurlanmış əşyalarının qaytarıldığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, müvafiq qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsində də göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən müəyyən edilir ki, hal-hazırda Naxçıvan Dövlət Universitetinin coğrafiya müəllimliyi üzrə İV kurs tələbəsi olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 26 may 2023-cü il tarixdə saat 15 radələrində kurs yoldaşı Şahid Vaqif oğlunun yaşadığı Naxçıvan şəhəri İstiqlal küçəsi ev 113, mənzil 10 ünvanında yerləşən evinə getdiyini, kurs yoldaşı Etibarın həmin evdə əlavə 2 nəfər şəxslə kirayə yaşadığını, onları da tanıdığını, onlardan birinin adının Tuncay, birinin də Rəvan olduğunu, onların da Etibarın həmkəndliləri olduğunu, Şərur rayon Maxta kəndindən olduqlarını, ancaq tələbə olduqları üçün həmin ünvanda kirayə yaşadıqlarını, Etibargilə gedən də onlarında evdə olduğunu, evdə oturub onlarla birlikdə biraz söhbət elədiklərini, “şəhərə çıxıb gəzək və çay içək’ deyə razılaşdıqlarını, hava isti olduğundan əynində olan qara jileti çıxarıb evə qoyduğunu, həm də yaxın yerə gedəcəyindən idarə etdiyi Hyundai Santafe markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin pultunu stolun üstünə qoyduğunu, evdən çıxanda Etibar evin qapısını açarla bağladığını, açarı götürüb dəhlizdə elektirik sayğacının yerləşdiyi qutuya qoyduğunu, sonra binadan çıxıb şəhərdə birlikdə gəzdiklərini, bağa gedib çay içdiklərini, çay içən zaman Tuncayın durub getdiyini, Etibarın hara gedirsən soruşduğunu, Tuncayın da “işim var, siz evə gedin mən də gələcəm” dediyini, yarım saat keçəndən sonra Tuncaydan Etibara zəng gəldiyini, Etibar telefonu açdığını, Tuncayın “evə gəlmişəm, açar yerində yoxdu, evdəsiniz” soruşduğunu, Etibarın da “bağda oturmuşuq, hələ evə getməmişik” dediyini, Etibar telefonu söndürüb tələsik evə getdiklərini, beşinci mərtəbəyə qalxdıqda Tuncay qapının ağzında olduğunu, Tuncayın da “qapı bağlıdır, açar yoxdu” dediyini, həmin vaxt Etibarın üstündə olan əlavə açarla qapını açdığını və içəri keçdiklərini, içəri keçəndə evə kiminsə girdiyini hiss etdiklərini, tez stolun üstünə baxanda avtomobilinin pultunun yerində olmadığını gördüyünü, jiletinə baxanda jiletinində yerində olmadığını gördüyünü, Uşaqlardan birinin “hamamda kimsə üzünü vurub və mətbəxdə yemək yeyib” dediyini, evdə o yan bu yan baxsa da jiletini və avtomobilinin pultunu tapa bilmədiyini, Etibarın da evə oğru girməyindən şübhələndiyini, özünün də 102-yə zəng vurub polis əməkdaşına “evdən bir ədəd avtomobilimin pultu və qara rəngli jiletim oğurlanıb” dediyini, bir qədər keçəndən sonra evə polis əməkdaşları gəldiklərini, polis əməkdaşlarının öz iştirakları ilə evə baxış keçirdiklərini, polis əməkdaşlarının evdə yaşayan Etibardan və digərlərindən evdən nəsə oğurlandığını soruşduqlarını, evdən başqa heç nə oğurlanmadığını, özünün də Polis İdarəsinə gəlib ərizə yazdığını, bir gün keçəndən sonra polisdən zəng vurub “sizin əşyaları oğurlayan şəxs saxlanılıb, və onun üzərində sizin qeyd etdiyin əşyalar aşkar olunaraq götürülüb” dediyini, özünün bir ədəd qara rəngli jileti və bir ədəd idarə etdiyi Hyundai Santafe markalı avtomobilinə məxsus pultun oğurlandığını, qara rəngli jiletini bir il olar istifadə etdiyini, onu 45 manata aldığını, ona məxsus avtomobilin pultunun qiymətinin isə təxminən 220 manat olduğu, Hyundai Santafe markalı avtomobillərin pultunun baha olduğu, ona ümumilikdə təxminən 265 maddi ziyan dəydiyini əslən Culfa rayon Yaycı kənd sakini olduğunu, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşadığını, ünvan 5 kurs yoldaşı Etibar və onun həmkəndliləri əkizlər Tuncay və Rəvanın orada yaşadığını, həmin evdə yaşamasa da o evi tanıdığını, həmin evə tez-tez qonaq gedib gəldiyini, həmin ev beşinci mərtəbədə yerləşdiyini, evin bir otaqlı olduğunu, evin giriş qapısınında daxil olanda sol tərəfdə hamam-tualet otağının yerləşdiyini, sonra salon və salondan mətbəxə qapının olduğunu, evdən əşyalarının oğurlandığını, avtomobilinin pultunu salonda stolun üstünə qoyduğunu, qara rəngli jiletini də stulun başına asdığını, evdə yaşayan Etibar və əkiz qardaşlar evə baxsada, evdən başqa heç nəyin oğurlanmadığını, evin hamam-tualetindən və mətbəxindən istifadə olunduğunu, Hyundai Santafe markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin anası X3 məxsus olduğunu, ancaq həmin avtomobili etibarnamə ilə özünün idarə etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən müəyyən edilir ki, hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin mobil şöbəsinin inspektoru işlədiyini, gömrük xidməti kapitanı olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, 2023-cü il aprel ayının əvvəllərində evdə olanda azyaşlı oğlunun gəlib “ata mən velosipedimi tapa bilmirəm” dediyini, oğlu ilə birlikdə velosipedi axtardıqlarını, ancaq tapa bilmədiklərini, velosipedin 26-lıq olduğunu, qara-boz rəngli olduğunu, həmin velosipedi bir il bundan qabaq 250 manata aldığını, həmin velosipedin 250 manat dəyəri olduğunu, məhlədə qonum-qonşuya uşağın velosipedi itib, görən olsa, xəbər versin deyə səs saldığını, bir neçə həftə sonra Polis Bölməsində oğurlanmış velosipedlər olduğunu eşitdiyini, özünün də həmin Polis Bölməsinə getdiyini, velosipedlərə baxanda uşağın velosipedinin orada olduğunu gördüyünü, özünün də polis əməkdaşından velosipedi kim oğurlayıb soruşduğunu, polis əməkdaşının da “Babək rayon Cəhri qəsəbəsi sakini Təqsirləndirilən şəxs oğurlayıb” dediyini, velosipedin özünə qaytarıldığını, evindən bir velosipedin oğurlandığını, evindən başqa heç nəyin oğurlanmadığını, Təqsirləndirilən şəxs ayrı avtomobillərdən sənədlər, şəxsiyyət vəsiqəsi və s. sənədlər oğurladığını bildiyini, tanışlardan və ya məhlədən başqa nəsə oğurlandığını eşitmədiyini, məlumatının olmadığını, cinayət işi üzrə tanınmış digər Zərərçəkmiş şəxs4 İbrahim oğlunu tanımadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixli teleqramda göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid Vaqif oğlunun ifadəsindən müəyyən edilir ki, Naxçıvan Dövlət Universitetində coğrafiya müəllimliyi üzrə İV kurs tələbəsi olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, onunla arasında heç bir ədavət düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, Zərərçəkmiş şəxs4 kurs yoldaşı olduğunu, təhsili ilə əlaqədar həmkəndliləri X4 və onun əkizi Tuncayla birlikdə ünvan 5 kirayə yaşadıqlarını, həmin evin H.Əliyev adına Gənclər və Yaradıcılıq mərkəzi ilə üzbəüz yerləşdiyini, 5-ci mərtəbədə yerləşdiyini, həmin evin bir otaqlı ev olduğunu, evin giriş qapısının dəhlizə, dəhlizdə sol tərəfdə hamam-tualet otağının yerləşdiyini, dəhlizin salona çıxdığını, salondan bir qapının da mətbəxə açıldığını, 26 may 2023-cü il tarixdə saat 15 radələrində kurs yoldaşı Zərərçəkmiş şəxs4 zəng vurub harada olduğunu soruşduğunu, Malikə “evdəyəm, gəl evə” dediyini, biraz keçəndən sonra Malikin evə gəldiyini, evdə biraz söhbət elədiklərini, şəhərə çıxıb gəzib çay içək deyə razılaşdıqlarını, Malikin də əynində olan qara jileti çıxarıb evə qoyduğunu, X7 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilinin olduğunu, evdən çıxanda yaxına gedəcəklərindən Malikin avtomobilini götürmədiyini, evdən çıxanda evin qapısını açarla bağladığını, həmişə olduğu kimi evin açarını götürüb dəhlizdə elektirik sayğacının yerləşdiyi qutuya qoyduğunu, evin qapısının iki açarının olduğunu, açarın biri həmişə özündə olduğunu, birini də istifadə etmək üçün 3 nəfər olduqlarından elektirik sayğacının yerləşdiyi qutuya “gələndə heç kəs qapıda qalmasın” deyə qoyduqlarını, binadan çıxıb şəhərdə birlikdə gəzdiklərini, deyib güldüklərini, bağa gedib çay içdiklərini, çay içən zaman Tuncayın durub getdiyini, Tuncaydan “hara gedirsən” soruşduğunu, Tuncayın da “işim var, siz evə gedin mən də gələcəm” dediyini, yarım saat keçəndən sonra Tuncayın zəng elədiyini, telefonu açdığını, Tuncayın özündən “evə gəlmişəm, açar yerində yoxdu, evdəsiniz” soruşduğunu, özün də Tuncaya “bağda oturmuşuq, hələ evə getməmişik” dediyini, özünün də narahat olub “dedim görən, nə olub” düşünərək açarın biri özündə olduğundan tez uşaqlarla tələsik evə getdiklərini, beşinci mərtəbəyə qalxdıqlarını, Tuncayın qapının ağzında olduğunu, Tuncayın “qapı bağlıdır, açar da yoxdu” dediyini, üstündə olan əlavə açarla qapını açdığını, içəri keçdiklərini, içəri keçəndə Tuncayın “evə kimsə girib” dediyini, Malikin də evə baxdığını, Malikin “avtomobilimin pultu və jiletim yoxdur” dediyini, hamama evə baxanda “hamamda kiminsə üzünü vurub və mətbəxdə yemək yeyib” müşahidə etdiklərini, evi axtarsalar da, Malikin jiletini və avtomobilinin pultunu tapa bilmədiklərini, Malikin də 102-yə zəng vurub polis əməkdaşına məlumat verdiyini, bir qədər keçəndən sonra evə polis əməkdaşlarının gəldiyini, polis əməkdaşlarının öz iştirakları ilə evə baxış keçirdiklərini, polis əməkdaşlarının “evdən nəsə oğurlanıb” soruşduqlarını, evdən Tuncaya, Rəvana və mənə məxsus heç nə oğurlanmadığını, bir Malikin avtomobilin pultunun və qara rəngli jiletinin oğurlandığını, polis əməkdaşının Malikdən “əşyalarının nə qədər dəyəri var” deyə soruşduğunu, Malikin də “avtomobilin pultunun qiyməti təxminən 220 manatdır, jiletimi də 45 manata almışam” dediyini, Malikin bununla bağlı ərizə yazdığını, yaşadığı müddətdə həmin evdən heç bir oğurluq olmadığını, evdən başqa heç nəyin oğurlanmadığını, evin hamamtualetindən və mətbəxindən istifadə olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə tövsif olunmuşdur. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının 22-də Zərərçəkmiş şəxs1 məxsus Naz Lifan markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobilə daxil olub avtomobilin içərisindən ona aid bir ədəd AA******* nömrəli şəxsiyyət vəsiqəsini, AC N 787023 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, ********** nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsini və 03423 nömrəli, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş pensiya vəsiqəsini talamışdır. Bundan başqa, o, 2023-cü ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub həyətdən 140 manat dəyərində bir ədəd üzərində SAFT yazıları olan, 26-lıq velosipedi oğurlamış və zərərçəkmiş şəxsə 140 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 15 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Vaz 21074 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilə daxil olub avtomobilin içərisindən ona aid bir ədəd AA******* nömrəli şəxsiyyət vəsiqəsini, bir ədəd AE 877914 nömrəli sürücülük vəsiqəsini talamışdır. Bundan başqa, o təkrarən 01 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Vaz 21074 markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilə qanunsuz daxil olub ona aid bir ədəd BD852039 nömrəli sürücülük vəsiqəsini, bir ədəd avtomobilin qeydiyyat şəhadətnaməsini talamışdır. Bundan başqa, o, təkrarən 26 may 2023-cü il tarixdə, saat 15:19 radələri aralığında ünvan 2 ünvanında evdə heç kimin olmadığı müddətdə evə qanunsuz daxil olaraq oradan tamah məqsədilə Zərərçəkmiş şəxs4 İbrahim oğluna məxsus bir ədəd 5 manat dəyərində olan qolsuz formada ön hissəsi zəncirbəndlə açılıb-bağlanan, “S” ölçülü qara rəngli jileti və bir ədəd 180 manat dəyərində olan “Hyundai Santafe” markalı avtomobilə aid pultu və bir ədəd 2 manat dəyərində evin giriş qapısı üçün açarı oğurlamış və zərərçəkmiş şəxsə 187 manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-dən alınmış cavabda Təqsirləndirilən şəxs 23 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Şəmkir rayon Məhkəməsi tərəfindən ********* nömrəli cinayət işi üzrə həbs edildiyi, 22 iyun 2017-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyi, 31 mart 2022-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 23 gün vaxtından əvvəl şərti olaraq azad olunduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzdən alınmış 25 iyun 2023-cü il tarixli 571 saylı ekspert rəyində 01 ədəd üzərində SAFT yazılan 26-lıq velosipedin qiymətinin 140 manat, 01 ədəd qolsuz formada ön hissəsi zəncirbəndlə açılıb- bağlanan "S” ölçülü qara rəngli jiletin (zəncirbəndi qırılmış və cibləri sökülmüş vəziyyətdə) qiymətinin 5 manat, Hyundai Santafe markalı avtomobilə aid pultun qiymətinin 180 manat, evin giriş qapısı üçün açarın qiymətinin 2 manat, ümumi əşyaların dəyərinin 327 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməllərinin törədilməsi hallarını və zərərçəkmiş şəxslərin onun barəsində şikayətçi olmamalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 326.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 177.2, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 326.2-ci maddəsinə əsasən, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmışdır. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan 1 ədəd qolsuz formada ön hissəsi zəncirbənlə açılıb-bağlanan “S” ölçülü qara rəngli jilet (zəncirbəndi qırılmış və cibləri sökülmüş vəziyyətdə), 1 ədəd Hyundai Santafe markalı avtomobilə aid pult, 1 ədəd evin giriş qapısı üçün açar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs4 qaytarılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 326.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılsın və 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində 3 (üç) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan 1 ədəd qolsuz formada ön hissəsi zəncirbənlə açılıb-bağlanan “S” ölçülü qara rəngli jilet (zəncirbəndi qırılmış və cibləri sökülmüş vəziyyətdə), 1 ədəd Hyundai Santafe markalı avtomobilə aid pult, 1 ədəd evin giriş qapısı üçün açar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs4 qaytarılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-34/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-34/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver