Məhkəmə qərarları › İş №1(078)-35/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-35/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-35/2025 02.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 28 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixədək olan müddət ərzində yaşadığı Naxçıvan şəhəri, 10-cu küçə, döngə 5, ev 1 ünvanında yerləşən evdən 1 ədəd dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı soyuq silahı qanunsuz olaraq əldə edib üzərində gəzdirərkən, yəni 10 yanvar 2025-ci il tarixdə saat 01:00 radələrində X10 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun baqaj yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün baqaj yüklərinə ümumi yoxlanış keçirilmiş və baqaj çantasından 1 ədəd yuxarıda qeyd olunan predmet aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun öz ifadəsi, şahidlərin ifadələri ilə, istintaq hərəkətlərinin protokolları və ekspert rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayətdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ailəsi ilə birlikdə ünvan 2 ünvanında da evləri olub həmin ünvanda da yaşamışlar. Təxminən 5 ay əvvəl ünvan 4 ünvanında yerləşən evin sənədləşməsini etmiş, həmin evdə tək yaşamış, işlərini bitirdikdən sonra yeniden Bakı şəhərinə getmək qərarına gəlmişdir. Əşyalarını yığan zaman evdə olan şkafdan bir ədəd dəyənək tapmış, həmin dəyənəyin kimə məxsus olmasını dəqiq bilməsə də atası Şahid3 məxsus olmasını düşünmüşdür və Bakı şəhərinə aparmaq üçün çantasına qoymuşdur. Dəyənək barəsində isə atası Şahid3 heç nə deməmiş, 10 yanvar 2025-ci il tarixdə Bakı şəhərinə getmək üçün X10 Limanına getmiş, Hava limanının giriş hissəsində monitor yoxlanışdan keçərkən çantası rentgen qurğusuna yerləşdirilmiş, rentgen qurğusundan keçən zaman qurğuya nəzarət edən şexs ona çantada metal nəsə olubolmadığını demiş, çantasında dəyənək olduğunu demiş, hava limanı əməkdaşları ilə birlikdə çantasını açmış, dəyənəyi göstərmişdir. Hava limanı əməkdaşları daha sonra polis əməkdaşlarını həmin yerə dəvət edib müvafiq sənədlər tərtib etdikdən sonra onu çantasında olan dəyənklə birlikdə polis əməkdaşlarına təhvil vermişlər. X1 Hava Limanında aşkar edilərək götürülən dəyənəyi Bakı şəhərinə aparmış, başqa məqsədi olmamışdır. Dəyənək barəsində heç kimin məlumatı olmamış, dəyənəyin atasına məxsus olduğunu düşünsə belə ona bu barədə deməmiş, eləcə evdə olduğundan və xoşuna gəldiyi üçün özü ilə birgə Bakı şəhərində yaşadıqları evə aparmaq istəmişdir. Hava limanı əməkdaşları tərəfindən saxlanıldıqdan sonra atası ilə bu barədə danışdıqda atası ona həmin dəyənəyi illər əvvəl tapdığını, sonradan isə dəyənəyi unutduğunu demişdir. Hər hansı bir şəxslə arasında ədavət, düşmənçilik münasibəti olmamış, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki güc və başqa cür təsir göstərilməmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. 17 iyun 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə saat təxminən 01 radələrində X10 Limanında növbədə olan zaman hava limanının giriş postunda rentgen qurğusuna nəzarət edən özü olmuşdur. Vətəndaşın baqaj çantasından dəyənək aşkar etmiş, dərhal məlumat vermişdir. Həmin şəxs Təqsirləndirilən şəxs idi. Sonra hava limanının daxilində xidmət aparan polis əməkdaşlarını həmin yerə dəvət edərək Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə akt tərtib etdikdən sonra, onu və aşkar olunmuş dəyənəyi polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamış, Təqsirləndirilən şəxs ilk dəfə idi hava limanında görmüşdür. Təqsirləndirilən şəxs hava limanında tək olmuş, yanında heç kimi görməmişdir. Təqsirləndirilən şəxs baqaj çantasından 1 ədəd dəyənək aşkar edilən zaman dəyənəyin yaşadıqları evdə olduğunu, Bakı şəhərinə getdiyi üçün yanında apardığını demişdir. İbtidai istintaq zamanı dindirilən ifadəsi məhkəmə istintaqı zamanı elan edilən Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ildən X10 Limanında ATX-nin agenti vəzifəsinə təyin edilmiş, həmin vəzifədə bir müddət işlədikdən sonra 2024-cü ildə həmin xidmətin növbə rəisi vəzifəsinə təyin edilmişdir. 10 yanvar 2025-ci il tarixdə saat təxminən 01 radələrində X10 Limanında növbədə olan zaman hava limanının giriş postunda rentgen qurğusuna nəzarət edən əməkdaş Şahid2 xidməti rabitə qurğusu ilə məlumat verərək vətəndaşlardan birinin baqaj çantasından dəyənək aşkar etdiyini bildirmiş, dərhal həmin yerə gedib şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sonra hava limanının daxilində xidmət aparan polis əməkdaşlarını həmin yerə dəvət edərək Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə akt tərtib etdikdən sonra, onu və aşkar olunmuş dəyənəyi polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq münasibəti və yaxud ədavəti olmamış, Təqsirləndirilən şəxs ilk dəfə idi hava limanında görmüşdür. Təqsirləndirilən şəxs hava limanında tək olmuş, yanında heç kimi görməmişdir. Təqsirləndirilən şəxs baqaj çantasından 1 ədəd dəyənək aşkar edilən zaman dəyənəyin yaşadıqları evdə olduğunu, Bakı şəhərinə getdiyi üçün yanında apardığını demişdir. İbtidai istintaq zamanı dindirilən ifadəsi məhkəmə istintaqı zamanı elan edilən şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə saat təxminən 01:00 radələrində X10 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Şahid1 əlaqə saxlayaraq sərnişinlərin birindən dəyənək aşkarlandığını bildirmiş, təhvil götürmələrini istəmişdir. Həmin gün X10 Limanında xidmət aparan əməkdaş İbrahim Hüseynova məlumat verib birlikdə təhlükəsizlik xidmətinə yaxınlaşmış, yaxınlaşdıqları zaman orada dəyənək aşkar olunduğu şəxsi görüb adının Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Akt tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş dəyənəklə birlikdə təhvil alıb X3 Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs kim olduğunu bilməmiş, onunla hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə idi ki, hava limanında görmüşdür. Təqsirləndirilən şəxs və dəyənəyi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X3 Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. İbtidai istintaq zamanı dindirilən ifadəsi məhkəmə istintaqı zamanı elan edilən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə saat təxminən 01:00 radələrində X10 Limanında xidmətdə olan zaman hava limanının təhlükəsizlik xidmətinin növbə rəisi Şahid1 əlaqə saxlayaraq sərnişinlərin birindən dəyənək aşkarlandığını bildirmiş, təhvil götürmələrini istəmişdir. Həmin gün X10 Limanında xidmət aparan əməkdaş X5 məlumat verib birlikdə təhlükəsizlik xidmətinə yaxınlaşmış, yaxınlaşdıqları zaman orada dəyənək aşkar olunduğu şəxsi görüb adının Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Akt tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş dəyənəklə birlikdə təhvil alıb X3 Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs kim olduğunu bilməmiş, onunla hər hansı bir qohumluq münasibəti və yaxud ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə idi ki, hava limanında görmüşdür. Təqsirləndirilən şəxs və dəyənəyi təhlükəsizlik xidməti əməkdaşlarından təhvil alandan sonra X3 Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. İbtidai istintaq zamanı dindirilən ifadəsi məhkəmə istintaqı zamanı elan edilən şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1997-ci ildən 2015-ci ilədək Naxçıvan Muxtar Respublikası X8 xidmət etmiş, sonradan təqaüdə buraxılmış, hazırda Bakı şəhərində yaşamışdır. Təqsirləndirilən şəxs övladıdır, o bir neçə ay əvvəl sənədləşmə işi ilə bağlı ünvan 5 ünvanında tək yaşamışdır. 10 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinə gələrkən X10 Limanında saxlanıldığını eşitmiş, səbəb isə Naxçıvan şəhərində 10-cu küçə, döngə 5 ev 1 ünvanında yerləşən evdən götürüb çantasına qoyduğu 1 ədəd dəyənəyin aşkar olunması olmuşdur. Həmin dəyənəyi 2021-ci ildə Naxçıvan şəhərində yerləşən "Tutduq" adlanan yerdən tapmış, soyuq silah olduğunu düşünməmiş, özü ilə birlikdə evə gətirib avtomobil saxlamaq üçün tikilmiş qaraja qoymuş, sonradan yadından çıxmış və orada qalmışdır. Sonrakı dövrdə isə dəyənəyi oradan götürüb başqa harasa qoyubqoymamağını xatırlamamış, həmin ərəfə anası Sevil Rzayevanın Bakı şəhərində səhhətində problem yarandığından Bakı şəhərinə getmiş, 2021-ci ildə də anası vəfat etmiş, yas mərasimlərinə başı qarışdığından dəyənək də olduğu yerdə unudulmuşdur. Təqsirləndirilən şəxs həmin dəyənəyi götürmüş, ona bu barədə məlumat verməmiş, eləcə çantasına qoyaraq Bakı şəhərinə gətirmək istəmişdir. Rəhman özü də dəyənəyin soyuq silah olmasını bilməmişdir. Rəhman Rzayevin çantasından aşkar olunmuş dəyənək barəsində onu tapan zaman həmin dövrdə heç kimə məlumat verməmiş, özü polis əməkdaşı olmuş, onun soyuq silah olduğunu bilsə özü könüllü təqdim edərmiş. Dəyənəyi tapmağının üzərindən 4 il keçmiş, dəyənəyi qaraja qoymağını xatırlamış, ola bilsin sonradan dəyənəyi qarajda təmizlik işləri görən zaman evə aparıb şkafa qoymuşdur. İş materiallarına əlavə edilmiş: 10 yanvar 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs çantasına rentgen müayinəsi zamanı baxış keçirilmiş və çantadan 1 ədəd dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı soyuq silah aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 fevral 2025-ci il tarixli 62 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır. Təqsirləndirilən şəxs çantasından götürülmüş 1 (bir) ədəd dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olub təyinatı üzrə istifadəyə yararlı olan dəyənək cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanca verilmişdir. X10 Limanının inzibati binasında yerləşən minik zalının müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə X3 X11 qrupunun təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən 16 yanvar 2025-ci il tarixdе baxış keçirilmiş və baxış zamanı DVD-də 2 ədəd video-görüntünün olması müəyyən olunmuşdur. Həmin video-görüntüyə baxış zamanı birinci videonun 8 dəqiqə 58 saniyə, ikinci videonun 4 dəqiqə 2 saniyə olması, videokameranın hava limanının inzibati binasında, giriş hissəsindəki rentgen qurğusunun yerləşdiyi ərazini çəkməsi müşahidə edilir. Kameranın müşahidəsinə rentgen qurğusu və yoxlama aparatları düşür. Həmin vaxt rentgen qurğusunda Təqsirləndirilən şəxs baqaj çantasının ötürüldüyü, çanta qurğudan keçdikdən sonra hava limanı əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs çantada nə isə olduğunu işarə etdiyi və Təqsirləndirilən şəxs çantadan nə isə çıxararaq təqdim etdiyi müəyyən olunur. Sonra orada xidmət aparan hava limanı əməkdaşı və polis əməkdaşları dəvət olunur, Təqsirləndirilən şəxs və aşkar olunmuş əşya polis əməkdaşlarına təhvil verilir. İş üzrə Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş bir ədəd dəyənəyə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 1 aprel 2025-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs baxış keçirilən dəyənəyin onun çantasından aşkar olunmuş dəyənək olduğunu, həmin dəyənəyi yaşadığı ünvan 1 ünvanında yerləşən evdə şkafdan tapdığını, çantasına qoyaraq Bakı şəhərinə aparmaq istədiyini, X10 Limanına getdiyi zaman hava limanının girişində rentgen yoxlaması zamanı çantasından aşkar olunduğunu bildirmişdir. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİş-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə tövsif olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, o, 10 yanvar 2025-ci il tarixədək olan müddət ərzində yaşadığı Naxçıvan şəhəri, 10-cu küçə, döngə 5, ev 1 ünvanında yerləşən evdən 1 ədəd dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı soyuq silahı qanunsuz olaraq əldə edib üzərində gəzdirərkən yəni, 10 yanvar 2025-ci il tarixdə saat 01:00 radələrində X10 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə getmək istəyən zaman hava limanında onun baqaj yükləri rentgen qurğusundan keçərkən şübhəli təsvirlər olduğu üçün baqaj yüklərinə ümumi yoxlanış keçirilmiş və baqaj çantasından 1 ədəd yuxarıda qeyd olunan predmet aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də, onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, 01 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini-ünvan 8 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer-Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 28 üzrə Bakı şəhəri, Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs çantasından götürülmüş, cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlancа verilmiş 1 (bir) ədəd dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah olub təyinatı üzrə istifadəyə yararlı olan dəyənək müsadirə olunmalı və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142330 olan, X12 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini-ünvan 8 ünvanı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer-Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 28 üzrə Bakı şəhəri, Xətai Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs çantasından götürülmüş, cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlancа verilmiş 1 (bir) ədəd dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik istifadəyə yararlı olan soyuq silah-dəyənək müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının xərci olan 67 (altmış yeddi) manat Təqsirləndirilən şəxs tutularaq büdcə təsnifat kodu 142330 olan, X12 MR İdarəsi kodu 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ******************** olan hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar