Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-38/2023 20.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X8 iştirakları ilə, xx.xx.1993-cü ildə İran İslam Respublikası Poldəşt məntəqəsinin Mirzəkən kəndində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, evli, İran İslam Respublikası Poldəşt məntəqəsinin Mirzəkənd kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan və barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “13” sentyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 28 iyun 2023-cü il tarixdə X25 Divizyasının 12-ci Sərhəd Zastavasının Xidməti ərazisində sərhəd rejim qaydalarını pozduğu üçün saxlanılan zaman üzərinə baxış keçirilmiş və əynində olan boz rəngli şalvarın sağ arxa cibindən təmiz çəkisi 14,589 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İran İslam Respublikası Poldəşt məntəqəsinin Mirzəkənd kəndində Fariz adlı şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə edib, üzərində saxlamaqla daşımış, 28 iyun 2023-cü il tarixdə X25 Divizyasının 12-ci Sərhəd Zastavasının Xidməti ərazisində sərhəd rejim qaydalarını pozduğu üçün saxlanılan zaman üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və əynində olan boz rəngli şalvarın sağ arxa cibindən təmiz çəkisi 14,589 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, balıq tutmaq üçün iyunun 28-i saat 1-də gəlib öz tərəflərində toru saldıqlarını, bir neçə saat orada olduqlarını, artıq qayıdacaqlarını, birdən küləyin toru Azərbaycan tərəfə gətirdiyini, onların da torun arxasınca keçmiş olduqlarını, onları orada saxladıqlarını, üstlərini heç kimin axtarmadığını, sadəcə onun artıq ağrıları başladığı üçün üzərində olan tiryəkdən istifadə etmək istədiyini, ondan sonra üzərində tiryək olduğunu bildiklərini, özünün könüllü tiryəki çıxarıb təhvil verdiyini, Şahin adlı şəxsi görmədiyini, 12 ildir balıqçı olduğunu, həmişə həmin ərazidə balıq tutduqlarını, kamerlərlə balığı tutduqlarını, küləyin gətirdiyini, ilk dəfə olmadığını, 2-3 il bundan qabaq da belə bir hadisə olduğunu, onları saxladıqlarını, baxış keçirmədiklərini, üzərlərində nəsə axtarmadıqlarını, onun ağrıları başladığı üçün qardaşına tiryəkdən istifadə etmək istədiyini, sərhəd xidmətinin əməkdaşlarına bunu deməsini dediyini, həmin vaxt hansı ərazidə olduğunu bilmədiyini, 3 gün orada qaldıqlarını, gözlərinin bağlı olduğunu, 15 qram üstündə tiryək olduğunu, gündə 8-9 qram istifadə etdiyini, burada qadağan olunduğunu bilsə elə bir şey etməyəcəyini, peşman olduğunu, saxlanılmamışdan 2-3 saat əvvəl narkotikdən istifadə etdiklərini, tiryəkin özündə olduğunu, hər şeyi xatırladığını, tiryəkin geyimində olduğunu, könüllü təhvil verdikdən sonra geyiminə baxış keçirdiklərini, onun iştirakı ilə baxdıqlarını, üzərinə baxışı hal şahidlərinin iştirakı ilə keçimədiklərini, 3 saata yaxın olduqlarını, öz tərəflərində suda olduqlarını, ağrıları başladığı üçün istifadə etmək istədiyini, törətdiyi əmələ görə peşman olduğunu bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində Sərhəd Diviziyasının yaxınlığında ərik bağında olduqlarını, sərhədçilərin həmin vaxt yaxınlaşıb onlara “hal şahidi kimi mülki vətəndaş lazımdır” dediklərini, ona narkotik vasitəni göstərdiklərini, stolun üstündə narkotikə bənzər kütlə olduğunu, ağ selefona büküldüyünü, bükümün balaca ölçülü olduğunu, ərik bağının Naxçıvan ərazisində yerləşdiyini, həmin vaxt təqsirləndirilən şəxsin onların yanında olmadığını, başqa otaqda olduğunu, onlara narkotik vasitəyə bənzər kütləni ayrıca otaqda göstərdiklərini, təqsirləndirilən şəxsin sadəcə “məndən çıxıb” dediyini, təqsirləndirilən şəxsin cibindən çıxardıqlarını dediklərini, onlara sadəcə göstərdiklərini, özünün şəxsən narkotik vasitənin təqsirləndirilən şəxsin cibindən çıxdığını görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində Şahinlə birlikdə ərik bağında olduqlarını, onları “gəlin şahidlik etməlisiz” deyə çağırdıqlarını, stolun üstündə bıçaq, bağlı torbada nəsə və telefon olduğunu, torbada olanın heroin olduğunu təxmin elədiyini, başqa heç nə bilmədiyini, görmədiyini, ərik bağının Naxçıvan şəhəri ərazisində yerləşdiyini, üzərindən narkotik vasitə çıxarılan şəxsi görmədiyini, tanımadığını, onları sərhədçilərin çağırdığını, özünün sadəcə izahata imza çəkdiyini, özünün iştirakı ilə təqsirləndirilən şəxsin üzərində axtarış aparılmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində 28 iyun 2023-cü il tarixdə saat 05 radələrində İİ sərhəd komendantlığından 3 nəfər İran İslam Respublikası vətəndaşının rejim qaydalarını pozduqları üçün saxlanılması barədə məlumat daxil olduğunu, bundan sonra həmin yerə gedərək qeyd olunan şəxslərin kimliyini dəqiqləşdirdiyini, onların üzərinə baxış keçirdiyini, həmin şəxslərdən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, belinə asılmış qara rəngli çanta, sağ arxa cibindən bir ədəd narkotikə bənzər maddə aşkar edilərək götürüldüyünü, müvafiq qaydada qablaşdırıldığını, həmin maddənin narkotik vasitə olub-olmadığını dəqiqləşdirmək üçün ekspertiza təyin edildiyini, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərindən həmin maddə aşkar edilən zaman Cahangirin həmin maddənin narkotik vasitə hesab olunan tiryək olduğunu və özünün istifadəsi üçün İran İslam Respublikasının Poldəşt məntəqəsinin Mirzəkənd kəndindən aldığını bildirdiyini, həmin məlumat əsasında oraya gedərək inzibati qaydada protokol tərtib etdiyini, axtarış və götürməni özünün apardığını, hal şahidlərinin orada olduqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində səhər üzünə yaxın xidmətdə olarkən rejim qaydalarını pozan İran vətəndaşlarını saxladıqlarını, təxminən 7-8 radələrində onların ərazisinə keçdiklərini, 9 nəfər olduqlarını, telefon, bıçaq və kağız aşkarlandığını, Azərbaycan ərazisinə kamerlə keçdiklərini, sonradan şəxsin üzərində narkotik vasitə olduğunu bildiklərini, təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin kağızda olduğunu, ona baxmağa icazələrinin olmadığını, qeydiyyat üçün, nə olduğuna baxmaları üçün aiddiyəti üzrə təhvil verdiklərini, şəxslərlə kontakta girməyə icazələrinin olmadığını, şəxslərin sərhədi pozduqları üçün saxlanıldıqlarını, dəfələrlə Azərbaycan ərazisinə keçmələri ilə bağlı xəbərdarlıq edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində xidmətdə olarkən 28 iyun tarixində İran vətəndaşlarının sərhədi keçdikləri üçün saxlanıldıqlarını, üzərlərində baxış keçirildiyini, bıçaq, telefon, narkotikə bənzər kağız aşkarlandığını, yoxlanışı Fərid Allahverdiyevin etdiyini, kontakta keçə bilmədiklərini, çayın qırağında axtarış aparıldığını, telefon, bıçaq, alışqan, siqaret, bir də kağız aşkarlandığını, sonradan narkotik olduğunu bildiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində 19 may 2023-cü il tarixdən 2-ci sərhəd komendantlığının qərargah rəisi vəzifəsinə təyin olunduğunu, 28 iyun 2023-cü il tarixdə saat 02:50-dən 04:50-dək sərhəd naryadı tərkibində baş çavuş Şirəli Aşurov və gizir Zamin Hacıyev olmaqla 12-ci sərhəd zastavasının 21-28-ci sahələrinə “SƏBQ” sərhəd naryadı xidmətinə təyin olunduqlarını, təxminən saat 04:00 radələrində 12-ci sərhəd zastavasının 28-ci sahəsində dövlət sərhəd xəttindən təqribən 600 metr Azərbaycan Respublikası ərazi sularına doğru 12/12 saylı sərhəd nişanından 1200 metr şərqə 2 ədəd rezin kamerin üzərində balıq ovu ilə məşğul olan 3 nəfər naməlum şəxsin hərəkətini müşahidə etdiklərini, həmin vaxt 12-ci sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq mobil qrup və həyəcan qrupu 28-ci sahə istiqamətində sahil xəttinə hərəkət etdiyini, “SƏBQ” sərhəd naryadı tərkibində katerlə sərhəd rejim pozucuları müşahidə edilmiş yerə hərəkət edərək saat 04:15 radələrində 12-ci sərhəd zastavasının 28-ci sahəsi istiqamətində 3 nəfər naməlum şəxsin 2 ədəd rezin kamer üzərində AR ərazi sularında hərəkətini aşkar etmiş və “Dayan” çağırışı ilə saxladıqlarını, saxlanılan şəxslərin katerlə 28-ci sahəyə çıxarılaraq saat 04:20 radələrində sərhəd naryadına təhvil verildiyini, xidməti avtomobil ilə xidməti binaya aparıldıqlarını, şəxsin üzərindəki əşyaların götürüldüyünü, lakin tam nə olduqlarını bilmədiklərini, qaranlıq olduğunu, rəhbərlik tərəfindən hazırki təqsirləndirilən şəxsin üzərində axtarış aparıldığını, protokol tərtib olunduğunu, sonra narkotik olduğunu bildiklərini, onun vəzifəsinin şəxsi təhvil vermək olduğunu bildirdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin (hal şahdləri istisna olmaqla)) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, hal şahidləri axtarış və götürmə aparılmasında həqiqətən də iştirak etmədiklərindən hal şahidlərinin ifadəsi cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 2-ci sərhəd komendantlığının komendantı, mayor Əli Rüstəmov tərəfindən tərtib edilmiş 28 iyun 2023-cü il tarixli raportda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində 12-ci sərhəd zastavasının 28-ci sahəsində AR ərazi sularında balıq ovu ilə məşğul olan şəxslərin hərəkəti “Sahilboyu əraziyə baxış qrupu” sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur. “Sahilboyu əraziyə baxış qrupu” tərkibində sərhəd naryadının başçısı sərhəd komendantlığı komendantının birinci müavini-qərargah rəisi kapitan F.Allahverdiyev, sərhəd naryadının üzvləri sərhəd komendantlığının rabitə qovşaq rəisi gizir Z.Hacıyev, sərhəd komendantlığı təminat mühafizə taqımının sürücüsü baş çavuş Ş.Aşurov olmaqla AR ərazi sularına hərəkət etmiş və 12-ci sərhəd zastavasının 28-ci sahəsində DS xəttindən təqribən 600 metr AR tərəfə 12/12 saylı sərhəd nişanından 1200 metr şərqə balıq ovu ilə məşğul olan 3 nəfər İİR vətəndaşı sərhəd rejim pozucusu qismində saxlanılmış, saat 04:20-də 28-ci sahə istiqamətində sahilə çıxarılmışdır. 12-ci sərhəd zastavası saat 04:00-da “Silaha” komandasına qaldırılmış və saxlanılan sərhəd rejim pozucuları sərhəd zastavasına gətirilmişdir. Filtirasiya zamanı həmin şəxslər İİR vətəndaşları Mirzəkənd kənd sakinləri xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.1999-cu il təvəllüdlü X9 və xx.xx.1993-cü il təvəllüdlü X6 olmaları müəyyən olunmuşdur. Üzərlərinə baxış zamanı 1 ədəd “Samsung J2” markalı smartfon mobil telefon, 1 qutu siqaret, 1 ədəd boyunbağı klonu ilə birlikdə, 1 cüt rezin əlcək və 1 ədəd bel çantası, əraziyə baxış zamanı 2 ədəd rezin kamer və 2 ədəd avar aşkar olunaraq götürülmüşdür. (cild İ, iş vərəq 3) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 85-86) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 iyul 2023-cü il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 111-114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 51-52) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, 28 iyun 2023-cü il tarixdə təxminən saat 04:00 radələrində 12-ci sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz keçmişdir. Bununla da o. dövlət sərhədini pozduğu üçün sərhədçilər tərəfindən saxlanılmışdır. (cild İ, iş vərəq 8) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli tərcüməçi təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə inzibati xəta haqqında iş üzrə fars və azərbaycan dillərini sərbəst bilən X24 tərcüməçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli müdafiəçi təyin edilməsi haqqında qərardan görünür ki, İran İslam Respublikası vətəndaşları X7, X2 və X3 inzibati məsuliyyətə cəlb edilmələri, müdafiəçinin yardımından istifadə etmək üçün maddi imkanının olmaması nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmələri qərara alınmışdır. (cild İ, iş vərəq 9) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2023-cü il tarixli məhkəmə kimyəvi ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, material üzrə məhkəmə kimyəvi ekspertizası təyin edilərək ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. (cild İ, iş vərəq 23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2023-cü il tarixli 641 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş təmiz çəkisi 14,589 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər, spesifik iyli kütlə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (cild İ, iş vərəq 25-27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 29 iyun 2023-cü il tarixli, 3(078)-284/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 3 (üç) gün müddətə inzibati qaydada tutulmuşdur. (cild İ, iş vərəq 28-31) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2023-cü il tarixli məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, “Naxçıvan” X14 araşdırılan material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinə göndərilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Prokuroru tərəfindən Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətova göndərilmiş 01 iyul 2023-cü il tarixli, 04/458 nömrəli məktubdan görünür ki, “Naxçıvan” X14 araşdırılan 20 nömrəli material araşdırmanın davam etdirlməsi üçün istintaq aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinə göndərilmişdir. (cild İ, iş vərəq 34) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli tərcüməçi təyin edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə X16 tərcüməçi qismində iştirakına xitam verilmiş və X17 tərcüməçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 35) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən X1 hüquqi yardım almaq hüququnu təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından pulsuz olaraq dövlət hesabına vəkil dəvət edilmişdir. (cild İ, iş vərəq 45) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 04 iyul 2023-cü il tarixli 3-13-43/2-5782/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 118-119) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyul 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X15nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 120-121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X15 tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli 173 saylı rəydə qeyd olunmuşdur ki, təqsirləndirlən şəxs X4 hər hansı bir psixi xəstəlik aşkar olunmadı, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Cahangir Camal oğlu cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. (cild İ, iş vərəq 133-135) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyul 2023-cü il tarixli məhkəmə narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi X15nin həkim ekspertlərinə tapşırılmışdır. (cild İ, iş vərəq 122-123) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X15 tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli 174 saylı rəydə qeyd olunmuşdur ki, təqsirləndirlən şəxs X6 (Metadon) narkomaniya xəstəliyindən əziyyət çəkir. Məcburi müalicəyə ehtiyac var. Anamnezdən məlum olur ki,”Metadon” narkotik vəsaitəsinə aludədir. (cild İ, iş vərəq 131-132) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən 01 sentyabr 2023-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan görünür ki, X3 üzərindən götürülmüş 14,589 qram tiryək cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, 14,589 qram tiryək məhkəmənin yekun qərarına və ya hökmünə kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin saxlanc otağına təhvil verilmişdir. (cild İ, iş vərəq 138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyul 2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, həmin tarixdə İstintaq zamanı əhəmiyyət kəsb edən halların əməliyyat yolu ilə müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinə əməliyyat tapşırığı verilmiş, alınmış cavabda müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, prosessual əhəmiyyət kəsb edən məlumatın əldə edilməməsi göstərilmişdir. (cild İ, iş vərəq 126-129) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, hal şahidləri şəxsi axtarış və götürmə aparılmasında həqiqətən iştirak etmədiyindən hal şahidlərinin ifadəsi cinayət işi üzrə sübut kimi qəbul edilə bilməz. İttihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlar isə sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri (hal şahidlərinin ifadələri istisna olmaqla), istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsini cəzanın məqsədi baxımından ədalətli hesab etmir. Ona görə də məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 01 (bir) il müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli onun faktiki azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni inzibati qaydada tutulduğu 28 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 14.539 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsə məxsus 01 ədəd “Samsung J7 Prime” markalı mobil telefon və 01 ədəd üzərində “CAT” yazılmış bel çantası hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 52 (əlli iki) iş saatına görə 312 (üç yüz on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 28 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 14.539 qram tiryək narkotik vasitəsi məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 312 (üç yüz on iki) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. 01 ədəd “Samsung J7 Prime” markalı mobil telefon və 01 ədəd üzərində “CAT” yazılmış bel çantası hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-38/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-38/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver