Məhkəmə qərarları › İş №1(078)-39/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-39/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-39/2025 17.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan Muxar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, iki uşaq atası, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 24 aprel 2025ci ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs3 təqaüdünü bərpa etmək adı ilə bağlı yalan vəd verib Naxçıvan şəhəri, X6 12-də yerləşən DSMF-nin qarşısında aldadaraq 2250 manat pulunu ələ keçirməsi barədə müraciət və həmin müraciət əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 750 manat pul qarşılığında Naxçıvan şəhərində yerləşən 3 nömrəli baxçaya mühafizəçi kimi işə düzəldəcəyi ilə bağlı yalan vəd verib, 2024-cü ilin iyul-avqust aylarında Babək rayon, Şıxmahmud kəndində müxtəlif vaxtlarda vahid niyyətlə 500 manat, 200 manat, 30 manat və 20 manat olmaqla ümumilikdə 750 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 1300 manat pul qarşılığında təqaüdə çıxarmaq adı ilə bağlı yalan vəd verib, 2024-cü ilin avqust ayında Naxçıvan şəhər Hacıniyyət kəndində 600 manat və 700 manat olmaqla iki dəfəyə vahid niyyətlə ümumilikdə 1300 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 2250 manat pul qarşılığında təqaüdünü bərpa etmək adı ilə bağlı yalan vəd verib, 2024-cü ilin sentyabr ayında Naxçıvan şəhəri, X6-12 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun inzibati binasının qarşısında 2250 manat pulunu ələ keçirməklə təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs2 ilə eyni məhəllədə qaldıqlarını, taksi kimi fəaliyyət göstərmədiyini, lakin onu avtomobili ilə gedəcəyi yerə apardığını, o zaman söhbət zamanı onu təqaüdə çıxarmağı təklif etdiyini, 700 manat təqaüdə düzəltmək adı ilə pul aldığını, 600 manat isə borc olaraq aldığını, onun heç bir problemi olmadığını, təqaüdə çıxarmayacağını, "Uzunoba" restoranında adminstrator vəzifəsində işlədiyini, həmin restoranda Zərərçəkmiş şəxs1 ofisiant işlədiyini, Zərərçəkmiş şəxs1 Naxçıvan şəhərində yerləşən bağçada mühafizəçi işi olduğunu, istəsə onu danışıb ora mühafizəçi kimi işə düzəldəcəyini dediyini, Zərərçəkmiş şəxs1 razılaşdıqdan sonra işi danışıb ona xəbər edəcəyini dediyini, Zərərçəkmiş şəxs1 500 manatdan yuxarı olsun, polis işinə baxsın deyə pulu artıq qeyd etdiyini dediyini, onun verdiyi pulu özünə geri qaytardığını, polisə şikayət edəndən sonra geri qaytardığını, əslində işin alınmadığını deməmişdən qabaq başqa işə düzəldiyi üçün pulunu geri istədiyini, Zərərçəkmiş şəxs3 isə təqaüdünün kəsildiyini, onunla dost olduqlarını, təqaüdü bərpa etdirmək üçün pul aldığını, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs ilə Naxçıvan şəhərində yerləşən maşın bazarında öz avtomobilini satan zaman tanış olduğunu, biraz söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ona “nə işlə məşğul olursan” deyə sual verdiyini, özünün isə cavabında əvvəllər dövlət tərəfindən təqaüd aldığını, lakin təqaüdünün kəsildiyini dediyini, Təqsirləndirilən şəxs ona “tanışım var təqaüdünü bərpa edərəm” dediyini, təqaüdü bərpa etmək üçün ondan 2250 manat pul istədiyini, ona inanaraq ilkin olaraq 900 manat pul verdiyini, təxminən bir il keçdiyini və işinin alınmadığını görüb Nəsimidən pulunu geri istədiyini, 900 manat pulu 5-6 ay müddətində Təqsirləndirilən şəxs ona hissə-hissə geri qaytardığını, daha sonra müalicə üçün Bakı şəhərinə getdiyini, Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs ona zəng vuraraq təqaüd kartının hazır olduğunu və 2250 manat pulu ödədikdən sonra götürə biləcəyini dediyini, Bakı şəhərindən qayıtdıqdan sonra 2024-cü ilin sentyabr ayında 2250 manat miqdarında pulu X6 12 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun yanında Nəsimiyə verdiyini, lakin Təqsirləndirilən şəxs pulu aldıqdan sonra “iki üç gün içində kartı götürəcəksən” dediyini və pulunu mənimsədiyini, pulunun geri qaytarılmasını istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində rəfiqəsinin iş axtardığını, onunla taksiyə əyləşdiklərini, taksi sürücüsünün kostyum geyindiyini, restorana getdiklərini, orada yemək yediklərini, nömrəsini də verdiyini, “çıxanda da zəng edərsiz gəlib apararam” dediyini, beləcə iş yerlərini bilmiş olduğunu, yanında dəfələrlə işə düzəltməklə bağlı telefonla danışdığını, 2000 manat ondan pul istədiyini, o qədər olmadığını dediyini, onun da “səndə nə qədər varsa, ver, geri qalanında mən düzəldəcəm” dediyini, 600 manat pul verdiyini, onu polis şöbəsinin yanına apardığını, içəri girib dolandığını, onu inandırmağa çalışdığını, yalançı insan olduğunu, 700 manatı da aldığını, bütün pulları eyni məqsədlə aldığını, Bakıya getməli olduğunu, getdiyini, pulsuz qaldığını, zəng edib pulu istədiyini, atacağını dediyini, ancaq atmadığını, Naxçıvana qayıtdığını, polisə getdiyini, şikayət etdiyini, pulunu da qaytarmadığını, özünün yoldaşından ayrıldığını, Nəsiminin də ona yoldaşının vəfat etdiyini, onunla ailə qurmaq istədiyini dediyini, kəbin kəsdirdiklərini, belə olduğunu biləndən sonra kəbini də ləğv etdirdiyini, Nəsimiyə 1300 manat pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 03 sentyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək ona dəymiş ziyanın Nəsimi tərəfindən ödənildiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 2024-cü ildə Babək rayonu ərazisində yerləşən "Uzunoba" restoranında ofisiant işlədiyini, Təqsirləndirilən şəxs ilə həmin restoranda tanış olduqlarını, bir müddət işlədikdən sonra restorandan ayrılaraq Naxçıvan şəhərində yerləşən Naxçıvan Şəhər Mərkəzi Poçtunda işə düzəldiyini, Mərkəzi poçtda fleydeger vəzifəsində işlədiyini, təxminən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona mobil telefonla zəng vuraraq Naxçıvan şəhərində yerləşən 3 nömrəli uşaq baxçasında mühafizəçi yerinin boş olduğunu və onu ora işə düzəltmək istədiyini bildirdiyini, özünün isə Təqsirləndirilən şəxs təklifi ilə razılaşdığını, Babək rayonu, Şıxmahmud kəndində Nəsimi ilə görüşərək iş barəsində danışdıqlarını, Təqsirləndirilən şəxs ona işə düzəlmək üçün 700 manat pul ödəməli olduğunu dediyini, ilkin olaraq 500 manat ödəməyini ondan istədiyini, evdən 500 manat miqdarında pulu götürərək Şıxmahmud kəndində yaşadığı evin həyətində Nəsimiyə verdiyini, Nəsimi getdikdən təxminən iki saat sonra ona zəng vuraraq 200 manat pulu düzəltdiyini və görüşüb vermək istədiyini ona dediyini, Nəsimi ilə həmin gün yəni xx.xx.2024-cü il tarxidə Babək rayonu Şıxmahmud kəndinin yaxınlığında yerləşən Nəbatət bağının yanında görüşdüyünü, 200 manat pulu əlavədən ona verdiyini, daha sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq sənədləri hazırlayan şəxsə hörmət əlaməti olaraq pul vermək üçün əlavə 50 manat pulu ondan aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs onu uşaq bağçasında aşpaz köməkçisi kimi işə düzəltmək üçün ondan 300 manat pul aldığını, 1 il yarım olar ki, pulunu qaytarmadığını, dələduzluq etdiyini, bununla bağlı inzibati qaydada da işə baxıldığını, 1 saylı uşaq bağçasına düzəldəcəyini dediyini, hətta aparıb ona bağçanın yerini də göstərdiyini, restoranda işlədiyini, orada müştərilərindən birinin imkanlı iş adamı olduğunu, onun işə düzəltdiyini dediyini, şirinlik kimi də 300 manat pul istədiyini, əlavə heç bir pul almadığını, anasının əmisi oğlu olduğunu, evlərinə gəlib-gedən biri olduğunu, iş axtardığını bildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində avtomobil ilə taksi sürücüsü işlədiyini, "Araz" marketin qarşısında avtomobili ilə dayandığını, Təqsirləndirilən şəxs ona yaxınlaşdığını, yeni Naxçıvana getmək üçün avtomobilə əyləşdiyini, Təqsirləndirilən şəxs telefonda kimləsə iş barəsində danışmağa başladığını, telefonda işə düzəltmə məsələsi ilə əlaqədar danışdığını, özünün də danışılanları eşitdiyini, Təqsirləndirilən şəxs avtomobildən enən zaman ondan nə işi olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunda işlədiyini, ondan mümkün olarsa onu ora işə düzəltməyini istədiyini, daha sonra iş üçün ondan sürücülük, şəxsiyyət vəsiqəsini və 200 manat miqdarında pul istədiyini, növbəti gün Təqsirləndirilən şəxs ona zəng vuraraq X6 12-də yerləşən Dövlət Sosial Müdafiə Fondunun qarşısına getdiklərini, iş üçün hazırladığı sənədləri ona təqdim etdiyini, Nəsiminin sənədləri götürərək sosialın binasına daxil olduğunu və biraz keçdikdən sonra geri qayıtdığını, danışıb işi həll etdiyini, daha sonra bir neçə dəfə telefonla danışaraq işin niyə alınmadığını soruşduğunu, sadəcə sürücülük və şəxsiyyət vəsiqəsi istədiyini üçün şübhələndiyini, maraqlandıqda Dövlət Sosial Müdafiə Fondunda Nəsimi adında bir şəxsin işləmədiyini öyrəndiyini, ona qarşı dələduzluq etməyə çalışdığını bilib polisə müraciət etdiyini, polisdə isə onun dələduz olduğunu öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində oğlu Şahinin Təqsirləndirilən şəxs onu bağçaya mühafizəçi kimi işə düzəltmək istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs Şahini işə düzəltmək üçün onlardan 730 manat miqdarında pul istədiyini, evdən 530 manat miqdarında pulu gətirərək Nəsimiyə verdiyini, Nəsimi getdikdən bir neçə saat sonra oğlu Şahid4 qardaşı Şahinin işi üçün geri qalan 200 manat pulu Nəsimiyə verdiyini, pulun qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs qardaşını bağçaya işə düzəlmək üçün 730 manat miqdarında pul aldığını, onun yanında pul verildiyini, 500 manat bir, 200 manat bir, 20 manat da sonradan sənədlər üçün verildiyini, alınan pulun geri qaytarıldığını, qardaşının işə düzələ bilmədiyini, elə bir şey olmadığını öyrəndiklərini, polisə müraciət ediləndən sonra pulun qaytarıdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək təxminən 3 ay bundan əvvəl təqaüdünün bərpa olunması üçün Nəsimi adlı şəxsə 2250 manat pul verdiyini, pulunun alınıb geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 ərizə ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət edərək əvvəlcədən tanıdığı Nəsimi adlı şəxsin ona təqadüd verilməsi üçün köməklik göstərəcəyini bildirərək aldatdığını və qarşılığında 2250 manat pul aldığını, pulu etibarından sui-istifadə edərək aldıqdan sonra bir daha telefonlarına cavab vermədiyini, həmin şəxsin məsuliyyətə cəlb edilərək pulunun geri qaytarılmasında ona köməklik göstərmənizi xahiş etmişdir. (cild İ, iş vərəq 18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxs onu təqaüdə çıxarmaq adı ilə aldadaraq 1300 manat pulunu ələ keçirdiyini, pulunun alınıb geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 22) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 26-27) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 35-36) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 fevral 2025-ci il tarixli cinayət iş üzrə əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (cild İ, iş vərəq 44) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olan və ünvan 6 xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmır. (cild İ, iş vərəq 53) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2025-ci il tarixli müdafiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Asan Vəkil Bürosunda fəaliyyət göstərən Müdafiəçi dövlət hesabına müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün o, şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla, surəti təqdim edilmişdir. (cild İ, iş vərəq 83-84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 fevral 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 103-104) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə Babək rayon Polis İdarəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər sakini Təqsirləndirilən şəxs ona yalan vəd verərək onu Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasında mühafizəçi kimi işə düzəltmək adı ilə ondan ümumilikdə 750 (yeddi yüz əlli) manat alaraq dələduzluq etdiyini, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (cild İ, iş vərəq 109) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 mart 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 142-143) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild İ, iş vərəq 162-164) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-220/2013 nömrəli, 21 noyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild İ, iş vərəq 195-200) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 6 Təqsirləndirilən şəxs adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. (cild İ, iş vərəq 204) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 aprel 2025-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ərizə ilə Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərək 2024-cü ilin iyul ayında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə onu aldadaraq ümumilikdə 750 manat pulunu ələ keçirdiyini, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyini, əlavə heç bir şikayət və tələbi olmadığını, müraciətinin nəzərə alınmasını xahiş etmişdir. (cild İ, iş vərəq 205) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 9 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Məmmədov X2 Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. (cild İ, iş vərəq 206) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli məktubdan görünür ki, daşınmaz əmlakın dövlə reyestrində Təqsirləndirilən şəxs adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır. (cild İ, iş vərəq 209) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan şəhər Polis İdarəsinin 06 yanvar 2025-ci il tarixli 3- 13-43-6/2-221/25 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs barəsində xx.xx.2005-ci il tarixdə Nizami Rayon Məhkəməsinin Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə cərimə cəzası təyin edildiyi, bundan başqa Şəmkir Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi, bundan başqa Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 03 günlük hissəsindən azad edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 11-12) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 684 nömrəli arayışdan görünür ki, Məmmədov X2 şəhəri, 21-ci məhəllə, döngə 4/16, ev 5 ünvanında yaşayır. (cild İ, iş vərəq 207) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü, azərbaycanlı, Təqsirləndirilən şəxs ünvan 9 ünvanda yaşamışdır. Haliyədə 21-ci məhəllə 4/16, mənzil 5 ünvanında qısa müddətli yaşadığı və arada Bakı şəhərinə tez-tez gedib gəldiyi üçün haqqında heç bir məlumatları yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurduğu ziyanı ödəməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halların olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə törədilən cinayətin xarakterini, törədilmə halları və şəraiti, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyil və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 02 (iki) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 1(078)- 39/2025 nömrəli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasının 22 iyul 2025-ci il tarixli məktubundan isə Təqsirləndirilən şəxs Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18 iyul 2025-ci il tarixdə istintaq təcridxanasına təhvil verilməsi görünür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 18 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normalarının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri onun barəsində hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələbləri nəzərə alınaraq zərər çəkmiş şəxslərə mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət yəni 2 (iki) gün müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla, cəmi 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar