Məhkəmə qərarları › İş №1(078)-4/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-4/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-4/2023 17.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:00 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, X33 Zavodunda fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə 31 dekabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində “X34” MMC-nin Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən Naxçıvan stansiyasının inzibati binasında fərdi sahibkar X11 icarə əsasında işlətdiyi kafeyə tualetin açıq vəziyyətdə olan pəncərəsindən keçməklə qanunsuz daxil olaraq kafenin kassasından 527 (beş yüz iyirmi yeddi) manat nəğd pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 527 manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə saat 1845-də şübhəli şəxs qismində tutulmuş, 31 dekabr 2022-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 27 dekabr 2022-ci il tarixdə saat 21 radələrində yeyib-içmək üçün X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanaya getmişdir. Yeməkxanaya Culfa rayon sakini Kamal Cəfərovla görüşmüş, Kamal Cəfərov çay icmiş, özü isə pivə sifariş vermişdir. Kamal Cəfərov yeməkxanada görüşməmişdən əvvəl ona zəng vuraraq avtomobili üçün ehtiyyat hissə axtardığını demiş, o da Kamala avtomobili üçün axtardığı ehtiyyat hissənin onda olduğunu demişdir. X36 Yolu stansiyasının inzibati binasında görüşməyi qərarlaşdırmışlar və Kamalla yeməkxanada avtomobil və avtomobil ustaları barədə danışmışlar. Kamalla bir müddət yeməkxanada oturmuş və sonra Kamal sağollaşaraq yeməkxanadan getmiş, özü isə yeməkxanada yeyib-içməyə davam etmişdir. Özünə təkrar pivə sifariş vermiş, sonra yeməkxanaya əvvəlcədən tanıdığı Arzuman Musayev gəlmişdir. Arzuman Musayev yeməkxanaya gəlib Rasim Məmmədovla birgə oturmuş, onlar onun tək oturduğunu görüb öz stollarına dəvət etmişlər və o da onlarla birlikdə oturmuş, pivə sifariş verib birlikdə pivə içmişlər. Sonra əvvəlcədən tanıdığı qapı qonşusu Həsən Paşayevə zəng vuraraq onu yeməkxanaya çağırmış, Həsən Paşayev yeməkxanaya gəlmiş, birlikdə oturub pivə içməyə davam etmişlər. Gecə yarısını keçdiyi üçün birlikdə oturduğu şəxslər sağollaşaraq yeməkxanadan getmiş, özü isə yenə tək oturmuş, özünə pivə sifariş verib içmişdir. Saat 02 radələrində yeməkxana bağlanmış, yeməkxananın işçiləri ilə birlikdə yeməkxanadan çıxmış, borcu olduğu üçün yeməkxanadan çıxdıqdan sonra yeməkxanaya girib kassada olan pulları götürmək istəmiş, buna görə də yeməkxananın işçilərinin getməyini gözləmişdir. Yeməkxananın işçiləri getdikdən sonra ətrafa baxmış, yeməkxananın yerləşdiyi X39 stansiyasının inzibati binasının arxa tərəfinə keçdikdə yeməkxananın ayaqyolunun pəncərəsinin açıq qaldığını görmüş və yeməkxanaya pəncərədən daxil ola biləcəyini düşünmüşdür. Ətrafda kiminsə olub olmamasına baxmış, heç kimin olmamasını görüb yeməkxananın ayaqyolunun pəncərəsinə yaxınlaşmışdır. Ətrafa təkrar baxıb heç kimin olmadığına əmin olduqdan sonra pəncərənin tam açılıb-açılmamağını yoxlamaq üçün əli ilə itələmiş və pəncərə açılmışdır. Yeməkxana bağlandığından içəridə heç kimin olmadığından əmin olduğundan ayaqyolunun pəncərəsindən yeməkxanaya daxil olmuş, yeməkxananın içərisində o tərəf bu tərəfə baxdıqdan sonra bara yaxınlaşmışdır. Yeməkxanaya tez-tez gedib-gəldiyi üçün yeməkxananın pullar qoyulan kassasının barın yanındakı masanın altında yerləşdiyini bilirdi. Kassanın üzərində kilid olsa da kassa kilidlənməmiş, kassanın çəkməcəsini çəkərək açmışdır. Kassanı açdıqda içərisində 100-lük, 50-lik, 20-lik, 5-lik və 1 manatlıq əskinazların olduğunu görmüş və pulun hamısını götürərək yeməkxanaya daxil olduğu pəncərədən çıxaraq oradan uzaqlaşmışdır. Yeməkxanadan çıxdıqdan sonra taksi ilə Araz restoranına getmiş, Araz restoranına gedərkən yeməkxanadan götürdüyü pulları saymış və ümumilikdə yeməkxanadan 527 manat pul götürdüyünü bilmişdir. Araz restoranında Anar Fərəcov adlı şəxsin işlətdiyi kafeyə girmiş, masaların birində tək oturmuş, özünə pivə sifariş verərək 10 bakal pivə içmişdir. Saat 05 radələrində kafedə işləyən Yağmur adlı qız ayaqyoluna tərəf gedərkən onu yanına çağırmış, onu necə görə biləcəyini soruşmuş, Yağmur ona kafenin bağlandığını, kafedən çöldə gözləməyini, birazdan gələcəyini demişdir. Öz hesabı 64 manat etmiş və oğurladığı puldan 64 manat kafeni işlədən Anar Fərəcova, 10 manat isə stoluna baxan Jalə adlı ofisiant qıza bəxşiş vermişdir. Sonra Yağmurgillə birlikdə çölə çıxmış, Yağmurun yanındakı kafedə işləyən Jalə və Əsmər adlı qızlar ilə birlikdə avtomobilə minmişdir. Yağmurgilin Naxçıvan şəhərində kirayə yaşadıqları evə gəlmiş, Yağmurgil onu evə dəvət etmişdir. Jalə və Əsmərin danışıqlarından türk olduqlarını hiss etmişdir. Əsmər ondan 100 manat pul istəmiş, oğurladığı puldan 100 manat vermişdir. Əsmərə pul verməsinin məqsədi Yağmurla əlaqədə olmaq olmuşdur. Sonra Yağmur otaqdan çıxaraq gəlmiş və o da 100 manat pul verməsini istəmişdir. Yağmura Əsmərə 100 manat pul verdiyini və o pulu onunla cinsi əlaqədə olmaq üçün verdiyini demişdir. Yağmura Əsmərə verdiyi 100 manatı da geri qaytarmalarını və gedəcəyini demişdir. Yağmur pulu səhər verəcəyini demiş, o isə pulu indi verməsini istəmişdir. Yağmur onu qolundan tutub çölə atmış, o da Araz restoranına kafeni işlədən Anar Fərəcovu tapmağa getmiş və tapmışdır. Anara Yağmurun etdiklərini deyərək pulunu alıb qaytarmasını istəmiş, Anar Yağmurla danışaraq onun verdiyi 100 manatı alıb geri vermişdir. Sonra Sizin marketə getmiş, orada da bir neçə məhsul almışdır. 29 dekbar 2022-ci il tarixdə evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək onu çağırmışlar. Səhər oyananda cibində pul olmamışdır. Həmin pulları hara xərclədiyini tam xatırlamır. O küçə qapısına çıxmış, polis əməkdaşları ondan X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanadan oğurluq edib-etməməyini soruşduqda törətdiyi oğurluq əməlini polis əməkdaşlarını etiraf etmişdir. Sonra polis əməkdaşları onu X39 X14 dəvət etmişlər. Əvvəllər oğurluq etməmişdir. Yeməkxanaya girdiyi zaman kassir işləyən Dərya Həsənova 50 manat pul vermiş, yeməkxanaya əvvəlcədən olan 61 manat borcundan 30 manatını çıxmasını istəmiş, Dərya Həsənov 30 manat çıxıb 20 manat ona qaytarmış, həmin vaxt cibində 70 manat pul olmuşdur. Stolda yeyib içdiyindən 18 manat hesab gəlmiş, 18 manatı ödəməmişdir. Oğurluq etməyi ilə bağlı heç kimə heç nə deməmiş və heç kimin bu barədə xəbəri olmamışdır. Yeməkxanadan oğurladığı 527 manat pulu Araz restoranında yeyib-içib orada olan xərcləmiş, pulun bir qədərini taksilərə, 64 manatını Araz restoranında olan hesabına ödəmiş, əlavə olaraq kafedə işləyən tanımadığı qızlara bəxşişlər vermişdir. Yeməkxanadan oğurladığı pulun içərisində bir ədəd 100-lük olduğunu xatırlayır, içkili olduğundan digər əskinazlardan nə qədər olduğunu xatırlamır. X13 vurduğu ziyanı atası ödəmişdir. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X19 ifadəsində göstərmişdir ki, əvvəl X39 Stansiyasının inzibati binasında yerləşən yeməkxananı icarə əsasında işlətmiş, hazırda “Faytonçu” yerini işlədir. 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində icarə əsasında işlətdiyi X39 stansiyasının inzibati binasında yerləşən yeməkxananın kassasından oğurluq edilməsi hadisəsi haqqında eşitmişdir. Həmin ərəfədə bir neçə gün idi ki, səhhətində problemlər yaranmış, yeməkxanaya gedə biləmişdir. Yeməkxanaya gedə bilmədiyi üçün yeməkxanaya nəzarət etməyi, yeməkxananı açıb-bağlamağı, gündəlik alışverişi etməyi və kassaya nəzarət etməyi yeməkxanada işləyən X5 tapşırmışdı. 28 dekabr 2022-ci il tarixdə səhər saatlarında X12 ona zəng edərək yeməkxanadan oğurluq edildiyini demişdir. Dərya Həsənova “gözlə gəlirəm” demiş, həmin vaxt yaşadığı evdə olmuş və dərhal durub yeməkxanaya getmişdir. Yeməkxanaya getdikdə Dərya Həsənov gecə saat 02 radələrində yeməkxananı özünün bağladığını, səhər yeməkxanaya gəldikdə isə pul qoyulan kassaya baxdığını və kassada qəpik pullar və 3 ədəd manatlıq əskinaz olduğunu gördüyünü demişdir. Dərya Həsənov gecə yeməkxananı bağlamamışdan əvvəl kassaya təxminən 530 manat pul qoymuş, gecə yeməkxananı açar ilə bağlamış, səhər yeməkxanaya gəldikdə də qapının bağlı olduğunu, açar ilə qapını açıb yeməkxanaya daxil olduğunu demişdir. Özü də yeməkxanada barın yanındakı stolun altında yerləşən kassanın çəkməcəsinə baxmış, çəkməcədə 3 manat kağız pul və bir neçə qəpik pul vardı. Yeməkxanaya oğru girdiyindən şübhələnib yeməkxanaya ümumi nəzər yetirmiş, yeməkxanada hər şey yerində olmuş, sadəcə kassadakı pullar götürülmüşdür. Dərhal polis əməkdaşlarına hadisə barədə məlumat vermiş, polis əməkdaşları yeməkxanaya gəlmiş, yeməkxanaya polis əməkdaşları baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən yeməkxanada olan müşahidə kameralarına baxış keçirilən zaman yeməkxananın 28 dekabr 2022-ci il tarixdə saat 01:53 dəqiqədə bağlandığı, işıqlarının söndürüldüyü və yeməkxanada heç kimin qalmadığı görülmüş, lakin saat 02:10 dəqiqədə yeməkxananın ayaqyolu istiqamətindən yeməkxananın zalına bir nəfər arıq bədənli, gur saçlı, əynində qara rəngli qış gödəkcəsi və şalvarı olan bir şəxsin gəldiyi görülmüşdür. Həmin şəxsin geyiminə, hərəkətlərinə diqqət yetirmüş, onun yeməkxanaya demək olar ki, hər gün gəlib gedən Təqsirləndirilən şəxs oxşadığını polis əməkdaşlarına bildirmişdir. X37 Yolu X14 gələrək yeməkxanadan oğurluq edilməsi barədə şikayət ərizəsi yazmışdır. X39 stansiyasında yerləşən icarə olaraq işlətdiyi yeməkxananın pul qoyulan çəkməcəsindən ümumilikdə 527 manat məbləğində pul oğurlanmış, yeməkxanadan puldan əlavə heç nə oğurlanmamışdır. Dərya Həsənov ona Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə saat 21 radələrində yanında bir nəfər şəxslə yeməkxanaya gəldiyini, sonra əlavə bir neçə şəxslə birlikdə masada oturduğunu, bir müddət sonra isə yanındakı şəxslərin getdiyini və tək qaldığını demişdir. Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə yeməkxanaya gəldikdə 60 manat borcundan Dərya Həsənova 30 manat vermiş, borcundan çıxmasını demiş, həmin gün isə 25 manatlıq hesabı olmuş, Təqsirləndirilən şəxs yeməkxanaya 55 manat borcu qalmışdır. Ona dəymiş 527 manat maddi ziyan Təqsirləndirilən şəxs atası tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, əvvəl Naxçıvan şəhərində yerləşən Araz restorananının kafesini kirayə işlətmiş, hazırda “Tac kafe”ni işlədir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, aralarında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 27 dekabr 2022-ci il saat 15 radələrindən 28 dekabr 2022-ci il saat 04 radələrinə qədər işlətdiyi Araz restoranının ərazisində yerləşən kafedə olmuş, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saat 03 radələrində işlətdiyi kafeyə gəlmişdir. Təqsirləndirilən şəxs kafeyə tək gəlmiş, yanında heç kim olmamış, masalardan birində oturmuş, özünə pivə, qəlyan sifariş verib içməyə başlamışdır. Təqsirləndirilən şəxs bir neçə bakal pivə içdikdən sonra kafedə olan masalardan ikisinə 10 manat dəyərində meyvə tabağı sifariş vermişdir. Təqsirləndirilən şəxs bir müddət daha oturduqdan sonra kafe bağlanana yaxın yeyib-içdiyi və digər masalara verdiyi sifarişlərin hesabını istəmiş, onun hesabını çıxartmış, ümumi hesab 62 manat etmişdir. Təqsirləndirilən şəxs hesabı tam şəkildə ödəyərək kafedən çıxmışdır. Kafeni bağlayıb, işıqlarını söndürüb kafedən çıxarkən Təqsirləndirilən şəxs gəlmişdir. Təqsirləndirilən şəxs nə üçün gəldiyini soruşduqda, Toğrul ondan kafedə işləyən Jalə, Əsmər və Yağmur adlı qızların nömrəsinin olub-olmadığını soruşmuşdur. Toğruldan nə olduğunu soruşduqda o kafedən çıxarkən Yağmur, Əsmər və Jalə ilə birlikdə onların evlərinə getdiyini, evdə yağmurun ondan 100 manat aldığını, verdiyi 100 manatı da Yağmurdan geri istədikdə Yağmurun onu evdən çölə atdığını demiş və qızlara zəng edib pulunu alıb geri verməyini istəmişdir. Buna görə də o, Yağmura zəng etmiş, Yağmura Təqsirləndirilən şəxs dediklərini demiş, Yağmur Təqsirləndirilən şəxs 100 manat aldığını qəbul etmişdir. Yağmura pulu verməsini demişdir. Yağmur pulu verəcəyini dedikdən sonra ondan 100 manatı alıb Təqsirləndirilən şəxs vermiş və sonra Təqsirləndirilən şəxs kafedən çıxaraq getmişdir. Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanadan 527 manat oğurlaması barədə məlumatı olmamışdır. Toğrul həmin gün kafeyə gəldiyi zaman üzərində qara rəngli şalvar və qara rəngli qısa qış kurtkası olmuşdur. Təqsirləndirilən şəxs kafeyə gəldiyi zaman sərxoş olub-olmamasını bilməmişdir. Toğrul həmin gün kafeyə 62 manat hesab vermişdir. Kafedən getdikdən sonra isə 100 manat kafedə işləyən Əsmər adlı qıza verdiyini öyrənmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövrü verdiyi ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanada işçi olaraq işləyir. X2 icarə əsasında işlədir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs yeməkxanada işlədiyi dövrdə tanımış, o davamlı olaraq yeməkxanaya gəlib-getmişdir. 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanadan 527 manat məbləğində pulun götürülməsi ilə əlaqədar X2 işlətsə də, hadisədən son bir neçə gün əvvəl səhhətində olan problemlərə görə yeməkxanaya gələ bilmirdi. Buna görə də yeməkxananın açarlarını, yeməkxanaya nəzarət etməyi, hər gün açıb-bağlamağı, kassaya nəzarət etməyi və yeməkxananın gündəlik alış-verişini etməyi ona tapşırmışdı. O da Rauf Abdullayev olmadığı müddətdə yeməkxanaya onun dediyi qaydada nəzarət etmiş, 27 dekabr 2022-ci il tarixdə səhər saatlarından yeməkxananı açıb işləməyə başlamış, yeməkxananı 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində bağlamış, yeməkxananın işıqlarını sondürüb yaşadığı evə getmişdir. 28 dekabr 2022-ci il tarixdə səhər saatlarında yeməkxanaya gəlmiş, yeməkxananın qapısını açar ilə açmış, ətrafa baxmışdır. Sonra yeməkxanada gündəlik çıxan pulları qoyduqları barın yanındakı masanın altında yerləşən çəkməcəyə tərəf getmiş, çəkməcəni açıb oradan pul götürüb günlük alış-verişi etmək istəyirmiş, çəkməcə açar ilə bağlanıla bilsə də, həmin gecə yeməkxanadan çıxarkən çəkməcəni kilidləməmişdi. Gecə çəkməcəyə ümumilikdə 530 manat müxtəlif əskinazlarda pul qoymuşdu, çəkməcəni açdığı zaman pulların orada olmadığını görmüş, bir anlıq inana bilməmiş, çəkməcədə 3 ədəd manatlıq əskinaz və araq stəkanının içərisində qəpik pullar qaldığını görmüşdür. Dərhal oğurluq olmasından şübhələnib yeməkxananı işlədən Rauf Abdullayevə zəng etmiş, Rauf Abdullayev evdə olduğunu, dərhal gələcəyini demişdir. Rauf Abdullayev gəldikdə ona gecə yeməkxanayı bağlayarkən çəkməcəyə 530 manat pul qoyduğunu, indi isə o puldan 3 manat qaldığını demişdir. Rauf Abdullayev ətrafa baxmış, ətrafdakı hər şey yerli-yerində olmuşdur. Rauf Abdullayev yeməkxanadan oğurluq edilməsinə görə polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları yeməkxanaya gəlmişdir. Polis əməkdaşları tərəfindən yeməkxanaya baxış keçirilməsinə başlanılmış, yeməkxanaya baxış keçirilməsi ilə yanaşı polis əməkdaşları tərəfindən yeməkxananın müşahidə kameralarına da baxış keçirilmişdir. Müşahidə kameralarına baxış zamanı yeməkxananın 28 dekabr 2022-ci il tarixdə 01:53 dəqiqədə bağlandığı müəyyən olunmuş, müşahidə kameralarına baxış davam edərkən bir nəfər şəxsin 28 dekabr 2022-ci il tarixdə saat 02:10 dəqiqədə yeməkxananın ayaqyolusu istiqamətindən müşahidə kameralarında zala daxil olması görünmüşdür. Həmin şəxs arıq bədənli, gur saçlı, əynində qara rənglı qış gödəkcəsi və qara rəngli şalvarı olan biri olmuşdur. O və Rauf Abdullayev görüntüləri görən zaman polis əməkdaşlarına həmin şəxsin yeməkxanaya davamlı olaraq gələn Naxçıvan şəhəri sakini Təqsirləndirilən şəxs oxşadığını bildirmiş və gecə yeməkxana bağlanarkən onlarla birlikdə yeməkxanadan çıxdığını demişdir. X39 stansiyasında yerləşən yeməkxananın pul qoyulan çəkməcəsindən ümumilikdə 527 manat məbləğində pul oğurlanmış, yeməkxanadan puldan əlavə heçnə oğurlanmamışdır. Hadisə ilə bağlı isə kamera görüntülərinə baxdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs oxşadığını polis əməkdaşlarına bildirmişdir. Dünən gün ərzində yeməkxanada olmuş, Təqsirləndirilən şəxs də axşam yeməkxanada olmuş, çox vaxt yeməkxanaya tək gələrmiş. Həmin gün saat 21 radələrində yeməkxanaya Kamal adlı oğlanla birlikdə gəlmiş, kabinetdə oturmuş, pivə içmişlər. Kamal bir müddət sonra getmiş, Təqsirləndirilən şəxs həmin kabinetdə bir az tək oturmuş, sonra kabinetdən çıxıb zalda masada təkbaşına oturmuşdur. Sonra qarşıdakı Arzuman Musayevin oturduğu stola getmiş, Arzuman həmin stolda Rasim Məmmədovla birlikdə oturmuş, Təqsirləndirilən şəxs onların stolunda oturduqdan sonra onların yanına Həsən Paşayev də gəlmiş və birlikdə oturmuşlar. X28 əvvəl oturduğu Rasim Məmmədovla birlikdə masadan duraraq özlərinin hesablarını ödəyib yeməkxanadan çıxmışlar. Bir müddət Təqsirləndirilən şəxs Həsən Paşayevlə birlikdə oturduqdan sonra Həsən Paşayev də masadan durmuş, yeməkxanadan getmişdir. Təqsirləndirilən şəxs yenə masada tək oturmuş, pivə içməyə davam etmiş, yeməkxana bağlandıqdan sonra yeməkxanadan onlarla birlikdə çıxmışdır. Sonra yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs isə hara getdiyini bilməmişdir. Təqsirləndirilən şəxs yeməkxanaya 60 manat borcu var idi. 27 dekabr 2022-ci il tarixdə saat 21 radələrində yeməkxanaya gəldikdə 50 manat verərək borcundan 30 manat çıxmağını istəmişdir, borcundan 30 manat çıxıb 20 manatını geri qaytarmışdır. Təqsirləndirilən şəxs yeməkxanada pivə və pivə içmək üçün məzələr sifariş vermiş, onun həmin gün hesabı 25 manat olsa da o, yeməkxana bağlanan zaman pulu ödəmədən çıxmışdır. 28 dekbar 2022-ci il tarixdə səhər yeməkxanaya gəldikdə heç nədən şübhə etməmiş, eləcə pul qoyulan çəkməcəyə getmiş, çəkməcədə pulların olmadığını gördükdən sonra ətrafa baxmış, yeməkxananın bütün pəncərələri salamat olmaqla yeməkxananın içərisində olan əmlaka da heç bir ziyan dəymədiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşı olmaqla yanaşı Türkiyə Respublikası vətəndaşıdır. Kəngərli rayonu Xok kəndində doğulub, orada böyüyüb orta məktəbi həmin yerdə oxumuş, Azərbaycan dilində sərbəst başa düşür və danışa bilir. 22 il Türkiyə Respublikasında yaşamış, orada yaşadığı müddətdə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmiş, təxminən 2022-ci ilin aprel ayından Naxçıvana gəlmiş, Naxçıvanda yaşamağa davam etmişdir. Təxminən bir neçə aydır ki, Naxçıvan şəhəri 60-cə məhəllədə Araz restoranının ərazisində yerləşən kafedə ofisiant işləyir. Onu tanıyanların çoxu Jalə deyə tanıyır və elə çağırırlar. Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, aralarında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində ofisiant olaraq işlədiyi Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən Araz restoranının ərazisində X22 icarə işlətdiyi kafedə olmuşdur. Orada doğma bacısı X6 ilə birgə işləyir. X24 da həm Azərbaycan Respublikası həm də Türkiyə Respublikası vətəndaşıdır. Bacısı qızı Mətanət Cəfərova da həmin gün kafeyə onlara görə qonaq qismində gəlmişdir. 28 dekabr 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs təkbaşına kafeyə gəlmiş, masalardan birində oturmuş, özünə yeyib-içmək üçün pivə və digər şeylər sifariş vermiş, onun masasına özü baxmış, sifarişlərini masasına aparmışdır. Təqsirləndirilən şəxs hərəkətlərindən kefininin yaxşı olduğu hiss olunmuş, o öz masasından əlavə digər masalarla da danışaraq həmin masalara sifarışlər verirdi. Saat 04 radələrində kafeni bağlamaq istədiklərində Təqsirləndirilən şəxs hesabı istəmiş, kafeni işlədən Anar Fərəcov onun yeyib-içdiyi və digər masalara verdiyi sifarişlərin hesabını çıxarıb ona vermişdir. Təqsirləndirilən şəxs kafenin hesabını tam şəkildə nağd olaraq ödəmişdir. X24 və bacısı qızı Mətanət Cəfərova ilə birgə kafedən çıxıb maşına minib kirayə yaşadıqları ünvan 3 ünvanına getmək istəyərkən Təqsirləndirilən şəxs də onlarla birgə kafedən çıxıb mindikləri maşına minmiş, birgə kirayə yaşadıqları ünvan 3 ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs onlara kirayə yaşadıqları tərəfdə qaldığını deyib maşınlarına minmişdir. Təqsirləndirilən şəxs onlarla birgə avtomobildən düşmüş, hava soyuq olduğu üçün özü qaça-qaça evə gəlmiş, Təqsirləndirilən şəxs isə hara getdiyini görməmişdir. Biraz sonra X24 və bacısı qızı Mətənət Cəfərova evə gəlmiş, sonra öz otağına getmiş və yatmışdır. Səhəri gün isə X24 və bacısı qızı Mətənət Cəfərova axşam Araz restoranında yerləşən kafeni icarə işlədən Anar Fərəcovun onlara zəng etdiyini, Təqsirləndirilən şəxs gecə X24ya bəxşiş kimi 100 manat verdiyini, Təqsirləndirilən şəxs sonradan gedib həmin pulu Anar Fərəcovdan istədiyini və bacısı qızı Mətanət Cəforavayla X24nın 100 manatı Anar Fərəcova verdiklərini və onun o pulu Təqsirləndirilən şəxs apardığını demişdir. Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanadan 527 manat oğurlaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin gün kafeyə gəldiyi zaman üzərində qara rəngli şalvar və qara rəngli qısa qış kurtkası var idi. Təqsirləndirilən şəxs X24ya verdiyi 100 manatı 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanadan oğurladığını bilməmişdir. Təqsirləndirilən şəxs həmin gün kafedə öz yeyibiçdiklərinin və digər masalara verdiyi sifarişlərin pullarını ödəmiş, kafedə 64 manat hesab vermişdir. Təqsirləndirilən şəxs üzərində nə qədər pul olması barədə dəqiq məlumatı olmamış, onun kefi yaxşı olub pul xərcləmiş, kafedə digər stollara da sifariş verməsindən onun pulunun çox olduğu hiss olunmuşdur. Təqsirləndirilən şəxs kafedən çıxdıqdan sonra onlarla birlikdə avtomobillə kirayə yaşadıqları evə qədər gəlmiş, avtomobildən düşdükdən sonra soyuq olduğundan bacısı Ruhiyyəni və bacısı qızı Mətanəti gözləmədən evə getmiş, Təqsirləndirilən şəxs hara getdiyini görməmişdir. Toğrul Fərəczdənin bacısı Ruhiyyəyə və bacısı qızı Mətanətə cinsi əlaqədə olmaq üçün pul verdiyini görməmiş, evə getdikdən bir neçə dəqiqə sonra bacısı və bacısı qızı evə gəlmiş, Təqsirləndirilən şəxs yanlarında olmamışdır. Onlar evə getdikdən sonra isə yorğun olduğu üçün yatmışdır. X24 və bacısı qızı Mətanət Cəfərova pul qarşılığında fahişəliklə məşğul deyillər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 və X1 Reyhan Məhərrəm qızı ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs ilə həm məhlə uşağı, həm də iş yoldaşı olmuş, onunla birgə X30 Sənaye Kompleksi MMC-də fəhlə işləmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək onu X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanaya çağırmış, evdən çıxaraq X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanaya getmışdır. Yeməkxanaya girdikdə Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı X25 və X7 ilə birgə masaların birində oturduğunu və pivə içdiklərini görmüş, özü də keçib onların stolunda oturmuşdur. Özünə pivə sifariş vermiş, biraz söhbət etdikdən sonra Rasim Məmmədov və Arzuman Musayev işlərinin olduğunu deyib masadan durmuş, hesablarını ödəyib yeməkxanadan çıxıb getmişlər. Biraz keçdikdən sonra özü də masadan durmuş, Təqsirləndirilən şəxs isə biraz daha oturacağını deyib yeməkxanada qalmışdır. 28 dekabr 2022-ci il tarixdə polis əməkdaşları zəng edərək onu X39 X14 dəvət etmişlər, o Polis Şöbəsinə gəlmişdir. Ona 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanadan 527 manat pul oğurlandığını demiş, yeməkxananın müşahidə kamerasının görüntülərini göstərmişlər. Həmin görüntülərə baxmış, görüntülərdəki şəxsin hərəkətlərindən, görünüşündən və üzərində olan paltarlardan onun Təqsirləndirilən şəxs ola biləcəyini polis əməkdaşlarına bildirmişdir. Təqsirləndirilən şəxs onu 27 dekabr 2022-ci il tarixdə gecə saat 00 radələrində X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanaya həm məhlə uşağı həm də iş yoldaşı olduqları üçün söhbət etməyə çağırmış, birgə oturarkən oğurluqla bağlı heçnə deməmiş, həmin gün onun üzərində qara rəngli qış kurtkası və qara rəngli şalvar olmuşdur. Təqsirləndirilən şəxs yeməkxanaya getdiyi zaman əhval ruhiyyəsi normal imiş, yeməkxanada olan şəxslərlə danışaraq deyib-gülmüş, hərəkətlərində diqqətə çarpan heçnə yox olmamışdır. Təqsirləndirilən şəxs onlarla birlikdə oturarkən təxminən 2 bakal pivə içmiş, onun 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində X39 stansiyasının inzibati binasında yerləşən yeməkxanadan 527 manatı kim və ya kimlərlə birgə götürməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Həsən İlham oğlu ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı ifadə vermiş və ifadəsi tədqiq edilmiş şahid X7 şahid X29 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanılmışdır. İstintaq zamanı X39 stansiyasının inzibati binasında yerləşən yeməkxananın müşahidə kamerası vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 23 yanvar 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı kameranın xx.xx.2022-ci il tarixi, saat 01:52:37 saniyəni göstərdiyi və video-kameranın yeməkxananın zalını çəkdiyi müşahidə edilir. Kameranın müşahidəsinə yeməkxananın zalında olan masalar düşür. Kameranın saat 01:52:37 saniyəni göstərdiyi vaxt yeməkxananın açıq olduğu və bir neçə şəxsin zalda hərəkət etdiyi, saat 01:53:15 saniyədə yeməkxanada olan şəxslərin işıqları söndürüb yeməkxanadan çıxdıqları, saat 02:10:15 saniyədə bir nəfər şəxsin (əynində qara rəngli qış gödəkcəsi və qara rəngli şalvarı olan) yeməkxananın zalında kameranın müşahidəsinə ayaqyolu istiqamətindən daxil olduğu və zalda hərəkət etdiyi, saat 02:10:18 saniyədə həmin şəxsin yeməkxananın barı tərəfə hərəkət edib kameranın müşahidəsindən itdiyi, saat 02:10:37 saniyədə təkrar yeməkxananın barının yanından kameranın müşahidəsinə daxil olduğu, saat 02:10:42 saniyədə yeməkxananın barının yanında kassanın yerləşdiyi masada oturduğu, saat 02:10:45 saniyədə masanın sağ alt tərəfində yerləşən kassanın çəkməcəsini açdığı və çəkməcədən nələrisə götürüb qış gödəkcəsinin sağ cibinə qoyduğu, saat 02:11:22 saniyədə masanın üzərində olan göy rəngli dəftəri açıb dəftəri vərəqlədiyi, saat 02:11:50 saniyədə masanın üzərində olan digər göy rəngli dəftəri vərəqləyərək baxdığı, saat 02:12:20 saniyədə təkrar kassanın çəkməcəsini açdığı, saat 02:12:39 saniyədə cəkməcədən nəsə götürdüyü, sonra əlində nə isə saydığı, saat 02:15:30 saniyədə kassaya nəsə qoyduğu, saat 02:15:50 saniyədə masadan duraraq ayaqyolu tərəfə gedib geri qayıdaraq saat 02:16:00 saniyədə barın yanından keçərək kameranın müşahidəsindən itdiyi, saat 02:16:22 saniyədə təkrar yeməkxananın barının yanından çıxaraq kameranın müşahidəsinə düşdüyü, yeməkxananın kassası yerləşən masanın yanı ilə hərəkət edib ayaqyolu istiqamətinə gedərək kameranın müşahidəsindən itdiyi müşahidə edilir. Baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə video-görüntüləri izlədikdən sonra görüntüdə əks olunan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə 31 dekabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X8 müvafiq tələbnamə göndərilmiş və alınmış 07 yanvar 2023-cü il tarixli 2/53 nömrəli cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumatın olmadığı göstərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X9 qeydiyyatda olub-olmaması barədə 05 yanvar 2023-cü il tarixdə sorğu verilmiş və Dispanserdən alınmış 12 yanvar 2023-cü il tarixli 43 saylı cavabda 1994-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs Dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda olmadığı göstərilmişdir. İstintaqla əlaqədar hadisə yerinə baxış keçirilərkən iş üçün əhəmiyyətli olduğundan prosessual qaydada yeməkxananın müxtəlif yerlərindən götürülmüş əl-barmaq izləri ilə daktiloskopik xəritəyə köçürülmüş Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri arasında eynilik olub-olmamasını müəyyən etmək üçün 23 yanvar 2023-cü il tarixdə məhkəmədaktiloskopik ekspertizası təyin edilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 01 fevral 2023-cü il tarixli 76 saylı ekspert rəyində tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi və 5 saylı daktilolentin səthindəki “a” əl barmaq izinin müqayisəli tədqiqat üçün yararlı olması, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi və 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izinin Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş sol əlinin şəhadət və sol əlinin orta barmaqlarından qalması göstərilmişdir. 29 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 31 dekabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsindən və işlədiyi yer üzrə “X33 Zavodu” MMCdən alınmış arayışlarda müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 dekabr 2022-ci il tarixdə saat 02 radələrində “X34” MMC-nin Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən Naxçıvan stansiyasının inzibati binasında fərdi sahibkar X11 icarə əsasında işlətdiyi kafeyə tualetin açıq vəziyyətdə olan pəncərəsindən keçməklə qanunsuz içəri daxil olaraq kafenin kassasından 527 manat nəğd pulu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 527 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması, vurulmuş ziyanın tam şəkildə ödənilməsini və zərəçəkmiş şəxslə barışması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2022-ci il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuş, 31 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə hesablanmaqla çıxılması və qəti olaraq 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi ev 39 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətmkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsi ev 39 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar