Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-4/2024 17.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Vəliyev X2 iştirakı ilə, xx.xx.2000-ci ildə Naxçıvan şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, müvəqqəti işsiz, əvvəllər Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, 16 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs dostları ilə birlikdə Naxçıvan şəhəri, Əcəmi seyrangahında istirahət edərkən heç bir səbəb olmadan bağda istirahət edən Zərərçəkmiş şəxs ilə mübahisə edərək onun sifətindən yumruq və təpiklə vurmuş və nəticədə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs burun sümüyünün sınığı, çənə sümüyünün sol şaxəsinin bucaqdan keçən yerdəyişmə ilə sınığı, çənə sümüyü cisminin sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində, özünü qismən təqsirli bilərək əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri məhkum olunduğunu, barəsində 1 il 3 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verildiyini, 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Naxçıvan şəhər məhkəməsi tərəfindən barəsində 02 il müddətinə azadlığı məhdudlaşdırılması cəzası verildiyini, 16 avqust 2023cü il tarixdə saat 17 radələrində Naxçıvan şəhəri Əcəmi seyrangahında dostları ilə birlikdə olduğunu, Xanların qohumu Ruslan adlı şəxsində orada olduğunu, parkda istirahət etdiklərini, tək əyləşdiyini, həmin vaxtı Zərərçəkmiş şəxs gic-gic danışdığını, Ruslanın bibisi oğlu tanışı olan Xanlara onu götürüb aparmasını dediyini, Xanların da onu eşidib Ruslanı götürüb kənara çəkdiyini, ona evlərinə getməsini dediyini, dostları ilə birlikdə Səfərin yanına gələn zaman Ruslan pis olmasın, olub keçib, zarafat yana ondan siqaret istədiyini, Ruslanın ona sənə siqaret düşmür dediyini, Ruslana başa düşmədiyini, nə demək istəyirsən dediyini, Ruslanın ona təkbətək döyüşək dediyini, onunla razılaşdığını, birlikdə besetka olan tərəfə gedəndə Ruslanın ağzını açıb pis-pis söyüşlər söydüyünü, onun gözünün döndüyünü, yumruqla Ruslanın sifətindən vurduğunu, sonra Ruslanı başına alıb yerə çırpdığını və yerdə də onun üzünə bir-iki yumruq vurduğunu, dostları onları aralayanda təpik atdığını, təpiyin onun ağzından dəydiyini, sonra da hadisə yerindən qaçıb getdiyini, şəhərdə olduğu vaxtı polislərin onu saxlayıb idarəyə gətirdiklərini, əməlindən peşman olduğunu göstərərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, Təqsirləndirilən şəxs əvvəlcədən tanısa da, elə yaxın münasibətinin olmadığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibətinin olmadığını, xx.xx.2023-cü il tarixdə günorta saatlarında bağda olduğunu, günorta vaxtı olduğundan havanın çox isti olduğunu, yaşadığı ünvana marşurutun 30 dəqiqədən bir gəlib-getdiyini, ona görə də, bağda oturub bir az dincəldiyini, həmin vaxt bir oğlanın onun oturduğu skameykaya yaxınlaşdığını, onun yanında əyləşdiyini, onun telefonla danışdığını, onun danışdıqlarını eşitdiyini, həmin vaxt da Səfərin öz tanışları ilə birlikdə 3-4 nəfərlə onıarın yanından keçdiklərini, yanında oturan oğlanın həmin şəxsləri göstərərək onları tanıyıb-tanımadığını soruşduğunu, onları tanımadığını dediyini, yanında oturan oğlanın da onların vurub tutan oğlan olduqlarını, heç kimin onlara bata bilmədiyini, Səfərin Adəmin qardaşı olduğunu, onun hansı Adəm olduğunu soruşduğunu, çuxurdan olan Adəmi dediyini, Adəmi tanımadığını dediyini, Səfərin bağa keçən tərəfdə bir-iki nəfərlə durduğunu, Səfəri çağırdığını, Səfərin də ona cavab verməyib besetkaya tərəf getdiyini, 5 dəqiqə keçəndən sonra Səfərin telefonla danışdığını, yanlarına əlavə də adamların gəldiyini, Səfərin yanında olan cavan bir oğlanı onun yanına göndərdiyini, onu çağırdıqlarını dediyini, həmin vaxt sərxoş olduğunu, araq içdiyini, onlara tərəf getmədiyini, aralarında nəsə danışdıqlarını, onun yanına gəldiklərini, Adəmin qardaşı Səfərin onu tanıyıb-tanımadığını soruşduğunu, onu tanımadığını dediyini, Xanlar onun nəyi olduğunu soruşduğunu, ona bibisioğlu olduğunu dediyini, Səfərin Xanları döydüyünü, sonra qapılarına aparıb qoyduğunu, Xanların qardaşı Tanrı və onun qardaşı Sehranın da orada olduqlarını dediyini, Səfərə həmin məsələnin elə olmadığını dediyini, Səfərin ona Xanları çağırım gəlsin özü desin dediyini, 15 dəqiqə sonra Xanların gəldiyini, Xanlar həmin məsələnin olduğunu dediyini, Xanların ondan qorxduğu üçün elə dediyini başa düşdüyünü, Tanrı gələndə söhbət edərik dediyini, siqaret almaq üçün mağazaya getdiyini, siqaret alıb qayıdanda Kamalın onunla qarşılaşdığını, Kamalın ondan siqaret istədiyini, Kamala sənə siqaret düşmür dediyini, Kamalın da ona gəl gedək, bağa səni başa salacam dediyini, Kamalla birlikdə ora getdiyini, Kamalın orada tanışlarını görüb onu döyəcək kimi özünü apardığını, tanışlarının içərisində ucadan söz eşitdirə-eşitdirə sən kimsən mənə siqaret vermisən dediyini, Kamala dinmədiyini, Kamalın da öz bildiyini etdiyini, Kamala gedim, sabah gəlim söhbət edək dediyini, Xanların da Kamalın qoluna girib, işin yoxdur, qoy, getsin dediyini, Kamalın da ona işim var, gözlə dediyini, onun isə Kamala gedirəm dediyini, sabah hara deyirsən gələrəm dediyini, aradan çıxmaq istədiyini, 2-3 addım aralandıqdan sonra Kamalın söyüş söyərək ona davay ə, çıx buradan dediyini, onun da Kamala hamı durub burada ayıb olur, sonra söhbət edərik dediyini, Kamalın da ona mən səni tək vura bilmirəm, tanışlarına özünü göstərərək üstünə gəldiyini, ona brasok atıb, yəni başına alıb yerə çırpdığını, onun da çiyni üstə yerə düşdüyünü, onun sinəsinə oturub onu yumruqla sifətindən vurub döyməyə başladığını, təpiklə vurduğunu, orada olan şəxslərin onu araladıqlarını, polislərin gəldiyini, onlarında qaçıb getdiyini, onu polis idarəsinə apardıqlarını, şikayət ərizəsi yazdığını, sonra xəstəxanaya getdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində, cinayət işi üzrə Zərərçəkmiş şəxs əvvəlcədən tanımadığını, hadisədən sonra tanıdığını, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmadığını, Təqsirləndirilən şəxs 4-5 ildir tanıdığını, Əcəmi seyrangahında Şahid1 və Şahid2la birlikdə bağdan keçdiklərini, Ruslanın da bağın girəcəyində bir nəfər tanımadığı şəxslə oturduğunu, Ruslanın əli ilə işarə edib onu çağırdığını, onun isə yanında olan Səfərə Ruslanın yanına gedib nə dediyini öyrənməsini bildirdiyini, Şahid1 də onun yanına getdiyini, onunla söhbət eləyib yanına qayıtdığını, Səfərdən nə dediyini soruşduğunu, Ruslanın onun özü gəlsin, işi var dediyini, Ruslanın yanına getdiyini, Ruslandan nə lazım olduğunu soruşduğunu, ondan Adəmin qardaşı olub-olmadığını soruşduğunu, hə cavabını verdikdə sənin qardaşın yaxşı oğlandı, ancaq sən yox dediyini, Ruslanın sərxoş olduğunu, spirtli içki qəbul etdiyini bildiyini, onu bibisioğlu Xanlardan soruşmasını dediyini, Xanlardan yana onların həyətinə getdiyini, Xanlar söyüş söydüyünə görə onunla danışmağa gəldiyini, Ruslanın həmin söhbəti bildiyini dediyini, onu həmin söhbətdə sındırmışdılar dediyini, onun Xanları çağırım, bura gəlsin, söhbəti qoy o danışsın dediyini, söhbət elə olmasa nə edəcəyini bildiyini dediyini, Xanları çağırdığını, Xanların ora gəldiyini, Ruslanın yanında Xanlardan söhbətin necə olduğunu soruşduğunu, Xanların da sən düz deyirsən dediyini, sonra Ruslana kişi ol bu söhbəti kim deyibsə elə olmayıb dediyini, Ruslanın ona söhbəti Xanların qardaşının dediyini, Ruslanın Xanların qardaşının nömrəsini verdiyini, ona zəng etdiyini, ancaq nömrəsinə zəng çatmadığını, Ruslan Türkiyədə olduğunu dediyini, söhbət bitənə yaxın Kamalın gəldiyini, Ruslana sözünü deyib oradan getdiyin, bir qədər aşağı enib orada oturduqlarını, Kamalın siqaret almaq üçün getdiyini, 10 dəqiqə sonra Kamalın qayıtdığını, Kamalın qabaqda Ruslanın isə onun arxasınca gəldiyini, Kamalın onların yanına çatdıqdan sonra Ruslan əl çəkmir, bunu vuracam, birtəhər olacaq dediyini, həmin vaxt Ruslanın sərxoş vəziyyətdə onlardan əl çəkmədiyini, həmin vaxt ağzına gələni danışdığını, uşaqlarla birlikdə onu başlarından rədd eləmək istədiklərini, Kamalın ona Ruslandan siaqret istədiyini, onun da Kamala sənə siqaret düşmür dediyini, Kamalın ona Ruslanı döyəcəm, özünü apara bilmir dediyini, bağda besetkanın kənarı ilə gedəndə Kamalın gedib Ruslana onun hansı pis hərəkətini haradasa gördüyünü, nə üçün ona elə dediyini, Ruslanın da nəsə dediyini, ondan sonra Kamalın Ruslanın sifətindən iki yumruq vurduğunu, birdə ardınca “brasok” atdığını, yəni başına alıb yerə çırpdığını, sonra yerdə təpiklə vurduğunu, polislərin gəldiyini, Kamalın uzaqlaşdığını, onu polis idarəsinə gətirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığını, onlarla arasında ədavət və düşmənçilik olmadığını, 16 avqust 2023-cü il tarixdə saat 17:00 radələrində qonşuları Meydanla birlikdə Əcəmi seyrangahında bağda olduğunu, həmin vaxt Meydanla kafedən çıxıb bağda gəzişdiklərini, bağda Kamalla rastlaşdıqlarını, onunla salamlaşdıqlarını, Kamalın onlardan salamlaşdıqdan sonra ayrıldığını, Meydanla fırlanmağa başladıqlarını, Kamaldan ayrıldıqdan bir qədər sonra bağda olan besetkanın yaxınlığında Kamalla Ruslanın mübahisə etdiyini gördüklərini, onlara tərəf gəlməyə başladığını, həmin vaxt ətrafda olan adamların toplaşmağa başladığını gördüyünü, besetkaya doğru gələndə Kamalın Ruslanı vurduğunu və Ruslanın yerə yıxıldığını gördüyünü, onlara yaxınlaşanda kənardan polis əməkdaşının gəldiyini, həmin polis əməkdaşının hadisə baş verən yerdə olan şəxslərə hər kəsin öz yerində dayanmasını dediyini, lakin həmin vaxt Kamal və ətrafda olan bir neçə nəfərin qaçaraq oradan uzaqlaşdığını, Ruslanın da yavaş-yavaş ayağa qalxdığını, hadisə baş verən yerə əlavə polis əməkdaşlarının gəldiyini, onları polis avtomobilinə mindirib İdarəyə gətirdiklərini, Kamalın mübahisə zamanı Ruslanı yumuruqla vurduğunu gördüyünü bildirdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 1474 nömrəli ekspert rəyində, Zərərçəkmiş şəxs burun sümüyünün sınığı, çənə sümüyünün sol şaxəsinin bucaqdan keçən yerdəyişmə ilə sınığı, çənə sümüyü cisminin sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirildiyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ƏSİŞ-dən alınmış xx.xx.2023-cü il tarixli cavabda, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Xəzər RPİ-i tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə həbs edildiyi göstərilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər RPİ-i tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə həbs edildiyi və Xəzər rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə 01 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması barədə hökm çıxarıldığı, Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə həbs edildiyi və Naxçıvan şəhər Məhkəməsi tərəfindən 25 iyul 2023-cü il tarixdə iki il müddətinə azadlığın məhdudlaşdırılması barədə hökm çıxarıldığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Naxçıvan şəhər Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 1(078)-19/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli 229338/2023 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-19/2023 saylı 25 iyul 2023-cü il tarixli hökmü 26 sentyabr 2023-cü il tarixdə icraatlarına daxil olmuş, məhkum şöbəyə gəlib qeydiyyatdan keçmədiyindən təyin olunmuş cəzası çəkilməmiş qalmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini, digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin başlanmasına əsas və səbəb, 16 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Naxçıvan şəhəri, Əcəmi seyrangahında olan şəxs və ya şəxslər ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına bağda istirahət edən Zərərçəkmiş şəxs fiziki zor tətbiq edib onun sağlamlığına xəsarət yetirməklə xuliqanlıq etmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, 16 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs dostları ilə birlikdə Naxçıvan şəhəri, Əcəmi seyrangahında istirahət edərkən heç bir səbəb olmadan bağda istirahət edən Zərərçəkmiş şəxs ilə mübahisə edərək onun sifətindən yumruq və təpiklə vurmuş və nəticədə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs burun sümüyünün sınığı, çənə sümüyünün sol şaxəsinin bucaqdan keçən yerdəyişmə ilə sınığı, çənə sümüyü cisminin sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməllərinin törədilməsi hallarını və zərərçəkmiş şəxsin onun barəsində şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 18 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmışdır. Bununla da, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi- 2 (iki) il müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və bu hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin CPMin 44.1, 197-198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi- 2 (iki) il müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilən cəza ilə qsmən birləşdirilməklə onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrmetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-4/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-4/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver