Məhkəmə qərarları › İş №1(078)-42/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-42/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-42/2025 29.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, bloger-onlayn qaydada reklam fəaliyyəti ilə məşğul olan, evli, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yalandan vəd verib Türkiyə Respublikasına keçməklə bağlı üzərində olan qadağanı ləğv elətdirmək adı ilə aldadıb 18 sentyabr 2024-cü il tarixdə, saat 14:35 dəqiqədə ünvan 3 ünvanında yerləşən Cahan TMnin qarşısındakı Milliön elektron ödəmə sistemindən 5411 2498 0231 7771 nömrəli kart hesabına köçürtmə yolu ilə 510 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən maddə ilə özünü təqsirli bilmədiyini, reklam fəliyyəti ilə məşğul olduğunu, yoldaşının onkoloji xəstə olduğunu, ona görə qazancının görmədiyini, halhazırda Naxçıvan şəhərinə yaşadığını, 14 il Türkiyə şəhərində yaşadığını, orada rəsmi şəkildə fəaliyyət göstərdiyini, 2024-cü ilin dekabr ayında məhkəmə tərəfindən 20 gün müddətində inzibati həbs tətbiq edildiyini, həmin vaxt həbsdə olduğuna görə zərərçəkmiş şəxsin pulunu qaytara bilmədiyini, zərəri tam ödədiyini, qanun qarşında boyunun qıldan incə olduğunu, Türkiyədə olarkən fəaliyyətinin attestatla Universitetə qəbulu həyata keçirdiyini, heç vaxt yalan danışmağı sevən insan olmadığını, Türkiyədən köçəndən sonra bu işlərdən uzaqlaşdığını, onun haqqında iş olduğunu bilmədiyini, burada öyrəndiyini, zərərçəkmiş şəxsi tanımadığını, dostu Ayxanın xahişinə görə ona köməklik edə biləcəyini dediyini, Türkiyədə bu işlə məşğul olan yaxınları olduğunu, onlara deportun götürülməsi üçün müraciət etdiyini, rəsmi şəkildə hansı işlər görüldüyünü bilmədiyini, Gəncədə onunla bağlı bu maddə ilə iş olduğunu belə bilmədiyini, bu işlə əlaqədar öyrəndiyini, vurulmuş ziyanı ödədiyini, iki körpə övladı olduğunu, yoldaşının xərçəng xəstəliyindən əziyyət çəkdiyini, davamlı bahalı dərmanlar aldığını, maddi imkanı yaxşı olmadığını nəzərə alıb onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqı zamanı elan edilmiş iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vatçap sosial şəbəkəsindən tanıyır, onunla üzbəüz tanışçılığı olmamışdır. Türkiyədə yaşayır, həmin vaxt pasportunun vaxtı keçmişdir, özü də Naxçıvana qayıtmaq üçün bilet almışdır. X11 polislər özünü tutmuşlar, Bakıya məcburu göndərib bir il deportasiya eləmişdirlər. Özü də bir il ərzində Türkiyəyə qayıda bilməmişdir. İşləmək üçün Montoneqroya getmiş, orada da işləri alınmamış, məcbur Azərbaycana qayıtmaq qərarına gəlmişdir. Həmin vaxt Türkiyəyə qayıtmaqla bağlı deportasiyasının götürülməsini düşünmüşdür. Bu səbəbdən Türkiyədə birlikdə işlədiyi Ayxanla danışmış, Ayxan da “Naxçıvanlı Nurəddin var, onun sənəd işindən başı çıxır, onunla danış” demiş, Ayxan Nurəddinin telefon nömrəsini vermiş, onunla vatçap sosial şəbəkəsində tanış olub danışmışlar. Nurəddin “300 ABŞ dolları başdan verməlisən, sonda da 300 ABŞ dolları alacam, sənin Tükiyəyə keçmək qadağanı üstündən götüzdürəcəm” demişdir. Nurəddin də “2 ay içərisində vizan həll olacaq, sən gedəcəksən” deyib söz vermişdir. Özü də həmin danışıq zamanı Naxçıvanda olmuşdur. Nurəddindən “necə olacaq” soruşmuş, Nurəddin “2 ay ərzində sənədini hazırlayacam, sən də gedib konsulluqda möhürlətdirib gedəcəksən” demişdir. Buna görə Nurəddinə inanmışdır. 300 ABŞ dollarını 510 manata çevirib, onun verdiyi X1 adına olan son 8 rəqəmi 0231 7771 nömrəsi olan kart hesabına xx.xx.2024-cü il tarixdə, 510 manat olaraq ünvan 4 ünvanında yerləşən Cahan TM-də Milliön apartından vurmuş, həmin 510 manat pulu karta köçürmüşdür. Nurəddin də pulu alıb “2 aym sonunda həll olacaq” deyib vəd vermişdir. Lakin iki ay keçmiş, Nurəddinə zəng vurmuş, Nurəddin də telefonu açmamışdır. Təkrar zəng vurmuş, Nurəddin “bugün sabah həll edəcəm” demiş, lakin özünü aldatmışdır, bugünə qədər də özünə pulunu qaytarmamışdır. Bu yolla özünə 510 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs “pulu kartıma at, mən özüm sənin sənədini həll edəcəm” demişdir. Nurəddin kiməsə pul verəcəyini deməmişdir. Söz vermişdir ki, özü həll edib, 2 aya sənədləri düzəltdirəcək. Lakin nəticədə aldatmışdır. Təqsirləndirilən şəxs vatçapda danışmışlar, danışıq zamanı yanlarında başqa heç kəs olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, onla arasında barışıq sağlanıldığını, Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinə də yazaraq bildirdiyini, işi və səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, bu məsələnin xitam edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin öz ifadəsi isə özünü müdafiə xarakteri daşıyır və onun təqsiri işdə olan sübutlarla təsdiq edilir. İş materiallarında olan: Naxçıvan ŞPİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə ŞBPİ-də Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə Azərbaycan Respublikası CM-nin 72.2-ci maddəsinə əsasən xitam edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə zərərçəkmiş şəxsin təqdim etdiyi sənədlərə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, vatçap sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə Türkiyə Respublikasına keçməklə bağlı üzərində olan qadağanı ləğv elətdirmək barədə danışmış, bunun üçün 510 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs qayınanası X3 məxsus və həmin vaxt istifadəsində olmuş 5411 2498 0231 7771 nömrəli Leo bank aid kart hesabına 510 manat pulu özünə göndərmiş, həmin pulu öz istifadə etmişdir. İstintaq zamanı əməliyyat tapırığı verilmiş və alınmış cavabdan aydın olmuşdur ki, Babayev X4 şəhəri ərazisində blogerlik edir, sosial şəbəkələrdə tanınır, ləqəbi Adeldir, hər kəs tərəfindən Adel kimi tanınır. Ayxan və Mehmet adlı şəxslərin kimlikləri müəyyən edilməmişdir. X6 Bakı şəhərində yaşayır, Adelin həyat yoldaşının anasıdır. İstintaq zamanı X6 ilə telefon əlaqəsi saxlanılmış və telefonla danış zamanı X6 bildirmişdir ki, qızının müalicəsi üçün Bakı şəhərində olduğunu və xəstəliklə əlaqədar qızını yanında qaldığını bildirmiş, Naxçıvandan bir dəfə olmuşdur, qızı X2 həyat yoldaşı Təqsirləndirilən şəxsdur. 5411 2498 0231 7771 nömrəli Leo bank kartı özünə məxsusdur, həmin kartı hazırda istifadə edir. Lakin 2024-cü ilin sentyabr-dekabr aylarında qızının səhhəti ilə bağlı pul lazım olduğu üçün kartını istifadə etməsi üçün kürəkəni Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt onun istifadəsində olmuşdur. Müalicə alandan sonra kartı özünə qaytarmışdır. İş üçün əhəmiyyətli olduğundan X6 istifadəsində olan +90- ***-***-**-** vatçap nömrəsi ilə şəxsiyyət vəsiqəsinin və adına olan kartın fotoşəklini göndərmiş və fotoşəkillər epson markalı çap qurğundan çıxarılıb protokola əlavə edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs İnstagram sosial şəbəkəsindən Naxçıvan MR DİN-nə müraciət edib bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş 510 manat maddi ziyan tam şəkildə ödənilmişdir, onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs yalandan vəd verib Türkiyə Respublikasına keçməklə bağlı üzərində olan qadağanı ləğv elətdirmək adı ilə aldadıb 18 sentyabr 2024-cü il tarixdə, saat 14:35 dəqiqədə ünvan 3 ünvanında yerləşən Cahan TM-nin qarşısındakı Milliön elektron ödəmə sistemindən 5411 2498 0231 7771 nömrəli kart hesabına köçürtmə yolu ilə 510 manat pulunu dələduzluq yolu ələ keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması, yoldaşının xəstə olması, vurulmuş ziyanı tamamilə ödəməsi hesab edilir, cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; Məhkəmə Təqsirləndirilən şəxs saxlanıldığı iki gün müddətə münasibətdə ona təyin edilmiş cərimə cəzasından 200 (iki yüz) manat azaldılmaqla üzərində qəti olaraq 1100 (bir min yüz) manat cərimə cəzası saxlanılmasını qanuni hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə, məhkəm, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən, məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza tədqiqatının xərci yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətə görə təyin edilmiş cərimə cəzası azaldılaraq qəti olaraq 1100 (bir min yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza tədqiqatının xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar