Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-43/2025 08.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2004-cü il tarixdə Babək rayonu, Kültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkumluğu оlmayan, Babək rayonu, Kültəpə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 22 dekabr 2024-cü il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən Grandmart MMC-yə məxsus “Bolmart-1” super marketin anbarına qəsdən qanunsuz daxil olub 144 manat dəyərində 48 ədəd "xxxx" markalı alkoqolsuz piyvə içkisini gizli yolla talayaraq oğurlamışdır.Bununla da o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilən protokollar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, kənddə olarkən, evdən çıxıb əvvəl işlədiyi bolmart mağazasına getdiyini, anbara daxil olub orada heç kimin olmadığını görüb pivələri götürdüyünü, yan qapıdan çıxıb maşına qoyub getdiyini, 2 aydan çox orada işlədiyini, dekabrın 18-i işdən azad olduğunu, işdən azad olma sənədlərinin özündə olmadığını, ayın 23-ü oğurluq etdiyini, bir səhvlik olduğunu, indiyədək elə bir şey olmadığını, ora gedənda qaranlıq olduğunu, hər kəsin daxil olduğu yerdən, lift tərəfdən pilləkəndən düşdüyünü, daxil olduqdan sonra heç kimin olmadığını görüb, qapının arxasında pivələrin olduğu yerə keçib 2 kaset təxminən 48 ədəd pivəni götürüb anbarın böyük qapısını qaldırıb qapının altından çıxardığını, geri dönüb qapını bağlamaq istəyəndə gecə növbəsi işçilərini gördüyünü, sonra geri qayıdıb pivəni çöl tərəfdən götürəndə onların gördüklərini, pivələri öz maşını ilə apardığını, sonra evə qayıtdığını, şəhər şöbəsindən ona zəng vurduqlarını, ona belə bir iş görüb kameraya düşdüyünü dediklərini, sonra maşını götürüb şöbəyə gəldiyini, maşınını duracağa qoyduqlarını, polis əməkdaşı ilə birgə pivələri aparıb anbara qoyduğunu, törətdiyi əməldən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində hal-hazırda Grandmart MMC-nin balansında olan Naxçıvan Bolmart-1 mağazasının müdiri olduğunu, Təqsirləndirilən şəxs dekabr ayının 20-si işdən azad olduğunu, qanunsuz şəkildə mağazanın anbarına daxil olduğunu, jalüz qapını qanunsuz şəkildə açdığını, malları maşına qoyub getdiyini, anbarın 1 girişi, 1 çıxışı olduğunu, kənar şəxsin girişinin mümkün olmadığını, girişin mağazanın içindən olduğunu, Rəvanın 3 aya yaxın orada işlədiyini, məsuliyyətsiz işçi olduğunu, işə gəlmədiyini, dəfələrlə yalanlar danışdığını, izahatlarının aldığını, işə qəbul zamanı 3 gün sınaq müddəti olduğunu, oğurluq olduqdan əvvəl işdən azad etdiklərini, normalda isə 3 dəfə rəsmi qaydada xəbərdarlıq edildiyini, 3 xəbərdarlıqdan sonra işdən azad olunduğunu, ərizəsini 16 dekabrda verdiyini, işdən çıxarılan şəxs barədə hərkəsə məlumat verildiyini, şəxsin özünə də məlumat verildiyini, hadisəni Şahid1 zəng vurub “mağazadan 48 ədəd Efes 500 ml alkoqolsuz piyvə içkiləri oğurlanmışdır” dediyini, necə olub soruşduğunu, Əfsanə də “3 ay Bolmart marketdə işləyən, yaxınlarda işdən çıxardıqları Təqsirləndirilən şəxs anbara qanunsuz daxil olub, anbardan oğurluq etmişdir” dediyini, Əfsanə xanıma “polisə məlumat verin” dediyini, Mağazadan 48 ədəd Efes 500 ml markalı alkoqolsuz piyvə içkisi oğurlandığını, Oğurluq nəticəsində təxminən 150 manat maddi ziyan dəydiyini, hadisə olan gününün səhərisi polis əməkdaşlarının gəldiyini, apardığı məhsulun polis tərəfinfən tamamilə qaytarıldığını, Təqsirləndirilən şəxs atası, dayısının gəlib onunla görüşdüyünü, hazırki vəziyyətdə şikayətinin olmadığını, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində ünvan 1 ünvanında yerləşən mağazanın müdir müavini olduğunu, mağazaya cavabdeh 2 nəfər işlədiyini, özünün axşam vaxtı cavabdeh olduğunu, Rəvanın mağzaya gəlib depoya daxil olduğunu, içkilər olan otağa daxil olub oradan işkiləri götürüb deponun arxa qapısını açdığını, malları oradan çıxardığını, malların deponun qapısından çətin çıxdığı üçün jalüz qapını biraz yuxarı qaldırıb çöldən içkiləri bayra itələyib çöldən məhsulları götürən zaman, bunu görən əməkdaşların ona məlumat verdiyini, işçilərin “anbarın qapısında hərəkətlilik var, kimsə əlini uzadıb içəridə olan malları çəkib çölə çıxardı” dediyini, özü də kamera otağına yaxınlaşmış və “kameraya bax, görünütü çıxar” dediyini, kameralarda baxarkən hərşeyin aydın göründüyünü, Rəvanın arxa tərəfə gəldiyini, oradan spirtli içkiləri aparıb avtomobilə yığdığını və getdiyini, özü Polisə məlumat verdiyini, polis əməkdaşları hadisə yerinə gəldiyini, hadisə yerinə baxış keçirdiklərini, kənar şəxslərin anbara daxil olmasının mümkün olmadığını, tualetə getmək üçün nəzarət xidmətinin müşahidəsi ilə vətəndaşların gedib gəldiyini, çöl qapıdan anbara girişin olmadığını, kameralardan hərşeyin aydın göründüyünü, kamera görüntülərinin polisdə olduğunu, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində Rəvanın işdən çıxdığını, axşamçağı gəlib aşağı düşdüyünü, orada işlədiyi üçün bəzi şeyləri bildiyini, pultu vurubqapını 50-60 sm qaldırdığını, oradan sunkaları eşiyə atdığını, çöl tərəfdən sumkaları çəkəndə işçilərin gördüyünü, oranın 4 bir tərəfinin kamera olduğunu, kamerada görüb Əfsanə xanıma dediklərini, Əfsanə xanımın da dərhal polisə məlumat verdiyini, hadisənin tarixini unutduğunu, özünün orada olmadığını, ona da dediklərini, təxminən 2 kaset pivə apardığını, 150 manata yaxın məbləğ olduğunu, sonra götürdüklərini gətirib təhvil verdiyini, hadisə zamanı işdə olduğunu, özünün 6-dək işdə olduğunu, anbara sadəcə işçilərin giriş çıxışı olduğunu, mağazanın içərisindən daxil olduğunu, qapının açıq olduğunu, oradan mətbəxə və tualetə keçid olduğunu, şəxsin müştəri kimi mağazaya girib, kimsənin baxmadığını görüb girdiyini, kameralarda nəzarət edildiyini üçün həmin zaman görüb müdaxilə etdiklərini, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində marketdə işləyən zaman depoya düşüb malları boşaltdıqlarını, Rəvanın əlində klokda 4-5 dənə araqlar gördüklərini, onları nə etdiyini soruşduqda alacağam dediyini, özünün də yuxarıda vitrində olduğunu dediyini oradan götürərdin dediyini, sonra Rəvana zəng gəldiyini, telefonu qulağına qoyub getdiyini, sonra arxa deponun qapısının biraz yerdən yuxarı olduğunu, depoda rastlaşdıqlarını, özünün depodan çıxdığını, Rəvanın depoya getdiyini, sonra klokun deponun arxasındakı qapıdan çıxdığını gördüyünü, deponun arxa qapısının daima bağlı olduğunu, sonra rəhbərliyin polisi çağırdığını, istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. İlkin təhqiqat zamanı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı anbarın qapısının içəri tərəfdən pultla çılıb-bağlandığı müşahidə edilmiş, həminçinin hadisə yerində Bolmart-1 mağazasının video müşahidə kamerlarının olduğu müəyyən edilmiş, həmin kamerlardan hadisə olan zaman qeydə alınmış video görüntülər bir ədəd diskə köçürülmüş, həmçinin hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs oğurladığı 48 ədəd "xxxx" markalı alkoqolsuz piyvə içkisi Naxçıvan ŞPİ-yə gətirib təhvil vermişdir. İstintaq zamanı ünvan 1 ünvanında fəaliyyət göstərən Bolmat-1 mağazasının müşahidə kamerları vasitəsilə qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmiş və törətdiyi əməli etiraf etmişdir. İlkin təhqiqat zamanı Grandmart MMC-dən daxil olmuş məlumatlardan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edib xx.xx.2024-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Naxçıvan ŞPİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İstintaq zamanı Y.Budaqov adına X1 alınmış cavabdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs qeydiyyatda dayanmır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 19 saylı məhkəmə əmtəəşünaslıq ekspertiza rəyindən aydın olmuşdur ki, 48 ədəd "xxxx" markalı alkoqolsuz piyvə içkisi 144 manatdır. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən 48 ədəd "xxxx" markalı alkoqolsuz piyvə içki cinayət işi üzrə maddi sübut hesab edilmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası CPM-nin 131.1.2-ci maddəsinə əsasən 48 ədəd "xxxx" markalı alkoqolsuz piyvə içki Grandmart MMC-yə məxsus Bolmart-1 mağazasına qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Təqsirləndirilən şəxs qəsdən özgə əmlakını gizli olaraq talamaq məqsədilə anbara qanunsuz daxil olub saxlanc yerindən oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 22 dekabr 2024-cü il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən Grandmart MMC-yə məxsus “Bolmart-1” super marketin anbarına qəsdən qanunsuz daxil olub 144 manat dəyərində 48 ədəd "xxxx" markalı alkoqolsuz piyvə içkisini gizli yolla talayaraq oğurlamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatan cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil təqdim etməmiş, törətdiyi əməldə özünü təqsirli bilmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 177.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə görə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, eləcə də səmimi peşma olması, təqsirini etiraf etməsi cəzanı yüngülləşdirən hal kimi işə baxılarkən təqsirləndirilən şəxsin əməlində müəyyən edilmişdir. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- Babək Rayon, Kültəpə kəndi üzrə Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 48 ədəd Efes 500 ml markalı alkoqolsuz piyvə içkisinin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer- Babək rayon, Kültəpə kəndi üzrə Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış əşyaların sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə ekspertiza xərci olan 40 (qırx) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Gülnar Səfərəliyeva.