Məhkəmə qərarları › İş №1(078)-45/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-45/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-45/2024 04.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı orta təhsilli, evli iki uşaq atası, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Cinayət işinin başlanmasına səbəb xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində Naxçıvan şəhərində yerləşən Pub kafesində baş vermiş mübahisə zamanı kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsində, sol əlin arxa səthinin içəri kənarında, sağ əlin bilək nahiyyəsinin ön səthində, sağ ayağın arxa səthində qançırlar, sol əlin ikinci dırnağının qopması xəsarətləri yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirilməsi faktı, əsas isə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Cinayət hadisəsini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tanınmış, ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs tutularaq Naxçıvan MR DİN-ə bilavasitə tabe olan müvəqqəti saxlama yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:40 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində Naxçıvan şəhərində dairəvi yolun 2.5 kilometrliyində yerləşən Pub 011 adlı kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi mübahisə zamanı onu qəsdən yıxaraq Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsində, sol əlin arxa səthinin içəri kənarında, sağ əlin bilək nahiyyəsinin ön səthində, sağ ayağın arxa səthində qançırlar, sol əlin ikinci dırnağının qopması xəsarətləri yetirməklə, zərəçəkmiş Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ittihamda özünü təqsirli bildiyini deyərək göstərmişdir ki, Naxçıvan şəhərində dairəvi yolun 2.5 kilometrliyində yerləşən “Pub 011” adlı kafeni icarəyə götürüb qardaşı Sənanla birlikdə işlədir. Zərərçəkmiş şəxs iki ay müddətində onların işlətdiyi kafedə ofisiant işləyirmiş. xx.xx.2024-cü il tarixdə İlahənin hərbiçi tanışları kafeyə gəlmişlər. Onların əyləşdiyi stola İlahə baxırmış. Həmin vaxt kafedə olan qızlardan da stolda əyləşmişdirlər. O, həmin vaxt kafenin mətbəxində yatıbmış. Kafedə yaranan səs-küyə oyanmış, İlahə ilə Sabirənin sözlü mübahisə etdiklərini, bir-birlərini söydüklərini eşitmişdir. O. mətbəxdən çıxıb onlara tərəf getmiş, hər ikisinə səsinizi kəsin demişdir. İlahə Sabirəyə qarşı sən valiksən kimi sözlər işlətmiş, təkrar İlahəyə səsini kəs Sabirə səndən yaşca böyükdür demişdir. İlahə ona qarşı sən səsini kəs deyərək nalayiq ifadə işlətmiş, Sabirə isə ona səndə tərbiyə olsa müdürə belə deməzsən demişdir. Həmin vaxt İlahə Sabirəyə qarşı sənin varyoxunu belə edərəm demiş, O, isə hər ikisinə sənin də varyoxun var, niyə elə deyirsən demiş, İlahə ona sənin varyoxunu deyəndə kakluyatoru götürüb İlahəyə tərəf tullamışdır. Kakluyator qapının küncünə dəyib qırılmışdır. O, sonradan ayağa qalxmış, İlahənin yanına getmişdir. İlahə ona mənim pulumu ver demişdir. Həmin gün İlahəyə kokteylnən, günlük maaşı ilə birlikdə 100 manat pul verməli idi. İlahə israrla ona pulunu verməsini deyirdi. İlahəyə stoldan hesabı almadıqları üçün onun pulunu verə bilməyəcəyini demiş, İlahə kafedən çıxıb getmək istəmişdir. O, həmin vaxt İlahənin qolundan tutaraq itələmiş, İlahə qapının ağzında yerə yıxılmışdır. İlahə həmin vaxt təkarar ona qarşı nalayiq ifadə işlətmiş, İlahəni vurmaq üçün İlahənin üsütünə getmiş, Yavər onun qarşısına keçmiş, onun üstünə getməyə qoymamışdır. İlahə bir qədər keçdikdən sonra ayağa qalxmış, o, həmin vaxt kafenin mətbəxində olmuşdur. İlahənin kafedən qaçaraq uzaqlaşdığını görmüşdür. Həmin vaxt o, ayaqqabısız idi. İlahənin ayaqqabılarını aparmalarını demiş, Səbuhi İlahənin ayaqqabılarını da götürüb onun arxasınca getmişdir. Həmin vaxt Yavər də onun arxasınca getmiş, Yavərə zəng etmiş, Yavərə telefonda İlahəyə de gəlsin pulunu götürsün demiş, Yavər telefonda ona İlahənin polisə getdiyini demişdir. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və cinayət işi üzrə icraata xitam verilməsinə xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verilmiş ifadəsində göstərmişdir ki, o, iki həftə olar ki, Naxçıvan şəhərində yerləşən Pub 011 kafedə ofisiant kimi işləyir, xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində işlədiyi kafedə Sənan və Tural qardaşları ilə onun arasında mübahisə baş vermiş, mübahisənin baş vermə səbəbi isə həmin vaxt onun adına yazılmış doqquz ədəd kokteylin və gündəlik işlədiyi pulu verməmələri idi. Həmin vaxt Tural və Sənandan başqa adını bilmədiyi bir nəfər şəxs də var idi. Həmin şəxs də ona qarşı əxlaqsız təkliflər edirdi. Ona öz işinlə məşğul ol demiş. Həmin vaxt həmin şəxs onun barəsində nalayiq ifadələr işlətmişdir. Lakin ona fikir verməmiş. Sənan və Tural ilə pulunu almaq üçün savaşmışdı. Turala onun pulunu verməsini demiş. Tural ona yeddi kokteylin və günlük qazancını verəcəyini demiş. Onunla razılaşmış. Həmin vaxt Tural ona söyüşlə flankəsin pulunu verin getsin demiş. Həmin vaxt Turala flankəs sənsən demiş, getmək istəyən zaman Tural onun saçından yapışaraq dartmış, onu yerə çırpmışdır. Həmin vaxt Turalın qardaşı Sənanın isə onun ayağımdan pivə bakalı ilə vurmuşdur. O, kafedən çıxıb çölə qaçmışdır. Yoldan bir avtomobilə minib Polis İdarəsinə gəlmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirmişdir. 02 senyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində Faytonçu kafeni bağladıqdan sonra işlədiyi kafedə qəlyançı işləyən Səbuhi ilə birlikdə pivə içmək üçün Pub 011 adlı kafeyə getmişlər. O, barın yanında əyləşmiş. Barmen ilə söhbət edirmiş. Həmin vaxt İlahə xanım kassaya yaxınlaşmış, maaşını və - qazandığı faizin pulunu istəmiş, həmin vaxt kafeni işlədən Tural adlı şəxs gəlmiş. İlahə ilə mübahisə etməyə başlamışdır. Tural İlahəyə qarşı nalayiq ifadələr işlətmiş, Həmçinin İlahə də Turala qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Tural və qardaşı Sənan İlahə ilə savaşmağa başlamışlar. Hər ikisi İlahənin üstünə getmişlər. Tural İlahənin saçından tutaraq yerə çırpmış, onları aralaşdırmaq üçün aralarına keçmişdir. Həmin vaxt İlahənin ürəyi narahat olmuş, İlahə yerə yıxılmışdır. O, Tural və Sənanı qırağa çəkmiş, İlahəni yerdən qaldırmışdır. İlahə ona demiş ki, məni polisə apar, o, İlahəni də götürüb çölə çıxmış, taksiyə əyləşmiş və Polis İdarəsinə gəlmişlər. 02 senyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 06 radələrindən sonra kafedə idi, kafedə müştərilər var idi. Həmin vaxt zalda əyləşən müştərilər İlahənin müştəriləri idi. Sabirəni İlahənin baxdığı stolda əyləşən müştərilərdən biri kupeyə aparmış, Sabirəni də onların əyləşdiyi stola dəvət etmişdir. Lakin Sabirə həmin müştəriyə onların stolunda İlahənin əyləşdiyini demişdir. İlahəyə görə Sabirə həmin stola getməmişdir. Lakin müştərini Sabirənin yanında gördükdən sonra İlahə Sabirəyə qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Tural kassada idi. Tural onların hər ikisinə sakit olun demiş, lakin İlahə yenə də nalayiq ifadələr işlətməkdə davam etmişdir. İlahə ilə Sabirə bir-birlərinə qarşı nalayiq ifadələr işlədən zaman o, sanitar qovşağa getmişdir. Sanitar qovşaqdan qayıdan zaman İlahənin yüksək səslə söyüş söyərək kafedən çıxdığını görmüş, İlahə nalayiq ifadələr işlədərək kafedən uzaqlaşmışdır. O, kafeyə gəlmiş, həmin vaxt kafedə olan müştərilər də getmişdir. O, kafeyə daxil olduqdan sonra İlahənin kafedə nalayiq ifadələr işlətdiyini, həmin vaxt kafedə mübahisə baş verdiyini örənmişdir. Bir qədər keçdikdən sonra Tural haqq-hesabı ona vermiş, özü isə kafedən çıxaraq Polis İdarəsinə getmişdir. İş materiallarında olan: Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış xx.xx.2024-cü il tarixli, 653 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol almacıq nahiyyəsində, sol əlin arxa səthinin içəri kənarında, sağ əlin bilək nahiyyəsinin ön səthində, sağ ayağın arxa səthində qançırlar, sol əlin ikinci barmağının dırnağının qopduğu, göstərilən xəsarətlərin küt əşyanın təsirindən törəndiyi, bilavasitə ayağına pivə bakalı çırpma, saçından tutaraq yerə çırpma nəticəsində yarana bilrəliyi, xəsarətlərin özü tərəfindən deyil, kənar şəxslər tərəfindən yetirilməyə xarakterik olduğu, xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs Y.Budaqov adma X2 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs qeydiyyatda olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı şikayəti olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən, vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən Müdafiəçi köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar