Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-47/2024 10.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi X3 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X1 Elşad Səfər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. X7 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o 1993-cü ildən Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə informatika müəllimi işləyir. 16 aprel 2024-cü il tarixdə saat 15:25-də bacısı X4 yaşadığı Naxçıvan şəhəri, İstiqlal küçəsi ev 97, mənzil 3-də olarkən onun istifadə etdiyi ***-***-**-** nömrəyə tanımadığı ***-***-**-** nömrədən zəng gəlmişdir. Zəng edən şəxs Solmaz müəllimə olmağını soruşub təsdiq cavabını aldıqdan sonra onun şərəf və ləyaqətini alçaldan nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Onu nalayiq ifadələrlə təhqir edəndən sonra həmin şəxs telefonunu söndürmüşdür. O təkrarən həmin nömrəni yığıb niyə onu təhqir etməsini soruşmuşdur. Həmin şəxs bildirmişdir ki, “yaxşı eləyib təhqir edirəm” bu cavabdan sonra ona bildirmişdir ki, “Sizdən polis orqanlarına şikayət edəcəyəm”. Bunu deyib telefonu söndürmüşdür. Sonra o Naxçıvan şəhər Polis idarəsinə zəng vurub təhqir olunduğunu onlara bildirmişdir. Polis idarəsindən ona bildirmişlər ki, “gəlib ərizə yazmalısınız”. O elə həmin günü Naxçıvan şəhər Polis İdarəsinə gedib ərizə yazıb vermişdir. Bir aydan sonra ona Naxçıvan şəhər Polis İdarəsindən məktub gələrək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi xahiş olunmuşdur. Naxçıvan şəhər Polis İdarəsinə ərizə ilə müraciət etdikdən sonra o işi aparan polis əməkdaşı Tural Quliyevdən öyrənmişdir ki, onu telefonda təhqir edən şəxs ünvan 1 ünvanında yaşayan X10 olmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 ərizədə qeyd edildiyi kimi həmin tarixdə hazırlıq keçdiyini, bacısıgildə olduğunu, bacısının da evdə olduğunu, orada olanda ona zəng gəldiyini, tanımadığı nömrə olduğunu, zəngi açdığını, ona “şərəfsizsiniz, ailə qurmamısınız, tərbiyəsiz insansan, çox şükür səni almayıblar” dediyini, sonra telefonu söndürdüyünü, özünün zəng etdiyini, kim olduğunu, onu niyə təhqir etdiyini soruşduğunu, “yaxşı edirəm” dediyini, həmin gün sinfində uşaqların çox yaxşı nəticələr göstərdikləri üçün sevincli olduğunu, hətta sinfində atasız-anasız bir uşaq olduğunu, onu himayəsinə götürdüyünü, onun yüksək nəticə göstərməyinə bütün məktəb kollektivinin sevindiyini, heç bir problem olmadığını, onu təhqir edən şəxsi tanımadığını, sinifində olan şagirdin valideyni olduğunu öyrəndiyini, həmin şagirdin anasının iclaslara gəldiyini, atasının gəlmədiyini, ona görə tanımadığını, bacısının, hazırlıq keçdiyi şagirdlərin valideynin onu təhqir etdiyini eşitdiyini, çox narahat olduğunu, əlində sübut olmadığını, 16 yaşlı uşaqları şahid kimi gətirə bilməyəcəyini, şər atıb yalan dediyini, üzr istəmədiyini, Validənin 9c sinfində oxuduğunu, özünün 9a sinfinin sinif rəhbəri olduğunu, sonra c sinifi bağlandığı üçün a sinfinə yəni onun sinfinə keçdiyini, Validənin valideynlərinin problemli olduğunu bildiyini, Validənin özünün də problemləri olduğunu, Validə onun sinfinə keçəndə ona “başqa sinifdə nə olubsa olub, burada problem olmasın” dediyini, heç nə olmadığını 07 mart 2024-cü ildə sinifdə olan 24 uşaqdan 7-sinin məktəbə gəlmədiyini, həmin 7 uşaqdan birinin valideyninin zəng edərək “mən şikayətə gedirəm, mənim icazəm olmadan niyə uşağımı Əshabi-Kəhfə aparıblar” dediyini, onun da uşaqlarla əlaqə saxladığını, Validənin atasının apardığını öyrəndiyini, uşaqların başına nəsə gələr deyə narahat olduğunu, valideyn iclası etdiyini, ümumi bir dəfə Validəyə “mənim sinifimdə tərbiyəsizlik etməyəssən” dediyini, uşağı çağırdığını, söhbət etdiyini, o uşaqla problemi olmadığını, uşağın atasının ona “müəlliməni təhqir etdim” dediyini, bunun səs yazısı olduğunu, Validə ilə danışarkən səsini yazdığını, Validənin səsini yazdığından xəbəri olmadığını, əlində başqa sübut olmadığını, özünün ziyalı insan olduğunu, uşağın valideyninin onu təhqir edə bilməyəcəyini bildirərək şikayətin icraata qəbul edilməsini və X6 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 müəlliməyə zəng etdiyini, ancaq elə sözlər demədiyini, sadəcə “tərbiyəsiz özünsən” dediyini, müəllimənin qızına uşaqların yanında “tərbiyəsiz, tərbiyəsiz ailədən çıxmısan” dediyini, qızı xahiş etdiyi üçün uşaqları Əshabi-Kəhfə apardığını, orada olanda şagirdlərdən birinin valideyninin ona zəng etdiyini, “tərbiyəsiz Validə aparıb sizi ora” dediyini, müəllimənin sinifdə dəfələrlə qızına tərbiyəsiz dediyini, ballar çıxanda müəllimənin hamını təbrik etdiyini, qucaqladığını, qızını isə təbrik etmədiyini, qızının da ona zəng edib “müəllimə hamını təbrik etdi məni yox” dediyini, onun da çox əsəbləşdiyini, ona görə zəng etdiyini, sadəcə “tərbiyəsiz özünsən, elə buna görə evlənməmisiz” dediyini, polis şöbəsində üzr istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi X8 polisin bu cür işlərə baxmaq səlahiyyətinin olmadığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqirin kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma olduğunu, ancaq elə bir hal olmadığını, sadəcə telefonda dediyini, buna səbəbin də müəllimənin uşağa tərbiyəsiz deməsi olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Lakin hazırki şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi dəqiq göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə X6 Cinayət Məcəlləsinin 148-ci maddəi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi xahiş olunsa da, xüsusi ittiham qaydasında şikayətdə 148-ci maddədə nəzərdə tutulmuş cinayətin harada, nə vaxt və necə törədilməsi ilə bağlı məlumatlar göstərilməmişdir. Həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi qeyd olunsa da əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi öz əksini tapmamışdır. Şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi dəqiq göstərilməmişdir. Məhkəmə iclasındakı izahatında da X1 Elşad Səfər oğlunun əməli törətməsinə dair sübutu olmadığını bildirmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin qeyd edilən qərarın həmin bəndində kütləvi çıxışın tərifi verilmiş, qeyd edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-47/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-47/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver