Məhkəmə qərarları › İş №1(078)-49/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-49/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-49/2023 13.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Sabirabad rayonu, Qaratəpə kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qaratəpə kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhərində müvəqqəti yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, 30 iyul 2023-cü il tarixdə, saat 07 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli talama məqsədi ilə Naxçıvan şəhəri, 21-ci məhəllə 7A ünvanında yerləşən Zərərçəkmiş şəxs icarəsində olan Şərq Süfrəsi restoranınına qanunsuz daxil olaraq oradan bir ədəd Çində istehsal edilmiş, VERİFONE markalı X990 DUAL WİFİ markalı 380 manat dəyərində olan terminal aparatını, bir ədəd Çində istehsal edilmiş, OMNİTECH markalı 250 manat dəyərində post terminal aparatını, bir ədəd Çində istehsal edilmiş, Xprinter-C260M markalı 80 manat dəyərində çek aparatını və 22 manat nağd pulu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 732 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayətdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şərq Süfrəsi restoranında ofisiant işləyirmiş. 29 iyul 2023-cü il tarixdə, saat 12 radələrində iş yoldaşı Şahid2 restoranın qapılarını bağlayan zaman sağ tərəfdə olan açıq sarı rəngli metaldan olan qapının yaxşı bağlanmadığını boş olduğunu görmüşdür. Bunun fürsət olduğunu düşünmüş və restorana girmək qərarına gəlmişdir. Şahid2 getdikdən sonra içəri girmək istədiyini, lakin restoranın ətrafındakı mağazalar açıq olduğu üçün kiminsə görə biləcəyini düşünərək restorana gecə yarısı girməyi planlaşdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 04:50 radələrində yuxudan oyanmış, bir ədəd siqaret yandırmış, sonra restoranın sağ tərəfində olan boş bağlandığını gördüyü qapıya doğru gedib, qapıya fiziki zor tətbiq edərək açmışdır. Restorana daxil olduqdan sonra dar karidorla hərəkət edərək restoranın yemək zalına daxil olduğunu, kassaya yaxınlaşdığını, kassanı açmaq istəyən zaman bağlı olduğunu gördüyünü və açarını axtarmağa başlamışdır. Açarı kassa stolunda yerləşən dəftərin altından taparaq kassanı açdığını, kassada olan 10 manat bir manatlıq və miqdarını bilmədiyi qəpiklərin olduğunu, onları salafanın içərisinə qoyduğunu, kassa stolu üzərində olan 3 ədəd aparatı içində pul olar deyə götürərək restorana daxil olduğu yerdən həyətə çıxdığını, restorana daxil olduğu qapını açıq qoyduğunu, götürdüyü pulu və aparatları restoranın həyətinə apardığını, pulu üstündə görərlər deyə həyətdə olan ağacın dibinə qoyduğunu, götürdüyü 3 aparatı pulu qoyduğu ağacın yanında qıraraq içində pul olub-olmadığını yoxladığını, hər üç aparatı qırdıqdan sonra içində pul olmadığını gördüyünü, aparatları və onların qırdığı hissələrini restoranın çıxış tərəfindəki zibil qutusuna atdığını, sonra restoranın həyətinə qayıdaraq stulların üzərində yenidən yatdığını, səhər saat 08 radələrində restoranın müdürünün qardaşı Allahverdinin onu yuxudan oyadaraq qapının niyə açıq olduğunu soruşduğunu, cavabında yatdığını niyə açıq olduğunu bilmədiyini bildirmişdir. Törətdiyi əməldən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Şərq Süfrəsi restoranını icarəyə işlədir. 30 iyul 2023cü il tarixdə saat 08 radələrində qardaşı Şahid1 Naxçıvan şəhəri 21-ci məhəllə 7A ünvanında yerləşən icarə işlətdiyi Şərq Süfrəsi yeməkxanasını açmağa gedən zaman yeməkxananın yan tərəfdə olan qapısının açıq olduğunu gördüyünü, içəri daxil olan zaman giriş hissədə olan kassa aparatlarının yerində olmadığını görüb ona bildirdiyini və onunda dərhal oraya getdiyini, restorana daxil olduqdan sonra pul kassasının açarının kassanın üzərində olduğunu gördüyünü, həmin açarı axşam restoranı bağlayan zaman kassa stolunun üzərində olan dəftərin altına qoyduğunu, restorana gəldikdən sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə məlumat verdiyini, ona məxsus olan dəyəri 600 manat olan post terminal aparatı, dəyəri 480 manat olan terminal aparatı, kassaya bağlı olan dəyəri 250 manat olan çek printer aparatı və 22 manat miqdarında pul vəsaitinin oğurlandığını, ümumilikdə 1352 manat maddi ziyan dəydiyini, restoranda ofisiant işləyən yatmağa yeri olmadığı üçün restoranın bağçasında gecələyən Burxan adlı şəxsdən şübhələndiyini bildirdiyini, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə ondan şikayətçi olmadığının nəzərə alınaraq müvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 07:00-da qardaşı Zərərçəkmiş şəxs icarəyə işlətdiyi Naxçıvan şəhərində yerləşən Şərq süfrəsi restoranına getdiyini, restoranın qapısına çatan zaman sağ tərəfdə olan açıq sarı rəngli dəmir qapının açıq olduğunu gördüyünü, dərhal qardaşı Altaya zəng edərək, qapının niyə açıq olduğunu soruşduğunu, Altayı restorana çağırdığını, restoranda ofisant işləyən qalmağa yeri olmadığı üçün restoranın həyətindəki stulların üzərində yatan Təqsirləndirilən şəxs yuxudan oyatdığını və qapının niyə açıq olduğunu soruşduğunu, Burxanın cavabında xəbərim yoxdur dediyini, sonra Burxandan restoranda ofisiant işləyən Şahid2 mobil nömrəsini alaraq İlkinə zəng etdiyini, sonra restoranın şüşəli hissəsində olan giriş qapısını açarla açaraq içəri daxil olduğunu, kassaya yaxınlaşdığını və kassanın üzərində olan 1 ədəd çek printer aparatı və 2 ədəd post teminal aparatının yerində olmadığını gördüyünü, kassaya yaxınlaşdıqda kassanın açarının kassanın üzərində olduğunu və açıq olduğunu gördüyünü, kassanın boş olduğunu, içərisində pul olmadığını, qardaşı Altayın gəldiyini, bir qədər sonra ofisiant işləyən Şahid2 də gəldiyini, Altayın vəziyyəti gördükdən sonra polisə məlumat vediyini və polis əməkdaşlarının oraya gəldiklərini, həmin günü polis əməkdaşlarının oğurluq hadisəsini törədən şəxsin restoranda ofisiant işləyən Təqsirləndirilən şəxs olduğunu dediklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şərq Süfrəsi restoranında ofisiant işləyir. xx.xx.2023-cü il tarixdə saat 07:05-də işlədiyi Şərq Süfrəsi restoranını icarə işlədən Zərərçəkmiş şəxs qardaşı Şahid1 ona zəng edərək, axşam evə gedən zaman restoranın qapılarını bağlayıb-bağlamadığını soruşduğunu, Şahid1 ona restorana gəlməsini dediyini, dərhal kirayə yaşadığı evdən restorana getdiyini, oraya çatan zaman müdür Zərərçəkmiş şəxs, qardaşı Şahid1 və restoranda ofisiant işləyən qalmağa yeri olmadığı üçün restoranın həyətində stulların üstündə yatan Sabirabad rayonundan olan Təqsirləndirilən şəxs orada olduğunu, onların yanına çatdıqdan sonra restorandan oğurluq edildiyini, oğurluğun restoranın sağ tərəfdə olan açıq sarı rəngli dəmir qapından girilərək edildiyini və oğurluq hadisəsi nəticəsində kassada olan 22 manat pulun, 1 ədəd çek printer aparatının, 2 ədəd post terminal aparatının oğurlandığını dediklərini, Zərərçəkmiş şəxs dərhal polisə olan hadisə ilə bağlı məlumat verdiyini, hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, həmin günü polis əməkdaşlarının oğurluq edən şəxsin restoranda ofisiant işləyən Təqsirləndirilən şəxs olduğunu dediklərini, Burxan İbrahimovu 3 ay müddətdir ki, tanıdığını, Burxanla onu Ziya adlı şəxsin tanış elədiyini, Burxanın qalmağa yeri olmadığı üçün onlarla birlikdə qaldığını, Burxanın həmin vaxtlar iş axtardığını, Burxanı işlədiyi Şərq süfrəsi restoranında işə düzəltdiyini, bir ay müddət keçdikdən sonra Burxanın yaşadığı evdən ona məxsus pul qabını və içərisində olan 90 manat pulu, plastik kartını oğurladığını, bu barədə şikayət etdiyini və Burxanın polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarıldığını, ona dəyən ziyanı ödədiyi üçün onunla barışdığını və bağışladığını bildirdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış ekspert arayışında 01 ədəd Çində istehsal edilmiş, Verifone markal, X990 Dual WİFİ markalı terminal aparatınının dəyərinin 380 manat, 01 ədəd Çində istehsal edilmi, OMNİTECH markalı post terminal aparatınının dəyərinin 250 manat, 01 ədəd Xprinter-C260M markalı çek aparatının dəyərinin 80 manat məbləğində olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli 800 nömrəli ekspert rəyində, 01 ədəd ekranı zədəli, yararsız vəziyyətdə olan Verifone markalı X990 Dual WİFİ modelli, **********78333 İMEİ kodlu terminal aparatının zədələnməmişdən əvvəl istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin 380 manat, 01 ədəd Çində istehsal edilmiş, OMNİTECH markalı TPs320 modelli, **********74388 və **********74383 İMEi kodlu kassa aparatının zədələnməmişdən əvvəl istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin 250 manat, 01 ədəd Xprinter-C260M markalı çek aparatının istifadəyə yararlı vəziyyətdə orta bazar qiymətinin 80 manat məbləğində olduğu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat aparılmış və xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin:

1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.

2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə, saat 07 radələrində tamah niyyəti ilə özgə əmlakını gizli talama məqsədilə Naxçıvan şəhəri, 21-ci məhəllə 7 A ünvanında yerləşən Zərərçəkmiş şəxs icarəsində olan Şərq süfrəsi restoranına qanunsuz daxil olaraq oradan bir ədəd Çində istehsal edilmiş, Verifone markalı, X990 Dual WİFİ markalı 380 manat dəyərində olan terminal aparatını, bir ədəd Çində istehsal edilmiş, OMNİTECH markalı 250 manat dəyərində post terminal aparatını, bir ədəd Xprinter-C260M markalı 80 manat dəyərində çek aparatını və 22 manat nağd pulu gizli yolla talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 732 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 177.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını və zərərçəkmiş şəxsin onun barəsində şikayətçi olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görədə onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 01 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat məhkəmənin 01 avqust 2023-cü il tarixli qərarı ilə rədd edilməklə həbsdən azad edilmiş, 01 avqust 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla 4 gün hesablanmaqla 4 gün təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə vir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki qeydiyyatda olduğu yer Sabirabad rayonu, Qaratəpə kəndi üzrə Sabirabad rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan Verifone markalı X990 Dual WİFİ modelli, terminal aparat, Çində istehsal edilmiş, OMNİTECH markalı TPs320 modelli kassa aparatı və Xprinter-C260M markalı çek aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün 1 günə 2 gün hesablanmaqla 4 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer Sabirabad rayonu, Qaratəpə kəndi üzrə Sabirabad rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Naxçıvan Şəhər Məhkəməsində saxlanılan Verifone markalı X990 Dual WİFİ modelli terminal aparat, Çində istehsal edilmiş, OMNİTECH markalı TPs320 modelli kassa aparatı və Xprinter-C260M markalı çek aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar