Məhkəmə qərarları › İş №1(078)-52/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-52/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-52/2024 26.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 aprel 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən tərkibində narkotik maddələr olan çətənə narkotik vasitəsinin toxumlarını qanunsuz olaraq əldə edərək yaşadığı evin yaxınlığındakı X1 mülkiyyətində olan Naxçıvan şəhər Xətai məhəlləsi döngə 8/41C ünvanındakı boş torpaq sahəsində qəsdən kultivasiya etmiş, 16 aprel 2024-cü il tarixdə Naxçıvan ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əraziyə baxış zamanı oradan aqrotexniki qaydada qulluq göstərilmiş, yaş vəziyyətdə 7 (yeddi) ədəd, ümumi təmiz çəkisi 21,160 qram olan əkilib-yetişdirilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı cinayət işinin materiallarına əlavə edilən protokollarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3-4 il bundan əvvəl qonşusu Akifdən onun torpağında bostan əkməsi üçün icazə almış, Akifə pomidor xiyar əkmək istədiyini demiş, Akif də ona razılıq vermişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etmiş, təxminən bir il bundan əvvəl Türkiyənin İğdır şəhərinə alver etmək üçün getmiş və orada taksi sürücüsü ilə söhbət zamanı ona çətənədən istifadə etdiyini, ona çətənə təşkil etməsini demiş, həmin şəxs də ona çətənə toxumları gətirmiş və ona 30 manat pul ödəmişdir. Əldə etdiyi çətənə toxumlarını siqaret qutusunun içərisinə qoymuş və X8 Məntəqəsindən keçməklə İğdırdan-Naxçıvana keçirmişdir. Sonra yaz fəslinin gəlməsini gözləmiş və mart ayının əvvəlləri təxminən 7-8 ədəd çətənə toxumunu Xətai məhəlləsində yaşadığı evdən bir qədər kənarda qonşusu Akifə məxsus torpaq sahəsində girişdən bir qədər aralıda əkmiş və onlara xüsusi qulluq etməyə başlamışdır. Çətənə toxumlarını əkən zaman yeri qazıb yumşaltmış və toxumu əkdikdən sonra oraya peyin vermişdir. Çətənə toxumlarını əkdikdən təxminən 25 gün sonra həmin torpaq sahəsinə gedib əkdiyi çətənəyə baxmış və onlar hamısının cücərib boy atdığını görmüş, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının onu narkotik vasitələrin saxlanmasında və istifadə edilməsində şübhəli olduğunu bildirib saxlamışlar. Çətənə toxumlarını özünün şəxsi istifadəsi üçün əkmiş, həmin bitkiləri yetişdikdən sonra onun çiçəklərini toplayıb qurudub və onları siqaret kimi düzəldib çəkir. Qurudulmuş çətənə bitkisindən siqaret düzəldib istifadə etmiş və həmin siqareti yaşadığı evin qarajının anbarında alətləri yığdığı dəmir şkafda gizlətmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Naxçıvan Şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Xətai məhəlləsində yaşayan və maşın təmiri ustası işləyən Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmiş və İstintaq və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı və şəxsə dövlət hesabına dəvət edilmiş müdafiçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video görüntülü formada şəxsi axtarış keçirilən zaman Əliyev X6 şəhər Xətai məhəlləsi döngə 8 ev 47 ünvanında yerləşən evin yanında olan boş torpaq sahəsində çətənə bitkilərini əkib-becərdiyini və yaşadığı ünvan 5 ünvanında yerləşən evinin qarajının anbarında istifadə etdiyi çətənə narkotik vasitəsinin olduğunu bildirmişdir. ünvan 6 ünvanının yanında yerləşən boş torpaq sahəsinə baxış keçirilən zaman həmin torpaq sahəsində əkilmiş və üzəri setka ilə əhatə olunmuş yeddi ədəd kol formasında çətənə bitkisinə bənzər kol aşkar edilmiş, həmin çətənə bitkisinə bənzər kollar qablaşdırılaraq götürülmüş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evinin qarajına baxış zamanı Təqsirləndirilən şəxs qarajın içərisində olan anbarda dəmir alətlərin yıxıldığı dəmir şkafın kənarında olan profilin içərisində bir ədəd ağ rəngli West siqaretinin içərisinə çətənə bitkisini doldurub istifadə etdiyini, yarısını isə sonra istifadə etmək üçün saxladığı bildirmiş və bu fakt öz təsdiqini və həmin West siqareti də qablaşdırılaraq baxış zamanı götürülmüşdür. Məhkəmə iclasında Şahid3 və Şahid2 şahid qismində dindirilərkən Şahid4 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Babək rayon Şəkərabad kəndində yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Rasimin onların torpaq sahəsinin olduğu məhəllədə yaşayır. Avtomobil təmiri ustası işləyir. Naxçıvan şəhər Xətai məhəlləsi 8/41 C ünvanında yerləşən boş torpaq sahəsi anası X3 məxsusdur. Həmin torpaq sahəsini on il bundan əvvəl alıblar. Həmin torpaq sahəsində Təqsirləndirilən şəxs ondan icazə alaraq meyvə-tərəvəz əkdiyini göstərmişdir. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları ona zəng etmiş, Naxçıvan şəhər Xətai məhəlləsi 8/41 C ünvanında yerləşən boş torpaq sahəsinin kimə məxsus olduğunu soruşmuş, həmin əməkdaşlara torpaq sahəsinin anasının adına olduğunu demiş, sonuncu dəfə təxminən dörd il bundan əvvəl həmin torpaq sahəsini satmaq istəyən zaman oraya getmiş, Rasimin həmin torpaq sahəsində çətənə kolları əkməsindən xəbəri olmamışdır. Bildikləri bundan ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs оğlu qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 aprel 2024-cü il tarixdə Naxçıvan şəhər Xətai məhəlləsində narkotik vasitələrin qanunsuz saxlanmasında və istifadə edilməsində şübhəli bilindiyi üçün saxlanılıb Naxçıvan şəhər C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan ŞPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış həyata keçirilən zaman narkotik vasitə aşkar edilməmiş və əməliyyat-axtarış tərbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanda yerləşən həyətyanı sahəyə baxış zamanı oradan əkilib-becərilməsi qanunla qadağan olunmuş, aqrotexniki qaydada qulluq göstərilmiş xeyli miqdarda--7 (yeddi) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 21,160 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının yanında yerləşən boş torpaq sahəsinə, onun yaşadığı ünvan 5 ünvanında yerləşən evinə və həmçinin evin qarajına videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı ünvan 6 ünvanının yanında yerləşən boş torpaq sahəsində əkilmiş və üzəri setka ilə əhatə olunmuş yeddi ədəd kolu narkotik tərkibli çətənə kolu, qaraja baxış zamanı isə qarajda yerləşən anbarda dəmir alətlərin yıxıldığı dəmir şkafın kənarında olan profilin içərisində yarısı istifadə edilmiş bir ədəd ağ rəngli West siqareti aşkar edilərək götürülmüş, habelə aparılmış videçəkilişlər DVD-yə yüklənərək protokola əlavə olunmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, lakin bu zaman üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamış, aparılmış videoçəkiliş DVD-yə yüklənərək protokola əlavə edilmişdir. “Məhkəmə-bioloji” ekspertizasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli 394 nömrəli ekspert rəyində göstərilmişdir ki, “tədqiqata təqdim olunmuş üzərində torpaq sahəsinə baxış zamanı götürülmüş 7 ədəd kol, çətənə bitkisinə bənzər kollar sözləri olan 01 ədəd karton qutuda 07 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 21,160 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir və aqronom rəyinə əsasən təqdim olunuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, kağız zərfin içərisindəki, yarımçıq çəkilmiş siqaretin içərisində, təmiz çəkisi 0,340 qram tütün məmulatının tərkibində çətənə bitkisinin hissəciklərinin aşkar olunmamışdır”. Həmçinin həmin ekspert rəyində çətənə bitkilərinin ümumi çəkisinin 21,160 qram olduğu, tədqiqata 0,07 qram sərf edildiyi, 21,09 qramın qalıq qaldığı da göstərilmişdir. Ambulator məhkəmə-psixatrik ekspertizasından təqdim edilmiş ekspert rəyində qeyd olunmuşdur ki, “Təqsirləndirilən şəxs hadisəsən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəliyi olmamış, o, hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və qiymət vermək iqtidarına malikdir və Təqsirləndirilən şəxs hərəkətləri hadisə törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür”. “Məhkəmə-narkoloji” ekspertizasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli 227 nömrəli rəydə göstərilmişdir ki, “Təqsirləndirilən şəxs “Konnobionid narkomaniyası” aşkar olunur və hal-hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır”. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs əkdiyi, aşkar edilərək götürülmüş xeyli miqdarda--7 (yeddi) ədəd, təmiz çəkisi 21,160 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Toplanmış sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi Naxçıvan şəhər Xətai məhəlləsi 8/41 C ünvanında yerləşən torpaq sahəsi X1 mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikası X2 verilmiş sorğuya alınmış cavabdan Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı da müəyyən olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan MR DİN-in ƏSİŞ-dən alınmış tələbnamədən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasənhər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) təşkil edir. Qeyd olunmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə istiqamətində Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1972-ci il tarixli protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasına (bundan sonra – “Narkotik vasitələr haqqında” Vahid Konvensiya) və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasına qoşulmuş, müvafiq sahədə ictimai münasibətləri tənzimləyən, dövlət orqanları, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edən və qanunvericilikdə istifadə edilən anlayışları açıqlayan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu qəbul etmişdir. Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir. “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 1-ci maddəsinin “i” bəndinə əsasən becərmə – tiryək xaşxaşı, kokain kolunun, yaxud kannabis bitkisinin becərilməsi deməkdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi kimi verilmişdir. CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:

1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;

2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə; Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli Qərarı). Bu səbəbdən, Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma tövsif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməli, Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer- ünvan 1 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut kimi saxlanılan Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs əkdiyi, aşkar edilərək götürülmüş xeyli miqdarda--7 (yeddi) ədəd, təmiz çəkisi 21.160 qram olan olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21.09 qram olan çətənə kolları) müsadirə edilməli, hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. “Məhkəmə-narkoloji” ekspertizasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli 227 nömrəli rəydə Təqsirləndirilən şəxs “Konnobionid narkomaniyası” aşkar olunur və hal-hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır, o, X5 Narkoloji Dispanserində qeydiyyata alınmalı və məcburi mülaicə təyin edilməlidir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin iş üzrə ekspertiza xərci olan 92.4 (doxsan iki manat qırx qəpik) manat pul təqsirləndirilən şəxslər İbrahimov Təqsirləndirilən şəxs müştərək qaydada tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341- 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer- ünvan 1 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Əliyev X6 MR Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserində dispanser qeydiyyatına alınsın. Cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs əkdiyi, aşkar edilərək götürülmüş xeyli miqdarda--7 (yeddi) ədəd, təmiz çəkisi 21.160 qram olan olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri (ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21.09 qram olan çətənə kolları) müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 92.4 (doxsan iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar