Məhkəmə qərarları › İş №1(078)-57/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-57/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-57/2025 23.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli iki uşaq atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi mübahisə zamanı ona qəsdən təpiklə vuraraq sol bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş sınığı və sol bazu nahiyyəsinin hematoması (yumşaq toxumalararasına qanın toplanması) xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, onu bağışladığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası aydındır. Həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Şahid1 Füzuli qızı ilə on dörd ildir ki, ailəlidir və onun iki qız övladı var. X3 ilə isə dörd ilə yaxındır ki, münasibəti vardır. Onların münasibətlərinin olmağından onun həyat yoldaşının da xəbəri vardı. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı və uşaqları anasını görmək üçün qaynanasıgilə getmişdirlər. Həmin vaxt Lalə də onlara gəlmişdir. Laləyə komputer verəcəkdi. Lalə evə gəldikdən sonra evin həyət qapısı döyülmüşdür. O, gedib qapını açmışdır. Evin qapısını açan zaman həyat yoldaşının anası Səfayət ilə xalası Zərifə həyətə daxil olmuşdurlar. Evə daxil olduqdan sonra onlar səsə-küy salmağa başlamışdırlar. Həyat yoldaşının xalası Zərifə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Lalə onlara münasibətlərindən Afaqın da xəbərinin olmasını demişdir. Lakin Afaqın xalası və anası yenə də nalayiq ifadələr işlədirmişlər. Həmin vaxt Lalə narahat olmuşdur. Lalə narahat olduqdan sonra o, əsəbləşmişdir. Zərifə və Səfayətə qarşı nalayiq ifadələr işlətmişdir. O, mətbəxə keçmiş və oradan bıçaq götürmüşdür. O, bıçaqla özünə xəsarət yetirmək istəmişdir. Həmin vaxt Lalə onun əlindən bıçağı almaq istəmişdir. Həmin vaxt bıçaq onun əlini kəsmişdir. Lalənin əlindən qan gəlməyə başlamışdır. O, Afaqa zəng etmişdir. Lalənin əlinin kəsildiyini demişdir. O, həmin vaxt Laləni avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Xəstəxanada Laləyə ilkin tibbi yardım göstərmişdirlər. Onun əlinə tikiş vurmuşdurlar. Sonradan Lalə ilə birlikdə izahat vermək üçün Naxçıvan Şəhər Polis İdarəsinə getmişdirlər. Həmin vaxt həyat yoldaşı Afaq, onun anası Səfahət, xalaları Zərqələm və Sevildə orada imişlər. Orada olan zaman Afaqın xalası Sevil onun anasını söymüşdür və anası vəfat etdiyindən bu ona təsir etmişdir. Həmin vaxt o, əsəbləşmişdir. Sevilin üzərinə doğru getmişdir. Onu sinəsindən vuraraq yerə yıxmışdır. Həmin vaxt Sevil yerə yıxılmışdır. O, qolundan xəsarət almışdır. Bir qədər sonra X10 avtomobili gəlmişdir. Sevili xəstəxanaya aparmışdırlar. Dəfələrlə barışmaq istəsə də Sevil onunla arışmamışdır, ondan 7000 manat pul tələb etmişdir. Onun isə 3500 manat pulu vardır və həmin pulu sağlamlığına vurulan ziyanı ödəmək üçün zərərçəkmiş şəxsə təklif etmişdir. Zərərçəkmiş şəxsdən üzr istəyir, onu bağışlamasını xahiş edir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 Füzuli qızı onun bacısının qızı, Təqsirləndirilən şəxs isə bacısı qızının həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə bacısı Zərifə ona zəng etmiş. Afaqgilin evində olduqlarını və orada mübahisə olduğu demiş və onu da oraya çağırmışdır. O, Naxçıvan Şəhər Polis İdarəsinə getmişdir. O, orada öyrənmişdir ki, Vüqar Afaq evdə olmayan zaman birgə yaşadıqları evə sevgilisi Laləni gətirmişdir. Afaqın anası Səfayət və bacısı Zərifə həmin evə getmiş, onların evdə olduqlarını görmüşdürlər. Həmin vaxt onlar hamamdan çıxmış və dəsmal başlarında olmuşdur. Onların arasında mübahisə olmuşdur. Həmin vaxt Vüqarın sevgilisi Lalənin əli kəsilmişdir. Sonra isə Vüqar Laləni götürüb xəstəxanaya aparmışdır. O, Polis İdarəsində olan zaman Laləyə niyə belə hərəkət etdiyini utanmadığını demişdir. Lalə Vüqara onu göstərmişdir və demişdir ki, o Laləni təhqir edir. Həmin vaxt Vüqar onun üstünə gəlmişdir. Vüqar onun sinəsindən təpik ilə vurmuşdur. Həmin vaxt o, pilləkəndə idi. Vüqar onu vurduqdan sonra yerə yıxılmışdır. O, yerə yıxılan zaman qolundan xəsarət almışdır. Həmin vaxt X8 məlumat vermişdirlər. X10 mərkəzinin əməkdaşları gəlmişlər. Onu Naxçıvan MR xəstəxanasına aparmışlar. Ona xəstəxanada ilkin tibbi yardım göstərmişdirlər. Həmin vaxt ona sol qolunda sınıq olduğunu bildirmişdilər. Oradan Bakı şəhərinə getmişdir. Orada xəstəxanada əməliyyat olunmuşdur. 7000 manat xərci çıxmışdır. Hələ də qolunda ağrıları vardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə verərək hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, əlavə olaraq sağlamlığa çəkilən xərc olaraq 3500 manat pulun ona verildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini, mülki iddiasından imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Afaqın həyat yoldaşıdır. xx.xx.2025ci il tarixdə saat 09 radələrində qızı onların evinə gəlmişdir. Afaq ona Vüqarın birlikdə yaşadıqları evə Lalə adlı xanımı gətirdiyini və onları da evdən çıxardığını bildirmişdir. Qızı ona dedikdən sonra evdən çıxıb Vüqargilin yaşadığı evə getmək istəmişdir. Yolda olan zaman bacısı Zərifəni də çağırmışdır. Onlar bacısı Zərifə ilə birlikdə Vüqargilin evinə getmişdir. Evin qapısı bağlı imiş. Onlar küçə qapısını döymüşlər. Vüqar gəlib küçə qapısını açmışdır. Onlar bacısı Zərifə ilə birlikdə evə daxil olmuşdur. Həmin vaxt Lalə adlı xanım digər otaqda imiş. X6 harada olduğunu demiş. Lalə otaqdan çıxıb gəlmiş. Həmin vaxt bacısı Zərifə Laləyə sən nə üçün başqasının ailəsini dağıdırsan demişdir. Həmin vaxt Vüqar Laləyə söz deməyin demişdir. Bir anda Vüqar qışqırmağa başlamışdır. Laləyə söz desəniz özümü öldürəcəyəm demişdir. Vüqar mətbəxə gedib əlinə bıçaq götürmüşdür. Həmin vaxt Lalə onun əlindən bıçağı almaq istəyən zaman bıçaq onun əlini kəsmişdir. Lalənin əlindən qan gəlməyə başlamışdır. Sonradan Vüqar gedib avtomobilini həyətdən çıxarmışdır. Laləni avtomobilinə əyləşdirib xəstəxanaya getmişdirlər. Sonradan Vüqargilin evinə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları gəldikdən sonra izahat vermək üçün Naxçıvan Şəhər Polis İdarəsinə gəlmişdirlər. Polis İdarəsinə gəldikdən sonra Vüqar və Lalə də Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində olan zaman onun bacısı Sevil də orada imiş. Sevil Laləni gördükdən sonra ona sən nə üçün başqasının ailəsini dağıdırsan demişdir. Həmin vaxt bir anda Vüqar bacısı Sevilin üzərinə gəlmişdir. Bir anda bacısı Sevilin qarın boşluğundan təpik zərbəsi ilə vurmuşdur. Həmin vaxt bacısı yerə yıxılmışdır. Bacısı sevil özündən keçmişdir. O, qolundan xəsarət almışdır. Bir qədər sonra X10 avtomobili gəlmişdir. Bacısını xəstəxaya aparmışdırlar. Xəstəxanada olan zaman bacısının qolunun sındığını öyrəndiyini bildirmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə on dörd ildir ailəlidir. Onun həyat yoldaşı Təqsirləndirilən şəxs Şahid3 ilə bir neçə müddət olar ki, münasibəti var imiş. O, dəfələrlə Lalə ilə danışmışdır ki, həyat yoldaşından uzaq dursun. Lakin o, Laləyə yazdığını Lalə onun həyat yoldaşı Vüqara göndərirmiş. Sonradan Vüqara nə edirsən et demişdir. Vüqar Lalə ilə danışdıqdan sonra ümumiyyətlə uşaqları və onunla maraqlanmırmış. Hətta Vüqar onun əlindən kartını da almışdır. Vüqar onun maaşını özü çəkirmiş. Aldığı maaşdan ona heç nə vermirmiş. O, Vüqarın hərəkətlərindən bezmişdir. Həmin vaxtdan Vüqarla Lalə arasında olan münasibətə qarışmamışdır. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində o, uşaqları ilə birlikdə anasıgilə getmişdir. Vüqar ona saat 02 radələrindən sonra gələrsiniz demişdir. O, anasıgildə olan zaman Vüqar ona zəng etmiş və nə etdiklərini soruşmuşdur. Həmin vaxt anasına demişdir ki, Vüqar bizə deyir saat ikidə gəlin. Həmin vaxt anası Vüqarın hərəkətlərindən şübhələnmiş və ona xəbər etmədən işim var gələcəyəm deyərək evdən çıxıb getmişdir. Sonradan anası evdən çıxıb onların evə getmişdir. Xalası Zərifə də onunla birlikdə getmişdir. Sonradan o, bilmişdir ki , maması və xalası Vüqar ilə həyətdə mübahisə ediblər. Həmin vaxt Vüqar bıçaq götürüb özünə xəsarət yetirmək istəmişdir. Həmin vaxt Lalə onun əlindən bıçağı almaq istəyən zaman onun əli kəsilmişdir. O, evlərinə gedən zaman Vüqar ilə Lalə çıxıb getmişdir. Onlar çıxıb Naxçıvan Şəhər Polis İdarəsinə gəlmişdirlər. Həmin vaxt Vüqar və Lalə də oraya gəlmişdir. Xalası Sevildə orada imiş. Sevil xalası Laləyə demiş ki, sən utanmırsan camaatın ailəsini dağıdırsan. Xalası həmin sözü dedikdən sonra Vüqar xalasının üzərinə getmişdir. Sevil xalası İdarənin giriş qapısında imiş. Vüqar təpik zərbəsi ilə xalasını vurmuşdur. Xalası Sevil yerə yıxılmışdır. Həmin vaxt xalasının qolu qırılmışdır. X7 Yardıma məlumat vermişdirlər. Xalası Sevil həmin vaxt özündə deyilmiş. Bir qədər sonra X10 avtomobili gəlmiş, xalasını xəstəxanaya apardıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İstintaq zamanı məhkəmə tibb ekspertizası keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış xx.xx.2025-ci il tarixli, 165 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazu sümüyünün cərrahi boynunun yerdəyişmiş sınığı və sol bazu nahiyyəsinin hematoması (yumşaq toxumalararasına qanın toplanması) bərk küt əşya( əşyalar) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən və onun müayinə məqsəd ilə Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə bu barədə olan ittiham ona elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adına X1 qeydiyyatda olubolmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs qeydiyyatda olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat X2 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartoçkasında heç bir məlumatın olmadığı göstərilmişdir. Naxçıvan şəhər 4 saylı İƏDÜ nümayəndəlikdən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs həmin ərazidə yaşadığı müddətdə özünün nizam intizamına görə məhəllə sakinləri və qonşular arasında hörmət qazandığı, onun barəsində icra nümayəndəliyinə heç bir şikayətin daxil olmadığı, müsbət xarakterizə olunduğu qeyd olunmuşdur. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsn tərəfindən təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışmışlar, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən özü və qanuni nümayəndəsi iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs, qanuni nümayındəsi və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığından, ona vurulmuş ziyan olaraq 3500 manat pul ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olduğunu, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərçəkmiş şəxsin sağlamlığına vurulan ziyanın əvvəllər təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə zərərçəkmiş şəxsin mülki iddiadan imtinasını nəzərə alaraq mülki iddiadan imtinanın nəzərə alınmalı olduğunu bildirir. Cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73, 73-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddiadan imtina nəzərə alınsın və mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar