Məhkəmə qərarları › İş №1(078)-59/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-59/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-59/2023 06.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X8 məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılması barədə ittiham hökmünün çıxarılması xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X7 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə səbəb 14 iyul 2023-cü il tarixdə X1 olduğu Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının sabiq hərbi qulluqçusu, (MAHHX HQ əsgər) X3 xidmətə uyğunsuzluğu səbəbindən hərbi xidmətdən tərxis olunması ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Halar nazirinin müvafiq əmri şəxsi heyətə çatdırıldıqdan sonra onunla səmimi şəkidə vida söhbəti etmək işəyən zaman o, sıradan çıxaraq bütün şəxsi heyətin qarşısında (təqribən 110 nəfər) Ş,Əsədovun şərəf və ləyaqətini alçaldan əxlaqsız ifadələr işlətmişdir. O, heç nə demədən xidməti otağına qalxdıqda dalınca qaçaraq eyni hərəkətləri təkrar etmişdir. Bundan sonra o, hərbi hissədən çıxarılarkən də nalayiq sözlərini işlətməyə davam etmişdir. Bu hadisəni təqribən 110 nəfərdən artıq hərbi qulluqçunun gözü qarşısında törətmişdir. Bunlarla yanaşı, İ.Mirzəyev törətdiyi əməldən 2 gün sonra İnstaqram sosial şəbəkəsində onun hərbi formada şəkilini paylaşaraq üzərinə həqiqəti qətiyyən əks etdirməyən, onun işinə və xarakterinə tam zidd olan böhtanlar, şərəf və ləyaqətini alçaldan, nüfuzdan salıcı ifadələr paylaşmış və bunu qəsdən yaymışdır. Buna görə CM-nin 148-1 -ci maddəsinə uyğun olaraq barəsində cinayət işi başlanılmış, araşdırma aparılmışdır. İ.Mirzəyevin CM-nin 148-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktında göstərilmişdir ki, araşdırma zamanı 16 iyul 2023-cü il tarixdə saat 11:21 -də X6 sosial şəbəkəsində saxta profil yaradaraq mənim ünvanıma həqiqəti əks etdirməyən böhtanlar atması və təhqirlər paylaşaraq yazışdığı “_haci_20” hesabına “elə səndə bunu sikrin et at əsgər yoldaşlarıva” yazmışdır. Bundan əlavə, həmin gün saat 11:25-də “rahimallahverdiyev82” adlı hesabın istifadəçisinin İlkinlə birlikdə yazışarkən onun ünvanına qarşılıqlı təhqiredici ifadələr yazması və bununda bütün izləyicilər tərəfindən görünməsi bilavasitə “rahimallahverdiyev82” adlı hesabın istifadəçisi tərəfindən ona qarşı təhqir faktı hesab olunur. Bu şəxsdə törətdiyi əmələ görə məsuliyyətə cəlb olunmalıdır. Bu işin araşdırılması prosesində Məhkəmə-linqvistik ekspertinin 03 oktyabr 2023-cü il tarixli, 4/1603 nömrəli rəyində ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda İlkin Mirzəyevin 14 iyul 2023-cü il tarixdə şəxsi heyət qarşısında işlətdiyi sözlərdə şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaldılmasına yönələn söz və ifadələrin mövcud olduğu müəyyən olunmuşdur. Ş.Əsədov göstərilənlərə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib işin məhkəmə baxışına təyin edilməsini və X3 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikası CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamış, X3 onu təhqir etməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-in 293.3.4-cü maddəsində şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilsə də, X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə cinayətin törədilmə hallarına dair nə şahid ifadələri, nə hər hansı bir sənəd, nə də bunu təsdiq edəcək sübut göstərilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, X8 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində X7 tərəfindən təhqir edildiyini göstərsə də, təhqir xarakterli məlumatların kütləviliyi ilə bağlı heç bir sübut göstərilməmiş və bununla bağlı məhkəməyə dəlil təqdim olunmamışdır. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən CPMin 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X7 barəsində CM-in 148-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X4 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r v e r d i: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar