Məhkəmə qərarları › İş №1(078)-63/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-63/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-63/2025 26.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 aprel 1983-cü il tarixdə Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2 uşaq atası, işsiz, əvvəllər məhkum olunmuş, Culfa rayonu, Bənəniyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək Ordubad rayon məhkəməsində məsləhətçi-iclas katibi vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sonlarında Ordubad rayonu ərazisində Ordubad rayon məhkəməsinə müraciət edən Zərərçəkmiş şəxs1 yalan vədlər verərək özünə inandırıb qızı, eşitmə əngəlli X4 əlilliyə görə aldığı təqaüdü artırmaq adı ilə aldadıb vahid niyyətlə əldən və öz adına olan 4169 7388 1388 6367 nömrəli karta köçürmə yolu ilə 2300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar 03 iyul 2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək Ordubad rayon məhkəməsində məsləhətçi-iclas katibi vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 03 fevral 2024-cü il tarixdə Ordubad rayonu ərazisində Ordubad rayon məhkəməsinə müraciət edən Zərərçəkmiş şəxs2 yalan vədlər verərək özünə inandırıb yaşa görə təqaüd almağına köməklik etmək adı ilə aldadıb vahid niyyətlə 1050 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar 12 avqust 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində müddətli əmək müqaviləsi ilə məhkəmədə vakant olan məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 yalan vədlər verərək özünə inandırıb veteran vəsiqəsi almağına köməklik etmək adı ilə aldadıb 07 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati məhkəməsinin qarşısında 1000 manat, 28 oktyabr 2024-cü il tarixdə isə 200 manat pulu Babək rayonu Qahab kəndi ərazisində Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında almaqla vahid niyyətlə sonuncunun 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində 2023-cü ildən Ordubad rayon Məhkəməsində iclas katibi vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs1 məhkəmədə işləri olduğunu, onu orada tanıdığını, Şahid ona qızı Elnarə Xıdırovanın 3-cü qrup əlil olduğunu və eşitmə əngəlli olduğu üçün onu 2-ci qrupa keçirtmək üçün köməklik edəcəyi qarşılığında ondan 2300 manat aldığını, həmin pulları tam məbləğdə yox, hissə-hissə aldığını, əldən aldığını, pulları özünün xərclədiyini, pensiyanın alınmadığını biləndə Bakı şəhərində olduğunu, həmin pulu xərclədiyi üçün qaytara bilmədiyini, Zərərçəkmiş şəxs1 münasibətdə özünün təqsirli bildiyini, ona dəymiş ziyanı ödəmədiyini, 2024-cü ildə Zərərçəkmiş şəxs2 Ordubad rayon Məhkəməsinə beş uşaqlı ana olduğuna görə pensiyası üçün DSMF-dən şikayətlə bağlı müraciət etdiyini, onu həmin vaxt tanıdığını, ona köməklik edə biləciyini dediyini, sənədləri DSMF-ə təqdim edəcəyini dediyini, təqaüdə çıxarmaq üçün Zərərçəkmiş şəxs2 ümumilikdə 1050 manat pul yaşadığı evin qarşısında əldən aldığını, etdiyi əmələ görə peşman olduğunu, pulu geri qaytaracağını, Zərərçəkmiş şəxs4 aliment borcu olduğuna görə məhkəmə qərarı ilə 8 gün inzibati qaydada həbs olunduğunu, onunla Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 tanış olduğunu, Ruslan Məməmmədovdan pul almadığını, Ruslanın ona 70 manat, 35 manat, 42 manat olmaqla pulu borc olaraq aldığını, həmin pulu qaytardığını, əlavə olaraq ondan pul almadığını, kart hesabından çıxarış edə biləcəyini, Zərərçəkmiş şəxs4 münasibətdə özünü təqsirli bilmədiyini, onu özünün yaratdığı Hüquq Məsləhətxanasına işə götürdüyün, əmək müqaviləsi bağladığını, sistemə işlədiyini, aliment pulunu əmək haqqının hissəsini özü ödəsin deyə bu cür etdiklərini, aldığı pullar üzrə bank kartı sifariş etdiyini, bir dəfə borc olaraq aldığını və qaytardığını, ona münasibətdə təqsirli olmadığını, Zərərçəkmiş şəxs3 2024-cü ilin iyul ayından tanıdığını, Naxçıvan şəhər İnzibati məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi vaxtlarda Zərərçəkmiş şəxs3 məhkəmədə veteranlığının tanınması ilə bağlı işinin olduğunu, Zərərçəkmiş şəxs3 iddiası təmin edilmədiyi üçün ona köməklik edəcəyini dediyini, Zərərçəkmiş şəxs3 arxiv idarəsinə məktub ünvanlayacağını və arxivdə adı qeydiyyatda olarsa veteranlıq vəsiqəsini 1200 manata düzəldəcəyini və əks halda iş alınmasa pulunu geri qaytaracağını dediyini, cavab gəldikdən sonra Naxçıvan MR Səfərbərlik və hərbi xidmətə çağırış xidmətinə gedəcəyini və xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 adından Azərbaycan Respublikası Mərkəzi Arxiv idarəsinə 1992-ci ildə müharibə vaxtı Sədərək rayonu ərazisində xidmətdə olub-olmaması barədə məlumatın verilməsinə dair məktub ünvanladığını dediyini, daha sonra Fizuli rayon Hərbi Məhkəməsinə çağırıldığı üçün Bakı şəhərinə getdiyini, Zərərçəkmiş şəxs3 ona yenidən zəng vuraraq pulunu geri istədiyini, pulu düzəldib geri qaytaracağını ona dediyini, həmin pulu xərclədiyi üçün qaytara bilmədiyini, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödədiyini, etdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi öz ifadəsindən əlavə zərərçəkmiş şəxslərin, şahid ifadələri və istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Ordubad rayonu Parağa kəndində yaşadığını, Parağa kənd icra nümayəndəliyində xadiməçi işlədiyini, qızı X4 anadan gəlmə eşitmə əngəlli olduğunu, ona görə əlilliyi ilə bağlı 150 manat təqaüd aldığını, qızının Ordubad rayon məhkəməsinin qərarı ilə həyat yoldaşından ayrıldığını, Ordubad rayon məhkəməsində katib vəzifəsində Təqsirləndirilən şəxs işlədiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, məhkəmədə tanış olduqlarını, məhkəmədə Təqsirləndirilən şəxs qızı Elnarə Xıdırovanın eşitmə əngəlli olduğunu bilib qızınız az təqaüd kəsilib deyə bildirdiyini, 2024-cü ilin fevral ayının əvvəllərində işdə olduğu zaman mobil nömrəsinə Təqsirləndirilən şəxs zəng etdiyini, qızının aldığı təqaüdün artırılması ilə bağlı köməklik etmək istədiyini, Sosial Müdafiə Nazirliyində Yusif müəllim adında tanışı olduğunu və onunla danışıb qızı Elnarə Xıdırovanın təqaüdünü qaldıracağını bildirdiyini, axşam həyat yoldaşı Şahid evə gəldiyində ona Araz müəllimin zəng vurduğunu dediyini, əri Şahid Araza zəng vuraraq danışdıqlarını dediyini, 2000 manat qarşılığında təqaüd məsələsini həll edəcəyini və 384 manat təqaüd alacağını bildirdiyini, səhərisi gün həyat yoldaşı Şahid Ordubad rayon məhkəməsinə gedərək 500 manat pulu Təqsirləndirilən şəxs verdiyini, təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs Namiqə zəng vuraraq 350 manat əlavə pul istədiyini, əri Şahid 350 manat pulu Təqsirləndirilən şəxs verdiyini, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs Parağa kəndinə gəldiyini dediyini, Təqsirləndirilən şəxsla görüşüb əlavə ona 1000 manat pul verdiyini, həyat yoldaşı Şahid işləmək üçün Türkiyə Respublikasına getdiyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək qızı Elnarə Xıdırovanın komissiyadan keçməsinə bir ay qaldığını və əlavə olaraq 300 manat pul lazım olduğunu dediyini, həyat yoldaşı ilə danışdıqdan sonra 2024-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına 300 manat pul göndərdiyini, 2024-cü ilin iyul ayının əvvəllərində yenidən özünə məxsus kart hesabından Təqsirləndirilən şəxs 50 manat pul göndərdiyini, 3 dəfə olmaqla ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs kart hesabına 50 manat olmaqla ümumilikdə 150 pul göndərdiyini, Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona vurulan ziyanı ödədiyini, onu bağışladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Ordubad rayon məhkəməsinə yaşa görə təqaüdə çıxmaq üçün hansı sənədlərin lazım olduğunu öyrənmək üçün getdiyini, məhkəmədə özünü məhkəmənin iclas katibi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, Təqsirləndirilən şəxs ondan nə üçün məhkəməyə gəldiyi barədə soruşduğunu, ona təqaüdə çıxmaq üçün lazım olan sənədləri öyrənmək üçün gəldiyini bildirdiyini, Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinin alaraq getdiyini, 2024-cü ilin fevral ayında Ordubad şəhərində yaşadığı mənzildə olan zaman Təqsirləndirilən şəxs zəng vuraraq ondan sənədləşmə üçün şəxsiyyət vəsiqəsini istədiyini, şəxsiyyət vəsiqəsini ona verdiyini, Təqsirləndirilən şəxs yenidən zəng vuraraq sənədləşmə üçün 300 manat pul lazım olduğunu dediyini, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək ona 300 manat pulu verdiyini, daha sonra 400 manat və 350 manat olmaqla iki dəfə də Təqsirləndirilən şəxs pul verdiyini, Təqsirləndirilən şəxs ondan təkrar pul istədiyini gördükdə şübhələndiyini, qızının da vermə dediyi üçün pul vermədiyini, ona ümumilikdə 1050 azn miqdarında maddi ziyan dəydiyini , Təqsirləndirilən şəxs ona vurulan ziyanı ödədiyini, onu bağışladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində video-görüntü əlaqə vasitəsilə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində istintaq dövrü verdiyi ifadəni təsdiq etdiyini, xx.xx.2025-ci il tarixdə aliment öhdəliyini yerinə yetirə bilmədiyi üçün Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs olunduğunu, X2 zaman Culfa rayon Bənəniyar kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olduğunu, özünün hüquqşünas olduğunu dediyini, Təqsirləndirilən şəxs ona sən hüquqlarını bilmədiyin üçün bura düşmüsən dediyini, MSY-dən çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona səni işə düzəldəcəm deyərək vəd verdiyini, ondan sonra aliment sənin əmək haqqında tutulacaq və məhkəmə səni həbsə göndərə bilməyəcək dediyini, Təqsirləndirilən şəxs ona özünün Naxçıvan şəhərində hüquq məsləhətxanası olduğunu və onu ora mühafizəçi kimi işə düzəldəcəyini dediyini, xx.xx.2025-ci il tarixdə cəzasını çəkib bitirdiyini və bir neçə gün sonra Təqsirləndirilən şəxsla Naxçıvan şəhərində görüşdüklərini, Təqsirləndirilən şəxs ona ofis açmaq istədiyini lakin pulunun olmadığını dediyini, onu yarım aklad işə düşəldəcəyini və 400 manat maaş verəcəyini bildirib həmin ofisi kiralamaq üçün lazım olan pulu ondan istədiyini, bunun üçün 700 manat pul lazım olacağını və 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs ona zəng edərək sənəd işləri üçün 35 manat pul lazım olduğunu dediyini, Arazın ona göndərdiyi kart hesabına 35 manat pulu göndərdiyini, 02 aprel 2025-ci il tarixdə Arazla yenidən görüşdüklərini, Naxçıvan şəhər Vergi idarəsinə getdiklərini, orada Təqsirləndirilən şəxs ona mühafizəçi boş ver gəl səni operator kimi işə götürüm dediyini, Cahan ticarət mərkəzinin yaxınlığındakı yerüstü keçidin yanında olan dəftərxana ləvazimatları mağazasının qarşısına gələrək Təqsirləndirilən şəxs 500 manat pul verdiyini, Təqsirləndirilən şəxs Culfa rayon məhkəməsində prosesi olduğu üçün getməli olduğunu deyib getdiyini, saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs ona yenidən zəng vuraraq maaş kartını sifariş etmək üçün 42 manat pul lazım olduğunu bildirdiyini, 42 manat pulu Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına göndərdiyini, son olaraq Təqsirləndirilən şəxs sənədləşmə üçün ondan 70 manat əlavə olaraq pul istədiyini, Naxçıvan şəhəri İstiqlal küçəsində yerləşən Kapital bankın qarşısındakı ödəmə terminalından 70 manat pulu Arazın ona göndərdiyi bank kartına göndərdiyini, Təqsirləndirilən şəxs 647 manat və əlavə sənədlər üçün isə 55 azn olmaqla ümumilikdə ona 702 manat maddi ziyan dəydiyini, bununla bağlı sübutlarını istintaq orqanına təqdim etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Ordubad rayonu Parağa kəndində yaşadığını, fərdi təsərrüfatla məşğul olduğunu, qızının anadan gəlmə eşitmə əngəlli olduğunu və əlilliyi ilə bağlı 150 manat təqaüd aldığını, 2023-cü ilin dekabr ayında Ordubad rayon məhkəməsinin qərarı ilə qızı Elnarə Xıdırovanın həyat yoldaşından ayrıldığını, həmin vaxt Ordubad rayon məhkəməsində katib Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, məhkəmədə tanış olduqlarını, 2024-cü ilin fevral ayında axşam işdən evə gələn zaman həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs zəng vurduğunu və qızının aldığı təqaüdü artırmaq üçün köməklik etmək istədiyini dediyini, o, isə Təqsirləndirilən şəxs zəng vuraraq danışdıqlarını və ondan təqaüdü artırmaq qarşılığında 2000 manat pul alacağını, qızı Elnarə Xıdırovanın təqaüdünün aylıq 384 manat olacağını dediyini, səhərisi gün Ordubad rayon məhkəməsinə gedərək Təqsirləndirilən şəxs 500 manat pul verdiyini, təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs əlavə ondan 350 manat da pul istədiyini, Ordubad şəhərinə gedərək məhkəmə binasında 350 manat pulu ona verdiyini, 2024-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng vuraraq kəndə gəldiyini bildirdiyini, Ordubad rayon Parağa kənd tam orta məktəbinin qarşısında Təqsirləndirilən şəxs 1000 manat pul verdiyini, Təqsirləndirilən şəxs ona 15 iyul 2024-cü il tarixdə komissiya olacağını və qızımın təqaüd məsələsinin həll olunacağını bildirdiyini, 02 may 2024-cü ildə işləmək üçün Türkiyə Respublikasına getdiyini, Türkiyə Respublikasında olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona zəng vuraraq Təqsirləndirilən şəxs əlavə 300 manat pul istədiyini bildirdiyini, 2024-cü ilin iyun ayının əvvəllərində həyat yoldaşı Zərərçəkmiş şəxs1 öz kart hesabından Təqsirləndirilən şəxs kart hesabına 300 manat pul göndərdiyini, 2024-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən 50 manat pul istədiyini və həyat yoldaşı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kart hesabına 150 manat pul göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Babək rayonu, Qahab kəndində yaşamış, 1992-ci ildə müharibə vaxtı Sədərək rayon ərazisində və Babək rayonunun Gərməçataq kəndində bir ay müddətində döyüşmüş, müharibə iştirakçısı olduğuna görə veteran vəsiqəsi almaq üçün 2000-ci il tarixdən bir neçə dəfə bir çox quruma müraciət etişdir. Müharibə iştirakçısı olmağına baxmayaraq veteran vəsiqəsi ala bilməmiş, 2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyindən məhkəməyə müraciət etmək hüququnun olması ilə bağlı cavab məktubu gəlmiş, cavab məktubundan sonra Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. 07 oktyabr 2024-cü il tarixdə İnzibati Məhkəmədə məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs ona zəng edərək 1400 manat pul qarşılığında veteran vəsiqəsi almağına köməklik edə biləcəyini demiş, Təqsirləndirilən şəxs o qədər pulunun olmadığını və 1300 manat ödəyə biləcəyini demiş, Təqsirləndirilən şəxs onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixda saat təxminən 16:30 radələrində Naxçıvan MR İnzibati Məhkəməsinin qarşısında Təqsirləndirilən şəxs 1000 manat pul vermiş, qalan 300 manat pulu isə verəcəyini bildirmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək qalan 300 manat pulu istədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs başqa bir şəxsin idarə etdiyi minik avtomobili ilə onun yaşadığı Babək rayonu Qahab kəndinə gəlmiş, 200 manat pulu Təqsirləndirilən şəxs vermiş və ona ümumilikdə 1200 azn miqdarında maddi ziyan dəymişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs3 ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, heç bir şikayəti olmadığını bildirmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxslər tərəfindən daxil olan məlumat əsasında 17 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanılmışdır. Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 10 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilmiş və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(097)-98/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilməklə 06 ay sınaq müddəti təyin edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Naxçıvan MR X3 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və alınmış cavab məktubunda Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X1 psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı qeyd olunmuşdur. İstintaq zamanı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş məlumatdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs adına ailə üzvləri ilə birlikdə (cəmi 5 nəfər) Culfa rayonu, Bənəniyar kəndində 1377,9 m kənd təsərrüfatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İstintaq zamanı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş məlumatdan aydın olmuşdur ki, Yusifov X5 Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında aşkar olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X12 İdarəsindən daxil olmuş məlumatdan aydın olmuşdur ki, Culfa rayonu, Bənəniyar kənd sakini Təqsirləndirilən şəxs adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X12 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığını, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın bütünlüklə ödənildiyini, gələcəkdə bununla bağlı bir iddia və tələbinin olmayacağını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunduğunu, ona vurulan zərəri tam ödədiyini, ona görə heç bir şikayət və tələbinin olmadığını, bu məsələ ilə bağlı gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını bildirərək ərizəsinin nəzərə alınmasının xahiş etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olduğundan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 nömrəli qərarının 1-4-cü bəndlərində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddələrində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs4 münasibətdə Təqsirləndirilən şəxs əməli təsdiqini tapmır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılaşmasına əsasən işəgötürənişçi münasibətlərinə daxil olmaqla əmək müqaviləsi bağlamış və işə götürmüşdür. Hazırda elektron sistemdə Zərərçəkmiş şəxs4 işləməsi təsdiqini tapır. İş materiallarında olan zərərçəkmiş şəxsin ərizəsindən aydın olur ki, o ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onu işə düzəltmək məqsədi ilə 702 manat pulunu alaraq aldatması və onun barəsində qanuni tədbir görməsini xahiş etmişdir. Köçürmə sənədlərindən 02 aprel 2025-ci il tarixdə 42 manat, 04 aprel 2025-ci il tarixdə 70 manat Y.S.A qızına məxsus kart hesabına köçürülməsi aydın olur. Telefona baxış keçirilməsi barədə protokol və vatsap yazılarından hansı məbləğdə pul vəsaitinin nə məqsədlə kimə verilməsi aydın olmur. Əlavə hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu halda isə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 aldatması, onun 702 manat pul vəsaitini ələ keçirməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, bu hissədə şəxsin təqsiri müəyyən edilməmişdir. Ona görə də Zərərçəkmiş şəxs4 aldadılaraq pul vəsaitinin ələ keçirilməsinə münasibətdə ittiham təsdiqini tapmaması nəzərə alınmalıdır. Həmçinin bunun nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmadığı da nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərinin sadəcə Zərərçəkmiş şəxs4 münasibətdə törədilməsinə dair ittiham aktında göstərilən hallara əsasın onun barəsində Fizuli Hərbi Məhkəməsinin hökmü qüvvəyə mindikdən sonra törədilmiş əməl olması əsası ilə cinayətlərin residivi olması nəzərə alınmışdır. Digər əməllər isə sözügedən hökm çıxarıldıqdan əvvəl törədilməsi məhkəmə istintaqı zamanı təsdiqini tapmışdır. Fizuli Hərbi Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına 06 ay sınaq müddəti ilə şərti məhkum edilən Təqsirləndirilən şəxs sınaq müddətinin çəkib qurtardığı müəyyən edilmişdir və sınaq müddəti başa çatdığı vaxtdan onun məhkumluğu ödənilmiş hesab olunur (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsi). Ona görə də Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Eyni zamanda artıq Təqsirləndirilən şəxs ona təyin edilən cəza üzrə sınaq müddətini çəkdiyindən artıq hökmlərin məcmusu üzrə və ya cinayətlərin məcmusu üzrə də cəza təyin edilə bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 iyul 2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək Ordubad rayon məhkəməsində məsləhətçi-iclas katibi vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sonlarında Ordubad rayonu ərazisində Ordubad rayon məhkəməsinə müraciət edən Zərərçəkmiş şəxs1 yalan vədlər verərək özünə inandırıb qızı, eşitmə əngəlli X4 əlilliyə görə aldığı təqaüdü artırmaq adı ilə aldadıb vahid niyyətlə əldən və öz adına olan 4169 7388 1388 6367 nömrəli karta köçürmə yolu ilə 2300 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar 03 iyul 2023-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək Ordubad rayon məhkəməsində məsləhətçiiclas katibi vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 03 fevral 2024-cü il tarixdə Ordubad rayonu ərazisində Ordubad rayon məhkəməsinə müraciət edən Zərərçəkmiş şəxs2 yalan vədlər verərək özünə inandırıb yaşa görə təqaüd almağına köməklik etmək adı ilə aldadıb vahid niyyətlə 1050 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar 12 avqust 2024-cü il tarixdən 25 noyabr 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində müddətli əmək müqaviləsi ilə məhkəmədə vakant olan məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 yalan vədlər verərək özünə inandırıb veteran vəsiqəsi almağına köməklik etmək adı ilə aldadıb 07 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati məhkəməsinin qarşısında 1000 manat, 28 oktyabr 2024-cü il tarixdə isə 200 manat pulu Babək rayonu Qahab kəndi ərazisində Zərərçəkmiş şəxs3 yaşadığı evin qarşısında almaqla vahid niyyətlə sonuncunun 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.3-cü maddəsinə əsasən dələduzluğun təkrar törədilməsi və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi maddələri üzrə sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli az ağır cinayət kimi təsnif edilir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini etməsini nəzərə alır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğun hesab edir. İstintaq zamanı təqsirləndirilən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən müəyyən edilməmiş, cəzasını ağırlaşdıran hal kimi residiv müəyyən edilmişdir. Məhkəmə artıq yuxarıda qeyd etdiyi qiymətləndirmə üzrə təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd temişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışaraq cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, onlara münasibətdə əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, 2022-ci ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında iştirak etməsi məhkəmə istintaqı zamanı cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının icrası qeydiyyatda olduğu və yaşadığı yer-Culfa Rayon İcra Bölməsinə həvalə edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Naxçıvan Muxtar Respublikası ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Babək rayon İcra və Probasiya idarəsinə həvalə edilməlidir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulması, 19 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə tədbiri seçilməsi nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətindən bir günə iki gün hesabı ilə çıxılmaqla qəti olaraq üzərində 1(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021ci il tarixli Plenum Qərarında qeyd edilir ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilib-verilməməsindən asılı olmayaraq cinayət prosesində CM-in 99-1.1.1 - 99-1.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından bir günə iki gün hesabı ilə çıxılmaqla qəti olaraq qəti olaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzası qeydiyyatda olduğu və yaşadığı yer-Culfa Rayon İcra Bölməsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunması əmlak, məhkəmə məsrəfi yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar