Məhkəmə qərarları › İş №1(078)-64/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-64/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-64/2024 27.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X4 və X11, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 və X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X12 və X1 Aycan Vayna qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. X12 və X15 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X6 (keçmiş adı Natavan olmuş, hazırda adını Aycan adı ilə dəyişdirmişdir) ilə 25 iyul 2011-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahdan 3 övladı olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşaqlar analarının yanında saxlanılmışdır. X10 (Natavan) Vayna qızı uşaqları döyərək onlara qarşı zor tətbiq etdiyindən onun şikayət ərizəsi əsasında araşdırmalar aparıldıqdan sonra övladlarına qarşı həqiqətən zor tətbiq etdiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırılma aparılaraq Aycan (Natavan) Məmmədəliyevanın hərəkətləri öz təsdiqini tapdığından onun barəsində olan qərar materiallarla birlikdə aidiyyəti üzrə baxılması üçün (hərbiçi olduğundan) Naxçıvan MR Hərbi Məhkəməsinə göndərilmişdir. Naxçıvan MR Hərbi Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə Natavan Məmmədəliyeva Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 manat məbləğində cərimə edilmişdir. Aycanın bu hərəkətlərindən sonra onun iddiası əsasında uşaqlar saxlanılması üçün ona, X7 verilmişdir. Övladları 17 fevral 2022-ci ildən onun yanında qalırlar. Uşaqlar həmin vaxtdan bu günədək bir dəfə olsun analarını arzulamayıblar. Aycan uşaqları görmək üçün dəfələrlə onun yaşadığı evə gəlib, uşaqlar onu görmək istəmədikdə zorla həyətə girmək istəyərək onu və həyat yoldaşını təhqir etmişdir. Onun hərəkətlərindən bir dəfə 31 dekabr 2023-cü ildə Naxçıvan Şəhər Polis İdarəsinə şikayət etmişdir. Həmin vaxtı polis rəisi ona bildirmişdir ki, “Aycanı çağırıb onunla söhbət aparıb onu tənbeh edəcəyik”. Ondan sonra Aycan doqquz ay onlara gəlməmişdir. Lakin 15 sentyabr 2024-cü il tarixdə, saat 16 radələrində özü işdə olarkən yenə Aycan onların yaşadığı evə gələrək onun və həyat yoldaşının ünvanına nalayiq söyüşlərlə təhqir edərək şərəf və ləyaqətlərini qəsdən alçaldaraq qapını təpiklə vurub “qapını açın uşaqları görəcəyəm” demişdir. Həmin zaman uşaqlar evdə olmuş, ancaq analarını görmək istəməmişlər. Onun bu hərəkətlərini sübut etmək üçün həyat yoldaşı Xanım qapının arxasından telefonla video çəkmiş, lakin qapı bağlı olduğundan Aycanın özü deyil, səsi düşmüşdür. Artıq Aycanın hərəkətlərindən bezmişlər, qonşulardan utanırlar. Kirayə evdə qalırlar. Onun bu hərəkətlərinə görə tez-tez ev dəyişmək məcburiyyətində olurlar. Həm də onun bu hərəkətlindən uşaqların da psixologiyası pozulur. Ona görə onun cəzalandırılmasını istəyirlər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 37.2, 88.1.3, 204.1, 293.3.1-293.3.7-ci maddələrinin tələblərini nəzərə alaraq onları xüsusi ittihamçı qismində tanımaqla X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırlması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 izahatında şikayət ərizəsini müdafiə etdiyini, yazılanların hamısının həqiqət olduğunu, son dəfə Aycan onlara gedəndə evdə uşaqların və yoldaşının olduğunu, 31 dekabrda özünün də evdə olduğunu, uşaqların evdə olduğunu, məsələlərin həyətdə olduğunu, amma hər kəsin eşitdiyini, qonşulardan eşidənlərin olduğunu, amma şahid olmayacağını, sübut kimi sadəcə səs yazılarının olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 izahatında Aycanın onun şərəf və ləyaqətini alçaltdığını, ona 3 uşaq saxladığını, 15 sentyabrda gəldiyini, ona “get, ataları gələndə gələrsən” dediyini, Aycanın qapıya vurduğunu, söyüş söydüyünü, uşaqların Aycanın keçmişdə etdiklərini onun üzünə vurduqlarını, 2 ildir o uşaqlara özünün analıq etdiyini, Aycanın dəfələrlə onu təhqir etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 izahatında Xanımın onun əxlaqsız olduğunu dediyini, analıq etdiyini dediyini, onda günah görmədiyini, Rəfael icazə vermədiyi üçün onun da uşaqlarını görməsinə icazə vermədiyini, nə təhqir, nə də tənqidlə həmin evə getmədiyini, qapını döydüyünü, “uşağım birinci sinfə gedəcək, qapını açın, hədiyyəni verim” dediyini, “siz də qadınsız, Allah da qəbul etməz uşağı anadan ayırmağı” dediyini, küçədə də heç kim olmadığını, uşaqların qayğısına qalmaq, onları böyütmək istədiyini, mübahisə etmədiklərini, şəxsin özü ona zəng edib onu şantaj etdiyini, qapılarına çağırdığını, getmədiyini, ona uşaqlarının lazım olduğunu dediyini, hüquqlarının pozulduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin müdafiəçisi X8 izahatında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin izahatına əlavəsinin olmadığını, şəxsin icazəsi olmadan onun səsinin yazılmasının onun şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına səbəb olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Lakin hazırki şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə X2 Cinayət Məcəlləsinin 148-ci maddəi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi xahiş olunsa da, xüsusi ittiham qaydasında şikayətdə 148-ci maddədə nəzərdə tutulmuş cinayətin harada, nə vaxt və necə törədilməsi ilə bağlı məlumatlar göstərilməmişdir. Həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi qeyd olunsa da, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi öz əksini tapmamışdır. Şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı sübutlarla təsdiq edildiyi dəqiq göstərilməmişdir. Məhkəmə iclasındakı izahatında da X12 və X1 Aycan Vayna qızının əməli törətməsinə dair səs yazısından başqa sübutları olmadığını bildirmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə əsasən, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin qeyd edilən qərarın həmin bəndində kütləvi çıxışın tərifi verilmiş, qeyd edilmişdir ki, kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. Göstərilənləri və və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.3, 300.1.3, 300.5, 302.1.3, 302.2.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 və X11 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar