Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-69/2024 04.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, mebel ustası işləyən, evli, bir uşaq atası, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədilə 22 iyul 2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə pəncərəni açmaq yolu ilə qəsdən qanunsuz daxil olub həmin evin yataq otağında şkafın içərisində olan tünd qəhvəyi rəngli dəmir seyfi qucağına götürərək evdən həyətə çıxarmış, həmin seyfi qucağında daşıyaraq qonşuluqda yerləşən və özünə tikdiyi evin həyətinə aparmış, həmin tikinti yerindən əldə etdiyi bir ədəd dəmir lom vasitəsilə dəmir seyfin kilidini sındırıb qapısını açmış, dəmir seyfin içərisində olan bir ədəd sarafana bükülü 20000 (iyirmi min) manat nağd pulu gizli yolla talayaraq oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, törədilmiş cinayət əməli düzgün olaraq Təqsirləndirilən şəxs əməli Аzərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 dayısıdır. Zərərçəkmiş şəxs dayısı Nəsirin həyat yoldaşıdır. Dayısın həyətin bir hissəsini ona satmış, o da həmin həyətdə ev tikirdi. Razılaşmaya əsasən 18000 manata razılaşmışlar. 5000 manatı əvvəl başdan vermiş, qalan 13000 manatı da hər ay 250 manat olaraq ödəmişdir. Həmin dövrdə mospet oynayırdı və evdə olan 3000 manata yaxın pulu da mospetə qoymuş, lakin ailəsinin də bundan xəbəri olmamışdır. Mebel ustası işləyir. Həftəsonları həmin həyətə gedib evi işləmiş, kömək üçün qardaşı, xalaoğlusu, bacıoğlusu gəlib köməklik edirdi. 22 iyul 2024-cü il tarixdə saat 19 radələrində evdən çıxıb idman etmək üçün köhnə Yusif şadlıq sarayının binasında yerləşən idman zalına getməyə hazırlaşmış, idmana getməmişdən əvvəl uzunqol köynəyini götürmək üçün dayısı Nəsiringilin evinə getmiş, onların qapısının bağlı olduğunu görmüşdür. Ev tikilən hissədə darvaz qapısından içəri keçmişdir. Köynəyi əl damında idi. Təxminən saat 19 radələrində “dayımgil evdə yoxdurlar, yəqin harasa gediblər” düşünüb tikinti gedən yerdən dayısıgilin həyətinə keçmiş, həyətdə ora-bura baxmış və yoxlamış, evin giriş qapısının bağlı olduğunu və evdə heç kəsin olmadığını görmüşdür. Dayısıgilin evini tanıdığı üçün evin digər giriş qapısına yaxınlaşmış, evə boylanmışdır. Evdə heç kəs yox idi. Həmin hissədə olan pəncərədə turba yeri vardı. Həmin yer, yəni evin içərisindən sobanın turbasının çıxıntısı olan hissənin skoçunu sökmüş, əlini uzadaraq pəncərəni açmış və pəncərədən içəri daxil olmuşdur. Pəncərənin yanındakı qapıdan evə girmək üçün istifadə etməmiş, lakin həmin qapının açarı üstündə olmuşdur. Açarı fırlayıb qapını açmış, birbaşa həmin qapı ilə üzbəüz yataq otağına keçmişdir. Şkafın qapısını çəkəndə orada dəmirdən hazırlanmış tünd qəhvəyi rəngli seyf olduğunu görmüşdür. Seyfin qapısı bağlı idi, lakin seyf heç yerə bərkidilməmişdir. Seyfi qucağına götürüb, “içərisində pul var, açım içərisində pulları götürüm” deyə düşünmüş, elə həmin vəziyyətdə, yəni seyfin ağır, yüngül olduğunu hiss etməmiş, seyfi qucağında evin içərisindən qapıdan çıxarmışdır. Seyfi həyətə qoyub, qapıdan içəri keçmiş, qapını bağlamış, sonra içəri necə daxil olubsa, o formada pəncərədən çölə çıxmış, əlini skoçlanmış hissədən keçirib pəncərəni bağlamışdır. İçəri daxil olduğu hiss olunmamışdır. Seyfi qucağına götürüb daşıyaraq aşağı həyətə aparmışdır. Tikinti gedən yerdə seyfi yerə qoyub, həmin yerdən lomu götürmüş, lomla seyfə 3-4 dəfə vurmuşdur. Seyfin qapısının kənarlığı qopmuş, lomu araya salıb seyfin qapısını qaldıranda seyfin kilidi sınmış və qapısı açılmışdır. Seyfin qapısını açıb orada üzərində Levi`s yazısı olan göy rəngli sarafanı götürmüşdür. Sarafanı aralamış, içərisində dəstə-dəstə pul olduğunu görmüş, sarafanı götürüb üzərində olan idman çantasının içərisinə qoymuşdur. Seyfin içərisinə baxmış, əlavə qutular, sənədlərin olduğunu görmüş, lakin başqa heç nə götürməmişdir. İdmana gedəcəyi üçün döngənin başında Ervin onu gözləyirdi. Tələsik seyfi içəridən çıxdığı qapının yanında yerə qoymuş, aşağı tərəfə gedib darvazadan küçəyə çıxıb getmiş, avtomobilə minəndə uzunqol köynəyini götürməmişdir. Təkrar Ervinə “gözlə köynəyi götürüb gəlirəm” demiş, təkrar qayıdıb küçə qapısından keçib əl damından köynəyi götürüb orada çıxmışdır. Ervinlə birlikdə köhnə Yusif şadlıq sarayının binasındakı idman zalına getmiş, orada 10-15 dəqiqə idman eləsə də, pul idman çantasının içərisində olduğundan narahat olmuş, “birdən çantanın içərisinən pulu götürürlər, itər” deyə düşünmüş, həmişə bir saat idman etsə də, bu dəfə 15 dəqiqə keçəndən sonra idmanı buraxıb orada çıxıb birbaşa piyada evə getmişdir. Ailəsinə hiss elətdirmədən, idman çantasının içərisində olan pulları həyətdəki əl damına keçib gizlətmiş, orada olan sənədləri də əl damında başqa yerə gizlətmişdir. Orada nə qədər pulu gizlətdiyini xatırlamır. Orada olan bir dəst 20-lik əskinazlardan ibarət manatı evdəki pulun üstünə qoymaq üçün götürmüş, əlavə olaraq 100-lük əskinazlardan 600 manat götürmüş, evə keçib, 20-lik əskinazlardan ibarət dəst pulu yataq otağında döşəyin altına qoymuş, çantanın içərisində olan tərli paltarlarını götürəndə çantanın içərisinə düşən bir dəst 10-luq əskinazlardan ibarət manatı görmüş, heç kəs bilməsin deyə, cibinə qoyub həyətə çıxmış, həyətdə it saxladıqları damın yanında taxtaların arasına həmin 10-luq əskinazları gizlətmişdir. Ailəsi ilə çıxıb həyat yoldaşı Şəhanənin əmisigilə getmiş, evdə də heç kəsə bu məsələni bilməmişdir. 23 iyul 2024-cü il tarixdə saat 09 radələrində xalası Könül zəng vurub “Nəsirgilin evindən 20000 manat pul oğurlanıb, Rövşənin uşaqlarına zəng vur, gör, haradadırlar, Rövşəndən şübhələnirlər” demiş, o da onlara yığmış, lakin heç kəs açmamışdır. “Oğurluğu özüm etmişəm, gedim görüm nə olacaq” deyə düşünmüş və hadisə yerinə getmişdir. Polis əməkdaşları da hadisə yerində olmuşdur. Hadisə yerinə baxış keçirmişlər. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Onu Naxçıvan ŞPİ-nə dəvət etmişlər. Əlbarmaq izini çıxarmışlar, lakin etdiyi əməli etiraf etməmişdir. 24 iyul 2024-cü il tarixdə polis əməkdaşları onu yenə polis idarəsinə dəvət etmişlər, artıq məsələni gizli saxlaya bilməmiş, buna görə polis əməkdaşlarına məsələni danışmışdır. Dayısı Nəsirin evindən 20000 manat pulu götürdüyünü etiraf etmişdir. Polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 1 ünvanına getmişlər, pulu saxladığı yerdən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. 20000 manat puldan 600 manat götürüb dostuna olan borcuna ödəmiş, 20-lik əskinazlardan ibarət ümumilikdə 2000 manat pulu evdən götürüb xərclədiyi pulun üstünə qoymuş, evdə olan 3000 manat pulu mərc oyunu mospetə xərclədiyindən həmin pulun üstünə qoymuşdur. Oğurluğu tək etmiş, heç kəs köməklik etməmişdir. Seyfi açanda sarafanın içərisində 100-lük əskinazları görmüş, təkcə sarafanı götürmüş, başqa heç nə götürməmiş, seyfin içərisində olan digər qutulara baxmamış, seyfi sonra aparıb qapının yanına qoymuşdur. 20000 manatdan başqa evdən heç bir qızıl zinyət əşyası, pul götürməmişdir. Birinci dəfə idi, həmin evdən oğurluq etmiş, başqa yerlərdən və həmin evdən oğurluq etməmişdir. Ervin idman yoldaşıdır, oğurluq etdiyini bilməmiş, ona “gedirəm köynəyimi götürüm” demiş, ona görə Ervin onu küçədə gözləmiş, başqa da heç nə bilməmişdir. Dəmir seyfi evdən çıxarıb tikinti gedən yerdə yerə qoyub oradan götürdüyü lomla açmış, lomda tikinti olan yerdə qalmış, seyfin qırılmış hissəsi də seyf açılan yerə düşüb qalmışdır. Əvvəlcədən seyfin içərisində nə qədər pul olduğunu bilməmişdir. Seyfi açandan sonra sarafda olan 20000 manat pulu götürmüşdür, seyfdə olan qızılları və pulları götürməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə qaytarmışdır. Törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 həyat yoldaşıdır. 1987-ci ildə ailə həyatı qurmuşlar. ünvan 2 ünvanında yerləşən ev Şahid1 məxsusdur, həmin evdə həyat yoldaşı Nəsir ilə yaşayır. 22 iyul 2024-cü il tarixdə saat 19 radələrində həyat yoldaşı Nəsir, qaynı Rafiq, nəvəsi Aysunla birikdə hazırlaşıb baldızı Aygüngilə getmişlər. Aygünün əsl adı Nüşabədir. İlk əvvəl həyat yoldaşı ilə qaynı Rafiq evdən çıxıb getmişlər. O da evin giriş qapısını açarla bağlamış, açarı qapının yanındakı stolun üstünə örtüyün altına qoyub gizlətmişdir. Evin açarını həmişə oraya qoyur. Həyat yoldaşı relsdə olur, oradan qayıdan evə gəlsin deyə açarı ora qoyurlar. Nəvəsi Aysun və qızının qayının arvadı Nuranə yanında idi. Onun da körpə uşağı var. Küçə qapısını da həmişə olduğu kimi qıfılla bağlayıb, açarı da qapının yuxarı hissəsinə boşluğa qoymuş, birlikdə qonaqlığa getmişlər. X11 gəldiyi üçün Aygünü qonaq çağırmış, gedib yeyib-içmişlər. Təxminən saat 11-ə qalmış qonaqlıqdan evə qayıtmışlar. Evə gələndə heç bir haldan şübhələnməmişlər, əvvəl evə gələndə necə olurdusa, eləcə açarları götürüb qapını açıb evə keçmişlər. Evin içərisində heç dağıdılmamış, nədənsə şübhələnməmişlər. Qaynı Rafiq seyf olan otaqda yatmış, onlar da orta otaqda yatmışlar. Yaşadıqları ev fərdi yaşayış evidir, həmin ev 3 otaq, bir salon, hamam-tualet otağından ibarətdir. Evin iki giriş qapısı var. Lakin evin bir giriş qapısını istifadə edirlər, digər giriş qapısını isə istifadə etmirlər. Həmin qapının arxadan, evin içərisindən üstündə açarı olsa da, lakin həmin qapı həmişə bağlı olmuşdur. Həmin qapı həyət açılır, lakin qabağını tutmuşlar, ora qaz piltəsi qoymuşlar, isti hava olanda yeməyi çöldə bişirirlər. Evin sol tərəfində yaşayış yoxdur. Həmin ev baldızı Rübabənin evidir. Evin sağındakı həyətyanı sahədə tikinti işi gedir, baldızının oğlu Pərvinə məxsusdur. 23 iyul 2024-cü il tarixdə səhər yuxudan oyanmış, Nəsir də oyaq olmuş, Rafiq də oyanmış, özü də “yemək hazırlayım yesinlər” istəmişdir. Evin digər giriş qapısını açıb orada olan qaz piltəsinə çaydanı qoyanda dəmir seyfin yerdə olduğunu, qapısı əzilib, dəmirinin qopardıldığını görmüşdür. Özü də tələsik Nəsirin yanına gedib “dəmir seyfi açıblar, seyfi qırıblar” demiş, Nəsirlə birlikdə dəmir seyfə gəlib baxmışlar, narahat olub “bizə qarşı bunu kim edər?” deyə düşünmüşlər. “polis xəbər eləyin gəlsin” demişdir. Seyfin içərisində 20000 manat nağd pul, ümumilikdə 4150 manat olmaqla 3800 manat və 350 manat pul olmuş, həmçinin özünə məxsus bir dəst qızıl üzük-sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd üzük olmuşdur. Oğurluq olmasından şübhələnib seyfin içərisinə baxmışlar. Torpağın pulu olan 20000 manatın yerində olmadığını görmüş, həmin pul oğurlanmış, digər pullara və qızıllara baxmış, 4150 manat pul və qızıllar yerində olmuşdur. 20000 manat pul torpağın pulu olmuş, torpaq öz adına olmuş, həmin torpaq Babək rayon Şıxmahmud kəndində yerləşir. Həmin torpaq babası Əlinin adına olmuş, anasıgil iki bacı olmuşlar, qardaşları olmamışdır. Xalası da ərə getməmiş, o evdə qalmışdır. Həmin torpaq 20 sot olmuş, həmin torpaq öz adında olmuş, 20 sot torpaq bölünüb satılmış, adına 7 sot torpaq qalmış, həmin torpaq adına olsa da, faktiki bacısı Raisənin torpağı imiş, Raisə də o vaxt 21000 manat pul verib həmin torpağı almışdır. Lakin elə öz adında qalmışdır. Raisə bacısı xərçəng xəstəsidir, onu müalicə etdirmək üçün Vaqif torpağı satmaq istəmiş, o da öz adına olan torpağı alqı-satqı edib satmış, 20 iyul 2024-cü il tarixdə Asan xidmətdə alqı-satqı baş vermiş, torpağı Emil İsgəndərova satmış, qarşılığında 20000 manat pulu almış, pulu da həmin gün evə gətirib seyfə qoyub saxlamış, 6-cı gündən, 20000 manat pul seyfin içərisində evdə olmuşdur. Evdən çıxıb Aygülgilə gedəndə evdə heç bir oğurluq halı olmamış, qonaqlıqdan qayıdanda da hiss eləməmişlər. Oğurluq elə olmuşdur ki, elə bir nəfər içlərindən biri hər şeyin yerini bilə-bilə hərəkət edib pulu götürüb getmişdir. Ailəlikcə narahat olmuşlar, 20000 manat pul seyfin içərisində olmamış, seyf də qırılmışdır. Özü də bu barədə polis məlumat vermiş, polis əməkdaşları evə gəlmişlər, oğurluqla bağlı evə baxış keçirmişlər. Onu Naxçıvan ŞPİ-nə dəvət etmişlər. 24 iyul 2024-cü il tarixdə evdən oğurluğu baldızı Sevilin oğlu Təqsirləndirilən şəxs etdiyi barədə məlumat verilmişdir. Evdən konkret olaraq 20000 manat pul oğurlanmışdır. Evdən başqa heç nə oğurlanmamışdır. 20000 manat pul da seyfin içərisində olmuşdur. Evdən çıxasalar da, evin giriş qapısının açarı qapının yanında stolunun üstündə, örtüyün altında olmuş, küçə qapısını da qıfıllamış, həmin qıfılın açarı da qapıda yuxarı hissədə boşluqda gizlətmişdir. Evə gələndə də həmişə necə olursa, o formada açarları yerindən götürüb, qapıları açıb evə daxil olmuşlar, başqa heç bir şübhəli vəziyyət olmamışdır. Evdə heç yer dağıdılmamışdı. Evə daxil olan şəxs də açarların yerini və evin vəziyyətini çox güman ki, əvvəlcədən bilmişdir. Evdə daxil olmaq üçün heç yer sındırılmamışdır. Evə daxil olan şəxs seyfi götürüb, seyfi aça bilmədiyi üçün seyfi qırmış və içərisində olan 20000 manat pulu götürmüşdür. Ona məxsus qızıllar və 4150 manat seyfin içərisində qalmışdır, oğurlanmamışdır. Dəmir seyf evin içərisində salonun sonunda sol tərəfdə olan yataq otağında şkafın içərisində olmuşdur. Seyf heç yerə bərkidilməmişdir, dəmir seyfin içərisində sənədlər, pullar və qızıllar olmuşdur. 20000 manat pulu seyfin içərisinə 6-cı gündən qoymuşdurlar. 20000 manat pulu seyfə özü qoymuşdur, seyf olan yataq otağında qaynı Rafiq yatmışdır. Rafiq Rusiyada yaşayır, qonaq gəlmişdir. 8 ildir Naxçıvan gəlməmişdir. Təxminən 10 gün olar Naxçıvana gəlmişdir. Torpağı satmağını baldızlarının uşaqları bilirmişlər, söhbət olanda baldızının qızı Günel “torpaq qalırsa, makler işləyirəm, istəyirsən, satım” demiş, bu söhbət hamısının yanında olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, buna görə də Pərvindən hər hansı tələb və şikayətinin olmadığını, onu bağışladığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Pərvinlə uzaq qohumdur. Həmişə Pərvinlə idmana gedirdi. Təqribən özü paltarını dəyişib evdən çıxması 15 dəqiqə çəkib. Həmin gün də döngədə gözləyib, Pərvinin gəlmədiyini görüb zəng edib. Sonra Pərvin gəlib. Lakin ona çirkli paltarı götürməliyəm deyib maşından enib. Bir az yəni 30 saniyə sonra yenidən gəlib maşına oturdu və idmana getdilər. Bir az təlaşlı idi. Həmişə 1.5 saat idman edirlər, lakin həmin gün 15 dəqiqə idman etdi və sonra yoldaşının nənəsi xəstə olduğu üçün ora getməli olduğunu deyib idman zalından çıxıb. Təqribən 2 gün sonra polis idarəsindən zəng edib onu çağırıblar. Bildikləri bundan ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Yasəf oğlu ifadəsində göstərmişdir ki, Pərvin ondan 600 manat borc pul almışdı. İyul ayı ona 6 ədəd 100 manatlıq əskinas olaraq borcunu qaytarıb. Şahid1 məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixdə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 1987-ci ildə ailə həyatı qurublar. ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur, həmin evdə həyat yoldaşı Kəmalə ilə birlikdə yaşayır. 22 iyul 2024-cü il tarixdə saat 19 radələrində həyat yoldaşı Kəmalə, qardaşı Rafiq və nəvəsi Aysunla birikdə bacısı Aygüngilə (əsl adı Nüşabədir) getməyə hazırlaşmışlar. İlk əvvəl o və qardaşı Rafiq evdən çıxıb. Kəmalə də onlardan sonra evdən çıxıb. Təxminən saat 23 radələrində qonaqlıqdan evə qayıtmışlar. Evə gələndə heç bir haldan şübhələnməyiblər. Əvvəl evə gələndə necə olurdusa, eləcə də Kəmalə açarları götürüb qapını açdı və evə keçdilər. Evin içərisində heç yer dağıdılmamışdı və heç nədən şübhələnməyiblər. Qardaşı Rafiq seyf olan otaqda yatırdı. Onlar da orta otaqda yatırlar. Ev fərdi yaşayış evidir, həmin ev 3 otaq, bir salon, bir ədəd hamam-tualet otağından ibarətdir. Evin iki giriş qapısı var. Lakin evin bir giriş qapısını istifadə edilir. Digər giriş qapısını isə istifadə etmirlər, həmin qapının arxadan, evin içərisindən üstündə açarı var. Lakin həmin qapı həmişə bağlı olur. Həmin qapı həyətə açılır, lakin qabağını tutublar, ora qaz piltəsi qoyublar, isti hava olanda Kəmalə yeməyi çöldə bişirir. Evin sol tərəfində yaşayış yoxdur, həmin ev bacısı Rübabənin evidir. Evin sağındakı həyatyanı sahədə tikinti işi gedir, bacıoğlusu Pərvinə satıb. Pərvin orada ev tikir, tikinti işi gedir. 23 iyul 2024-cü il tarixdə səhər yuxadan oyananda Kəmalə gəlib dedi ki, seyf qapının ağzındadır. Qardaşı Rafiq də oyanmışdı. Tələsik dəmir seyfə baxmışlar. Narahat olmuşlar, Kəmaləyə deyib ki, “bizə qarşı bunu kim edər, seyfin içərisində olan 20000 manat pulu kim götürər?”. Seyfin içərisində 20000 manat nağd pul, ümumilikdə 4150 manat olmaqla 3800 manat və 350 manat pul var idi, həmçinin Kəmaləyə məxsus bir dəst qızıl üzük-sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd üzük var idi. Oğurluq olmasından şübhələnib seyfin içərisinə baxmışlar və görmüşlər ki, torpağın pulu olan 20000 manat yerində yoxdur, həmin pulu oğurlayıblar. Digər pullara və qızıllar yerində idi. 20000 manat pul torpağın pulu idi. Həmin torpaq Kəmalənin adına olsa da, faktiki baldızı Raisənin torpağı idi. Raisə xərçəng xəstəsidir, onu müalicə etdirmək üçün bacanağı Vaqif torpağı satmaq istədi. Kəmalə də adına olan torpağı alqı-satqı edib 20000 manata satdı. 20 iyul 2024-cü il tarixdə Asan xidmətdə alqı-satqı baş verdi. Kəmalə 20000 manat nağd pulu həmin gün evə gətirib seyfə qoydu. 6-cı gündən, 20000 manat pul seyfin içərisində evdə idi. Onlar evdən çıxıb Aygülgilə gedəndə evdə heç bir oğurluq halı yox idi. Qonaqlıqdan qayıdan da hiss etməyiblər. Oğurluq elə olmuşdu ki, elə bir içlərindən biri hər şeyin yerini bilə-bilə hərəkət edib pulu götürüb getmişdir. Ailəlikcə narahat olmuşlar. 20000 manat pul seyfin içərisində yox idi, seyf də qırılmışdı. Bu barədə polis məlumat verib. Polis əməkdaşları evə gəldilər, oğurluqla bağlı evə baxış keçirdilər. Sonra da onu Naxçıvan ŞPİ-nə dəvət etdilər. 25 iyul 2024-cü il tarixdə eşidib ki, evdən oğurluğu bacıoğlusu Təqsirləndirilən şəxs edibdir. Pərvinin oğurluq etdiyini eşidəndə dili tutulub, danışa bilməyib, narahat olub. Pərvin yalan deyir, elə bir hal olmamışdır. Bazarlıq edib Tağıgilə gedib Pərvinin atası Tağı da evdə idi. Onun Şəhanəyə heç bir əxlaqsız hərəkəti olmamışdır. Onların evində nəmişlik var idi, o da otaqlara baxıb. Başqa heç bir hərəkəti olmamışdır. Şahid2 məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixdə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 könüllü olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, onunla 2017-ci ildə ailə həyatı qurmuşlar, həmin evilikdən bir qız övladları var. X1 6 yaşı var. Pərvin Araz mebeldə mebel ustası işləyir. O, ailəyə qarşı qayğıkeşdir, ailəcanlıdır, övladında xüsusi diqqət göstərir. Pərvin idmançıdır, tinajora gedir. Bağırov X9 dayısıdır. Zərərçəkmiş şəxs Nəsirin həyat yoldaşıdır. Yaşadıqları ev öz evləri deyil, ata evidir, həmin evdə qayınatası və ailəsilə birlikdə yaşayırlar. Nəsir dayı öz yaşadığı evin yanından onlara torpaq satmışdır. Pərvin dayısı ilə danışmış, 18000 manata razılaşmışlar, Pərvin 5000 manatı başdan vermiş, qalan 13000 manatı da ayda 250 manat olaraq ödəmişdir. Pərvin mebel ustası işləyir, həftəsonları həmin həyət gedib işləyib evi tikir. Evi tikmək üçün keçən il atası Ramizin evini girov qoyub 20000 manat pul götürmüşlər. Həmin pulu da evi tikmək üçün xərcləmişlər. Hadisədən 2 ay əvvəl Nəsir dayı evə gəlmiş, Pərvin də çörək almağa getmiş, evin divarında nəmlənmə olduğu üçün Nəsir dayı da yataq otağına keçib divara baxmış, həmin vaxt o evdə yataq otağında tək olmuşdur. Yataq otağında tək ola-ola Nəsir dayı yataq otağına keçib divara baxmış, Nəsir dayı böyükdür deyə ona heç nə deməmişdir. Bu vəziyyətdən narahat olmuşdur. Pərvin də evə gələndə bu məsələni Pərvinə danışmış, Pərvinə “yataq otağında tək ola-ola Nəsir dayı niyə otağa keçib” demiş, Pərvin də “o niyə elə eləsin” demişdir. Pərvin düz demir, Nəsir dayı ona qarşı əxlaqsız hərəkətlər etməmişdir. Elə bir hal olmamışdır. Nəticədə, Nəsir dayının evindən 20000 manat pulu Pərvinin oğurladığını öyrənmişdir. Pərvinin oğurluq etdiyini, həmin pulları evdə saxladığını bilməmiş, oğurluqla bağlı heç nə bilməmişdir. İstintaq zamanı baş vermiş hadisə ilə əlaqədar ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli olduğundan bir ədəd üzərində sındırma izləri olan tünd qəhvəyi rəngli dəmir seyf, həmçinin həyətdə tikinti yerində aşkar olunan bir ədəd dəmir seyfin hissəsi prosessual qaydada götürülmüşdür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, dəmir seyfin içərisindən 20000 manatdan başqa digər qızıllar və pullar oğurlanmamışdır. İş üçün əhəmiyyətli olduğundan hadisə yerinin fotoşəkilləri çəkilmiş və istintaq hərəkətinin nəticəsi protokollaşdırılmış, fotoşəkillər protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmiş, ifadələrinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs evə şüşənin üzərində olan skoçu çəkərək əlini içəri uzadıb pəncərəni açdığını, evə həmin hissədən daxil olduğunu və dəmir seyfi evdən çıxardığını bildirib olduğu yeri göstərmiş, törətdiyi oğurluq əməlini etiraf etmişdir. İfadələrinin yerində yoxlanılması Təqsirləndirilən şəxs bir ədəd lomu göstərib həmin lomla dəmir seyfi sındırdığını bildirdiyindən, həmin bir ədəd lom prosessual qaydada götürülmüşdür. İstintaq hərəkətinin aparılması zamanı qeydə alınmış video-görünütü bir ədəd DVD-yə köçürülərək protokola əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Y.Budaqov adına X3 alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixi xəstə kimi qeydiyyatda olmamışdır. İstintaq zamanı qızılları oğurlamaqda Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə razılıq ərizəsi əsasında baxış keçirilmiş, baxış zamanı ümumilikdə 19920 manat pul evdən aşkar edilərək prosessual qaydada götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs oğurladığı 20000 manat puldan 80 manat kəsir olduğu müşahidə edilmişdir. Həmçinin sənədlərə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ilə X7 arasında 20 iyul 2024-cü il tarixdə Şıxmahmud kənd ərazisində yerləşən 0.071 ha ərazinin 20000 manat pul qarşılığında alqı-satqısı olduğu müəyyən edilmişdir. Həmin sənədlər, asan xidmət sıra vərəqəsi, qəbzlər prosessual qaydada götürülmüş, baxış zamanı fotoşəkillər çəkilib protokola əlavə edilmişdir. İstintaq hərəkətinin aparılması zamanı qeydə alınmış video-görünütü bir ədəd DVD-yə köçürülərək protokola əlavə edilmişdir. İstintaqla əlaqədar cinayət işi üzrə bəzi hallar müəyyən edilməsi məqsədilə əməliyyat tapşırığı verilmiş və alınmış cavabda evdən 20000 manat pulu Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı göstərilmişdir İstintaq zamanı kompleks məhkəmə trasoloji və əmtəəşünaslıq ekspertizası keçirilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024cü il tarixli 875 və 876 nömrəli ekspert rəylərindən görünür ki, tədqiqata təqdim edilən seyf qapısının üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr var, həmin zədələr bərk küt predmetin təsirindən yaranmağa xarakterikdir, belə predmetə deşici xassəyə malik olan tədqiqata təqdim edilən armatur, ling (lom) də aiddir. Həmçinin göstərilmişdir ki, 01 ədəd üzərində markalanma yazıları olmayan bir ədəd tünd qəhvəyi rəngli metaldan hazırlanmış, hündürlüyü 41 sm, eni 36 sm olan bir qapılı seyfin zədələnməmişdən əvvəl istifadədə olmuş, istifadəyə yararlı vəziyyətdə 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 130 manat müəyyən edilir. İstintaq zamanı məhkəmə daktiloskopik ekspertizası keçirilmiş və Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 913 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 4 və 5saylı daktilolentlərin səthindəki ov izləri, 23 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. Həmin izlər Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş digər saylı daktilolentlər eyniləşdirmə tədqiqatı üçün yararsızdır. İstintaq zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd dəmir seyf, bir ədəd lom, bir ədəd dəmir seyfin hissəsi maddi sübut kimi tanınmış, həmçinin daktiloskopik rəyində göstərilən əl-barmaq izləri iş üçün əhəmiyyət kəsb etmədiyindən məhv edilmiş, maddi sübut hesab edilmiş bir ədəd dəmir seyf, bir ədəd lom, bir ədəd dəmir seyfin hissəsi saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutları saxlanc otağına verilmişdir. İstintaq zamanı ambulator məhkəmə psixiatrik ekspertizası keçirilmiş və Y.Budaqov adına X2 alınmış xx.xx.2024-cü il tarixli 354 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyəti sağlam olmuş, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarında olmuş, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. İstintaq zamanı Naxçıvan Şəhər Məkəməsindən daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilməsinə dair material olmamışdır. İstintaq zamanı Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş cavabda görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən ********** nömrəli şəhadətnamə ilə vergi uçotuna alınmışdır. İstintaq zamanı Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş cavabda görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır. İstintaq zamanı Naxçıvan MR DİN-nin DYPİ-dən daxil olmuş cavabda görünür ki, Təqsirləndirilən şəxs adında hər hansı bir avtonəqliyyat vasitəsi qeydiyyatda olmamışdır. İstintaq zamanı X8 yaşadığı evdən aşkar olunmuş və prosessual qaydada götürülmüş 19920 manat nağd pul Zərərçəkmiş şəxs tam olaraq qaytarılmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs istintaqa ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, onun barəsində şikayət və tələblərinin olmadığını bildirmişdir. Nümayəndəlikdən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və iradın olmadığı göstərilmişdir Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayət təsnifatına görə az ağır cinayət sayılır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus əmlakı oğurlayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən özgə əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədilə 22 iyul 2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə pəncərəni açmaq yolu ilə qəsdən qanunsuz daxil olub həmin evin yataq otağında şkafın içərisində olan tünd qəhvəyi rəngli dəmir seyfi qucağına götürərək evdən həyətə çıxarmış, həmin seyfi qucağında daşıyaraq qonşuluqda yerləşən və özünə tikdiyi evin həyətinə aparmış, həmin tikinti yerindən əldə etdiyi bir ədəd dəmir lom vasitəsilə dəmir seyfin kilidini sındırıb qapısını açmış, dəmir seyfin içərisində olan bir ədəd sarafana bükülü 20000 manat nağd pulu gizli yolla talayaraq oğurlamışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi və xeyli miqdarda ziyan vurmaqla törədilməsi maddələri üzrə sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın tamamilə ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, səmimi peşmançılığını və himayəsində bir azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən etmişdir Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- ünvan 1 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübut olaraq qiymət verilmiş Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutları saxlanc otağında saxlanılan bir ədəd dəmir seyf, bir ədəd dəmir seyfin hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs, bir ədəd lom isə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, iş üzrə ekspertiza xərci olan kompleks məhkəmə trasoloji və əmtəəşünaslıq ekspertizanın keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri 150 manat, həmçinin məhkəmə daktiloskopik ekspertizanın keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri 80 manat olmaqla ümumilikdə 230 (iki yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- ünvan 1 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olaraq qiymət verilmiş Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutları saxlanc otağında saxlanılan bir ədəd dəmir seyf, bir ədəd dəmir seyfin hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs, bir ədəd lom isə hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci olan kompleks məhkəmə trasoloji və əmtəəşünaslıq ekspertizanın keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri 150 manat, həmçinin məhkəmə daktiloskopik ekspertizanın keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri 80 manat olmaqla ümumilikdə 230 (iki yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutulub Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə edilən əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-69/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-69/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver