Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-7/2024 10.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimiMəmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X5 iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, evli, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2rəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Məhkəmə istintağı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz ümumi çəkisi 0,093 qram (MDMA təsiredici maddəsinin miqdarı– 0,0465 qram) çəhrayı rəngli, tozşəkilli psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) əldə edib üzərində saxlamaqla daşımış, 28 avqust 2023-cü il tarixdə saat 00:30 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhəri, H.Əliyev prospekti 9 ünvanın qarşısında saxlanılaraq ünvan 4İ-nin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz ümumi çəkisi 0,093 qram (MDMA təsiredici maddəsinin miqdarı–0,0465 qram) çəhrayı rəngli, tozşəkilli psixotrop maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Hal-hazırda isə narkotik vasitə və psixotrop maddə istifadəçisi deyildir. Təxminən bir ay bundan əvvəl Türkiyə Respublikasına getmişdir. Ankara şəhərində avtomobilini təmir etdirmiş, Naxçıvan şəhərinə gəlməmişdən 5 gün əvvəl İstanbul şəhərinə getmiş və tanışı Aytəngildə qalmışdır. Şahid3 Bakı şəhərində taksi işləyəndə tanımış və 10 ilə yaxındır ki, onunla münasibətləri vardır. Söhbət edən zaman Aytən ona “mən də Naxçıvana getmək istəyirəm” demiş və onunla razılaşaraq birlikdə yəni ki, Aytən və onun qızı Xanım ilə birlikdə X4 istiqamətinə yola düşmüşlər. Türkiyə Respublikasından Sədərək sərhəd keçid məntəqəsi vasitəsilə Naxçıvan MR ərazisinə keçmiş və idarə etdiyi avtomobillə Naxçıvan şəhərinə gəlmişlər. Aytən və qızı Xanım qonağı olduğundan, Naxçıvan şəhərində onlara qalmağa ev axtarmışdır. Naxçıvan şəhərində tanışları ilə əlaqə saxlamış, lakin ev tapa bilməmişdir. Axşam düşdüyündən Aytən və qızını Naxçıvan şəhərində yerləşən kafelərin birinə qoyub şəhərə çıxmış və bir-iki tanışına “qonaq var, kirayə ev lazımdır” demişdir. Tanışları da ona “xəbər verəcəyik” demişlər. Sonra Naxçıvan şəhərində yerləşən “bazargölü” adlanan yerə gedib avtomobildən düşmüş və bağ tərəfə gedərək siqaret çəkməyə başlamışdır. Həmin vaxt bir nəfər ona yaxınlaşmış və ondan siqaret istəmişdir. Həmin şəxsin danışığından iranlı olduğunu hiss etmişdir. İranlı orta boy və bir az kök biri olmuş və başına da boz rəngli papaq qoymuşdur. Həmin şəxsə bir ədəd siqaret vermişdir. Siqaret çəkən zaman iranlı ondan haralı olduğunu soruşmuş, cavab olaraq iranlıya “Naxçıvanlıyam” demişdir. İranlıya da “sən haradansan” demiş, o, da “İrandanam, 2 gündür gəlmişəm, şəhəri gəzirəm” demişdir. Sonra iranlıya “bir şey var” demiş, iranlıya belə deyəndə narkotik vasitəni nəzərdə tutmuşdur. İranlı da başı ilə işarə edib gözləməyini bildirmişdir. Siqareti çəkib qurtardıqdan sonra əlini cibinə atıb iki büküm olmaqla, biri kağız bükümdə, biri də sellofan büküm də olan narkotik vasitəni çıxarıb ona vermiş və “əhvalın xoş olsun” demişdir. İranlının verdiyi bükümləri götürüb, şalvarının sağ yan cibinə qoymuş və yola tərəf çıxmışdır. Həmin vaxt telefonuna zəng gəlmiş və tanışı telefonda “ev tapmışıq, H.Əliyev prospekti 9 ünvanında olan binanın yanına gəl” demişdir. Aytən və qızı Xanımı kafedən götürüb, deyilən ünvana getmişlər. Avtomobildən düşüb binanın qarşısında gözləyəndə mülki formada vətəndaşlar yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polislərdən nə olduğunu soruşduqda, polislər onun narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib, Naxçıvan şəhər Polis idarəsinə dəvət etmişlər. İdarədə dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, polislər tərəfindən üzərində video çəkilişlə şəxsi axtarış keçirilməyə başlamışlar. Video çəkiliş ilə şəxsi axtarış zamanı sağ yan cibində olan iki ədəd iranlıdan aldığı bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçinin və özünün iştirakı ilə həmin bükümlər açılmış, bükümlərə baxış keçirilmiş, kağız bükümdə metamfetamin psixotrop maddəsinə bənzər maddə, sellofan bükümdə isə ekstazi adlanan narkotik vasitəyə bənzər maddə olmuş, polis tərəfindən həmin bükümlər götürülmüş kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. O, ilk dəfə idi ki, iranlının “şüşə” adlanan metamfetamin psixotrop maddəsini və ekstazi adlanan MDMA psixotrop maddəsini verdiyini, Türkiyədə olanda metamfetamin psixotrop maddəsinin tüstüsündən 3 dəfə qəbul etdiyini, tüstünü qəbul edəndə heç nə başa düşmədiyini, heç nə hiss etmədiyini bildirmidşir. İranlını əvvəllər tanımamış, onunla bağda olanda rastlaşmış, iranlı iki bükümü ona pay vermiş, qarşılığında isə iranlıya heç nə verməmişdir. Şahid3 və onun yetkinlik yaşına çatmayan qızı Xanımın heç nədən xəbəri olmamışdır. Əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 avqust 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı nəticəsində rəis tapşırıq vermiş, tapşırığa uyğun olaraq iş yoldaşı Şahid2 ilə əməliyyat tədbiri qurmuş, tədbirə uyğun olaraq 2023-cü ilin avqustun 27-dən 28-nə keçən gecə əməliyyat tədbirini həyat keçirəcəkmiş, həmin günü saat 23 radələrində Şirxanla hazırlaşıb, tədbiri həyata keçirmək üçün rəisə məruzə edib, İdarədən çıxmışlar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməkdə və saxlamaqda şübhəli bilinən Naxçıvan sakini Bağırov X2 şəhəri H.Əliyev prospekti 9 ünvanında yerləşən binanın qarşısında saxlanılaraq Polis İdarəsinə dəvət edilmiş, Polis İdarəsinə çatandan sonra müstəntiq tərəfindən dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da “üzərimdə iranlıdan aldığım iki ədəd büküm var, narkotik vasitədir” demiş, müstəntiq tərəfindən xidməti otaqda şəxsi axtarış aparılması üçün şərait yaradılmış, videoçəkiliş əməliyyat müvəkkili X3 tərəfindən aparılmış, video-çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yandakı balaca cibindən iki ədəd büküm çıxararaq tədqim edib “kağız bükümdə olan kütlənin metamfetamin psixotrop maddəsinə, şəffaf sellofana bükülü bükümün içərisindəki kütlənin isə ekstazi adlanan narkotik vasitəsinə oxşayır” demişdir. İlk əvvəl kağız bükümdə olan büküm açılmış və həmin bükümün içərisində ağ kristal şəkilli metamfetamin psixotrop maddəsinə bənzər kütlə olduğu müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin kağızla birlikdə 0.33 qram olduğu müəyyən edilmiş, ikinci bükümün şəffaf sellofana bükülü olduğu, həmin büküm açıldıqda içərisində açıq çəhrayı rəngli toz şəkilli kültənin olduğu müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin sellofanla birlikdə 0.44 qram olduğu müəyyən edilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində heç bir qanunla qadağan olmuş və dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitə, psixotrop maddə aşkar olunmamış, həmin kütlələr prosessual qaydada götürülərək bir ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, həmin kağız zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan: 28 avqust 2023-cü il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf selofona bükülü olan kütləni çıxarıb təqdim edir, təqdim olunan büküm açıldıqda selofon bükümün arasında çəhrayı rəngli, tozşəkilli psixotrop maddə olduğu müəyyən olur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf selofon bükümdə psixotrop maddə ekstazi olduğunu, həmin ekstazini bazar gölünün yanındakı bağda tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 29 avqust 2023-cü il tarixli, 844 saylı ekspert arayışında, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,044 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddənin metamfetaminpsixotrop maddəsi olduğu, 01 ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 0,093 (MDMA təsiredici maddəsinin miqdarı 0,0465 qram) çəhrayı rəngli, tozşəkilli maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) olduğu göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 08 sentyabr 2023-cü il tarixli, 887 nömrəli ekspert rəyində, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,034 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddənin kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olduğu, 01 ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 0,063 (MDMA təsiredici maddəsinin miqdarı 0,0315 qram) çəhrayı rəngli, tozşəkilli maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) olduğu göstərilmişdir. İstintaq zamanı bütün tədqiqatlar keçirildikdən sonra metamfetamin psixotrop maddəsindən 0,024 qram, MDMA narkotik vasitəsinin ümumi çəkisindən 0,033 qram qalıq qalmışdır. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,044 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddənin metamfetamin psixotrop maddəsi olduğu, 01 ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 0,093 (MDMA təsiredici maddəsinin miqdarı 0,0465 qram) çəhrayı rəngli, tozşəkilli maddə MDMA (metilendioksimetamfetamin, ekstazi) iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,024 qram metamfetamin və 0,033 qram MDMA maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətməsi barədə verdiyi etiraf ifadəsini, şahidlərin ifadələrini, iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmiş, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli işin digər halları ilə tam sübuta yetir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməli törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi ilə nəticələnmişdir. Buna görə də, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Мəhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ümumi hissə”sinin müddəaları nəzərə alınmaqla, ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 15.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri təsnifatına görə az ağır cinayətdir. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından təqsirləndirilən şəxsi xarakterizə edən halların nəzərə alınaraq hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəssiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 8-ci bəndində CM-in 62-ci maddəsinin tətbiqi məsəlləri barədə qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları həm də onların məcmusunu tanımağa haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına əsasəncəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək buraxılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla 4 gün hesablanmaqla 4 gün təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə vir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer Naxçıvan şəhəri N.Naxçıvani döngə 4, ev 6 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Naxçıvan şəhərində gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasınınərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsilyerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tədbiq olunması ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə tətbiq edilməməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2023-cü il tarixli 345 saylı rəydən məlum olur ki, Təqsirləndirilən şəxs hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,024 qram metamfetamin psixotrop maddəsi və ümumi çəkisi 0,033 qram MDMA narkotik vasitə həbi müsadirə edilməklə məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün 1 günə 2 gün hesablanmaqla 4 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Naxçıvan şəhəri N.Naxçıvani, döngə 4, ev 6 ünvanında hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək, həmçinin onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzasını icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,024 qram metamfetamin və 0,033 qram MDMA hökm qanuni qüvvəsini aldıqdan sonra müsadirə edilməklə məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №1(078)-7/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-7/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver