Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-7/2025 11.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bagırova Nigar Ənvər qızının katibliyi, Xüsusi ittihamçı X9, xüsusi ittihamçının vəkili və nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs X6, onun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 2 uşaq anası, işsiz, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Babək rayon, Şıxmahmud kəndində yaşayan X6 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: X7 yalan olduğunu bilə-bilə X9 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatlarında yaymışdır. Belə ki, X2 informasiya vasitələrində, sosial şəbəkələrdə X13 haqqında dövlət əmlakını mənimsəyən şəxs kimi adlandıraraq ona böhtan atmış, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən təhsil kurslarının birində iki saat dərsə görə bir müəllim yoldaşı ilə saç yoldusuna çıxması, pilləkənlərdən aşıb düşməsini bildirməklə onun şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar yaymışdır. Bu hərəkətləri ilə X7 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X13 ifadəsində bildirmişdir ki, şikayətində hər şeyi aydın qeyd etmişdir. Səriyyə Qənbərova kütləvi çıxışlarda, sosial şəbəkələrdə ona qarşı şər və böhtan xarakterli ifadələr işlətmiş, dövlət büdcəsini mənimsəmə, röşvətxor ifadələri demiş, guya o hazırlıq kursunda hansısa müəllimlə əlbəyaxa savaşdığını, pilləkanlardan yıxıldığını bildirmişdir. Səriyyə Qənbərova xarici dövlətdə sosial şəbəkələrdə anti Azərbaycan mövqedə çıxış edən özünü hüquqşünas kimi təqdim edən Qurban Məmmədovun proqramında onun barəsində xoşagəlməz ifadələr və şər böhtan danışmışdır. Şikayətinin təmin edilməsini xahiş edir. Qurban Məmmədov onu haradan tanıyıb?. Onun tərcümeyi halını necə bilib?. Guya o Beyləqan rayonundan Naxçıvan şəhərinə kiminsə hesabına gəlib, onun şəxsi şəkilləri sosial şəbəkədə göstərilib, onun adına qeyri-etik olan “erməni, model”, modelliklə kiminsə pulu və maddi dəstəyi ilə bu vəzifədə oturmasını bildirib, qadınlığını, qürurunu alçaldan ifadələri Qurban Məmmədov işlədib, bu ifadələri Qurban Məmmədov işlədən zaman təbii ki, Səriyyə Qənbərovanın yalançı və böhtan xarakterli ifadələrindən alıbdır. Bunların hamısını Qurban Məmmədov deyib, səbəbkarı da Səriyyə Qənbərovadır. O bu hadisələrdən sonra psixoloji problem yaşayıb və müalicə alıb. Səriyyə müəllimə guya iddia etdiyi dərs demədiyi dərslərlə bağlı hər yerə müraciət edib. Həmin siniflərin şagirdlərini yarışmalara Səriyyə Qənbərova aparıb, bu yarışlarda məktəb yer tutub. Bəs niyə əgər qanunsuz idisə, onda heç danışmırdı, haqq sözünü demirdi. Onun maaş kartını Səriyyə Qənbərova nümayiş etdirib, kiber dələduzlar hətta onun kartına müdaxilə edib, o bu barədə aidiyyatı qurumlara müraciət edib və vaxtında müdaxilə edilib. Sosial şəbəklərdə jurnalist Heydər Oğuzun verlişində, anti Azərbaycan mövqedə çıxış edən Tural Sadiqlinin verilində Səriyyə Qənbərova ona böhtan atıbdır. Dərnək rəhbərləri və dərsdən kənar məşğələlərdə bütün idmanla bağlı məşğələlər Səriyyə müəlliməyə verilibdir, o da ancaq idman yarışmasına uşaqları aparıbdır. Onun kartına pul atmaq Səriyyə müəllimənin seçimi olub. Səriyyə müəllimə onu atası ilə təhdid edib, o çox Səriyyə xanımın təhdidlərini udubdur. Guya onun qızına təşəkkürnamə və diplom verilməyib deyə məktəbdə böyük səsküy salıbdır, onun əri və ailə həyatını gündəm edibdir. Telefonda əsəbləşib söyüb və ona qarşı olan hərəkətlərinə son verməyi deyibdir. X16 Məmmədovun proqramında onun təhqir edilməsinə, onun şərəf və ləyaqətini tapdalanmasına şərait yaradıb. Hansı xanım istəyər ki, onun şərəfi tapdalansın. Qənbərova Səriyyə sübut etsin ki, o dərs saatı ilə bağlı hansısa müəllimə ilə savaşıb. Bunu sübut etsin. 2024-cü ilin yanvar ayından 2024-cü ilin iyun ayına kimi Səriyyə müəllimə onun kartına 90 manat pul atıbdır. Bunun səbəbini soruşanda isə deyəndə ki, niyə kartına pul vurursan Səriyyə deyirdi ki, övladının fərqlənmə diplomu almaq üçün, onu ötüşdürmək üçün pulu kartına atır. Heç vaxt polisə, təhsil şöbəsinə bununla bağlı müraciət etməyibdir. Hər dəfə verdiyi pulu qaytarmaq istəyəndə Səriyyə müəllimə çox problem yaradırdı, ona görə adiyyatı qurumlara müraciət etmirdi. O bütün pulları qaytarıbdır və şahidləri də vardır. Uşaqları sınaq imtahanlarında qeydiyyatdan keçirtmək üçün ona valideynlər kartına pul atırdı, o öz kartı ilə DİM-in hesabına pul köçürürdü, ona görə də onun kartı tək səriyyə müəllimədə yox digər müəllimlərdə olubdur. Niyə Səriyyə müəllimə təkidlə pulu katibəsinə verirdi ki, bu pulu versin ona, nəyə görə? Demək ki, öz işi üçün pulu könüllü atıbdır. Dəfələrlə öz aralarında məsələni həll etmək üçün cəhd edib, yenidən cəhd etmək istəmir, qarşı tərəf də cəhd etmir. Polis İdarəsində olan məsələ ayrı məsələ idi. Onun orada qarşı tərəflə sözü olmadı “topa-tüfəngə” tutmaq məsələsi deyilir, o heç bir zaman səsini qaldırmayıb, onlarla ünsiyyət qurmayıb. 5 ay əvvəl vəkil bu məsələlərin uzanacağı ilə əlaqəli zəng vurub. Səriyyə xanım ona rüsvətxor deyib, onu dövlət büdcəsini mənimsəmək barədə deyib, 90 manatı almasını bildirib. Sosial şəbəkələrdə veriliş boyu eyni ifadələri təkrarlayıb. Prokurorluq orqanları tərəfindən məktəb yoxlanılıb, sinif jurnalları aparılıb, qazanılan diplomlar, fəxri-fərmanlar təqdim edilib. Şagirdlərin gəlib dindirilməsini istəmir, şagirdlər burada əksini deməyəcək, bir müəllim olaraq uşaqların psixologiyasını da fikirləşir. Necə olur ki, müəllimə dərsi keçmirsə, qovluq hazırlayır, jurnal yazır. Heç kim onu məcbur etməyib. Bütün sənədlər araşdırılıb, sənədlərin Səriyyə xanımın xətti ilə yazılması ekspertiza qərarı ilə sübuta yetirilib. Səriyyə Qənbərova sosial şəbəkələrdə onu dövlət büdcəsini mənimsəməkdə ittiham edib, həmin verlişdə kursda saç yoldusuna çıxdığını bildirmişdir. Qanuni qərar qbul edilməsini xahiş edir. Artıq heç bir fikri olmadığını bildirmişdir. Məhkəmə iclasında xüsusi ittihamçının vəkili və nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Qənbərova Səriyyə öz ifadəsində dəfələrlə özü şəxsən Asudə Məmmədovaya qarşı şər, böhtan xarakterli çıxışları sosial şəbəkələrdə yaydığını bildirir. Şahidlərə ehtiyac olmadığını düşünür. Bu gün onların bu iş üzrə 7ci məhkəməsidir. Qəbul ediləcək hökmü məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü ildən o sosial şəbəklərdə dərs saatlarının azaldılması ilə bağlı “Azərbaycan saatı” və “Azadlıq Radiosuna” çıxmışdır. O vaxtdan sonra direktor onunla qərəzlilik aparmağa və onu sıxışdırmağa başladı. Əlavə olaraq xüsusi ittihamçının müdafiəçisi dövlət orqanlarına saxta sənəd verməkdə ittiham edir, bunu etiraz ərizəsində də bildirmişdir. Heç bir cinayət törətməmişdir, hansı əməlindən peşman olmalıdır, o özü də onsuzda Məmmədova Asudə barəsində xüsusi ittihamla bağlı məhkəməyə müraciət etmişdir. Asudə Məmmədova məktəbdə müəllimlər arasında onun barəsində dezinformasiyalar yayır, burada atası ilə bağlı da düzgün olmayan məlumatlar veribdir, hətta bildirib ki, heç bir müəllim onunla əlaqə saxlamasın, əks halda həmin müəlliməni işdən çıxarmaqla hədələmişdir. Asudə Məmmədovanın onu məktəbdə döyməsi ilə bağlı sd-diski məhkəməyə təqdim etmiş, sd-diskə baxış keçirilməsini xahiş etmişdir. Barəsində olan şikayət barədə məlumatı var, ümumiyyətlə yazılanları qəbul etmir. Tam əsassız bir ittihamdır, bununla bağlı hüquq mühafizə orqanlarına Asudə Məmmədovanın hərəkətləri ilə bağlı şikayət vermişdir. Prokurorluqda köməkçi Elməddin Bağırova bütün bunları qeyd etmişdir. Asudə Məmmədova dəfələrlə onun valideynlərinə telefonda yalvarıb ki, “xahiş edirəm Səriyəyə deyin ki, mənim adım hallandırmasın və gedib heç yerdə mənim qanunsuz pul almağımı deməsin, mənə cinayət işi açacaqlar, nə desə edəcəm”. Direktorun başqa müəllimə ilə savaşmasını öz gözü ilə görməsə də, informasiyanı eşitmişdir və bildirmişdir. Elə şey olmayıbsa sübut etsin. Asudə Məmmədova yalan danışır. Guya onun qızına məktəbdə köməklik etdiyini və bunla bağlı ona pul hörməti etmiş olmasını bildirir, bu tamamilə yalandır. Həmin vaxt onun qızı Heydər Əliyev adına məktəbdə təhsil alırdı. Heç məlumatı olmayan və icra etmədiyi dərsləri onun adına yazıb hər ay pulu direktorun kartına göndəribdir. O bu məlumatı veribdir, bu da dövlət başçısının vətəndaşlara müraciəti əsasında olubdur. Çünki dövlət başçısı hər dəfə bildirir ki, harda korrupsiya faktı varsa siqnal verin. Burada heç bir özünə qarşı ittiham görmür. Direktor qorxduğu üçün tez qabağa düşüb bu iddianı qaldırıbdır. Asudə Məmmədova onu məktəbdə döyüb xəsarət yetirib. Ancaq onu burada təqsirli elan edirlər. Surə müəllimə adında şəxs analıq məzuniyyətində olub onun bütün dərslərini, icmal dərslərini və onun dərs jurnalını o yazıb, ancaq pulunu Asudə müəllimə götürüb. Bu işi Avropa Məhkəməsinə qədər aparacaq. Asudə Məmmədova deyir ki, guya o kart məlumatlarını paylaşıb kiber hücum olub, sonra da deyir ki, kartı bloklamışdı. Əgər kart bloklanmışdırsa onda niyə kiber hücum olur. Direktorun kartı onda niyə olmalı idi. Prokurorluqdan iş araşdırılan zaman orada olan şəxslərlə üzləşdirilərdi, bu onun haqqı idi. O ortaya fakt qoyub, qərardan şikayət verib, Ali məhkəmədə iş başlayacaq. Heç kimin şərəf və ləyaqətini alçaltmayıb. Keçən dəfə barışıq üçün təklif ediləndə o etiraz etməyib, ancaq direktor gedib məktəbdə danışıb ki, Səriyyə ona yalvarır. Bundan sonra kim addım atar?. Onun təqsirləndirilən şəxs qismində olmağı belə ona qarşı cinayətdir. Burada onun vaxtı gedir. Videoda rüşvətxor deməyibdir, orada dövlət büdcəsini mənimsəməkdən söhbət gedir. Asudə Məmmədova da ona dəli deyib. Əgər o dərsdənkənar məşğələ keçibsə bunu sübut etməlidir. Təhsil Şöbəsinə sorğu göndərilsin ki, dərsdən kənar məşğələ yarışlara uşaq aparmaq üçündür, yoxsa dərsi icra etmək üçündür?. O həmin uşaqları tanımır. Keçmədiyi dərsi onun adına yazıblar. Dərsdənkənar məşğələ dərsi keçib, uşaqlara mənimsətmək üçündür, o dərsi icra etməyib. Direktor sübut etsin ki, o dərsi keçib. O rüşvətxor sözü deməyib, konkret deyir ki, saç yolmasına çıxmasını eşidib. İnformasiya alıb, verib, burada heç bir böhtan yoxdur. Direktor sübut etsin ki, ona rüşvətxor deyib, bir dəfə onun ağzından rüşvət sözü çıxıbmı? Az qala 6 aya çatır ki, etmədiyi bir hərəkətə görə işə baxılır, o niyə məsuliyyətə cəlb edilməlidir?. İşə xitam verilməlidir, onun əməlində heç bir cinayət tərkibi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər Prokurorluğunun məktubundan aydın olur ki, X6 etdiyi şikayət əsasında Naxçıvan Şəhər Prokurorluğunda 38C-24 nömrəli material araşdırılmış və 05 oktyabr 2024-oü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qəbul edilmiş qərarın surəti göndərilməklə qərardan etirazı olduğu təqdirdə Naxçıvan şəhər prokuroruna və ya yuxarı prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən Naxçıvan Şəhər Məhkəməsinə şikayət etmək hüququ izah olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 6(078)-2/2025 nömrəli qərarı ilə Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi X10 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanuni və əsaslı olduğundan həmin qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti, əsasən, toplanmış 40C-24 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, iş üzrə inzibatı icraat başlanılması, qərarın surəti ibtidai araşdırmaya nəzarəti həyata keçirən Naxçıvan şəhər prokuroruna təqdim edilməsi, Naxçıvan şəhəri İslam Səfərli adına İ nömrəli tam orta məktəbdən sorğu edilərək alınmış sənədlər məktəbə geri qaytarılması, qərarın surəti qanunla müəyyən edilmiş maraqlı şəxslərə göndərilməklə onlara hüquqları izah edilməsi, cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması üçün Naxçıvan Şəhər Təhsil Şöbəsinə təqdimat veriləsi, material saxlanılması üçün Naxçıvan Şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına X9 xx.xx.2015-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surəti əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdairəsinin xx.xx.2024-cü il tarixli, 01/1008 nömrəli arayışına, əsasən, X1 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 769 nömrəli arayışına, əsasən, X4 şəhəri, 54-cü məhəllə, ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarına ödəniş qəbzlərinin surətləri əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli X6 və Müdafiəçi etiraz ərizəsi təqdim edilmişdir. Etiraz ərizəsinə, əsasən, Asudə Məmmədovanın onun barəsində olan ittiham qaydasında şikayət ərizəsi tamamilə əsassızdır, onun əməlində Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinin tərkibi yoxdur ona görədə onun şikayət ərizəsi təmin edilməməli olduğu qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli, 187 nömrəli arayışına, əsasən, X3 rayon, Şıxmahmud kəndində yaşayır. İş materiallarına DVD əlavə edilmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. X17 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin müxtəlif sosial şəbəkələrdə xüsusi ittihamçı X11 rüşvət almaqda ittiham etməsi yəni onu ağır cinayətdə ittiham etməsinə dair təqsiri sübuta yetirilməmişdir. Belə ki, xüsusi ittihamçı tərəfindən təqdim edilən müxtəlif sosial şəbəkələrdə X6 çıxışlarında X13 haqqında “rüşvətxor” adlandıraraq onu ağır cinayətdə ittiham etməsinə dair hər hansı fikir səsləndirilməmiş, bu ifadə təqsirləndirilən şəxs tərəfindən işlədilməmişdir. Eyni zamanda X7 məhkəmə iclaslarında da “rüşvətoxor” ifadəsini işlətmədiyini bildirmişdir. Buna görə də təqsirləndirilən şəxs X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi mövcud olmamışdır. Lakin xüsusi ittihamçı tərəfindən təqdim edilən X6 müxtəlif sosial şəbəkələrdə çıxışlarında X13 haqqında böhtan xarakterli məlumatlar səsləndirməsi sübut olunur. Belə ki, X7 internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə X13 haqqında dövlət əmlakını mənimsəməsi barədə çıxışlar etmiş, həmçinin təhsil kurslarında müəllim işləyərkən iki saat dərs saatına görə müəllim yoldaşı ilə saçyolmasına çıxmasını və pilləkənlərdən aşıb düşməsini bildirmişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxs X7 xüsusi ittihamçı haqqında qeyd edilən fikirləri səsləndirdiyini qəbul etmiş, həmin fikirlərin düzgün olduğunu, hər ay pulun direktorun kartına köçürülməsinə dair qəbzlər olduğunu bildirmiş, həmin qəbzləri təqdim etmiş, heç bir yalan məlumat vermədiyini, fakt təqdim etdiyini, kursda olan müəllim yoldaşı ilə məsələni isə eşitdiyini sosial şəbəkədə qeyd etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin X5 hesabına köçürdüyü pul vəsaitləri ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan X7 tərəfindən verilmiş şikayətə Naxçıvan Şəhər Məhkəməsində baxılmış və məhkəmənin 01 aprel 2025-ci il tarixli qərarı ilə sözügedən qərarın qanuniliyi və əsaslılığı yoxlanılmış və şikayət təmin edilməmişdir. Bütün bunların nəticəsində məhkəmə belə qənaətə gəlir ki, X7 yalan olduğunu bilə-bilə X9 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yaymışdır. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub- olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46- cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Beləliklə məhkəmə işdə toplanmış sənədləri araşdırıb məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları, verilmiş ifadələrlə əlaqəli şəkildə tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan atma cinayətinin tərkibi vardır və bu əməli törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. X7 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. X6 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlar onu göstərir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44-cü maddəsinə, əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, X6 barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinin üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin sanksiyasında cərimə cəzası 1000 manatdan 1500 manatadək müəyyən olunması göstərilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən hal isə elektron məhkəmə informasiya sistemində təqsirləndirilən şəxsin qohumluq məlumatlarında onun himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381,384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min manat) cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-7/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-7/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver