Məhkəmə qərarları › İş №1(078)-70/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-70/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-70/2025 11.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək xüsusi ittihamçı qismində tanınmaqla, şərəfini, ləyaqətini və nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldaraq ona böhtan ataraq onu təhqir edən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən ağır cəzanın yuxarı həddində cəza verilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi onunla təsdiq olunur ki, o, öz tələbələrinin adından istifadə edərək "gündəlik naxcıvan" adlı facebook və instagram səhifəsində X3 ünvanına əsası olmayan böhtan və təhqir xarakterli yazılar yazaraq paylaşım etmişdir. Həmin paylaşımda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləyən Abbas Əhmədov barəsində "tələbələri döyən, təhqir edən, pilləkənlərdən atan dekan müavini tələbələri alçaldaraq cəzasız qaldığını; 08 may 2025-ci il tarixində dekan müavini Abbas Əhmədov məkanı basaraq dərsi zorla pozmuş, müəllimlərini və tələbələri alçaldaraq təhqir etməyə başlamışdır. Abbas Əhmədov bununla sakitləşməmiş, hadisə zamanı dövlətə məxsus qapı və partları təpikləmiş, qırmış, ziyan vurmuşdur. Müəllimləri və bəzi tələbələr xəsarət almaqdan son anda qurtarmışdır.Bu ilk hadisə deyildir. Dekan müavinin bu il törətdiyi zorakılıqların bəzisi - bir tələbəni amansızca döymüş, qulağının zərini partlatmışdır. Pilləkəndən itələdiyi xarici bir tələbə ağır xəsarət almışdır. Dəfələrlə tələbələri və müəllimləri təhqir etmiş, psixoloji təzyiq göstərmiş" kimi ifadələri tələbələrin adından yazaraq paylaşaraq Abbas Əhmədov barəsində əsassız böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Qeyd edir ki, X9 Əhmədov barəsində böhtan və təhqir xarakterli məlumat paylaşmadan öncə Naxçıvan Dövlət Universitetinin "siyasi fikir tarixi NDU" adlı vatsap qrupundan tələbələri öyrədərək "gündəlik naxcivan" adlı facebook və instaqram səhvələrində paylaşacağını yazaraq, Abbas Əhmədov barəsindəki paylaşacağı mətni belə hazırlayaraq tələbələrin Abbas Əhmədova qarşı əsassız böhtan və təhqir xarakterli məlumatları yaymaqlarını istəmişdir. Hətta tələbələrə saxta profil yaradaraq Abbas Əhmədov barəsində böhtan xarakterli rəylər yazmağını, susmamaqlarını haqlarını tələb etmələrini bildirmişdir. Abbas Əhmədov barəsində qrupda yazışma aparılan zaman Aysel Məmmədova "allah bəlaların versin vicdan deyilən şey yoxdur onda" kimi ifadələr işlətmiş, sonra isə tələbələrə anonim yazmalarını istəyərək, saxta profildən yazmağı təklif etmişdir. Həmçinin tələbələrə "gündəlik naxçıvan"da paylaşacağı mətndə heç bir tələbənin adının keçməyəcəyini, razı olsalar sabah paylaşacağını bildirmişdir. Həmin qrupda paylaşdıqlarını, yazılarını şikayətə əlavə etmişdir.

3. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə saat 14:10 radələrində X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləyən X6 tərəfindən özünün və tələbələrinin şiddətə məruz qalmalarını bildirmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinin 16 may 2025-ci il tarixli qərarına əsasən araşdırma zamanı tədris işləri üzrə dekan müavini X3 Aysel Quluyevaya və tələbələrə şiddət göstərmədiyi, heç kəsə qarşı zorakılıq etməməsi Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq Fakültəsi yerləşən inzibati binada olan 112 №-li auditoriyanın giriş qapısına və auditoriyada olan partaya ziyan vurmadığı müəyyən olunmuşdur. Beləliklə, toplanmış materiallara görə yuxarıda qeyd edilən hadisədə fakt təsdiqini tapmadığından və heç bir hüquq pozuntusu olmadığından vətəndaş X4 Naxçıvan şəhər Polis İdarəsinə müraciəti əsasında toplanmış Hkpi-662/25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin rədd qərarı şikayətə əlavə edilmişdir.

4. Qeyd edir ki, Abbas Əhmədov uzun müddətdir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləyir. Geniş ictimai fəaliyyətlə məşğul olan, cəmiyyətdə tanınmış, hörmət qazanmış, təşəbbüskar və nümunəvi davranışı ilə cəmiyyətə təsir edən insandır. Həmçinin cəmiyyətin inkişafına, ictimai həyatın müxtəlif sahələrinə (elm, təhsil, siyasət, sosial fəaliyyət və s.) mühüm töhfələr verən və geniş ictimaiyyət tərəfindən tanınan və qəbul edilən şəxdir. X10 tələbələrin adından sui-istifadə edərək Abbas Əhmədov barəsində sosial şəbəkədə yazdığı böhtan və təhqir xarakterli məlumatlar onun nüfuzuna xələl gətirir, insanlar və kolletiv arasında nüfuzunu aşağı salır. Onu tanıyanların ona göstərdiyi etimadı zədələyir. Abbas Əhmədov əsassız böhtan və təhqirləri heç cürə qəbul edə bilmir, onun şərəf və ləyaqətinin alçaldılması ona çox pis təsir göstərir. Barəsində yazılan böhtan və təhqiramiz xarakterli yazıları yüzlərlə insanlar oxuyaraq, izləmiş və barəsində həqiqətə sığmayan şərhlər yazmışdırlar və həmin paylaşıma yüzlərlə insan baxış etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətinin məzmununa uyğun çıxış etmiş və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

6. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 müdafiəçisi X2 izahatında şikayəti qəbul etmədiklərini bildirmiş və icraata götürülməməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Müdafiəçi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir.

9. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir.

10. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası.

11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə.

12. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, şikayəçi barəsində şikayət verdiyi şəxsin onu öz tələbələrinin adından istifadə edərək "gündəlik naxcıvan" adlı facebook və instagram səhifəsində təhqir etməsini və ona böhtan atmasını qeyd etsə, iddia etdiyi əməllərin konkret hansı tarixlərdə olmasını göstərməmiş, böhtan hesab etdiyi söz və ifadələrin hansının hansı tarixdə (dəqiq göstərilməklə) harada yazılmasını qeyd etməmiş, "gündəlik naxcıvan" adlı facebook və instagram səhifəsində yazıların məhz barəsində şikayət verilən şəxs tərəfindən yazılmasını təsdiq edən sübutları şikayətə əlavə etməmişdir.

13. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi şikayət ərizəsində barəsində şikayət verilmiş şəxsin hansı söz və ifadələrlə şikayət vermiş şəxsə böhtan atması, həmin söz və ifadələrin harada yayılması (tarixi və yayılma yeri dəqiq göstərilməklə), onların hansı sübutlarla təsdiq edilməsi, həmin söz və ifadələrin hansına görə şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, hansı söz və ifadələrə görə isə həmin Məcəllənin 148-ci maddəsinin tərkibinin yaranması göstərilməmişdir.

14. Beləliklə də, barəsində şikayət verilmiş şəxs şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın vaxtı dəqiq müəyyənləşdirilməmişdir. Bu halları müəyyən etmək və həmin halları təsdiq edən ilkin sübutları təqdim etmək isə şikayət vermiş şəxsin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, qeyd edilən hallar şikayət ərizəsində göstərilmədiyi halda, yəni ittihamın vaxtı qeyri-müəyyən olduğu halda şikayət üzrə məhkəmə baxışı keçirilə bilməz.

15. İndiki halda xüsusi ittiham qaydasında şikayət vemiş şəxs Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinə əsasən üzərinə düşən vəizfəni yerinə yetirməyərək şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir.

16. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyidən və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir

17. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır.

18. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar