Məhkəmə qərarları › İş №1(078)-73/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-73/2025

24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-73/2025 24.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi,Nuruyeva Zəhra Nuru qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Babək rayon Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, (FİN: xxxxxxx), ali təhsilli, subay, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahbuz rayon Biçənək kənd sakini Zərərçəkmiş şəxs2 Bakı şəhərindən VAZ 21074 markalı avtomobil alıb göndərəcəyi adı ilə yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə özünə məxsus olan **********944453 nömrəli kapital bank kartına 1500 manat pul göndərilməsi ilə Zərərçəkmiş şəxs2 1500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir.

2. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahbuz rayon Biçənək kənd sakini Zərərçəkmiş şəxs1 Bakı şəhərindən VAZ 21074 markalı avtomobil alıb göndərəcəyi adı ilə yalan vəd verib aldadaraq xx.xx.2023-cü il tarixdə özünə məxsus olan **********944453 nömrəli kapital bank kartına 650 manat, xx.xx.2023-cu il tarixdə isə 3350 manat pul göndərilməsi ilə Zərərçəkmiş şəxs1 vahid niyyətlə ümumilikdə 4000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir.

3. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 Abşeron rayon Xırdalan şəhərində M.Ə.Rəsulzadə küçəsində "Progress-2016 MTK-nın tikdiyi çoxmənzilli yaşayış binasında aldığı mənzilin ona verilməsinə köməklik edəcəyi ilə bağlı yalan vəd verib aldadaraq xx.xx.2024-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanında yerləşən mağazada 50000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir.

4. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 2024-cü il buraxılış ili olan toyota corolla cross minik markalı avtomobil alıb göndərəcəyi ilə bağlı yalan vəd verərək, xx.xx.2025-ci il tarixdə özunə məxsus olan ***-***-**-** mobil nömrəsinin m10 hesabına 7.000 manat, xx.xx.2025-ci il tarixdə isə özünə məxsus olan **********944453 nömrəli kapital bank kartına 3.000 manat pul göndərilməsi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs3 ümumilikdə 10.000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir.

5. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ilə 2 il olar ki, Bakı şəhərində tanış olmuşdur. Onu Şəhriyar vasitəsilə tanımışdır. Ondan sonra münasibətləri yaranmışdır. Bakıda avtomobil satışı ilə bağlı şəkil paylaşmışdı. Zərərçəkmiş şəxs3 ona 10000 manat pul göndərmişdir. 7000 manat bir, 3000 manatda bir göndərmişdir. Bakıdan Naxçıvana gəldiyi üçün avtomobili alıb göndərə bilməmişdir. Mayın 6-dan Naxçıvana gəlmişdir. Polad Mart aprel aylarında 10 min manatı göndərmiş, maşınının modelini və rəngini seçmişdir. Maşınlarda bəyannamə olunmalıdır. Bəyannamə olmadığından ona görə də hazır maşınlardan ona göndərəcəyini demişdir. Əvvəlcə razılamış sonra bəyannaməsi olmadığından pulu geri istəmişdir. Lakin maşın sifarişini verməmişdir. Maşını Bakıda təhvil verəcəkdi. 35500 manatın içərisinə maşının Bakıdan Naxçıvana gətirilməsi də danışılmışdı. Mayın 4-ü tutulmuşdur. Lakin maşın may ayında gəlməmişdir. Maşın Bakıya gəlmişdi, sadəcə Naxçıvana gələn zaman o bəyan olunmamış maşın istəməmiş, buna görə də pulunu geri istəmişdir. Mayın 10-11 Poladla görüşmüş, Polad pulunu tələb etmişdir. 10 min manatdan sadəcə avtomobil nömrəsi ilə bağlı danışıq etmişdir. Həmin pulun içində qeydiyyat nişanının da alınması olmuşdur. Zərərçəkmiş şəxs4 şirkətdə tanımışdır. Əziz şirkətdə avtomobil hissələrini satırdı. Oraya gedən zaman heç nə almamışdır. Yaxın tanışı üçün maşın ləvazimatı almaq üçün oraya getmiş, həmin hissələrin alınması üçün sadəcə vasitəçi olmaq istəmişdir. Ehtiyat hissələrinə görə ora getmiş, özü lizinqlə götürdüyü avtomobil üçün açar dəsti almağa da getmişdir. Həmin avtomobili Bakıda istifadə edirdi. Lakin, heç bir alış-veriş etməmişdir. Almama səbəbi isə qiymətlərin baha olması olmuşdur. Naxçıvanlı olaraq aralarında münasibət yaranmış lakin, heç bir tanışını mağazaya göndərməmişdir. Əzizin ev ala bilməməsi ilə bağlı heç nə ona deyilməmişdir. Əzizi 4 il olar ki Sabunçu rayonunda ortaq tanışı vasitəsi ilə tanışmışdır. Sonra telefon vasitəsi ilə danışıqları olmuşdur. Alış-veriş üçün yox elə ümumi salam-sağolları olmuşdur. 1-2 dəfə şirkətdə çay da içmişdir. Əziz 510 min manatlıq mülkün bəzilərini öz adına keçirə bilmiş, bəzisinin sənədləri bacıoğlusunun adında qalmışdır. O, Əzizlə birlikdə Korrupsiya prokurorluğuna da getmişdir. Oradan soruşanda dəftərxananın əlaqə nömrəsini vermişdirlər. Dəftərxana da demişdir ki, sənədlər burdadırsa geri dönüş olacaqdır. Korrupsiya prokurorluğunda bildirilmişdir ki, Əzizin adı zərərçəkmişlərin siyahısında deyil. O Əziz ilə tez-tez görüşürdü. Onunla həm Baş Prokurorluğa həm də Korrupsiya prokurorluğuna getmişdirlər. Əzizin bacısı oğlunun adına olan sənədlər onun maşınında qalmışdır. Sənədləri də həmin vaxtdan 1 həftə sonra qaytarmışdır. Sənədlər ona qalan vaxt Əziz ona sənədlərin qaytarılması barədə hədə-qorxu gəlmiş, Əzizin iş yerinə bir dəfə gedib sənədləri vermək istəmiş, lakin Əziz orada olmadığı üçün sənədi verməmişdir. Bu ilin mart-aprel aylarında Əzizlə görüşmüş və sənədi vermişdir. Əziz 50 min manatı evin sahibinə vermişdir ki, imza çəkib evi ona versin. Həmin o mənzildə yaşayan da yoxdur. Əziz ona demişdir ki, sənədlərin bəziləri Korrupsiyadadır, bəziləri isə özündədir. Əziz onu yanına çağırmış və sənədləri necə düzəldəcəyini soruşmuş, hətta bunun necə olacağını mülkün bacısıoğlunun adına olduğunu demişdir. O, sənədlərin Əzizin bacısıoğlunun adına olduğunu bildiyi üçün Əziz onu təhdid və ondan 50 min manat pul istəyir.

6. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Cəfər əmioğlusu Azərin dostudur. Bakıda 2 ədəd 07 markalı maşın satırdı. Birini əmioğlusu almışdır, digərini isə sən almaq istəyirsənsə al demişdir. Azərlə telefonla danışanda 6500 manata maşını satdığını dedi. Lakin, 4000 manatı olduğunu Azərə deyəndə 4000 manatı göndər, sonra aylıq 500 manat ödəniş edərsən dedi. 4000 manatı Cəfərə göndərmiş, lakin maşın gəlməmişdir. Ona dəymiş zərər ödənilmişdir. Şikayəti yoxdur.

7. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Cəfərlə biryerdə rayonda işləmişdir. İndiyə qədər maşını olmadığından Cəfərlə söhbət edəndə maşın almaq istədiyini demişdir. Sonra iş olmadığından Cəfər Bakıya getmiş və orada olan zaman zəng edib maşın olduğunu demişdir. Alıb-almaq istəmədiyini soruşmuşdur. Cəfərə maşını almaq istədiyini demiş, lakin o qədər məbləğin olmadığını bildirmişdir. 1500 manata gücünün çatdığını demiş, Cəfər isə onu göndər sonra ayda 300-500 manat ödəniş ödəyərsən demişdir. 1500 manatı göndərmiş, lakin maşın gəlməmişdir. Cəfər hər gün bir bəhanə gətirmiş, sonra əmioğlusuna maşın almaq istədiyini bildirmiş, bu zaman Arif də 07 markalı maşın almaq istəmişdir. Cəfərin əlaqə nömrəsini vermiş və əmioğlusu da danışmışdır. Sonra tır parklarından soruşmuş, lakin heç kim tanımamışdır. Cəfərə isə tırın İranda xarab olduğunu demişdir. 1 həftə-10 gün gözləyə-gözləyə il yarım çəkmiş, nə maşın nə də pul gəlmişdir. Ona dəymiş zərər ödənilmişdir. Şikayəti yoxdur.

8. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, nə olubsa onu deyəcək. Bakıya getmişdi. Bibioğlusu mebel salonu işlədir. Qardaşı da orda işləyir. Kəndçiləri Vüsal vasitəsilə tanış olmuşdurlar. Orada gedib çörək yemişdirlər. Gecə saatlarında uşağının qolu sınmışdır. O da köməklik etməsi ilə bağlı zəng etmişdir. Lakin pulunun olmadığını demişdir. 150 manat pulu olub, 100 manatın ona göndərmişdir. Çörək pulunu onla bölüşmüşdür. Baxıb ki, Cəfər satmaq üçün maşın şəkilləri paylaşır o, da Cəfərə maşın almaq istədiyini demişdi. Cəfər ondan hansı maşını almağını istədiyini soruşmüş, o da, “UNİ-Z” almaq istədiyini demişdir. Sonra “Toyoto corolla”da razılaşmışdır. Cəfər ona maşının 35000 manata gələcəyini demişdir. O, Cəfərə 10000 manat göndərib, ayda da 500 manat ödəmə razılaşmışdır. Cəfər maşının videoların da ona göndərmişdir. İki ədəd də maın nömrəsi göndərmişdir ki, həmin nömrələri ona hədiyyə edəcəyini və maşını kamaza vuracağını demişdir. Maşının göndərmə xərcinin verilən pula aidiyyatı olmadığını, göndərmə xərci özünün qarşılayacağını təqsirləndirlən şəxsə demişdir. Hətta Cəfər onu tələsdirmişdir ki, pulu göndər. O 10500 manata aldığı maşını 7000 manata satmışdır. Borc-xərclə əlavə 3000 manat pul tapıb Cəfərə göndərmişdir. Ümumilikdə o, Cəfərə 10000 manat pul göndərmişdir. Ona dəyən ziyan ödənilməmişdir və o Cəfərdən şikayətçidir.

9. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismindədindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, bir dostu ona Cəfər adlı şəxsin onu işə düzəldəcəyini , bunun üçün onda100 min pul istədiyini demiş və Cəfərlə görüşə onunla birlikdə getməyi xahiş etmişdir. Görüş zamanı Cəfərə inanmamış, daha sonra dostuna ona pul verməməsini bildirmişdir. Bundan 4-5 ay sonra Cəfər onunla əlaqə saxlamış və onun işlədiyi mağzaya gələrək onunla görüşmüşdür. Görüş zamanı o, Cəfərə mənzilləri barədə olan problemdən danışmış, Cəfər ona adamı olduğunu, sənədlərini həll edə biləcəyini demiş və ondan 50.000 manat pul istəmişdir. Dekabr ayının 27-si o Cəfərə pulu vermiş və Cəfər ona yanvar ayının 7-si sənədlərin həll ediləcəyini demişdir. Lakin, daha sonra Cəfər telefonlarını açmamışdır. Bir müddət keçdikdən sonra aprel-may ayları Cəfər gəlib ona 10.000 manat pul lazım olduğunu, sənədləri düzəldəcəyini demişdir. Lakin həmin 10.000 pulu Cəfərə verməmişdir. Həmin ki, 10000 manat Poladınkı ilə üst-üstə düşür. O, mağazada pulu aparatda sayıb sayıb Cəfərə vermişdir. Cəfər hər dəfəsində ona boş-boş vədlər vermiş, o, daha sonra Cəfərin anasına zəng edərək oğlunun onun pulunu vermədiyini bildirmişdir. Anası da cavab olaraq ona pulu verməzdin demişdir. Sonra isə demişdir ki, Cəfərlə danışacaq, burada torpaq var onu satıb, pulunu verəcək. Sabahısı gün anası ona zəng edib elə adda oğlunun olmadığını, nə edirsənsə et demişdir. Sonra o, Cəfərə, pulumu qaytarmasa, onu şikayət edəcəyəyini demişdir. O isə cavabında ona şikayət etməməsini, pulunu qaytaracağını bildirmişdir. Sonra eşitmişdir ki, bu adam Naxçıvana gəlmişdir. Sonra anası ona zəng etmiş və şikayət etməməsini istəmişdir. Hətta, Bakıda Cəfər ona gəlib kiməsə atıb, oun pulunu verəcəyini bildirmişdir. Bundan sonra Cəfərlə bağlı şikayət ərizəsi yazmışdır. Cəfər ona həmin pulu aprel ayının 15-nə kimi qaytaracağı barədə səs yazısı göndərmiş, həmçinin vatsap vasitəsilə də yazmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də Cəfərdən şikayətçidir.

Sübutların tədqiqi:

10. Cinayət işinin 1-ci cild 179-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

11. Cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3200 manat pul Zərərçəkmiş şəxs1 təhvil verilmişdir.

12. Cinayət işinin 1-ci cild 216-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Şahbuz rayon Polis Şöbəsinə ərizə yazaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 1500 manat maddi ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şiakyət və tələbi yoxdur.

13. Cinayət işinin 1-ci cild 230-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.

14. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.

15. Cinayət işinin 2-ci cild 9-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********** nömrəli cinayət işi təqsirləndirilən şəxs tərəfindən təkrarən sonuncu cinayət əməlinin Naxçıvan şəhəri ərazisində törədilmiş olması nəzərə alınaraq ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə Naxçıvan şəhər Polis İdarəsinə göndərilmişdir.

16. Cinayət işinin 1-ci cild 75-ci vərəqəsində olan Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 10 iyul 2025-ci il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

17. Cinayət işinin 2-ci cild 61-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.

18. Cinayət işinin 1-ci cild 126-cı vərəqəsində olan Naxçıvan MR Daxili İşlər Nazirliyi ƏSİŞ tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədli X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə CM-nin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.

19. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, təqsirləndirilən şəxsə məxsus səs yazısından aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı 50.000 (əlli min) manatı aprelin 15-nə qədər qaytaracağını bildirmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi

20. Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

21. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Maddə 6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.

25. Maddə 16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir.

26. Maddə 41. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir(41.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2).

27. Maddə 55.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər.

28. Maddə 56.1. Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: - 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;

29. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.

30. Maddə 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: - 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; - 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.;

31. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

32. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

33. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

34. Maddə 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə: - 178.2.2. təkrar törədildikdə; - 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

35. Maddə 11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

36. Maddə 28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.

37. Maddə 33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.

38. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

39. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. - 124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: - 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; - 124.2.2. ekspertin rəyi; - 124.2.3. maddi sübutlar; - 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; - 124.2.5. digər sənədlər.

40. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

41. Maddə 126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur.

42. Maddə 138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

43. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

44. Maddə 349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.

45. Maddə 351.1. Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

Məhkəmənin mövqeyi:

46. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün əməlini qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, səs yazıları və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə, təkrar özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir.

47. Məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düz tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.

48. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

49. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

50. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.

51. Məhkəmə ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən 2 epizod üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödənilmiş, Zərərçəkmiş şəxs3 vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən etiraf edilmiş və iş üzrə olan sübutlarla həmin epizodlar üzrə onun təqsiri tam şəkildə sübuta yetmişdir.

52. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs4 50000 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etməsi barədə aşağıdakıları qeyd edir.

53. Məhkəməyədək keçirilən ibtidai istitaq zamanı və 1-ci məhkəmə baxışında təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs4 “Forsaj” adlı mağazasına avtomobil təmiri üçün avadanlıqlara baxmağa getdiyini, onunla aralarında ev məsələsi barədə hər hansı sövdələşmə olmadığını və ona qarşı dələduzluq etmədiyini bildirmişdir.

54. Lakin, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslə aparılan vatsap yazışmları, eləcə də, təqsirləndirilən şəxs tərəfindən 50.000(əlli min) manat pulun aprelin 15-nə qədər Zərərçəkmiş şəxs4 qaytarılacağı barədə təqsirləndirilən şəxsin səsyazısı məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən həmin yazışmalar və səs yazıları tədqiq edilən zaman təqsirləndirilən şəxs həmin səsyazısının və yazşımların ona məxsus olduğunu qəbul etmiş, lakin, həmin səsyazıları zərərçəmiş şəxsin hədə-qorxusu nətciəsində verdiyini bildirmiş,lakin, hədə-qorxunun nədən ibarət olmasını, zərəçəkmiş şəxs tərəfindən ona hədə-qorxu gəlinmişdisə bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməsini təsdiqləyəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

55. Həmçinin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin dəfələrlə Zərərçəkmiş şəxs4 ilə görüşdüyü, zərərçəkmiş şəxsin "Progress-2016 MTK-da olan mənzillərinin alınması üçün onun adından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə yazdığı, zərərçəkmiş şəxslə həmin İdarəyə getdiyi, İdarədə olan zaman ərizənin daxil olubolmaması barədə məlumatı onun aldığı, zərərçəkmiş şəxsə məxsus olan mənzillərə dair səndələrin onda olduğu təqsirləndirilən şəxsin verdiyi etirafedici ifadələrlə və ona verilən suallara alınan cavablarla öz təsdiqini tapmışdır.

56. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici səsyazılarını zərərçəmiş şəxsin hədə-qorxusu nətciəsində verdiyini bildirməsi özünümüdafiə xarakteri daşıyır və iş üzrə mötəbər sübutlarla onun Zərərçəkmiş şəxs4 50.000 manat pulunu ələ keçirməklə ona qarşı dələduzluq etməsi tam şəkildə sübuta yetmişdir.

57. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

60. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir.

61. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur.

62. Məhkəmə təqsirləndirilən şəxs X1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

63. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.

64. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır.

65. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir

66. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi qismən etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, 2 epizod üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

67. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

68. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir.

69. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır.

70. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

71. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

72. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir.

73. Məhkəmə həmçinin hesab edir ki, İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 65500 manat ziyanın 5500 manatının ödənilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki mühakimə qaydasında mülki iddia qaldırmaq hüququ izah edilməldir.

74. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur.

75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdən 09 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 65500 manat ziyanın 5500 manatının ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki mühakimə qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar