Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-8/2021 18.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Xüsusi ittihamçı X1 nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs X9 iştirakları ilə, 18 iyul 1984-cü ildə Babək rayonu Kültəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, bir uşaq atası, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, ev 142 ünvanında yaşayan Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək 16 iyun 2021-ci il tarixdən Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X13 yalan olmasını bilə-bilə X3 qarşı 18 may 2021-ci il tarixdə özünə məxsus olan “Tural Seferov” adlı facebook social şəbəkədə ünvanına qarşı əsası olmayan böhtan xarakterli yazılar yazaraq paylaşım etmiş, həmin paylaşımda onu yaramaz məmur adlandıraraq işində ciddi nöqsanlar olması, sonuncu dəfə işində dönüş yaratması ilə əlaqədar xəbərdarlıq edilməsi, ancaq “yaramaz elə yaramazdır”, “qozbeli qəbir düzəldər” kimi böhtanlar bildirməklə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları başqa şəxslərə bildirilməsini, yəni yayılmasını həyata keçirmişdir. Beləliklə, X13 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 ona Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində 18 may 2021-ci il tarixdə Naxçıvandan Bakı şəhərində gedərkən Hava Limanında başına gələn hadisəni özünə aid facebook şəbəkəsində paylaşdığını, o Bakı şəhərindən gələrkən Hava Limanında ondan kompüterinin açılmasının, işlək vəziyyətdə olub-olmamasının yoxlanılmasının tələb edilmədiyini, X14 bu hal ondan tələb edilərkən şəxsinə qarşı qərəz olduğunu düşündüyünü, ona görə də bu cür yazı paylaşdığını, həmin gün iki status paylaşdığını, bir statusun hazırda iş materiallarında olan status olduğunu, digər statusda isə onun pulunu verib ödədiyi yükün başqa şəxsin adına vurulması, eyni nömrə verilməsi ilə bağlı olduğunu, halbuki onun həmin yükün pulunu ödədiyini, lakin ona heç bir qəbz təqdim edilmədiyini, Bakı şəhərində iki saat yarım yükünü gözlədiyini, həmin yük başqasının adına vurulduğundan ona verilməsinin həmin yükün içərisində olan əşyaları sadaladıqdan sonra mümkün olduğunu, bütün bunların nəticəsində həmin statusları yazdığını, Hava Limanında gördüyü və başına gələn nöqsanları qeyd etdiyini, təbii ki, bu halda Hava Limanının direktorunun adını çəkməli olduğunu, lakin onun ünvanına “yaramaz”, “qozbeli qəbir düzəldər” kimi ifadələr işlətmədiyini, həmin ifadələrin ictimaiyyətdə olan mövcud problemlərin olmasını nəzərə alıb qeyd etdiyini, burada hər hansı böhtan və təhqirin olmadığını, Hava Limanında gördüyü natəmizliyini qeyd etdiyini, dəfələrlə Bakı şəhərində gedərkən ona sonuncu sıraların verildiyini, bunu heç vaxt mübahisələndirmədiyini, mövcud olmayan heç nəyi yazmadığını, onun sosial şəbəkəsində 1200 nəfər əlaqəsinin olduğunu, paylaşımların təxminən bir həftə qaldığını, 20 nəfərin onun statusunu gördüyünü, onun heç bir təqsirinin olmadığını, heç kimə böhtan atmadığını, ədalət mühakiməsinə inandığını bildirdi. Məhkəmədə xüsusi ittihamçı qismində çıxış edən X1 nümayəndəsi Nümayəndə ifadəsində X1 X10 Limanının direktoru vəzifəsində işlədiyini, həmin vəzifədə işlədiyi dövrdə ona heç bir xəbərdarlıq edilmədiyini, işlədiyi dövr ərzində qanunlara və daxili nizamnamə qaydalarına uyğun işini təşkil etdiyini, bu günədək Hava Limanında sərnişinlərinin gediş-gəlişi üçün normal şərait yaratdığını, heç bir neqativ hala rast gəlinmədiyini, Tural Səfrəovun paylaşımından sonra son vaxtlar onun X10 Limanından istifadə edib-etməməsi ilə əlaqədar araşdırma apardığını, X9 18 may 2021-ci il tarixdə 252 saylı reyslə Naxçıvan-Bakı istiqamətinə təyyarə ilə getməsinin məlum olduğunu, həmin kamera görüntülərindən də digər sərnişinlərə olduğu kimi ona qarşı da heç bir qanuna zidd hərəkət edilmədiyinin aydın olduğunu, əksinə qanunauyğun şəkildə yoxlanılaraq uçuşunu həyata keçirdiyini, uzun müddətdir M.X4 Hava Limanında rəhbərliyi həyata keçirdiyini, işlədiyi bu müddət ərzində istər rəhbərlik səviyyəsində, istərsə də ictimaiyyət arasında nüfuz qazandığını, X9 bu hərəkətlərinin onun işgüzar nüfuzuna xələl gətirdiyini, kollektiv arasında nüfuzunu aşağı saldığını, Muxtar Respublika rəhbərliyinin ona göstərmiş olduğu etimadı zədələdiyini, şərəf və ləyaqətinin alçaldılmasının ona pis təsir etdiyini, əsassız təhqirlərini heç cür qəbul etmədiyini bildirib X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, iş materiallarında olan Tural Seferov adlı facebook səhifəsindən paylaşımda aydın olur ki, həmin paylaşımda X13 qeyd etmişdir: “Hər dəfə Naxçıvana səfər edəndə yeniliklərin, X11 bu bölgəyə yüksən diqqət və qayğısının şahidi olursan. Muxtar respublikanın təmizliyi, gözəlliyi, inkişafı hər dəfə adamı müsbət mənada heyrətləndirir. Naxçıvan təkcə inkişafı ilə heyrətləndirmir, həm də bəzi yaramaz məmurların əməlləri ilə də “heyrətləndirir”. X10 Limanında həyata keçirilən yüksək “təhlükəsizlik tədbirləri” Naxçıvanın müasir durumu ilə uyuşmur. Bakı şəhərindəki X12 Aeroportundan fərqli olaraq, burda insanların daha çox “qeydinə qalırlar”. Məsələn, özünlə apardığın noutbuk batereyası olmadığı üçün işləmə onu apara bilməz. Bu, sadəcə olaraq absurddur. Bunda başqa... Bundan başqaları bir az ağırdır, ona görə də yazmaq istəmirəm. Hava limanında təmizlik işləri də “yüksən səviyyədədir”. Mən elə bilirdim sonuncu xəbərdarlıqdan sonra Hava Limanının direktoru Mənşur Gülməmmədov işində dönüş yaradıb. Ancaq yaramaz elə yaramazdır. Qozbeli qəbir düzəldər.” Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə məhkəmə işdə toplanmış sənədləri araşdırıb məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, xüsusi ittihamçının nümayəndəsinin məhkəmədə verdiyi ifadələri əlaqəli şəkildə tədqiq edib onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X9 əməlində cinayət tərkibi vardır. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş böhtan atma cinayətini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı X13 özü verdiyi ifadəsində əməlini etiraf etməmiş, onun tərəfindən hər hansı hüquqazidd əməlin törədilmədiyini bildirmişdir. Məhkəmə X9 ifadəsinin özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Qeyd olunanlar onu göstərir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. X13 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. X15 oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CMnin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə CM-nin 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, X9 barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinin üçün əsaslar vardır. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CMnin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcuddur. Cinayət işinin mübahisəsiz hallarından aydın olur ki, X13 X1 barəsində böhtan xarakterli məlumatlar yayaraq paylaşmışdır. X5 paylaşılan məlumatlarda hər hansı böhtan xarakterli məlumatın olmadığını qeyd edərək yazdığı “yaramaz, qozbeli qəbir düzəldər” kimi ifadələrini də onun haqqında yazmadığını bildirmişdir. Halbuki təqsirləndirilən şəxsin yazdığı paylaşımda qeyd edilən ifadlərin ünvan sahibi dəqiq şəkildə göstərilmişdir. X13 öz paylaşımında hər hansı böhtan xarakterli məlumatları göstərməməklə yanaşı, əməlində heç bir qanunazidd hərəkətin olmadığını da qeyd etmişdir. T.Səfərov əməlindən peşman olmadığını bildirmişdir. Beləliklə hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etməklə cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, azyaşlı bir uşağının onun himayəsində olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 09.06.2021-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, 16.06.2021-ci il tarixdən həbsə alınmışdır. Bununla da X13 2 gün həbsdə olmuşdur. İş üzrə maddi sübut olan bir ədəd flash disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381,384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 cəzaçəkmə müddətinin əvvəli onun barəsində seçilmiş həbs qətimkan tədbirinin icra edildiyi vaxtdan-16 iyun 2021-ci il tarixdən hesablansın. X9 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd falsh disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №1(078)-8/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-8/2021
18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver