Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-8/2023 09.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:00 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2 və X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şərur rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (mebel ustası), əvvəllər məhkum olunmayan, Kəngərli rayonu Yurdçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində 02 fevral 2023-cü il tarixdə polisin nəzarət altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında tanış olaraq evində bəzi mebel əşyaları düzəltdikdən sonra Naxçıvan şəhər sakini X6 ilə aralarında yaranmış münasibətdən istifadə edib, həmin ilin dekabr ayında ona İran İslam Respublikasından stol-stul dəsti gətirəcəyi adı ilə aldadaraq 2250 manat pulunu, sonra isə əlavə stol-stul dəsti gətirib sataraq hər bir dəstin qazancından 250 manat da ona verəcəyi adı ilə Esmira Qoçəliyevanı aldadaraq ondan bir dəfə 1750 manat və bir dəfə də 2500 ABŞ dollar (4250 manat) olmaqla 2019-cu ilin dekabr ayı ərzində 3 dəfəyə Esmira Qoçəliyevanın vahid niyyətlə ümumilikdə 8250 (səkkiz min iki yüz əlli) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Həmçinin 2022-ci ilin noyabr ayının ortalarında Naxçıvan şəhər sakini, X10 ona yataq mebeli dəsti düzəldəcəyi adı ilə aldadaraq 700 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edildiyindən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yanaşı həmin məcəllənin 178.2.2-ci madəsinin maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilərək, onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işi üzrə X3 və X11 maddi ziyan vurulduğundan, həmin şəxslər cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Kəngərli rayonu Yurdçu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Mebel ustası işləyir. Naxçıvan şəhər sakini X4 3 ildən artıq olar ki tanıyır. Esmira xanım 2019-cu ilin sentyabr ayında onun işlədiyi Türk Məsçidinin yanındakı mebel sexinə gələrək usta axtardığını demiş, o da Esmira xanımın mebel sifarişini qəbul etmişdir. Bundan əlavə Esmira xanım evlərini təmir etdirdiyinə görə onlara kirayə ev tapmaqda və evlərini köçürməkdə köməklik etmiş, onlara usta tapmış, bu səbəbdən də aralarında münasibət yaranmışdır. X10 isə təxminən 2022-ci ilin oktyabr ayında evlərinə mətbəx mebeli yığdığına görə tanımışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Esmira xanımın evlərinə stol-stul almaq üçün ona müraciət etmiş, telefonunda olan stol-stul şəkillərini Esmira xanıma və qızı Səmraya göstərmiş, Səmra da şəkillərə baxıb telefonda şəkilləri olan stol-stul dəstinin birini bəyənib seçmiş, Esmira xanım da həmin stol-stul dəstini bəyəndiyinə görə onu almaq qərarına gəlmişlər. Ondan həmin stolstul dəstinin harada olduğunu və qiymətini soruşduqda, onlara stol-stul dəstini İran İslam Respublikasından gətirəcəyini və qiymətinin 2250 manat olduğunu demiş, onlar da razılaşıb həmin günü stol-stul dəstini gətirməyi üçün ona 2250 manat pul vermişlər. İran İslam Respublikasının Təbriz şəhərində həmin stol-stulu satan şəxslə danışıb, Esmira xanımdan aldığı 2250 manat pulu Culfa taksilərindən biri ilə Culfa Gömrüyünə həmin şəxsin dediyi yerə göndərmiş, sonra iranlı tanışı ona zəng vurub göndərdiyi 2250 manat pulu götürdüyünü demişdir. Pulu göndərəndən sonra Esmira xanımın yaşadığı evinə getmişdir. Həmin vaxtı Esmira xanım və qızı Səmra evdə idi. Əvvəlcədən telefonda Esmira xanımla danışıb ona pul lazım olduğunu demiş, Esmira xanım da ondan nə qədər pul lazımdır, niyə istəyirsən deyə soruşduqda, ona İrandan satmaq üçün əlavə stol-stul sifariş verəcəyini, stol-stul gətirmək üçün 2500 ABŞ dolları pul lazım olduğunu, hər stol-stul dəstinin qazancından 250 manat da Esmiraya verəcəyini demiş, Esmira xanım da ona “problem yoxdur verərəm” deyib, evlərinə getdikdə 2500 ABŞ dollarını ona vermişdir. Lakin həmin pulu öz işində istifadə etmək üçün onlardan almışdır, belə ki, 2500 ABŞ dolları alıb öz işini görmək üçün işlədiyi sexə mebel materialları almışdır. Bundan sonra 2020-ci ilin əvvəllərində dünyada yayılan pandemiya ilə əlaqədar sərhədlər bağlandığına görə İrandan sifariş verdiyi stol-stul dəsti gəlməmiş, 2020-ci ilin təxminən mart ayında iranlı şəxs həmin 2250 manatı ona geri göndərmişdir. Pulu aldıqdan sonra bu barədə Esmira xanıma heç nə deməyib həmin pulu da öz işinə sərf etmişdir. Esmira xanım da hər dəfə ona zəng vurub stol-stulu və ondan aldığı 2500 ABŞ dollarını nə vaxt qaytaracağını soruşduqda, iranlı pulu ona qaytardığına və 2500 ABŞ dollarını İrana göndərmədiyinə baxmayaraq Esmira xanıma yalandan yollar bağlı olduğuna görə İranlı şəxsin stol-stulu göndərə bilmədiyini demişdir. Esmira xanımdan aldığı pulu qaytarmamağına baxmayaraq Esmira xanımın ona inandığını görüb 2020-ci ilin mart aprel aylarında ondan təkrar borc pul istəmiş, Esmira xanım da ona yenə etibar edib qızı Səmranın və özünün bank kartından 800 manat bir, 950 manat da bir olmaqla ümumilikdə 1750 manat pul çəkib vermişdir. Həmin vaxtdan 1-2 ay sonra, yəni 2020-ci ilin yay aylarında Esmira xanım ona dəfələrlə zəng vurub, artıq ona inanmadığını deyərək pulunu qaytarmağını istəsə də, ona pulun İranlı şəxsdə olduğunu demişdir. Nəhayət bir gün Esmira xanım onu evlərinə çağırıb ona “Ya mənim pulumu ver, ya imzalı bir kağız yaz ver ki, məndən 8500 manat pul almısan, ya da səndən şikayət edəcəyəm” demişdir. Esmira xanım şikayət etməsin deyə, Esmira xanımdan 8500 manat borc aldığını kağıza yazıb imzalayaraq ona vermişdir. İmzaladığı kağızı Esmiraya verdikdən 2-3 ay keçməsinə baxmayaraq onun pulunu vermədiyinə görə Esmira xanımın yenə onu evlərinə çağırıb pulunu verməsə ondan şikayət edəcəyini demiş, Esmira xanıma “2-3 günə sənə pul gətirəcəyəm” sözünü vermişdir. 2-3 gün sonra da Esmiraya zəng vurub ona 1000 manat verə biləcəyini demiş, Esmira xanımın da “onu apar bacım Solmaza ver” dediyi üçün Solmazın “Sizin Market”in arxasında qaldığı evə gedib, həmin 1000 manatı aparıb Solmaza vermişdir. Bundan sonra pulu olmadığına görə Esmira xanıma pul qaytara bilməmiş, son vaxtlarda 300 manat bir dəfə 400 manat da bir dəfə Esmira xanıma pul qaytara bilmişdir. Esmira xanıma ümumilikdə 1700 manat pul qaytarmış, hazırda Esmira xanıma 6650 manat borcu qalıb. Esmira xanıma bir dəst 800 manat dəyərində stul-stol aparıb evinə qoysa da o borcdan silinməmiş, əlavə olaraq Esmira xanımın yataq dəstindən ona 1500 manat verəcəyi olmuşdur. Həmin pulları çıxdıqda onu n reallıqda Esmira xanıma 4350 manat borcu olmalıdır. Lakin o şikayət etməsin deyə Esmira xanımın ona borcunu çıxmadan onun Esmira xanıma olan borcuna dair kağız yazıb imzalamışdır. Balaca kişi ilə bağlı 700 manat verəcəyi vardır. 2022-ci ilin oktyabr ayında ona mətbəx mebeli düzəldəndə onunla tanış olmuş, Balaca Hüseynovun evində mətbəx mebelini quraşdırarkən, onun yoldaşı ilə aralarında söhbət edərkən onların yataq mebeli almaq istədiklərini eşidib, söhbətə qoşularaq onlara “razı olsaz mən sizə ucuz qiymətə yataq mebeli düzəldərəm” demiş, onlar da yataq otaqlarını ona göstərib otağın ölçülərinə uyğun sadə yataq dəsti mebeli düzəltməyini istəmişlər. Otağın ölçüsünü götürüb “bir həftə ərzində 1400 manata otağa uyğun yataq dəsti düzəldərəm amma yarı pulunu əvvəlcədən alacağam” dediyi üçün Balaca Hüseynovdan 700 manat pul almış, yataq dəstini bir həftəyə düzəldəcəyinə söz versə də, mebeli düzəldib verməmişdir. Balaca Hüseynov ona zəng vurduqda da ona hər dəfə mebeli düzəldib verəcəyini desə də onu aldadaraq mebeli düzəldib verməmiş, ondan aldığı 700 manat pulla aldığı materialla isə mebel düzəldib başqasına sataraq pulunu öz işlərinə sərf etmişdir. Esmira xanımdan və Balaca Hüseynovdan pul alarkən işləri yaxşı olmadığından borcu çox olmuşdur. Ona görə də onlara yalan vədlər verib həmin puları almışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. Naxçıvan MR Xəstəxanası PHŞ-in Terapiya şöbəsində həkim terapeft işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından tanıyır. Həmin vaxt yaşadıqları bina təmir olunduğu, özləri də yaşadıqları mənzili təmir etdirdiklərindən mebelləri dəyişmək üçün usta axtararkən Talehlə rastlaşmışdır. Taleh onların evində müəyyən işləri gördüyünə görə onunla tanış olmuşdur. Talehin telefonunda olan stol-stul şəkillərini qızı Səmraya göstərmiş, qızı Səmranın da Talehin telefonundakı şəkilləri olan stol-stul dəstinin birini seçib ona göstərmiş, özü də bəyəndiyinə görə stol-stulu almaq qərarına gəlmişlər. Talehdən həmin stol-stul dəstinin harada olduğu və qiymətini soruşduqda Taleh onlara stol-stulu İran İslam Respublikasından gətirəcəyini və qiymətinin 2250 manat olduğunu dedmiş, o da Talehlə razılaşıb həmin günü stol-stulu dəstini gətirməsi üçün Talehə 2250 manat pul vermişdir. Bir neçə gün sonra Taleh onlara gələrək, ona "sizin verdiyiniz 2250 manatı İrana göndərmişəm əgər pulunuz varsa mənə borc olaraq 2000 manat verin mən özümə də stol-stul sifariş verim, satıb sizin pulunuzu qaytaracağam" dediyi üçün Talehə 2000 manatının olmadığını, lakin qızı Səmranın kartında 800 manat və özünün kartında da 950 manat olduğunu, həmin pulu çəkib ona verə biləcəyini demişdir. Talehin onlarda oturub gözləmiş, o da Səmranın bank kartını da götürüb ümumilikdə 1750 manatı kartdan çəkərək gətirib evlərində Talehə vermişdir. Həmin ayın axırlarında Taleh yenə onların evə gələrək ona, "stol-stul dəstlərini sifariş vermişəm qısa zamanda gələcək, pulunuz varsa mənə əlavə pul verin mən həmin stolstuldan yenə irandan sifariş verim gəlsin, satım qazancından hər stol-stul dəstində 250 manat da sizə verəcəyəm" demişdir. Həmin vaxtı evdə 2500 ABŞ dolları pulu olduğundan həm Talehin işi düzəlsin, həm də qazancından ona da pul versin deyə, Talehə inanıb 2500 ABŞ dollarını da ona vermişdir. Sonra nə qədər gözləsə də Taleh stol-stul dəstini gətirməmiş, ondan soruşduqda isə Taleh həmişə müəyyən bəhanələr gətirərək, vaxt istəyib onu aldatmağa başlamışdır. Onun yalanlarına inanmışdır. Təxminən 2 il əvvəl Talehə ondan şikayət edəcəyini bildirdikdə, Taleh gətirib ona 1000 manat verərək, pandemiyaya görə onlara sifariş verdiyi stol- stulun hələ də gəlmədiyini deyib, həmin 1000 manatın da onun pulu ilə alıb satdığı 4 dəst stol-stulun qazancı olduğunu bildirmişdir. Yenə Talehə inanaraq ondan şikayət etməmişdir. Yəni təxminən 1 il əvvəl yenə də Taleh onu aldatdığını görüb ona şikayət edəcəyini bildirdikdə Taleh ona 300 manat pul bir dəfə, 400 manat da pul bir dəfə verərək stol-stulun gəlməyinin alınmadığını, İrandan da pulu geri qaytararkən pulun yolda itdiyini bildirib, pulu hissə-hissə qaytaracağını demişdir. 18 sentyabr 2022-ci il tarixdə qızı Səmra vəfat etdiyinə görə başı yas mərasiminə qarışmış, yas mərasimindən 1 ay sonra yenə də Talehlə əlaqə saxlamış, Taleh də ona noyabr ayından etibarən hər ay 1000 manat qaytaracağını demişdir. Bu günə qədər ona inanaraq verdiyi pulun qalanını yəni 2300 manatını və 2500 ABŞ dolları qaytarmamışdır. Talehlə qohumçuluq və ya düşmənçilik münasibətləri yoxdur. Sadəcə Talehi mebel ustası olaraq tanıyır. Təqsirləndirilən şəxs onların evinə usta kimi gəlmiş, onların evində öz işindən əlavə işlərin də görülməsində köməklik edərək, onlara kirayə ev tapmış, evin köçürülməsində onlara kömək etmiş, əlavə ustalar tapıb gətirmiş və lazım olan tikinti materiallarını alıb gətirilməsində köməklik etmişdir. Buna görə də Talehə inanaraq ona pul vermişdir. E.Qoçəliyeva Təqsirləndirilən şəxs izahatında yalan dediyini, Talehin ona cəmi 1700 manat pul verdiyini, stol-stulu onun evindəki stol-stulun əvəzində verdiyini, yataq dəstinin isə pulunu verərək düzəltdirdiyini, mərhum qızı Səmraya isə pul vermədiyini, həmin pulun 2250 manatını evə stol-stul almaq məqsədi ilə, qalan 1750 manat və 2500 ABŞ dollarını yəni ümumilikdə 6000 manatı da stol-stul alıb sataraq, hər stol stul dəstində qazancdan ona 250 manat pul verəcək deyə verdiyini bildirmiş, Hazırda ona Təqsirləndirilən şəxs 6650 manat ziyan vurmuşdur və həmin pulu qaytarmalıdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X13 ifadəsində bildirmişdir ki, ifadəsində ünvan 5 ünvanında yaşayır. Naxçıvan ƏÜO-nun tərkibində olan beton məmulatları zavodunda mühəndis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının əvvəllərindən tanıyır. Həmin vaxt evlərinə mətbəx mebeli düzəltdirmək istədikləri üçün internet üzərindən bir neçə səifəyə baxıb Təqsirləndirilən şəxs səhifəsində qeyd olunan nömrə ilə əlaqə saxlamış, qiymətləri münasib olduğundan və tez bir zamanda mətbəx mebelini düzəldəcəyini dediyinə görə onunla razılaşmış, danışdıqları günün səhərisi görüşmüşlər. Taleh onu Cahan Gənclər şəhərciyindəki bir mağazanın qarşısına aparıb, həmin mağazanın onlara məxsus olduğunu demiş, sonra birlikdə Dekor qrupa gedib material seçmişlər, daha sonra evə gedib Taleh mətbəx mebelinin ölçüsünü götürmüşdür. Təqsirləndirilən şəxs dediyi kimi mətbəx mebelini vaxtında yığıb gətirmişdir. Mətbəx mebelini qaz və aspirator dəsti ilə birlikdə 1600 manata düzəldəcək deyə danışmışlar. Taleh mebeli quraşdıranda onun danışdıqları qaz ocağını deyil başqa bir qaz ocağı gətirdiyini görmüş, Talehə həmin qaz ocağını dəyişməsini dedikdə Talehin ona "pulum yoxdur, siz özünüz qaz ocağını alın mən sonra sizə 150 manat qaytararam" demişdir. Taleh mebeli quraşdırarkən özünün də yoldaşı ilə bundan sonra yataq dəsti də alarıq deyə söhbət etdiklərini, həmin vaxtı Taleh onlara, "mən sizə uyğun qiymətə yataq dəsti yığaram demiş, sonra yataq otağının ölçülərini götürüb mebeli 1400 manata yığa biləcəyini və material almaq üçün ona pulun yarısını əvvəlcədən alacağını bildirdiyini, Talehə inandığına görə ona “150 manat qaz ocağından qalır 550 manatda verim qalan 700 manatını da mebeli gətirdikdən sonra verərəm” demişdir. 700 manatı Talehə verdikdən sonra Taleh bir həftə ərzində mebeli gətirəcəyini desə də, mebeli gətirməmişdir. Talehə hər dəfə zəng vuranda o, müəyyən bəhanələr gətirərək onu aldatmağa başlamış, məcbur qalıb Talehin onu apardığı mebel mağazasına getmişdir. Mağazada olan şəxslər ona “Taleh adlı adam tanımırıq” demişlər. Taleh isə ona həmin mağazanın onun olduğunu demişdir. Maraqlanıb Talehin işlədiyi mebel sexinin yerini taparaq oraya getmiş, Taleh yenə də onu aldadıb 2 günə mebeli gətirəcəyini desə də, bir həftə keçməsinə baxmayaraq mebeli gətirmədiyini görüb Talehə zəng vurmuş, onun telefonlarına cavab vermədiyinə görə yenə sexə getmişdir. Orada olan işçilərin ona Talehin həmin sexdən çıxdığını demişlər. Sonra Talehi tapa bilməmiş və zəng vursa da, zənglərinə cavab vermədiyindən ərizə ilə polisə müraciət etmişdir. Taleh mətbəx mebelini vaxtında gətirdiyinə görə ona inanmışdır. Talehin onu aldada biləcəyini düşünmədən ona 700 manat pul vermişdir. Onun mətbəx mebelini də keyfiyyətsiz yığdığını sonradan görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7, zərərçəkmiş Esmira Qoçəliyeva ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatların bir qismini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18, zərərçəkmiş Balaca Hüseynovla eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatların təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş hüquqi şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 178.2.2-ci və 178.2.4-cü maddələri ilə başlanılmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında zərərçəkmiş şəxs X1 2500 ABŞ dolları aldığı müəyyən edildiyindən, iş hallarının müəyyən edilməsi məqsədilə göstərilən tarixdə 2500 ABŞ dollarının Azərbaycan manatı qarşılığının hansı məbləğdə olmasının müəyyən edilməsi üçün X16 MR İdarəsinə sorğu verilmiş və İdarədən alınmış cavabda Azərbaycan manatının ABŞ dollarına nisbətində məzənnəsi dəyişməz qaldığından, göstərilən 2500 ABŞ dollarının manatla qarşılığının 4250 manat təşkil etdiyi göstərilmişdir İstintaq zamanı Təqsirləndirilən şəxs adına hər hansı bir daşınmaz əmlakın və torpaq sahəsinin olub-olmaması ilə bağlı xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə sorğu verilmiş və həmin Xidmətdən alınmış 03/177 nömrəli xx.xx.2023-cü il tarixli cavabda Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın qeydiyyata alınmadığı göstərilmişdir İstintaq zamanı Təqsirləndirilən şəxs vergi ödəyicisi olub-olmaması ilə bağlı xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə sorğu verilmiş və həmin Xidmətdən alınmış **********789800 nömrəli xx.xx.2023-cü il tarixli cavabda Təqsirləndirilən şəxs (VÖEN **********) Naxçıvan Şəhər Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs adına hər hansı bir nəqliyyat vasitəsinin olubolmaması ilə bağlı xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası DİN-nin DYPİ-nə sorğu verilmiş və həmin İdarədən alınmış 1/232 nömrəli xx.xx.2023-ci il tarixli cavabda Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı bir avtonəqliyyat vasitəsinin qeydiyyata durmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat X5 müvafiq tələbnamə göndərilmiş və alınmış və xx.xx.2023-cü il tarixli 2/2155 nömrəli məktubla daxil olmuş cavabda Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Türkiyə Respublikasının Dilucu X20 Dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edildiyi göstərilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkum edilməsi barədə heç bir qeydiyyat aparılmamışdır. İstintaq zamanı Yurdçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlarda Təqsirləndirilən şəxs Kəngərli rayonu Yurdçu kəndində qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşadığı və himayəsində 1 azyaşlı uşağının olduğu, alınmış xasiyyətnamələrdə isə yaşadığı müddətdə davranışı gözəl əxlaqı ilə seçildiyi, qonşularla səmimi olduğu, onların xeyir-şər işlərində yaxından iştirak edərək köməklik göstərdiyi və onun barəsində heç bir şikayətin daxil olmadığı göstərilmişdir. İstintaq zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mİİ-dən alınmış arayışlarla zərərçəkmiş şəxs X2 ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşadığı, eyni zamanda yaşadığı yerdən və işlədiyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsdən alınmış xasiyyətnamələrlə hər kəslə yaxşı münasibət quraraq, səmimiliyi və mədəni davranışı ilə daima seçildiyi, yaşlı və ahıl sakinlərin hörmətini qazandığı, qonşuları ilə həmişə yaxşı münasibətdə olduğu, özünü sadə təvazökar, mədəni apardığını, xeyir şər işlərində yaxından iştirak etdiyi, həmçinin iş yerindən alınmış xasiyətnamədə Esmira Qoçəliyevanın xəstələrə yüksək tibbi xidmət göstərdiyi, tibbin son nailiyyətlərinin öyrənilməsində və tətbiqində öz bacarığı və qabiliyyəti ilə seçildiyi, kollektivin dərin hörmətini qazandığı, verilən tapşırıqları vaxtında yerinə yetirdiyi və xəstəxananın ictimai işlərində yaxından iştirak etdiyi göstərilmişdir. İstintaq zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlarda zərərçəkmiş şəxs X8 ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşadığı və alınmış xasiyyətnamədə isə yaşadığı müddətdə onun barəsində heç bir şikayətin daxil olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmamasını, məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir, onun əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs yaşayış yerindən arayışda ailə üzvlərinin arvadından və 2002ci il təvəllüdlü övladından ibarət olması qeyd edilmiş, lakin Təqsirləndirilən şəxs övladının 2022-ci il tarixdə doğulduğunu, lakin doğum haqqında şəhadətnamə alınmadığını bildirmişdir. Belə olan halda məhkəmə işin bu halını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmasının yolverilməz hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında tanış olaraq evində bəzi mebel əşyaları düzəltdikdən sonra Naxçıvan şəhər sakini X6 ilə aralarında yaranmış münasibətdən istifadə edib, həmin ilin dekabr ayında ona İran İslam Respublikasından stol-stul dəsti gətirəcəyi adı ilə aldadaraq 2250 manat pulunu, sonra isə əlavə stol-stul dəsti gətirib sataraq hər bir dəstin qazancından 250 manat da ona verəcəyi adı ilə Esmira Qoçəliyevanı aldadaraq ondan bir dəfə 1750 manat və bir dəfə də 2500 ABŞ dollarını (4250 manat) olmaqla 2019-cu ilin dekabr ayı ərzində 3 dəfəyə Esmira Qoçəliyevanın vahid niyyətlə ümumilikdə 8250 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Həmçinin 2022-ci ilin noyabr ayının ortalarında Naxçıvan şəhər sakini, X10 ona yataq mebeli dəsti düzəldəcəyi adı ilə aldadaraq onun 700 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək ümumilikdə zərərçəkmişlərə 8950 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddəsinə əsasən oğurluğun təkrar törədilməsi və xeyli miqdarda ziyan vurulmaq törədilməsi maddələri üzrə sanksiyasında dörd min manatdan yeddi min manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması və vurulmuş ziyanın istintaqdan əvvəl qismən ödənilməsini məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxslər X3 və X11 mülki iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-8/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-8/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver