Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-8/2024 26.01.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 14:20 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, tərcüməçi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, evli, 3 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, X19 MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 03 oktyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 30 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı X7 dəvəti ilə onun yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gedərək digər otağa keçib X9 məxsus 1600 ABŞ dolları, yəni 2720 manat məbləğində pulunu gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 03 oktyabr 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır. Hal- hazırda “X19” MMC-də fəhlə işləyir. Bir müddətdir ki, İran İslam Respublikasının vətəndaşları X10 və onun bacısı X5 tanımışdır. Əliabad qəsəbəsində yolun kənarında dayanan zaman bir xanım yaxınlaşıb taksi olub-olmamağımı soruşmuş, həmin xanımın danışığından əcnəbi olduğunu hiss etmiş, Xanıma “mən sənə köməklik edərəm, avtomobilə otur, istədiyin yerə aparım” demiş, idarə etdiyi avtomobillə yola düşmüş, həmin qadın arxa sağ tərəfdə oturmuşdur. Xanımdan “hansı istiqamətə getdiyini” soruşmuş, Xanımın “daxili qoşunlar istiqamətində get, oradakı üçmərtəbəli binanın yanında düşəcəm” demişdir. Söhbət zamanı həmin şəxsin İran İslam Respublikası vətəndaşı X14 olduğunu öyrənmişdir. Zahra avtombildən düşəndə nömrə istəmiş, istifadəsində olan ***-***-**-** mobil nömrəni ona vermiş, Zahra “taksi lazım olanda zəng vuracam, gəlib aparasan” demişdir. Bu tanışlıqdan sonra Zahra taksi lazım olanda ona zəng vurmuş, o da Zahranı və bacısı Taranehi universitetə aparıb, gətirmişdir. xx.xx.2023cü il tarixdə Zahra zəng vurub, “evin çilçırağı işləmir, ev qaranlıqdır, kömək et” demiş, Zahraya “sabah gəlib, kömək edəcəm” demişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Zahragilə getsə də, çilçırağı düzəldə bilməmiş, qızlara “usta tapıb, gəlirəm” demişdir. Onlardan çıxıb iş yoldaşı Şahid1 zəng vurub “elektrik ustası lazımdı, kömək elə” demiş, İlyas da “xəbər edəcəm” demişdir. 10-15 dəqiqə sonra İlyas ona zəng vurub “usta tapmışam hara gələk” soruşduğunda İlyasa “Naxçıvan Şəhər Polis İdarəsinə tərəf gəlin” demişdir. Bir qədər gözlədikdən sonra İlyas usta ilə dediyi yerə gəlmişdir. Birlikdə iranlı tələbələrin yaşadığı evə getmişlər. Zahra və Taraneh evdə idi. Giriş qapısından sağ tərəfdəki otağa keçmişlər, usta çilçırağı düzəltdikdə otaqda hər kəsin başı çilçırağa qatışmış, özü də sol tərəfdəki otağa keçmişdir. Onun otağa keçməyini heç kəs görməmişdir. Otağa baxanda yerdə olan yaşıl rəngli qutunun içərisində ABŞ dolları olduğunu görmüş, həmin vaxt "xxxx" ASC-nə olan kreditləri yadına düşdüyündən dollarları oğurlamaq qərarına gəlmişdir. Əlini atıb, qutunun içərisində olan dollarların hamısını götürüb şalvarının arxa sol cibinə qoyub, otaqdan çıxaraq İlyasgilin yanına getmişdir. Həmin vaxt usta “işim qutarıb” demiş, onlarla bərabər evdən çıxanda Taraneh ona “yumurta pomidor bişirmişəm, gəl yeyək” demişdir. Taranehə “iştahım yoxdur” deyib evdən çıxıb avtomobilinə minmişdir. İlyas da elektrik ustasıyla birlikdə getmişdir. Bir qədər evdən uzaqlaşdıqdan sonra avtomobili saxlayıb, oğurladığı dolları cibindən çıxardaraq saymış və 1600 ABŞ dolları oğurladığını bilmişdir. Sevincli olub idarə etdiyi avtomobillə “Cahan” Ticarət Mərkəzinə getmiş, oğurladığı 1600 dollardan 300 dolları götürüb, manata çevirmiş və 507 manat pul almışdır. Avtomobilinə minib evə getmiş, Əliabad qəsəbəsində marketlərin birində MİLLİÖN ödəmə terminalı vasitəsi ilə 145 manat kredit borcunu ödəmiş, qalan pulu isə üzərində saxlamışdır. İlyasla Türkiyə Respublikasının İğdır şəhərinə getmiş, orada qalıb xx.xx.2023-cü il tarixdə saat 16 radələrində X2yıtmış, Əliabadda düşüb, evə tərəf gedəndə polislər tərəfindən oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılıb Naxçıvan Şəhər Polis İdarəsinə gətirilmişdir. Həmin evə Zahranın və Taranehin dəvəti ilə getmişdir. Evlərindəki çilçırağı düzəltmək üçün usta aparmışdır. Həmin vaxt evdən 1600 ABŞ dolları oğurlamışdır. Əvvələr oğurluq etdiyinə görə bir neçə dəfə məhkum olunub. Sonuncu dəfə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrumetmə cəzası almış, 2019-cu ilin mart ayının 10-da cəzanın sonu ilə azad edilmişdir. İstintaq zamanı oğruladığı 1600 ABŞ dollarını zərərçəkmiş şəxs X9 müvafiq aktla geri qaytarmışdır. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X12 ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının Qom şəhəri Şahrak qəsəbəsi 18-ci küçə, 14-cü bina 2-ci mərtəbə ev 5 qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayır. X11 doğma bacısıdır. Həmin evdə bacısı Taranehlə birgə kirayə yaşayır. Həmin bina 3 mərtəbəli binadır, 1-ci mərtəbədə yaşayır, Ev bir salon, 2 yataq otağı, mətbəx və hamamtualet otağından ibarətdir. Təhsillə əlaqədar İran İslam Respublikasından Naxçıvan MR-na gəlib, hal-hazırda Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi üzrə İİİ kurs tələbəsidirlər. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, belə ki, Şahinin idarə etdiyi avtomobillə taksi kimi ora-bura getmişdir. Təqsirləndirilən şəxslə arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Şahindən köməklik üçün telefon nömrəsini almışdır. 29 sentyabr 2023cü il tarixdə evdə olan zaman Şahinə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi olan telefonla zəng vurub '‘bizim evdə çilçıraq xarab olub, işıq yanmır, usta gətir bunu düzəltsin, biz həll edə bilmirik” demiş, Şahin də “tamam, mən usta tapıb gələrəm” demişdir. Bir gün keçəndən sonra, 30 sentyabr 2023-cü il tarixdə 12 radələrində Şahin evə tək gəlmişdir. Şahin otağa girmiş, lakin çilçırağı düzəldə bilməmiş və “usta gətirirəm” deyib getmişdir. Həmin gün saat 14 radələrində Şahin evə iki nəfər tanımadığı şəxslə gəlmişdir. Həmin gələn şəxslərdən biri elektirik ustası idi. Digərini isə tanımır. O, giriş qapısından sağ tərəfdəki otaqda yaşayır. Bacısı Taraneh isə sol tərəfdəki yataq otağında yaşayır. Öz otağının çilçırağı xarab olduğuna görə Şahini çağırmışdır. Otağında təmir gedəcəyi üçün otaqda saxladığı 1600 ABŞ dollarını bacısı Taranehin otağına qoymuşdur. Elektirik ustası otağına keçib çilçırağı təmir etmişdir. Həmin vaxt Şahinin Taranehin otağına getdiyini görmüş və Şahinə “otağa keçmə, bura gəl, bu otaqda təmir gedir” demişdir. Şahin də qayıdıb gəlmişdir. Usta əlindəki işi görüb bitirmiş, həmin vaxt usta ilə İlyas çölə çıxmış, Şahin qapıdan çıxanda Taraneh “başqa işimiz də var, onu gəl elə” demişdir. Şahin də tələsik “mən gedirəm, sonra gələrəm” demişdir. Taranehin otağına keçib 1600 ABŞ dollarını götürüb otağına aparmaq istəyəndə pulun yerində olmadığını görüb narahat olmuşdur. Taranehə bu barədə demiş, pulu otaqda axtarsalar da, tapa bilməmişlər. Oğurluq olmasına şübhə edib, bununla bağlı Naxçıvan ŞPİ-nə gəlib müraciət etmişlər. O, istintaqa verdiyi ilk ifadəsində 2000 ABŞ dolları pulunun oğurlandığını bildirmiş, lakin sonra ifadəsini düzəldərək pulun 1600 ABŞ dolları olduğunu bildirmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs evdən oğruladığı 1600 ABŞ dollarını müvafiq aktla ona geri qaytarmışdır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə şahid qismində dindirilmiş X11 zərərçəkmiş şəxs X12 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Babək rayon Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri ünvan 5 ünvanında yaşayır. Hal- hazırda “X17 Zavod” MMC-də əməyinin mühafizəsi üzrə mütəxəssis işləyir. Təqsirləndirilən şəxs ilə iş yoldaşıdır. Onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. İran İslam Respublikası vətəndaşı X10 əvvəlcədən tanımır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs zəng vurub “mənə elektirik ustası lazımdır, evin çilçırağının lampasını bağlayacağıq” demiş, buna görə oradan-buradan soraqlaşıb elektirik ustası tapmış, 30 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində danışdığı kimi elektrik ustası ilə birlikdə İdarənin yanına gəlmişdir. Şahinlə görüşmüş, Şahin “qızlar deyir, lampanı düzəltsinlər, 15 manat pul verəcəklər” demişdir. Şahinlə birlikdə İran İslam Respublikası vətəndaşları Tarana və Zahranm yaşadığı evə getmişlər. Qızlar “lampa qırılıb onu düzəltmək lazımdır” demişlər. Elektrik ustası da çilçırağa baxmış, birgə içəri keçmişlər. O, evin dəhlizində durmuş, Şahin və elektirik ustası otağa keçib lampanı dəyişmişlər. Evdən çıxanda evin qarşısında Şahin çıxarıb 15 manat pulu elektirik ustasına vermiş, oradan çıxıb ayrılmışlar. 15 gündən bir Türkiyənin İğdır şəhərinə gedib-qayıdır. Bununla bağlı telefonda “Türkiyəyə gedəcəm” whatsapp statusu yazıb paylaşmış, Şahin də “mən də gedəcəm” yazmışdır. 30 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Şahin, Ramil və 2 nəfər tanımadığı sərnişi götürüb İğdıra getmişlər. Gecə İğdırda qalıb, səhərisi gün saat 15 radələrində İğdırdan Naxçıvana qayıtmışlar. Şahinin pul oğurladığını bilməmiş, bu barədə Şahin ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq etmişdirlər. İbtidai istintaq zamanı verdiyi ifadə məhkəmə istintaqında elan edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Naxçıvan şəhəri, ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayır. Hal-hazırda işləmir. Şahid1 avtomobil alveri edir, ona görə münasibəti yaranmışdır, aralarında düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. İran İslam Respublikası vətəndaşı X10 əvvəlcədən tanımır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. İlyas ona zəng vurub dedi ki, “necəsən, mənə bir elektrik ustası lazımdır, çil-çıraq asılacaq”. O da tanışı Mehman olduğunu, onun istifadəsində olan mobil nömrəsini vermişdir.Sonra da Mehmana zəng vurub mobil nömrəsini tanışı İlyasa verdiyini, 15 manat verəcəklərini, getməsini demişdir. O da demişdir ki, zəng vursunlar gedib kömək edər. 1 saat sonra Mehmana zəng vurmuşdur. O da demişdir ki, çilçırağı düzəltmişdir, 15 dəqiqəlik işi var idi, nağd 15 manatı almışdır. Sonra da sağollaşmışdır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN- nin ƏSİŞ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx.xx.2010-cu ildə 03 müddətinə azadlıqdan məhrum etmə cəzası seçilməsi barədə hökm verilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 1934 saylı Əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2013-cü ildə 02 müddətinə azadlıqdan məhrum etmə cəzası seçilməsi barədə hökm verilmişdir. Sonuncu dəfə Mirzəyev X13 MR Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə 09 il azadlıqdan məhrum etmə cəzası verilmiş, Naxçıvan MR Ali Məhkəməsinin 23 oktyabr 2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 07 il 06 ay təyin edilmiş, xx.xx.2019-cu ildə Kəngərli Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə tövsif edilərək qəti 05 il 03 ay azadlıqdan məhrumetmə cəzası verilmiş və xx.xx.2019- cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Tələbnamədən aydın olur ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət Azərbaycan Respublikası CM- nin 15-ci maddəsinə əsasən təsnifatına görə az ağır cinayətdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad olunması və həmin vaxtdan 2 il keçməsini nəzərə aldıqdan onun məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X1 qeydiyyatda olub-olmaması barədə sorğu verilmiş və Dispanserdən alınmış cavabda Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “Nevrotik reaksiya” diaqnozu ilə qeydiyyatda olduğu göstərilmişdir. İstintaq zamanı ambulator məhkəmə psixiatrik ekspertiza keçirilmiş və Y.Budaqov adma Naxçıvan MR X4 alınmış 21 noyabr 2023-cü il tarixli 372 saylı məhkəmə psixiatrik ekspertizanın rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Nevrotik reaksiya” psixi xəstəliyinin olduğu, hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və qiymət vermək iqtidarına malik olduğu, Təqsirləndirilən şəxs hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. İstintaq zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinə manatın digər məzənnələrə olan valyuta nisbətinin müəyyən edilməsi məqsədilə sorğu verilmiş və İdarədən alınmış 01/389 nömrəli 21 noyabr 2023-cü il tarixli cavabda cari ilin sentyabr-oktyabr ayları ərzində 1 ABŞ dollarının günlük məzənnəsinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 1.7000 manat təyin edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus pul vəsaitini gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 sentyabr 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı X7 dəvəti ilə onun yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gedərək digər otağa keçib X9 məxsus 1600 ABŞ dolları, yəni 2720 manat məbləğində pulunu gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı övladının olması və dəymiş ziyanın tamamilə ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə hesablanmaqla çıxılması və qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- Naxçıvan şəhəri Əliabad qəsəbəsi bina 10 ev 29 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması müddətindən bir gün iki gün hesabı ilə çıxılmaqla qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri Əliabad qəsəbəsi bina 10 ev 29 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-8/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-8/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver