Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-84/2025 14.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, 2 uşaq atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 14 noyabr 2025ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 12 iyul 2025- ci il tarixdə saat 03 radələrində Naxçıvan şəhəri 58ci məhəllədə yerləşən Faytonçu kafedə baş vermiş mübahisə zamanı əlində olan kəsici alətlə Zərərçəkmiş şəxs qarının sol tərəfindən bir dəfə qəsdən vuraraq qarnın ön sol divarının kəsilmiş yarası və sıyrıqdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən zərəri vurmsası, əsas isə Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmuşdur. Belə ki, o, 12 iyul 2025-ci il tarixdə saat 03 radələrində Naxçıvan şəhəri 58-ci məhəllədə yerləşən Faytonçu kafedə baş vermiş mübahisə zamanı əlində olan kəsici alətlə, yəni tərəfləri kəsici və bir detalı sürtməhamarlama xassəsinə malik olan soyuq silah hesab edilməyən məişət təyinatlı dırnaqtutanın kəsici hissəsindən istifadə etməklə Zərərçəkmiş şəxs qarının sol tərəfindən bir dəfə qəsdən vuraraq qarnın ön sol divarının kəsilmiş yarası və sıyrıqdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən zərəri vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bildiyini, Zərərçəkmiş şəxs tanıdığını, Faytonçu kafeyə gəlib-gedən müştəri olduğunu, Şahid4 ilə sevgili olduğunu, 12 iyul 2025-ci il tarixdə saat 03 radələrində Elcan, Qəşəm, Nuranənin birlikdə stolların birində oturduğunu, Turqut, Qabil və özünün birlikdə ayaqyolu tərəfdə stolda oturduqlarını, Elcangilin də stolda Nuranə ilə birlikdə oturub araq içdiklərini, Elcanın gəlib mahnı qoymaq istədiyini, həmin vaxt aralarında mahnı söhbəti getdiyini, Elcanın sərxoş vəziyyətdə yanına gəlib "mən Nuranəni aparmaq istəyirəm” dediyini, bu söhbətin özünə xoş gəlmədiyini, özünün də "Elcan sən nə danışırsan, bu nə söhbətdir, gəlib mənə deyirsən" dediyini, Elcanın da "gəl aşağı düşək söhbət edək" dediyini, birlikdə aşağı düşmək istəyəndə Turqutun Elcanı kamera olan otağa qatmaq istədiyini, lakin Elcanın onun əlindən çıxıb pilləkənlərə tərəf gəldiyini, Tural, Qabil, Həsənağanın orada olduğunu, birlikdə aşağı düşdüklərini, Elcanın da avtomobilə tərəf gedəndə söyüş söydüyünü, özünün də əlində açar olduğunu, açarında üstündə dırnaqtutan olduğunu, dırnaqtutanın içərisində uzun hissəsini, kəsici olan hissəsini çevirdiyini, balaca bıçağa oxşadığını, özünün onu əlində tutduğunu, həmin vaxt o hissə ilə Elcanın qarın nahiyyəsindən vurduğunu, lakin Elcana nə olduğunu bilmədiyini, Elcanın da o vəziyyətdə avtomobilinə mindiyini və sürüb getdiyini, həmin vaxt söyüş söydüyünü, özünün də avtomobilin arxasıca düşüb getdiyini, avtomobilə çata bilmədiyini, sonra da nəsə olduğunu, Elcanın geri qayıtdığını, sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, hadisə yerinə baxış keçirdiklərini, video görüntülərə baxış keçirdiklərini, mübahisə zamanı özünü heç kəsin vurmadığını, Elcanın sərxoş olduğunu, söz atdığını, sonra "düşək aşağı söhbət edək" dediyini, bu səbəbdən aşağı düşəndə də söhbət etdiklərini, Elcanın üstünə gəldiyini, dırnaq tutanın üstündə olduğunu, sonra onu vurduğunu, Zərərçəkmiş şəxs ilə əvvəllər mübahisəsi olmadığını, ilk dəfədir, mübahisə etdiklərini, hal-hazırda zərərçəkmiş şəxslə barışdıqlarını, törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində amnistiya aktının tərtib edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Naxçıvan şəhəri Atabəylər məhəlləsindən tanıdığını, Faytonçu kafedə olan zaman da yaxından tanış olduqlarını, Nuranə ilə Arazın sevgili olduğunu bildiyini, 12 iyul 2025-ci il tarixdə saat 03 radələrində Faytonçu kafeyə getdiyini, meyxana deyən Turalla birlikdə stolların birində oturduğunu, yanında da bir nəfər şəxs oturduğunu, tanımadığını, həmin vaxt yeyib içdiyini, araq aldığını, arağı Nuranə, Tural və digər şəxslə içdiyini, sərxoş olduğunu, ürəyi sıxıldığını, stoldan durub çölə çıxmaq istədiyini, havasını dəyişmək istədiyini, Arazın da həmin vaxt gəlib "düş aşağı söhbət edək" dediyini, özünün də söhbəti bilmədiyini, səbəbini soruşduğunu, Arazın da heç nə demədiyini, həmin vaxt Həsənağa, Turqut, Qabil, Tural və Arazın orada olduğunu, Arazın nəsə deyib getdiyini, durduq yerə mübahisə düşdüyünü, bir kəlmə söyüş söymədiyini, Arazın heç bir səbəb olmadan özünə ilişdiyini, Turqutun problem olacağını görüb onu qoymadığını, Arazın da əl çəkmədiyini, mübahisə etdiyini, "düş aşağı söhbət edək" dediyini, orada olan şəxslərlə birlikdə aşağı düşdüyünü, avtomobilin yanına getdiyini, ora çatan kimi Arazın əlində olan əşya ilə sol böyründən vurduğunu, konkret olaraq əşyanı görmədiyini, dırnaqtutan ilə özünü vurduğunu, özünün də avtomobilə oturduğunu, avtomobildə başqa kimin oturmağını bilmədiyini, yolu dönəndə sol tərəfində ağrı olduğunu hiss etdiyini, əli ilə həmin hissəni yoxlayanda qanadığını, əlinin qan olduğunu gördüyünü, sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, avtomobili sərxoş idarə etdiyi üçün avtomobili Naxçıvan MR DYPİ-nin mühafizə olunan dayancağına yerləşdirdiklərini, xəsarət almağı ilə bağlı Naxçıvan MR Xəstəxanasına getdiyini, həkimlərin onu müayinə etdiklərini, yarasına 2 tikiş qoyduqlarını, izahat vermək üçün özünü Naxçıvan ŞPİ-nə dəvət etdiklərini, heç bir səbəb olmadan Təqsirləndirilən şəxs özünü vurduğunu, onu söymədiyini, Arazın da, özünün də sərxoş olduğunu, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında mübahisə olmadığını, mübahisə zamanı Təqsirləndirilən şəxs dırnaq tutanın arxa hissəsində olan bıçağa bənzər yeri ilə özünü vurduğunu, heç bir səbəb olmadan mübahisənı Arazın başlatdığını, Arazın "düş aşağı səninlə söhbət edəcəm" dediyini, özünün də sərxoş olduğu üçün "düşməyək, sərxoşam, sonra söhbət edərik" dediyini, həmin vaxt Arazın dava etmək istədiyini hiss etdiyini, nə qədər davaya getmək istəməsə də, Arazın mübahisə etdiyini, səbəbini bilmədiyini, həmin vaxt heç bir səbəb demədiyini, sonra aşağı düşdüklərini, söz, söhbət olmadığını, aralarında kəlmə belə olmadan əlini belinə atıb dırnaq tutanın bıçaq hissəsi ilə onu vurduğunu, özünün xəsarət aldığını, Arazı söymədiyini, Arazın bir kəlmə kəsmədən kəsici alətlə vurduğunu, özünün yaralandığını, onda Arazı söydüyünü, çünki heç bir səbəb olmadan, sərxoş ola-ola kəsici alətlə yaraladığını, özünə bu hərəkətin xoş gəlmədiyini, özünün də buna görə söydüyünü, anlıq mübahisə olduğunu, aralarında hal-hazırda heç bir problem olmadığını hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi 14 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edərək “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya aktının qəbul edilməsinin nəzərə alaraq barəsində olan cinayət işi üzrə həmin amnistiya aktının tətbiq edilməklə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini, bununla razı olduğunu qeyd etmişdir. İş materiallarında olan 30 avqust 2025-ci il tarixli cinayət işinin başlaması və icraata qəbul olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1) İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli, 829 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet zavod üsulu ilə hazırlanmış, tərəfləri kəsici və bir detalı sürtmə-hamarlama xassəsinə malik və soyuq silah hesab edilməyən, məişət təyinatlı dırnaqtutandır. (cild İ, iş vərəq 70-71) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 08 avqust 2025-ci il tarixli, 476 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön sol divarında kəsilmiş yara və sıyrıqdan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan YÜNGÜL dərəcəli bədən zərəri almışdır. (cild İ, iş vərəq 74) İş materiallarında olan 31 oktyabr 2025-ci il tarixli müdafiəçi təyin edilməsi haqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan MR Vəkillər Kollegiyasından göndərilmiş və Naxçıvab şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi qismində təyin edilmişdir. (cild İ, iş vərəq 144) İş materiallarında olan 02 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 165-166) İş materiallarında olan 02 noyabr 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 185-187) İş materiallarında olan 03 noyabr 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayətin törədilməsində istifadə edilən bir ədəd dırnaqtutan və video görüntülərin köçürüldüyü bir ədəd disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və maddi sübutlar cinayət işinə əlavə edilmişdir. (cild İ, iş vərəq 189-190) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən alınmış 06 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Naxçıvan ŞPİ-də istintaq olunmuş ********* nömrəli cinayət işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən icraata xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. (cild İ, iş vərəq 51) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin qeyd edilən maddənin sanksiyasına nəzər saldıqda görünür ki, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdiyinə dair məhkəməyə təqdim edilmiş ərizəni, onun barəsində olan cinayət işinə xitam veriməsinə dair razılığını, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan bir ədəd dırnaqtutan qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 67 (altmış yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan bir ədəd dırnaqtutan qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri olan 67 (altmış yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ********************) köçürülsün. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-84/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-84/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver