Məhkəmə qərarları › İş №1(078)-86/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-86/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-86/2025 28.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyilə, Dövlət ittihamçısı-Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Culfa rayonu, Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 1 uşaq anası, əvvəllər məhkum olunmamış, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd 7,65 mm kalibrli tapança patronunu əldə edib daşımaqla Azərbaycan Respublikası ərazisinə gətirərək əl çantasında saxlamış, həmin döyüş sursatını Türkiyə Respublikasının İstanbul şəhərinə aparmaq məqsədi ilə əl çantasında gəzdirərək X9 Limanına gətirmiş, orada 30 sentyabr 2025-ci il tarixdə saat 08:30 radələrində əl çantası rentgen qurğusundan keçirilməklə yoxlanılarkən X11 Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən əl çantasında 1 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,65 mm kalibrli tapança patronunu aşkar edilərək götürülmüşdür.

2. 07.01.2026-cı il tarixli məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs bildirdi ki, hamilə olan zaman qorxduğu üçün kurşun sep kimi götürmüşdür. Türkiyədə satışda olduğundan, belə fəsadlar yaranacağını bilməmişdir. 2 il əvvəl almış boynuna taxmış, ağırlıq etdiyindən çantasına qoymuşdur. Bilsə belə hadisə olacaq atardı. Azyaşlı övladı vardır və ona özü baxır. Mərmini anasının yoldaşından 2 ildən artıq əvvəl İstanbulda almışdır. Təxminin 30 tl-yə alınmışdır. Anasının yoldaşının silahındakı mərmi idi. Daha sonra anasının yoldaşı o silahı satmışdır. Mərmini götürməkdə məqsədi qorxduğu üçün, evdə yoldaşı ilə problemləri olduğu üçündür. Hətta kurşun dökmə kimi bilmişdir. Sadəcə özünü qoruyacağına inancı olduğuna görə istifadə etmişdir. Polisdəki ifadəsini də təsdiq edir. Naxçıvana da 6 ay əvvəl Gömrükdən keçərək gətirmişdir. Gömrükdə gətirdiyi əşyalarda mərminin olduğunu unutmuşdur. 2 il əvvəl alanda boynuna ağırlıq etdiyi üçün 3 gün saxlamışdır. Daha sonra da çantasına qoymuşdur. 30 sentyabr saat səhər 9 radələrində hava limanından keçən zaman müəyyən olunmuş, özü də çantasında olduğunu unutmuşdur. Bezə tikili salfetkanın içərisində çıxmışdır. Ona qarşı hər hansı kobudluq olmamışdır. Hava limanında görən zaman xatırlamışdır. Anasının yoldaşı qiymətinin 30 lira olduğunu demişdir. Əməlindən çox peşmandır, başına bu hadisələrin gələcəyini bilməmişdir.

3. 21.01.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 30 sentyabr 2025-ci il tarixdə X5 X12 Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsini icra etdikdə əməliyyat qrupunda olduğu müddətdə əməkdaşlar zəng edərək X9 Limanında bir şəxsdə qanunsuz əşya olması barədə məruzə etmişdir. Həmin vaxt vətəndaşa yaxınlaşmış, 1 ədəd patron aşkar olunmasını bildirdilər. Bundan sonra vətəndaşı polis bölməsinə dəvət etmiş və raportla məruzə etmiş, daha sonra araşdırma üçün təhqiqat qrupuna göndərmişdir. Aşkarlanan müddət təhlükəsizlik xidməti aşkarlamış və ona məlumat vermişdir. Patrona baxdığı zaman patron atılmamış vəziyyətdə, barut olan hissəsi dolu vəziyyətdə, alışdırıcısının istifadə olunmadığını görmüşdür.

4. 21.01.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, xidmətdə olduğu müddətdə təhlükəsizliyin növbə rəisi zəng edərək vətəndaşın üzərində daşınması qadağan olunmuş əşyanın müəyyən olunduğunu bildirmişdir. Bu zaman vətəndaşa yaxınlaşmış və vətəndaş da ona aid olduğunu bildirmişdir. Patron protokolla təhvil alınaraq polisə təhvil verilmişdir.

5. 21.01.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Hava Limanında növbə rəisidir. İşdə olan zaman mütəxəssislər patronu ona təhvil verir, o da patronu polisə təhvil verir. Hadisə 30 sentyabr, İstanbul reysi zamanı baş vermişdir. Monitorda əyləşən mütəxəssis Turanə xanım məlumat vermişdir. Mütəxəssis o yaxınlaşana kimi əşyanı aça bilməz. O getmiş çanta açılmış və içərisindən mərmi çıxmışdır. Mərmi əl çantasının içərisində, dəsmala bükülmüş halda idi.

6. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsində bildirmişdir ki, 2017-ci ildən X9 Limanında işə başlamış, hazırda Aviyasiya Təhlükəsizliyi Xidmətində mütəxəssis vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, onunla heç bir ədavət və düşmənçilikləri olmamışdır. 30 sentyabr 2025-ci il tarixdə gündüz növbəsində olmuş, saat 08-09 radələrində Naxçıvan- İstanbul təyyarə reysinin qeydiyyatı və sərnişinlərin minik zalına keçdikləri zaman X-ray aparatından keçən əl yüklərinə nəzarət edirmiş, həmin vaxtı X-ray aparatından keçən qadın çantalarının birində patron olduğunu görmüş, araşdırdıqda həmin əl yükünün sərnişin Təqsirləndirilən şəxs məxsus olduğu məlum olmuş, Təqsirləndirilən şəxs əl çantasında şübhəli əşya olduğunu bildirmiş, onun iştirakı ilə həmin əl çantasına baxıldıqda, çantada əşyalar çox olduğuna görə patronun yerinin müəyyən olunması çətin olduğundan bunu aydınlaşdırmaq üçün Səidə xanımın iştirakı ilə əl çantasında olan əşyaları qaba boşaldıb əl çantası ilə birlikdə yenidən manitor yoxlamasından keçirmiş, patronun pul qabısının içərisində olduğunu müşahidə etmiş, Səidə xanıma məxsus olan həmin pul qabını açdıqda pul qabının içərisində qara rəngli parçaya bükülərək tikilmiş həmin patronu aşkar etmişdir. Səidə xanımdan həmin parçanın içərisində nə olduğunu soruşduqda Səidə xanım parçanın içərisində olan əşyanın "dağ-dağan" çubuğu olduğunu və uşağının üzərinə vurduğunu bildirmiş, həmin parça tərəfindən sökülərək açıldıqda içərisində 1 ədəd patron olduğu aşkar edilmiş, bu barədə növbə rəisi Şahid2 məlumat vermiş, Şahid2 onun olduğu yerə gəldikdən sonra prosesual qaydalara əsasən akt tərtib edib həmin patronu götürərək X10 Şöbəsinin əməkdaşlarına təhvil vermişdir və ifadəsinə əlavəsi yoxdur.

Sübutların tədqiqi:

7. Cinayət işinin 54-55-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

8. Cinayət işinin 67-ci vərəqəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

9. Cinayət işinin 21-22-ci vərəqələrində olan Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 1034 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron Türkiyə Respublikasının “Özkursan” zavodunda zavod üsulu ilə istehsal edilmiş “Browning M1900”, “Beretta M1935”, “Type 64” markalı tapançalarda və.s silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 7,65 mm kalibri, “Brauninq” markalı patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır.

10. Cinayət işinin 20-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir.

11. Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,65 mm kalibrli tapança patronunu maddi sübut kimi tanınmış və saxlanılması üçün Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlanc otağına təhvil verilmişdir.

12. Cinayət işinin 18-ci vərəqəsində olan video-görüntülərin köçürüldüyü xx.xx.2025-ci il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 30 sentyabr 2025-ci il tarixdə Hava Limanının qeydiyyat zalından, minik zalına keçən hissədə yerləşən rentgen qurğusunda bir neçə şəxsin hərəkət etdiyi, bunlarla birlikdə Təqsirləndirilən şəxs da qucağında azyaşlı övladı ilə birlikdə orada olduğu, əl çantaları rentgen qurğusundan keçdikdən sonra Təqsirləndirilən şəxs Aviyasia Təhlükəsizliyi xidmətinin qadın əməkdaşının yanına dəvət edildiyi, rentgen qurğusundan keçən ona məxsus əl çantasına özünün iştirakı ilə baxış keçirildiyi, sonra əl çantasında olan əşyaların qablara boşaldılaraq yenidən rentgen qurğusundan keçirildiyi, bundan sonra Aviyasia Təhlükəsizliyi xidmətinin qadın əməkdaşının Təqsirləndirilən şəxs məxsus pul qabısından 1 ədəd bükümü aşkar edərək götürüb, həmin bükümü hansısa kəsici alət vasitəsi ilə kəsərək açdığı müşahidə edildi.

13. Cinayət işinin 17-ci vərəqəsində olan Naxçıvan MR DİN X5 PŞ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi

14. Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 15.Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 16.Maddə 6.1. Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. 17.Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.Maddə 15.3. Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 19.Maddə 41. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir(41.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). 20.Maddə 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 21.Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 22.Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 23.Maddə 59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: - 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;

24. Maddə 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

25. Maddə 60.1. Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

26. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

27. Maddə 228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

28. Maddə 11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

29. Maddə 28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.

30. Maddə 33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. - 124.2. Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: - 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; - 124.2.2. ekspertin rəyi; - 124.2.3. maddi sübutlar; - 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; - 124.2.5. digər sənədlər.

33. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

34. Maddə 126.1. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur.

35. Maddə 138.1. Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

36. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

37. Maddə 349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.

38. Maddə 351.1. Məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.

Məhkəmənin mövqeyi:

39. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, video görüntülər və digər iş materialları ilə onun qanunsuz olaraq döyüş sursatını əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir.

40. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.

41. Avropa Məhkəməsi qərarlarında qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.)

42. Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır.

43. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir.

44. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, X7 qanunsuz olaraq 1 ədəd döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadəyə yararlı 7,65 mm kalibrli tapança patronunu əldə etmə, daşıma və ya gəzdirmə cinayətini törətmişdir.

45. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Plenum Qərarının 4-cü bəndinə əsasən, Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımı, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibrindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi, güllə və s.) ilə yanaşı, digər bütün elementləri olan müxtəlif odlu silah patronları aid edilir. Hədəfi zədələmək və məhv etmək üçün nəzərdə tutulan elementi (mərmisi, gülləsi, qırması və s.) olmayan və canlı hədəfi məhv etmək təyinatına malik olmayan işarəverici, işıqverici, tikinti-montaj işlərində istifadə edilən qaz və təlim patronları döyüş sursatlarına aid deyillər.

46. Həmin Qərarın 9-cu bəndinə əsasən, CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, istənilən üsulla onların yerinin dəyişdirilməsinə yönələn qəsdən edilən hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir.

47. Məhkəmə X2 törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və X2 törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 228.1-ci maddə ilə düzgün tövsif olunmuşdur.

48. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

49. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

50. Eyni zаmаndа, təqsirləndirilən şəxs X2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilmələri üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir.

51. Məhkəmə həmçinin, təqsirləndirilən şəxs X3 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir.

52. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

55. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir.

56. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur.

57. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.

58. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.

60. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.

61. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir.

62. Təqsirləndirilən şəxs X2 əməlində CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, X2 təqsirləndirildiyi CM-in 228.1-ci maddənin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, onlara ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz.

63. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır.

64. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

65. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.

66. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır.

67. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin.

68. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir.

69. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.

70. Məhkəmə təqsirləndirilən şəxs X2 cinayət əməlini etiraf etməsini, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.

71. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs X2 əməlini etiraf etməsini, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs X2 tərəfindən törədilən cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirəsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

72. X2 CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

73. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir.

74. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Culfa Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

75. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Culfa Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Culfa rayonu, Yaycı kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

76. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 70 (yetmiş) manat təqsirləndirilən şəxs X1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

77. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd patron Türkiyə Respublikasının “Özkursan” zavodunda zavod üsulu ilə istehsal edilmiş “Browning M1900”, “Beretta M1935”, “Type 64” markalı tapançalarda və.s silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 7,65 mm kalibri, “Brauninq” markalı patron hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir.

78. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir.

79. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

80. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (o bir) manat miqdarında müəyyən edilmişdir.

81. X3 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər vəkil Bürosunun hesabına köçürüməlidir.

82. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur.

83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Culfa Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barədə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxsin üzərinə Culfa Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Culfa rayonu, Yaycı kəndində olan fərdi yaşayış evini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2, Müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naçxıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, AZ21NABZ********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Naxçıvan Şəhər vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd 7,65 mm tapança patronu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

. Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar