Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-88/2025 08.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə,, xx.xx.1982-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, qəbir daşı ustası, evli, 1 uşaq atası, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Prokurorluğu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 17 dekabr 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 07 sentyabr 2025-ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan şəhər qəbirstanlığında baş vermiş mübahisə zamanı əlində olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ bilək nahiyyəsindən vurub vətərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaradan ibarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ AĞİR dərəcəli bədən zərəri yetirməsi, əsas isə Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materiallar olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş AZ AĞİR zərər vurmuşdur. Belə ki, o, 07 sentyabr 2025-ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan şəhər qəbirstanlığında baş vermiş mübahisə zamanı əlində olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ bilək nahiyyəsindən vuraraq vətərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaradan ibarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ AĞİR dərəcəli bədən zərəri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, Naxçıvan şəhər qəbirstanlığında usta işlədiyini, beton tökdüyünü, Zərərçəkmiş şəxs məhlədən tanıdığını, onun da Naxçıvan şəhər qəbirstanlığında gül satdığını, 15 gün bundan qabaq Azərin gəlib qəbir işinə qarışdığını, Azərin "mən də bundan sonra qəbir işi də görəcəm" dediyini, gördüyü işə gəlib şərik olduğunu, bu hərəkətin özünə xoş gəlmədiyini, özünün də Azərə "get sən otur gülünü sat, mənim işimə qarışma" dediyini, Azərin "qəbir işi görəcəm, gül də satacam" dediyini, cavan olduğunu görüb üstünə getmədiyini, gecə qəbirstanlıqda qara əqrəb tutduğunu, Azərin də əqrəb tutduğunu, onunla üzbəüz gəldiklərini, Azərin də "bundan sonra mən bir nəfərə sertifikart verəcəm, ikimiz tutacağıq, qalan heç kəs əqrəb tutmasın" dediyini, həm də əqrəb tutanı söyüb təhqir etdiyini, özünün də "sən kimsən belə danışırsan” dediyini, özünün də Azərin dalına düşdüyünü, Azərin də qaçıb getdiyini, özünün də Azərin məhləsinə getdiyini, onların qapısına çatanda Azərin evdən çıxıb üstünə hücum elədiyini, özünü durba ilə vurduğunu, özünün yerə yıxıldığını, Azərin telefonunu yerə atıb əzdiyini, ekranın sındığını, bu məsələdən sonra 07 sentyabr 2025-ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhər qəbirstanlığa getdiyini, Azəri kənara çəkdiyini, Azərə “mənim telefonumu al ver, telefonumu qırmısan” dediyini, Azərin də “alıb verməyəcəm” dediyini, özünün də "yekə oğlansan bu nə söhbətdir, mənə telefon lazımdır" dediyini, Azərin də “verməyəcəm" dediyini, bunun üstündə Azər ilə arasında mübahisə olduğunu, mübahisə zamanı Azərin orada olan gülləri qoyulduğu dəmir disk parçasını götürüb başından vurduğunu, özünün də yerə yıxıldığını, özünün üstündə əqrəb tutmaq üçün bıçaq olduğunu, mətbəx bıçağının cibində olduğunu, Azərin yerdə olanda dəmirlə onu yerdə vurduğunu, dəmirin sinəsindən dəydiyini, bıçağın da cibində olduğunu, Azərin bıçağı gördüyünü, əlini atıb bıçağı götürmək istəyəndə onun qolunun kəsildiyini, ona bıçaq çəkmədiyini, cibindən bıçağı tutub dartdığını, bıçağı dartan zaman onun qolunun kəsildiyini, qəbirstanlıqda çox adam olmadığını, bir-iki adam olduğunu, Şirinin orada olduğunu, sonra Şirinin gəlib onları ayırdığını, Şirinin Azərin əlindən bıçağı aldığını, sonra da ayırdığını, Azərin onu bıçaqla vuracağından qorxduğunu, Azərin bıçağı tutmaq istədiyini, özünün də qoymadığını, Azər bıçağı götürmək istəyəndə özünün də onu tutub "əl vurma, əl vurma" dediyini, özünün də bıçağı götürəndə, bıçağın onun qolunu kəsdiyini, bıçağın üstündə olduğunu, Azərə bıçaq vursa, qarnına soxacağını, təkrar bıçaqla Azəri vurmadığını, mübahisənin səbəbinin telefonun pulunu istəməsi, Azərin də "pulu verməyəcəm” deməsi olduğunu, Azərə "kasıb oğlanam, mənim telefonumu niyə vermirsən" dediyini, buna görə dalaşdıqlarını, Azərə "mənim telefonumu al ver" dediyini, Azərin də söyüşlə “mən sənin telefonunu niyə alıram" dediyini, özünün də "niyə söyüş söyürsən, mənim telefonumu qəsdlə qırmısan" dediyini, Azərin də “mən almayacam, get nə edirsən, et" dediyini, özünün də "alacaqsan" dediyini, skamyada oturduğunu, 5-6 dəqiqə keçdiyini, Azərə "telefonu al" dediyini, Azərin də "almıram" dediyini, özünün də "alacaqsan" dediyini, Azərin “nə deyirsən" deyərək gedib dəmir diski götürdüyünü, disklə başından vurduğunu, sol qabırğasından vurduğunu, özünün də yerə düşdüyünü, Azərin diski yerə atdığını, yerdə özünə bir-iki yumruq atdığını, sonra əlini bıçağa atanda Azərə “əlini çək" dediyini, özünün də bıçağı tutub dartdığını, necə oldusa onun biləyini bıçaqla kəsdiyini, Şirinin də bıçağı götürüb qəbirlərə tərəf tulladığını, mübahisə zamanı özünü başqa kiminsə vurmadığını, bu hadisədən 10 gün qabaq Zərərçəkmiş şəxs telefonunu sındıran zaman onunla mübahisə etdiyini, onun dəmir durba ilə vurduğunu, bundan başqa heç bir mübahisələri olmadığını, telefonunu sındırdığını, Azərlə əqrəb söhbətinə görə mübahisələri olduğunu bildirərək barəsində amnistiya aktının tərtib edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs özünün qarşı tərəfin dəfələrcə onun şərəf və ləyaqətini alçatmağının şahidi olduğunu, hətta onun evinə basqın edərək qapısına ciddi ziyan vurduğunu, övladları evdə olan zaman övladlarına qarşı ciddi psixoloji sarsıntı yaşatdığını, atdığı daş parçasının az daha qızına xəsarət yetirəcəyini, bu hadisədən bir həftə sonra Naxçıvan şəhər qəbristanlığına gələrək əlində bıçaqla bu işin qanla bitəcəyini vurğuladığını, onun şərəf və ləyaqətini alçaldaraq özünün və ailəsinin ünvanına ağıza alınmayacaq söyüşlər işlətdiyini, əlində bıçaq olduğundan özünün də anlaqsız vəziyyətdə olduğu zaman əlinə dəmir götürərək, ona tərəf getdiyini, dəmiri əli ilə tutaraq onu sinə nahiyəsindən itələyərək yerə yıxdığını, bıçağı əlindən almaq istəyəndə bıçağı qarın nahiyəsindən vuracağını gördüyünü, qolunu qabağa verdiyini, bıçağın bilək vətərlərini kəsdiyini, halhazırda baş barmağının sinirləri olmadığından baş barmağında hissiyyat olmadığını, bütün maddi xərclərini özünün qarşıladığını, əməliyyat, müalicə, plastik vətər alıb əməliyyatını etdirdiyini, 2 ay iş qabiliyyətini itirdiyini, sağ qolunun gipsdə olduğunu, qarşı tərəfin ailə böyüklərinin heç bir dəfə gəlib halı ilə maraqlanmadıqlarını, qarşı tərəfin ona qəbiristanlıqda xəsarət yetirdiyini bildirdiyini, bu insanın sağlamlığında ciddi zərərlər olsa şəhər qəbiristanlığında tək başına qəbir qazıb beton tökə bilməyəcəyini, hətta şahid qismində ifadə verən Rövşən adlı şəxsə zorakılıq edərək stolla vurduğunu, onun lehinə ifadə verən Rövşənin hadisənin necə baş verdiyini tam doğru şəkildə deyəcəyini dedikdə aralarında mübahisə olduğunu bildirərək şəxsin barəsində amnistiya aktının tərtib edilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs 08 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında məhkəməyə ərizə təqdim edərək Naxçıvan Şəhər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işinin məhkəmə istintaqının aparıldığını, ittiham olunduğu maddənin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin Qərarına daxil edildiyindən barəsində amnistiya tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 18 oktyabr 2025-ci il tarixli cinayət işinin başlaması və icraata qəbul olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, hüquq və vəzifələri izah edilmişdir. (cild İ, iş vərəq 1) İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2025-ci il tarixli, 967 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (cild İ, iş vərəq 39-40) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin 08 sentyabr 2025-ci il tarixli, 548 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ bilək nahiyyəsində vətərin zədələnməsi ilə müşayət olunan kəsilmiş yaradan ibarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan AZ AĞİR dərəcəli bədən zərəri almışdır. (cild İ, iş vərəq 42) İş materiallarında olan 04 dekabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 108-109) İş materiallarında olan 04 dekabr 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 127-129) İş materiallarında olan 05 dekabr 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, cinayətin törədilməsində istifadə edilən bir ədəd mətbəx bıçağı və bir ədəd dəmir disk formasında alət cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin maddi sübutlar Naxçıvan ŞPİ-nin maddi sübutların saxlanc otağında saxlanılmaya verilmişdir. (cild İ, iş vərəq 139-140) İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X2 tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli, 598 saylı məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir, metamfetamin narkomaniya xəstəliyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, iş vərəq 148-150) İş materiallarında olan Y.Budaqov adına Naxçıvan MR X2 tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli, 599 saylı məhkəmə ambulator psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətində patalogiya olmamışdur. Hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, məcburi müalicəyə ehtiyacı yoxdur, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. (cild İ, iş vərəq 151-153) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsindən alınmış 16 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə təqsirli bilinib xx.xx.2016-cı il tarixdə Naxçıvan şəhər məhkəməsinin hökmü ilə barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (cild İ, iş vərəq 34) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin qeyd edilən maddənin sanksiyasına nəzər saldıqda görünür ki, həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdiyinə dair məhkəməyə təqdim edilmiş ərizəni, onun barəsində olan cinayət işinə xitam veriməsinə dair razılığını, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə belə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd mətbəx bıçağı və bir ədəd dəmir disk formasında alət qərar qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilməklə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan məhkəmə-ballistik ekspertizasının keçirilməsi üçün 67 (altmış yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (bir yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan və Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd mətbəx bıçağı və bir ədəd dəmir disk formasında alət hökm qanuni qüvvəsini aldıqdan sonra xüsusi müsadirə edilməklə məhv edilsin. Məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri olan 67 (altmış yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ21NABZ********************, Müxbir hesab: AZ88NABZ**********00********) köçürülsün. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №1(078)-88/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-88/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver