Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(079)-1/2021 07.01.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ən e t d i : Babək Rayon Məhkəməsinin icraatına xx xxxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.2 və 298.3-cü maddələrinin tələbinə uyğun olaraq cinayət işi məhkəmənin hazırlıq iclasında baxılmaq üçün Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsində nəzərdə tutulmuş hazırlıq iclasında baxılmalı və həll edilməli olan məsələlər cinayət prosesinin iştirakçılarının iştirakı ilə həll edərək məhkəmə aşağıdakıları qeyd edir. Həmin Məcəllənin 299.3-cü maddəsində məhkəmə hazırlıq iclasında baxılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdi. Bu hallardan biri cinayət işinin məhkəməyə aid olub-olmamasının müəyyən edilməsidir. Qeyd edilən halın yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 10-36-cı maddələrində cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri öz əksini tapıb. O prinsip və şərtlər ki, onlar cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları və hər bir cinayət təqibinin qanuniliyini, əsaslılığını müəyyən edir, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Bu prinsip və şərtlərdən biri həmin Məcəllənin 29-cu maddəsində müəyyən edilmiş məhkəmə aidiyyətinə əməl olunmasıdır. Qeyd edilən maddənin tələbinə görə heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Cinayət işinin və digər materialın ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 74.1-ci maddəsinin tələbinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını cinayət işinin materialları ilə əlaqəli şəkildə tədqiqindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində qeyd edilən, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməkdə təqsirləndirilir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 1.10 qram metamfetamin adlı psixotrop maddə əldə edərək saxlamış və Babək rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxxxx 2020-ci il tarixdə saat 1200 radələrində Naxçıvan şəhəri, Qoçüstü məhəlləsində saxlanılmış və üzərində şəxsi axtarış aparılarkən qeyd edilən psixotrop maddə ağ rəngli kağıza bükülmüş halda əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun qeyd edilən maddəsinin mənasına görə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsində isə qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsin Naxçıvan şəhəri, Qoçüstü məhəlləsində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması və onun üzərində şəxsi axtarış aparılması qeyd edilir (iş vərəqə 246). Həmçinin cinayət işi materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması haqında protokoldan isə görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Babək Rayon Polis Şöbəsinə gətirilmiş və orada onun üzərində şəxsi axtarış aparılması zamanı təqsirləndirilən şəxs üzərində olan psixotrop maddənin könüllü olaraq cinayət təqibini həyata keçirən orqana təhvil verilmişdi. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarını cinayət işi materialları ilə əlaqəli təhlil edərək məhkəmə bildirir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və saxlanılması cinayəti formal tərkibli cinayətdir. Yəni narkotik vasitə, psixotrop maddə və onların prekursorları təqsirləndirilən şəxsin faktiki sahibliyinə keçdiyi andan cinayət başa çatır. Bundan əlavə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz saxlanılması əməli həm də uzanan cinayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2 və 74.2.1-ci maddələri ilə müəyyən edilir ki, uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Bunlar isə onu deməyə əsas verir ki, psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən Babək Rayon Polis Şöbəsində götürülməsi özündə həmin cinayətin Babək rayonu ərazisində törədilməsini ehtiva etmir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Qoçüstü məhəlləsində saxlanılması zamanı psixotrop maddə artıq onun üzərində olduğundan cinayət tərkibi həmin vaxt yaranır. Təqsirləndirilən şəxs Babək rayonu ərazisində yaşaması və ya onun Babək Rayon Məhkəməsinin yurisdiksiyasının şamil edildiyi ərazidə törədilməsi istinad edilən cinayət əməlinin törətməsi barədə isə cinayət işində hər hansı bir məlumat mövcud deyil. Əksinə cinayət işinə əlavə edilmiş və məhkəməyə təqdim edilmiş MYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində Təqsirləndirilən şəxs Naxçıvan şəhəri, Universitet şəhərciyi, Tələbə yataqxanasında yaşaması qeyd edilir. Bundan əlavə cinayət işi səhifə 4-də olan xx xxxxxxx 2020-ci il tarixli (şəxsin saxlanıldığı gün) əməliyyat tədbirinin keçirilməsi barədə qərardan müəyyən edilir ki, üzərində axtarış aparılması zərurəti yaranmış təqsirləndirilən şəxs sonuncu qeyd edilən ünvanda yaşayır və rəsmi qeydiyyatdadır. Bunlar isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini Babək Rayon Məhkəməsinin deyil, Naxçıvan Şəhər Məhkəməsinin yurisdiksiyasının şamil edildiyi ərazidə törətmişdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinin tələbindən görünür ki, məhkəmə aidiyyətinin dəyişdirilməsi yalnız həmin Məcəllədə nəzərdə tutulmuş hallarda mümkündür. Məhkəmə aidiyyətinin dəyişdirilməsi əsasları isə həmin Məcəllənin 76.1-ci maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə, həmçinin məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə dəyişdirilə bilər. Hazırda isə sonuncu qeyd edilən prosessual normada qeyd edilən əsaslar mövcud olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə göndərilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Hazırlıq iclasında baxılmalı və həll edilməli olan məsələlərin yekunu olaraq şəxsin təqsirliliyi barədə məsələyə qabaqcadan hüquqi qiymət verilmədən və ya həmin məsələni həll etmədən məhkəmə belə hesab edir ki, cinayət işi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddələrinin mahiyyətinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir. Həmçinin həmin Məcəllənin 300.5-ci maddəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərardan apelyasiya şikayəti və ya protesti verilməsi nəzərdə tutulmadığından, məhkəmə cinayət prosesi iştirakçılarına nəzərinə çatdırır ki, bu qərardan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 299, 300 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Bu qərardan şikayət verilə bilməz. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №1(079)-1/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-1/2021
07.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver