Məhkəmə qərarları › İş №1(079)-10/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-10/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-10/2023 11.10.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2000-ci ildə Babək rayonu, Nəzərabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu götürülməyən, subay, orta təhsilli, işləməyən, Babək rayonu, Nəzərabad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər qəsəbəsində yaşayan, 23 may 2023cü il tarixdə Babək Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında sааt 1145də açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “08” avqust 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə saat 0235- 0240 radələrində Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” restoranının həyətində sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq etməklə, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs sol qolunun said nahiyyəsinə və qarın boşluğuna nüfuz edən 2 dəfə bıçaqla vuraraq sonuncuya qarının ön səthində yara, sol bazusunda dəlib keçən yaralardan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “yüngül” zərərvurmaya aid xəsarətlər yetirərək xuliqanlıq cinayətini törətmişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü zərərçəkmiş şəxsi bıçaqla vurmasına dair hissədə təqsirli bildiyini, ictimai qaydanı pozumasına dair hissədə isə təqsirli bilmədiyini, həbs edilməmişdən öncə özünün Naxçıvan şəhərində yerləşən mafia klubda kassir işlədiyini, 21 may 2023-cü ildə təqribən gecə saat 2 - 3-ün yarısında Atillaya gedib Babək rayonunda olan mafia klubda oyun oynamağı təklif etdiyini, bundan sonra Abbas adlı şəxsin maşını ilə Babək rayonunda yerləşən Elsevər restoranına getdiklərini, ora getməzdən öncə dostu ilə bir litr arağı yarıya qədər içdiklərini, həmçinin pivə də içdiyini, Elsevər restoranında isə elə ayaq üstə bir ədəd piyvə içdiklərini, həmin vaxt orada olan tanımadığı şəxslər arasında mübahisə yarandığını, bundan sonra özünün Atillaya əli ilə işarə edərək ona eşiyə çıxmağı və mübahisəyə qarışmamağı təklif etdiyini, daha sonra özünün Atilla ilə birlikdə eşikdə durduğunu, Kəramətin ora gəldiyini, özünün əvvəldən Kəraməti tanıdığını, həmin vaxt Kəramətin Atillaya onu hardansa tanıdığını dediyini, Atillanın isə ona bir iki dəfə Elşənin yanında onun yerinə gəldiyini bildirdiyini, həmin vaxt orada mahnı səsi yüksək olduğundan uca səslə danışdıqlarını, bu zaman Asimanın onların mübahisə etdiyini düşünüb ora yaxınlaşdığını, həmin vaxt onun da çoxlu içki qəbul etdiyini, bu zaman onun Atillanı əli ilə itələdiyini, onun bu hərəkətindən acıqlandığını, ona “o, mənim dostumdur, niyə onu itələyirsən?” dediyini, bundan sonra aralarında mübahisə yarandığını, həmin vaxt bıçaqla bir dəfə onun qarnından, bir dəfə isə qolundan vurduğunu, bundan sonra orada olanların onları aralaşdırdığını, daha sonra Atilla ilə “Sizin market”ə oradan isə evlərinə getdiyini, sonra polis idarəsinə çağırdıqlarından ora getdiyini, əvvəllər də məhkum olunduğunu, 2022-ci ilin noyabr ayının təqribən 12-13-də cəzaçəkməkdən azad olunduğunu, etdiyi əməldən peşman olduğunu, həmçinin zərərçəkmiş şəxsin ondan şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, tövbə etdiyini, hadisə törədilən vaxt sərxoş olduğunu nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş qismən ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni “təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər” müddəasını rəhbər tutaraq, onun əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək bıçaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Babək rayonunda yerləşən Elsevər restoranına həmişə oyun oynamaq üçün getdiyini, 20 may 2023-cü ildə özünün 3-4 bakal pivə içdikdən sonra orada olan mafia kluba getdiyini, təqribən 4-5 bakal pivə də orada içdiyini, bundan sonra özünün tualetə getdiyini, içəri qayıdanda isə oyun zalında nəsə mübahisə olduğunu və qurtardığını, orada olan insanların dağılışdığını gördüyünü, bundan sonra oyun zalından çölə çıxdığını, həmin vaxt Seymur, Turqud, Kəramət və Elşənin çöldə durduğunu, onları bir yerdə gördüyündən yaxınlaşaraq dağılışmalarını istədiyini, mübahisə ilə bağlı polislərin gələcəyini və onlardan izahat istəyəcəyini, bu səbəbdən də bir yerə yığışmamalarını istədiyini, bu zaman Elşənin ona “sən kimsən hər şeyə qarışırsan, sənə aid bir şey yoxdur” dediyini, həmin vaxt Elşənin bunu niyə etdiyini bilmədiyini, halbuki onunla əvvəldən bir-birlərini tanıdıqlarını, hadisə olan günü Elşənin oyun zalına girən zaman onunla salamlaşdığını, təqsirləndirilən şəxsin bu sözündən sonra aralarında həm özü, həm də Elşən içkili olduğu üçün mübahisə yarandığını, bu vaxt Atilla ora yaxınlaşanda özünün onu əli ilə itələdiyini, bundan sonra Elşənin ona “o, mənim dosdumdu. Onu niyə itələyirsən?” deyərək qarnından vurduğunu, həmin vaxt Elşənin onu bıçaqla vurmasından xəbəri olmadığını, daha sonra onun qolundan vurduğunu, orada olan insanların onları aralaşdırdığını, hadisədən təqribən beş dəqiqə sonra restoranın həyətində olan hovuzun yanında olanda kiminsə ona qolunun qanadığını dediyini, bundan sonra orada öz qolunu yuyub yarasına salfetqa qoyduğunu, daha sonra polislərin gəldiyini və onu xəstəxanaya apardıqlarını, orada uzun müddət qalmadığını, tikiş qoyduqdan sonra evinə getdiyini, hadisə zamanı Elşənlə aralarında elə də ciddi mübahisə olmadığını, yəni savaşmadıqlarını və ya əlbəyaxa olmadıqlarını, hadisədən sonra da, indi də özünün təqsirləndirilən şəxs barəsində şikayətinin olmadığını bildirmişdir. Şahid X3 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Elşən ilə birlikdə Naxçıvan şəhərində yerləşən mafia klubda işlədiklərini, onu bir il olar ki tanıdığını, iş vaxtlarının təqribən axşamçağı saat 6-7-də başlayıb, gecə 1-2 ə qədər davam etdiyini, bəzən isə 3-ə qədər çəkdiyini, hadisə baş verən günü Elşənin ona oyun oynamaq üçün Babək rayonunda yerləşən mafia kluba getməyi təklif etdiyini, taksi ilə ora getdiklərini, mafia kluba getməzdən öncə bir az pivə içdiklərini, bir bakal pivə də Elsevər restoranında içdiklərini, həmin vaxt orada çox adam olduğunu və bir neçə dəqiqə sonra tanımadığı şəxslər arasında mübahisə yarandığını, həmin vaxt Elşənin ona çölə çıxmağı bildirdiyini, özünün çöldə Elşən ilə, Kəramətin isə Asimanla durduğunu, onları gətirən taksinin də orada olduğunu, həmin vaxt aralarında 3-4 metr məsafə olduğunu, bu zaman özünün Kəramətə yaxınlaşıb tanışçılıq verdiyini, həmin vaxt Asimanın ona “sən get” dediyini, Asimanın içkili olduğunu, ayaq üstə dura bilmədiyini, bu zaman özünün Asimana “mən tanışçılıq üçün gəlmişəm, başqa niyyətim yoxdur” dediyini, həmin vaxt Asiman onu itələdiyindən kənardan Elşənin onlara yaxınlaşdığını və Asimana “o, mənim dostumdur, onu niyə itələyirsən?” deyərək onu vurduğunu, birinci dəfə Elşənin Asimanı nə ilə vurmasını görməsə də, təqsirləndirilən şəxsin Asimanın qolundan bıçaqla vuruduğunu gördüyünü, bundan sonra onları aralaşdırdıqlarını, daha sonra maşına oturub oradan “Sizin market”ə daha sonra isə hər birinin öz evinə getdiyini bildirdi. Şahid5 məhkəmədə verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Naxçıvan şəhəri Əlincə məhəlləsində yaşadığnı, elə həmin məhləd yerləşən mağazada xırdavat satdığını, bir gün Elşənin onun işlədiyi mağazaya gələrək oradan 1 cüt başmaq, 1 ədəd qəhvəyi rəngli balaca bıçaq alıb getdiyini, həmin bıçağı 2 manata satdığını, xatırladığına görə həmin günü Elşənin mağazaya bir şəxslə gəldiyini, onun mağazaya girmədiyini, çöldə Elşəni gözlədiyini, həmin şəxsi tanımadığını, daha sonra polislərin Elşən ilə birlikdə onun işlədiyi həmin mağazaya gəldiklərini və ondan həmin şəxsin ondan nə aldığını soruşduqlarını, özünün də onlara Elşənin ondan 1 cüt başmaq, 1 ədəd bıçaq aldığını dediyini bildirmişdi. Şahid3 məhkəmədə verdiyi ifadəsində “Elsevər” restoranında nəzarətçi işlədiyini, restoranın həyətində olan Mafia klubda oyun zamanı içəriyə və çölə nəzarət etdiyini, hadisə baş verən günü xatırlamadığını, həmin gün özü, Kəramət və Asimanın restoranın həyətində durub söhbət etdiyini, bu zaman Atillanın onlara yaxınlaşdığını, Asimanın əli ona ona “çəkil kənara” dediyini, bundan sonra Elşənin onlara yaxınlaşaraq Asimana “onu niyə itələyirsən" dediyini, Asiman isə onu itələmədiyini dediyini, həmin zaman Elşən Asimanın qarın nahiyəsindən və sol qolundan zərbə endirdiyini, həmin vaxt özünün Elşənin Asimanı yumruqla vurduğunu düşündüyünü, lakin işıqlı yerə keçdikdən sonra Asimandan qan axdığını gördüyünü, Elşənə yaxınlaşda isə onun əlində bıçaq olduğunu gördüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən Elsevər restoranında həm mühafizəçi, həm də barmen işlədiyini, hadisə baş verən günü Kəramətlə Eminin arasında mübahisə baş verdiyini, özünün Kəramətin qolundan yapışıb çölə çıxardığını, onun aparıb maşına mindirdiyini, sonra Elşənin Asimanı vurmasını eşitdiyini, özünün Elşənin Asimanı vurulması anını görmədiyini, bunu orada olanlardan eşitdiyini, amma kimdən eşitdiyini xatırlamadığını, ibtidai ietintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində Asimanı uşaqlıqdan tanıdığını, onunla dost olduğunu, həmçinin Elşənlə yaxın münasibətinin olduğunu, onunla münasibətinin Eşlənin cəzasını çəkib qurtarandan sonra yarandığını, hadisə gününü dəqiq xatırlamasa da, təqribən gecə on iki, bir radələrində özünün işlətdiyi “Görüş yeri” restoranından çıxıb “Elsevər” restoranına getdiyini, orada mafia klubda içki içib oyun oynadığını, təqribən bir-iki saat orada olduğunu, daha sonra əvvəlcədən tanıdığı, məhlə uşağı Emin adlı şəxslə aralarında sözlü mübahisə olduğunu, içkili olduğundan mübahisənin nə ilə bağlı yarandığını xatırlamadığını, həmin günü təqribən iki litr viki içdiyini, özü çox spirtli içki qəbul etdiyindən əvvəlcədən tanıdığı türk qıza içkili olduğunu, bu səbəbdən də maşın sürə bilməyəcəyini dediyini, eyni məhlədə qaldığından ondan maşınını sürməsini xahiş etdiyini, elə bu məqsədlə restorandan çıxıb evə getmək istədiyini, çölə yerləşən hovuzun yanında uşaqlarla söhbət etdiyini, hovuzun yanında olarkən Atillanın ona yaxınlaşıb tanışçılıq verdiyini, həmin vaxt Asimanın da gəldiyini, Asimanın onu təklədiyini düşündüyünü, özünün fikrinə görə içəridə Eminlə mübahisə edən vaxt Asiman orada olmadığından onun sonradan başqa şəxslərdən özünün Eminlə mübahisə etməsini eşitməsi, uşaqlıqdan münasibətlərinin olması, həmçinin içkili olmasına görə həmin vaxt onun Atilla ilə dayanmasını mübahisə kimi başa düşdüyünü, buna görə də Asimanın “nə olub burada” dediyini, özünün də “heç nə, öz uşaqlarımızdı” cavabını verdiyini, sonra Asimanın əli ilə Atillanı itələyib “sən get burdan, sənlik bir şey yoxdur” dediyini, bu zaman onlardan 2-3 metr aralıda olan Elşənin ona ”sən niyə Atillanı itələyirsən, o, mənim dostumdur?” dediyini, ona görə onun qarnından vurduğunu, həmin vaxt Elşənin Asimanı yumruqla vurduğunu düşündüyünü, onları aralaşdırmağa çalışdığını, Elşəni tutub kənara çəkdiyini, ona “ayıbdır” dediyini, sonradan Elşənin Asimanı bıçaqla vurmasını eşitdiyini, Elşənin Asimana xəsarət yetirməyini görmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Azərbaycan Respublikası Cinayət Məcəllənin 221.3-cü maddəsində qeyd edilən cinayət tərkibi yaranır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, iş materiallarında olan 21 may 2023-cü il tarixli raportdan Şahid3 həmin tarixdə saat 0515 radələrində Babək Rayon Polis İdarəsinə zəng edərək Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsinda yerləşən “Elsevər” restoranında tanımadığı iki nəfər arasında bıçaqlama hadisəsinin baş verməsi barədə məlumat verməsi aydın olur (iş vərəqə 3). Cinayət işi materiallarında olan 21 may 2023-cü il baxış protokolundan və ona əlavə edilşim fotoşəkillərdən istitaq orqanının Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” restoranına baxış keçirməsi və baxış zamanı hadisə anının video görüntüləri olan kamera görüntülərin götürməsi müəyyən edilir (iş vərəqə 15-20). İş materialarına əlavə edilmiş 01 ədəd kompakt diskə yazılmış Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” restoranın həyətində quraşdırılmış video müşahidə kamerasında olan görüntülərin 21 may 2023-cü il tarixdə saat 02:35:50 saniyədən başlanması aydın olur. Kameranın müşahidəsindən restoranın həyətində olan müxtəlif markalı avtomobillərin dayanması və bəzilərinin hərəkət edib restoranın həyətindən çıxması görünür. Kameranın saatı 02:36:14-ü göstərdiyi vaxtda restoranın önündən bir neçə nəfər şəxsin gəlməsi və həmin şəxslərin avtomobillər istiqamətinə getdiyi, Təqsirləndirilən şəxs da həmin şəxslər arasında olması görünür. Kameranın saatı 02:37:32ni göstərdiyi vaxtda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs da mübahisə edən şəxslər tərəfə getməsi aydın olur. Kameranın saatı 02:38:03-ü göstərdiyi vaxtda bir neçə metr aralıda bir neçə şəxslər durması və Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs mübahisə etməsi müşahidə edilir. Saat 02:39:52-ni göstərdiyi vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dava edərək kameranın görmə məsafəsinin itdiyi, restoranın həyətində olan avtomobilin sağ hissəsinə keçməsi, orada olan şəxslərin onları aralaşdırdığını görünür. Saat 02:40:08-i göstərdiyi vaxt Təqsirləndirilən şəxs yenidən kameranın görmə məsafəsinə keçərək əlində olan alət ilə Zərərçəkmiş şəxs qolundan vurması görünür. Saat 02:40:38 saniyəni göstərdiyi vaxtda zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsin ona xəsarət yetirdiyi sol qoluna baxması müşahisə edilir. Sonra orada olan şəxslər onları aralaşdırır və orada olan şəxslərin getməsi müşahidə edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 321 nömrəli məktubda qeyd edilir ki, Zərərçəkmiş şəxs 21 may 2023-cü ildə, saat 0550 radələrində “Qarın ön divarının, sol hipoqastral nahiyyəsinin sağdan sola, yuxarıdan aşağıya uzunluğu 4-5 sm olan qanaxan, kənarları hamar və qarın boşluğuna keçməyən kəsilmiş yarası, həmçinin sol bazunun iç tərəfinin aşağıdan yuxarıya istiqamətlənmiş giriş və çıxışı 4-5 sm uzunluğunda kənarları hamar, bucaqları iti, qanaxan kəsilmiş yarası” diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə daxil olmuşdu (iş vərəqə 85). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 27 may 2023-cü il tarixli, 502 nömrəli ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər “qarının ön səthində yara, sol bazusunda dəlib keçən yaralar” kəsici deşiçi alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə əmələ gələ bilər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “yüngül” dərəcəli bədən xəsarətinə aiddir (iş vərəqə 118-120). Cinayət işinə əlavə edilmiş Babək Rayon Xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş 21 may 2023-cü il tarixli, 227 nömrəli aktda Təqsirləndirilən şəxsı oğlunun qanında alkoqolun konsentrasiyasının 0.67 promilli olması qeyd edilir (iş vərəqə 57). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Bu yuxarıda qeyd edilənlərdən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək fiziki şəxslər üzərində zor tətbiq edərək xuliqanlıq cinayətini törətməsi öz təsdiqini tapır. Onun əməlində xuliqanlıq cinayətinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi tərkibinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə ilkin olaraq onu qeyd edir ki, əşyanın silah olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb ediən tədqiqatın predmetidir. Hazırki iş üzrə istintaq materiallarından və məhkəmədə araşdırılmış sübutlardan Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi zamanı hər hansı silahdan istifadə edilməsi müəyyən edilmir. İş üzrə dindirilmiş şahidlər Şahid1 və Şahid3 ifadələrindən isə təqsirləndirilən şəxsin cinayət hadisəsi zamanı bıçaqdan istifadə etməsi müəyyən edilir. İş materiallarından aydın olur ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hadisə zamanı istifadə elədiyi bıçağı istintaqa təhvil vermədiyindən işin hallarını müəyyən etmək məqsədi ilə həmin cinayyətdə istifadə olunan bıçağın tapılıb, istintaqa təhvil verilməsi ilə bağlı Babək Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə əməliyyat tapşırığı verilmiş və alınmış cavabda 21 may 2023-cü il tarixdə hadisə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın yerini müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat- axtarış tədbirləri həyata keçirildiyi və müsbət nəticə əldə edilmədiyi, Təqsirləndirilən şəxs həmin bıçağı ünvan 1 ünvanında yaşayan Şahid5 məxsus, ünvan 2nvanında yerləşən xırdavat mağazasından 2 manata əldə ediyi müəyyən edilmişdir (iş vərəqə 122 və 141). Yuxarıda qeyd edilən halla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bu hərəkətini təsədüfü və ya hadisə ilə bağlı təşfişə düşmüş hal kimi saymır. Çünki onun əvvəllər məhkumluq həyatı yaşaması, törətdiyi cinayət əməllərindən birini bıçaqdan istifadə edərək həyata keçirməsi, (Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 1(101)-102/2018 nömrəli hökmdən müəyyən edilir) onu bu sahədə “təcrübələndirmiş” və Təqsirləndirilən şəxs cinayətin alətini qəsdən gizlədərək əməlinin düzgün tövsifindən yayınmağa çalışmışdı. Lakin məhkəmə zərər çəkmiş şəxsə vurulmuş zərərin xarakterini və dərəcəsini nəzərə alaraq belə hesab edir ki, onun cinayət zamanı istifadə etdiyi bıçağı silah kimi qəbul etmək olmasa da, silah qismində istifadə olunan əşya saymaq olar. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 8 və 9-c bəndlərində qeyd edilir ki, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Yuxarıda qeyd edilənlərdən isə Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətini silah hesab edilən bıçaqdan istifadə etməklə törətməsi aydın olur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində qeyd edilən xüsusilə qərəzli xuliqanlığa görə cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, ağırlaşdırıcı hallarda xuliqanlıq cinayətinin subyekti 14 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Cinayət işi materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Bu qeyd edilənlərdən cinayətin subyekt tərkibinin olması da öz təsdiqni tapır. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış, nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.4-cü maddəsinə müvafiq olaraq, onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmaqla, onun həddi iki ildən beş ilədək müddətə müəyyən edilmişdi. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallara rast gəlinmir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran halın, yəni cinayətlərin residivinin olmasına hüquqi aydınlıq gətirən məhkəmə bildirir ki, iş materiallrına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 1(101)- 102/2018 nömrəli hökmdən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi müəyyən edilir (iş vərəqə 142-157). Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs 14 noyabr 2017-ci il tarixdən 27 dekabr 2017-ci ilədək ümumilikdə doqquz cinayət əməlini törətmişdi. Həmçinin iş materiallarından aydın olur ki, o, xx xxxxx 2000-ci ildə anadan olmuşdu. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.2-ci maddələrinin mahiyyətindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinin mahiyyətindən isə müəyyən edilir ki, yetkinlik yaşına catma dedikdə şəxsin on səkkiz yaşına çatması nəzərdə tutulur. Bu qeyd edilənlərdən isə aydın olur ki, Təqsirləndirilən şəxs birinci dəfə məhkum edilən zaman təqsirləndirildiyi əməlləri yetkinlik yaşına çatmadığı dövrdə törətmişdi. Bu səbəbdən də onun əvvəlki məhkumluğu hazırki cinayət əməlinə baxılması zamanı residiv kimi qəbul edilə bilməz. Lakin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 92.0 və 92.0.2-ci madəslərinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun həmin Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 1(101)-102/2018 nömrəli hökmdən müəyyən edilir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın əvvəli 28 dekabr 2017-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs izahatından isə aydın olur ki, o, 2022-ci ilin noyabr ayında cəzanın çəkilib qurtarmışdı. Yəni onun hazırda məhkumluğu ödənilməyib. Bu isə cəzanı ağırlaşdıran hal kimi deyil, onun şəxsiyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Onun əməlində Azərbaycan Respublikası həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində qeyd edilən cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) müəyyən edilir. Yuxarıda qeyd edilən halla bağlı məhkəmə bildirir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Belə ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında ciddi cəza növü kimi iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbini rəhbər tutaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 3 il 9 aydan artıq ola bilməz. Bundan başqa təqsirləndirilən şəxs etdiyi əməldən peşman olmasını qeyd etsə, məhkəmə onun səmimi peşman olması barədə fikrini onun əvvəlki məhkum edilməsi zamanı qazanılmış təcrübə kimi qimətləndirməklə bildirir ki, Təqsirləndirilən şəxs təörətdiyi əmələ görə səmimi peşimançılığı məhkəmə baxışı iclası ərzində onun davranışlarından hiss edilməmişdi. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilməlidir. Çünki yuxarıda göstərildiyi kimi cinayət qanunvericiliyinin əsas məqsədlərindən biri cinayət törətmiş şəxsin islah edilməsidir. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 1(101)- 102/2018 nömrəli hökmdən təqsirləndirilən şəxsin əvvələr şəxsiyyət əleyhinə cinayət törətməsi, bundan başqa onun əvvəllər də doqquz cinayət əməlini törətməsi və bu əmələrinə görə ona beş il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun cəzasını çəkib qurtarmasından sonra məhkumluğu ödənilməmiş yeni cinayət törətməsi Təqsirləndirilən şəxs islah edilmədiyini, ona təyin edilmiş cəzanın məqsədinə nail olunmadığını göstərir. Qeyd edilən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, real cəza təyin edilməlidir. Çünki məhkəmə belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyil, həmçinin ona təqsirləndirildiyi əməlin sanksiyasında qeyd edilən digər cəzanın təyin onun məqsədinə çatmağa imkan vermir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə cinayət qanunvericiliyinin tələbini rəhbər tutmaqla bildirir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi yeri kimi ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.6-cı maddələrində şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətin həbsdə saxlama müddətinə aid edilməsi, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsi müəyyən edildiyindən, məhkəmə bildirir ki, iş materiallarında olan Babək Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 4(079)-09/2023 nömrəli tarixli qərarından Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin əvvəlinin isə onun tutulduğu vaxtdan, yəni 21 may 2023-cü il tarixdən hesablanması görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli, cəza çəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd kompakt diskə yazılmış hadisə anın video görüntüləri olan müşahidə kamerasının görüntüsünün hüquqi müqəddaratına gəldiksə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.1 və 136.1-ci maddələrinin tələbinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Qeyd edilən prosessual normanın tələbindən yola çıxan məhkəmə belə nəticəyə gəlir ki, bir ədəd kompakt disk cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 21 may 2023-cü ildən hesablansın. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hadisə anın video görüntüləri olan 01 (bir) ədəd kompakt disk cinayət işinin saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən onun elan olunduğu, Təqsirləndirilən şəxs isə surətinin təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar