Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-11/2025 03.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, növbətçi vəkil X14, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə “28” yanvar 2025-ci ildə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. O, şikayətində özünün xüsusi ittihamçı qismində tanınmasını, onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldaraq böhtan atan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. X3 şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, 2024-cü ilin dekabr ayında dərs zamanı direktor Meydanova Gülbuta mənə dedi ki, Xurşud müəllimin uşaqları idman zalındadır, onları sinif otağına apar və müəllimə de ki, dərs vaxtı uşaqları sinif otağından buraxmasın. Mən uşaqları sinif otağına apardım və müəllimə direktorun dediklərini dedim. Müəllimə də mənə dedi ki, mən düşüb uşaq axtarası deyiləm, sinif rəhbəri yığıb gətirsin. Xurşud müəllim mənimlə kobud şəkildə danışdı. Növbəti gün mən davamiyyəti yazanda məni acılayaraq dedi ki, mənim sinfimi yoxlama, uşaqlarım qaydasındadır. Mənə həmçinin dedi ki, sənin yoldaşını görüb səni ona şikayət edəcəyəm. Mən də ona öz işimi gördüyümü dedim. 16 dekabr tarixində mən davamiyyəti yazdım, aşağı endim, Xurşud müəllimi gördüm. Ona dedim ki, sizin sinfin davamiyyəti yaxşı deyil. Onu da dedim ki, mənə deyirdiniz yoldaşına deyəcəyəm, narahat olmayın özüm yoldaşıma dedim. Xurşud müəllim özündən çıxaraq yoldaşımı təhqir eləməyə başladı. Daha sonra məktəb işçilərinin yanında şəxsiyyətimi alçaldan, məni təhqir edən sözlər deməyə başladı. Hətta mənim üzərimə hücum çəkərək məni vurmaq istədi, lakin əməkdaşlar onun qarşısını aldı. Həmin vaxt hadisə yerində direktor Babək rayon Kültəpə kənd sakini X7, məktəbin təşkilatçısı Babək rayon Kərimbəyli kənd sakini X15, müəllim Babək rayon Kərimbəyli kənd sakini X10, ocaqçı Babək rayon Kərimbəyli kənd sakini X18 olmuşdur. Bundan sonra mən Babək rayon Polis İdarəsinə zəng etdim. Polis əməkdaşları məktəbə gəldi və məndən və Xurşud müəllimdən izahat aldılar, başqa heç kəsdən izahat alınmadı. Mən ərizə ilə də Babək rayon Polis İdarəsinə şikayətimə baxılması ilə bağlı müraciət etdim. Lakin mənim müraciətim cavablandırılmadı. Bunun üçün də mən sahə müvəkkilinə məlumat verdim. Sahə müvəkkili yenidən gəlib məndən və Xurşud müəllimdən izahat aldı. Bir müddət sonra mənə Babək rayon Polis İdarəsinin 28 dekabr 2024cü il tarixli məktubu göndərildi. Həmin məktubda mənə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Onu da qeyd edim ki, Xurşud müəllim sadəcə mənimlə bağlı bu cür qanunsuz hərəkətlərə yol vermir, bir neçə nəfəri də bu cür narahat edib, təhqir edib. Həmçinin müəllimlər otağında onkoloji xəstə X11 döyüb. Buna bütün məktəb kollektivi də şahid olub. Həmin vaxt da Polislər hadisə yerinə gəlmişdir. Hər nə qədər müvafiq orqanlara müraciət etsək də, heç bir tədbir görülmür. Xurşud müəllim məni məktəb kolletivinin yanında təhqir etmişdir, şəxsiyyətimi alçaldan sözlər demişdir. Bu da mənim nüfuzuma xələl gətirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.2-ci və 298.3-cü maddələrinin tələbinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası təyin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə keçirilən məhkəmə hazırlıq iclasında Cinayət- Prosessual Məcəllənin 299-cu maddəsində nəzərdə tutulmuş hazırlıq iclasında baxılmalı və həll edilməli olan məsələləri cinayət prosesinin iştirakçılarının iştirakı ilə həll edərək məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilkin olaraq bildirir ki, X2 məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətdən onun X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sözü gedən normasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması cinayət əməli sayılmaqla, min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin tələblərindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi məsələsinin məhkəmənin hazırlıq iclasında aparılmış prosessual yoxlamanın nəticəsi olduğu müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 300.1, 300.1.2 və 300.1.3-cü maddələrinin mahiyyətinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlara xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi və ya xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması aiddir. Xüsusi ittiham qaydasında şikayətin hansı şərtlər daxilində yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, əgər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsində göstərilən əsasların mövcudluğu istisna edilərsə, bu zaman xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilir. Həmin maddənin tələbinə görə isə şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. X2 verdiyi xüsusi ittiham qaydasında şikayəti yuxarıda qeyd edilən prosessual normanın tələbləri daxilində yoxlayaraq məhkəmə bildirir ki, şikayətin məhkəməyə aid olubolmasının müəyyən edilməsi baş vermiş cinayət əməlinin törədildiyi yerə uyğun olaraq müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qeyd edilən faktın müəyyən edilməsi üçün ilkin olaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələbinə əsasən bunu öz şikayətində qeyd etməlidir. X2 verdiyi şikayəti isə Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsində qeyd edilən və imperativ qaydada müəyyən edilən məlumatlar əsasında yoxladıqda müəyyən edilir ki, o, xüsusi ittiham qaydasında şikayətin qanunvericiliklə müəyyən edilmiş məzmununa əməl etməmişdir. Belə ki, həmin prosessual sənəddə törədilmiş cinayətin harada, nə vaxt və necə törədilməsi barədə aydın və dəqiq məlumatları göstərməmişdir. Yəni o, şikayətində X9 tərəfindən əməlin törədilməsinin nə ilə təsdiq etdiyini, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini və şikayətin verildiyi yeri bildirməmişdir.Habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin adı X1 qeyd olunmuşdur. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin diqqətinə çatdırır ki, cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, bir şəxsə qarşı irəli sürülən ittiham məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol, ittiham aktı və ya xüsusi ittiham qaydasında şikayətində öz əksini tapır. Qanunvericilik həmin prosessual sənədlərin tərtib edilməsinə ciddi yanaşmanı tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 299.3 və 299.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin iştirakçı ilə xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasına baxır; -301.1-ci maddəsinə görə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; məhkəməyədək icraat bu Məcəllənin 303.3cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir; - 302.1-ci və 302.1.3-cü maddələrinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin həmin Məcəllənin 302.2-ci və 302.2.3-cü maddələri ilə müəyyən edilir ki, məhkəmə Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, X2 verdiyi X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin Babək Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X2 verdiyi X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin Babək Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günay İsmayıl.
Məhkəmə qərarları › İş №1(079)-11/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-11/2025
03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver