Məhkəmə qərarları › İş №1(079)-12/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Hökm — İş №1(079)-12/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Babək şəhəri İş № 1(079)-12/2023 01.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1952-ci il tarixdə Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, pensiyaçı, əvvəllər məhkum olunmayan, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında sааt 17 45-də açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinin icraatına “04” oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq atası Yusif Niftəliyevdən qalmış 1902-ci ildə “İmperator Tula Silah Zavodu”nda (keçmiş Rusiya İmperiyası, hazırki Rusiya Federasiyası) zavod üsulu ilə istehsal olunmuş, 7.62 mm kalibrli, “13419” nömrəli, 1895-ci il nümunəli, “Naqan” sistemli revolver, yivli odlu döyüş silahı hesab edilən, saz, atəş açmaq üçün yararlı olan 1 (bir) ədəd “Naqan” tipli tapança və keçmiş SSRİ, hazırki Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7.62 x 38 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli, 1895-ci il nümunəli, 1930-cu il modelli revolverlərdə, habelə “Piper” sistemli revolverlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatları olan, 7 (yeddi) ədəd patrondan 6 (altı) ədədi təyinatı üzrə istifadəyə yararsız, digər 1 (bir) ədədi isə təyinatı üzrə istifadəyə yararlı olan patronu əldə etmiş, daşıyaraq Babək rayonu, Cəhri qəsəbəsində “Nov keçən” məhəlləsində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində olan ot damının divarında gizlədərək qanunsuz saxlamış, bu bаrədə Babək Rayon Polis İdarəsinə dахil оlmuş məlumаt əsаsındа həmin idarənin əməkdаşlаrının əməliyyаt-ахtаrış tədbiri zаmаnı Yusif Niftəlliyevin ərizəsi əsasında 18 iyun 2023-cü il tarixdə onun yaşadığı Babək rayonu, Cəhri qəsəbəsində “Nov keçən” məhəlləsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən sözü gedən əşyalar polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Babək rayonu, Cəhri qəsəbəsində, Novkeçən məhəlləsində yaşadığını, balaca qardaşının və onun arvadı Ölkənin öz atası hələ sağ ikən onun bütün əmlaklarının satıb, dağıtdıqlarını, bir gün anasının onu evinə çağırıb atasından qalan silahı qardaşının satıb, televizor almaq istədiyini, özünün isə buna razı olmadığını, çünki qardaşının silah satdığı adamın cinayət etməsindən çəkinərək onlara “silahın verin mənə, aparıb Türkiyədə satıb pulunu siz verərəm” dediyini, özünün həmin vaxt işləmək üçün Türkiyə Respublikasına tez-tez getdiyini, anasından silahı alıb öz evinə gətirdiyini, silahın 16-17 ildir ki, özündə olduğunu, bu barədə heç kimə heç nə demədiyini, həmin günü hava qaralandan sonra silahı əl damına aparıb, orada ayıbalası kərpic deyilən daşı çıxarıb oraya qoyduğunu, elə həmin vaxtdan silahın orada qaldığını, bu günədək nə onu işlətdiyini, nə də bununla bağlı kiməsə nəsə dediyini, daha sonra Türkiyəyə işləmək üçün gedib təqribən 20- 25 sonra qayıtdığını, qayıdan kimi qardaşı və arvadının ondan silahın pulunu istədiklərini, özünün isə onlara yolda polis yoxlaması olduğundan silahı qamışların arasına atdığını dediyini, atasının müharibədə əlil olduğunu, ona deməsinə görə silahı atasına 1947-ci ildə dostu İsmayıl İsmayılov adlı şəxsin atasına verdiyini, atasının silah gəzdirmək hüququ olmadığını, bir gün evə gələndə atasının əlində qavara ilə patronları yonduğunu gördüyünü, ondan nə etdiyini soruşanda “sənlik deyil” cavabını verdiyini, daha sonra patronların silaha yerləşmədiyini, buna görə onları yonduğunu dediyini, atasının 2006-cı ilin iyun ayının 17-də öldüyünü, silahı isə anasının ona atasının ölümündən təqribən 15-20 gün sonra verdiyini, həmin vaxtdan silahın özündə olduğunu, silahı heç vaxt istifadə etmədiyini, bu barədə evdə arvadına belə heç nə demədiyini, özünün əvvəllər çoxlu spirtli içki qəbul etdiyini, həmin vaxtlar belə silahdan istifadə etmədiyini, 18 iyun 2023-cü ildə həyətdə işləyən zaman küçədən səs gəldiyini eşitdiyini, bu zaman küçəyə çıxdığını, məhəllədə polisləri gördüyünü, polislərdən birinin ona “sizdə silah var” dediyini, özünün isə “bunu sizə yəqin Ölkə deyib” cavabını verərək əvvəlcə bunu qəbul etmədiyini, daha sonra öz razılığı əsasına evində axtarış aparıldığını, arvadı xəstə olduğundan onun narahat olduğunu, bundan sonra özünün könüllü şəkildə silahı gizlətdiyi yerdən gətirərək polislərə verdiyini, evlə silahı gızlətdiyi yer arasındakı məsəfənin təqribən 10-15 metr olduğunu, özü silahın yerini deməsə idi polislərin onu tapa bilməyəcəyini, polisləri onun evindən bir tapança və yeddi ədəd patron götürdüyünü, özünün silah gəzdirmək hüququ olmadığını, silah ondan götürülən günədək silahın işləyib, işləmədiyini yoxlamadığını, əməlindən peşman olduğunu, silahı təhvil verməyin məsuliyyətdən azad edilməsini bilsə idi, onu çoxdan təhvil verəcəyini, özünün yaşlı biri olduğunu, bunun nəzərə alınmasını və günün çox vaxtını evində keçirdiyini, bəzi hallarda çayxanaya getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə silahı gizlədərək səhv etdiyini, onu vaxtında təhvil verməli olduğunu qeyd edərək bağışlanmasını məhkəmədən xahiş etmişdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı qəbul edərək, törətdiyi cinayətlə bağlı öz təqsirini etiraf etsə də, məhkəmə yalnız onun etirafını əsas götürməmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbini, yəni təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər müddəasını rəhbər tutaraq, onu əməlini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmişdi. Təqsirləndirilən şəxsin odlu silah və döyüş sursatı əldə edib, daşıması və saxlaması məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi onun özünün etirafı ilə yanaşı, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə də öz təsdiqini tapır. Belə ki, məhkəmədə şahid qismində dindirilən Şahid1 verdiyi ifadəsində Məmmədlə 48-49 ildir ailə qurduğunu, onunla evləndikdən təqribən bir ay sonra evdə heç kimin olmadığı vaxta qayınatasının otağını yığışdırdığını, bu zaman onun yastığının altında silah gördüyünü, tez otağı yığışdırıb eşiyə çıxdığını, qayınanası evə gələn kimi bunu ona dediyini, daha sonra qayınatasının ona hirsləndiyini və bir də ondan otağına girməməsini tələb etdiyini, bir neçə il sonra söz əsnasında qayınanasından silah barədə soruşduğunu, qayınanasının isə ona silahı tualetə atdığını dediyini, öz atasından eşitdiyinə görə qayınatasının sağ ikən gecələr kəndə çıxanda silahı özü ilə gəzdirdiyini və bunu hamının bildiyini, özünün əvvəllər mağaza işlətdiyini, bir dəfə mağaza ilə bağlı polislərin evə gəlib yoxlama apararaq onu cərimə etdiklərini, bu il də polislər evə gələndə onların yenə də dükanla bağlı gəldiklərini düşündüyünü və onlara evin hər yerinə baxmalarına köməklik etdiyini, sonradan polislərin silahla bağlı gəldiyini eşidəndə özünün təzyiqi qalxdığını, narahat olaraq özündən getdiyini, ayılanda isə çox şeyi xatırlamadığını, bu günədək Məmməddən bununla bağlı şübhələnmədiyini, hələ də Məmmədin bunu ondan gizlətdiyini və bunu neçə illərdir ki, sirr kimi saxlamasını düşündükcə narahat olduğunu qeyd etmişdi. Digər Şahid2 məhkəmədə verdiyi ifadəsində onlara Təqsirləndirilən şəxs Cəhri qəsəbəsində yerləşən evində qanunsuz silah və döyüş sursatı saxlaması ilə bağlı məlumat daxil olduğunu, bundan sonra bir neçə polislə birlikdə Yusif Niftəliyevin yaşadığı evə gedərək ondan qanunsuz olaraq silah və döyüş sursatı saxlayıb-saxlamasının soruşulduğunu, onun əvvəlcə silah və döyüş sursatı olmadığını bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında ona məxsus evə baxış keçirildiyini, təqribən yarım saatlıq axtarışdan sonra Məmmədin onlara “axtarışı dayandırın, silahı verəcəyəm” dediyini, bundan sonra pilləkəni qoyaraq ot damına çıxdığını, oradan bükülünü götürdüyünü, bükülünün köhnə olduğunu, onun içərisindən bir ədəd tapança və patron çıxdığını, patronların barabanın üzərində olduğunu, amma sayını xatırlamadığını, silahın isə elə də baxımsız vəziyyətdə olmadığını, bəlkə də Məmmədin silahın gizlətdiyi yeri deməsə idi onu tapa bilməyəcəklərini qeyd etmişdi. Şahid3 məhkəmədə verdiyi ifadəsində Babək Rayon Polis İdarəsinin Cəhri bölməsində əməliyyat müvəkkili işlədiyini, onlara Təqsirləndirilən şəxs evində silah saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu və bu məlumat əsasında Təqsirləndirilən şəxs Babək rayonu, Cəhri qəsəbəsində yaşadığı evinə getdiklərini, Təqsirləndirilən şəxs əvvəlcə bunu inkar etsə də, sonradan silahı qoyduğu yerdən götürərək onlara təhvil verdiyini, silahın köhnə parçaya bükülü olduğunu, özünün silahı gördüyünü, onun naqan tipli təmiz silah olduğunu, silahın saxlanıldığı yerin kənardan baxanda elə də cəlbedici yer olmadığını, Məmmədin özü silahı təhvil verməsə idi, özlərinin həmin silahı tapa bilməyəcəklərini qeyd etmişdi. Şahid4 isə məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 qeyd etdiyi xüsusatlara oxşar ifadə vermişdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət tərkibinin yaranmasına səbəb olur. Şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərinin mövcudluğunun yoxlanılmasına gəldikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında qeyd edilir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi Cinayət Məcəlləsinin 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının: - 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olubolmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. - 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228ci maddəsinə və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında» 28 iyun 1978-ci il tarixli Avropa Konvensiyasının müddəalarına əsasən odlu silah və döyüş sursatına avtomatik silah; yarımavtomatik mexanizmli, yenidən doldurma tələb edən mexanizmli və ya tək-tək atəş açan mexanizmli qısa lüləli silah; yarımavtomatik mexanizmli və ya yenidən doldurulma tələb edən mexanizmli minimum bir yivli lüləli mexanizmli uzunlüləli silahı; yivli lüləsi birdən az olmayan tək atılan uzunlüləli silah; əl reaktiv qranatomyotlar (qumbara atanlar); hücum və ya müdafiə oqnemyotları (odsaçanlar); yay tipli atıcı mexanizmli silah; odlu silahlara həmçinin yivli lüləsi olan müxtəlif növ tapançalar, minaatanlar, təyyarə vuran toplar və bu bəndin «a-ə» yarımbəndlərində göstərən xüsusiyyətlərə malik olan digər silahlar da aiddirlər. - 3-cü bəndi ilə müəyyən edilir ki, «Avtomatik» termini, ondan növbə ilə atəş açıla bilən silahlara aiddir. Döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Odlu silah, döyüş sursatı, xüsusi təyinatlı döyüş sursatı, partlayıcı maddə, partlayıcı qurğular həm sənaye, həm də kustar üsulla istehsal edilə və ya hazırlana bilər. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1, 2, 3, 5 və 8-ci bəndlərində qeyd edilir ki, silah canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Xidməti silah insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslər tərəfindən istifadə olunması üçün nəzərdə tutulmuş silahdır. Mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Döyüş sursatı müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. Odlu silah barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixli ərizəsindən və eyni tarixli, 621 qeydiyyat nömrəli baxış protokolundan, ona əlavə edilmiş 12 ədəd foto şəkildən təqsirləndirilən şəxsin yaşadığı Babək rayonu, Cəhri qəsəbəsində evinə baxış keçirilməsi və onun yaşadığı evin həyətində olan ot damının divarında gizlədilmiş 1 (bir) ədəd Naqan tipli tapança və patron yuvasında olan 7 (yeddi) ədəd kustar üsulla hazırlanmış patronların aşkar edilməsi və onların qablaşdırılaraq götürülməsi müəyyən edilir (iş vərəqə 8-18). İstintaq zamanı prosessual qaydada götürülmüş 1(bir) ədəd silahın yivli olubolmaması, saz və atəş üçün yararlı olması, hansı üsulla hazırlanması, 7 (yeddi) ədəd patronun hansı növə, tipə, nümunəyə aid olması və hansı silahla atəş açmada istifadə oluna biləcəyi, hansı üsulla hazırlanması və atəş üçün yararlı olub-olmamasını müəyyən etmək üçün ibtidai istintaq orqanı tərəfindən 19 iyun 2023-cü il tarixli, 504 qeydiyyat nömrəli qərarla məhkəmə-ballistik ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 616 nömrəli rəyində isə göstərmişdi ki, 1902-ci ildə “İmperator Tula Silah Zavodu”nda (keçmiş Rusiya İmperiyası, hazırki Rusiya Federasiyası) zavod üsulu ilə istehsal olunmuş, 7.62 mm kalibrli, “13419” nömrəli, 1895-ci il nümunəli, “Naqan” sistemli revolver, yivli odlu döyüş silahı hesab edilən, saz, atəş açmaq üçün yararlı olan 1 (bir) ədəd “Naqan” tipli tapança və keçmiş SSRİ, hazırki Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7.62x38 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli, 1895ci il nümunəli, 1930-cu il modelli revolverlərdə, habelə “Piper” sistemli revolverlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatları olan, 7 (yeddi) ədəd patrondan 6 (altı) ədədi təyinatı üzrə istifadəyə yararsız, digər bir ədədi isə təyinatı üzrə istifadəyə yararlı olan patrondur (iş vərəqə 24,28-30). İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X1 08 sentyabr 2023-cü il tarixli, 3-13-43/2-9527/2023 nömrəli məktubunda 1902-ci ildə Rusiyada istehsal olunmuş 13419 nömrəli, 7.62 mm Naqan tipli tapança barəsində X2 (VMAS) tərkibinə daxil edilən “itmiş (oğurlanan) silahlar” bazasında məlumat olmadığı göstərilmişdir (iş vərəqə 81). Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatı əldə etməsini, daşımasını və saxlamasını təsdiq edir. Lakin məhkəmə qeyd edir ki, şəxsin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən, həm də “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarın 5-ci bəndindən aydın olur ki, odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın, «Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli 616 nömrəli rəyindən Təqsirləndirilən şəxs götürülmüş silahın odlu silah olması, onun kalibrinin 7.62 mm olması, ondan atılan güllənin başlanğıc sürətinin saniyədə 270 metr olması müəyyən edildiyindən məhkəmə bildirir ki, «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin, 6 və 11-ci bəndlərinin tələbinə görə tapançalar və revolverlər üçün zirehdeşən, alışdırıcı və ya dağıdıcı təsirə malik döyüş sursatlarının, eləcə də qırma güllələri ilə döyüş sursatlarının dövriyyəsi, həmçinin kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. Yuxarıda qeyd edilənlər Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsini təsdiq edir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 18-ci bəndinə əsasən odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin istifadəyə yararsız olan hissələrini əldə etmə, saxlama, daşıma, satma, başqasına vermə və ya gəzdirmə, əgər onların təmir etməyə niyyət yoxdursa, törədildikdə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli 616 nömrəli rəyindən isə görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 7 (yeddi) ədəd patrondan 6 (altı) ədədi təyinatı üzrə istifadəyə yararsızdır. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs həmin 6 patrona münasibətdə təqsirli saymaq olmaz və ona qarşı olan ittiham bu hissədə əsaslı sayıla bilməz. Yuxarıda qeyd edilənlərlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin obyekt, obyektiv və subyektiv əlamətlərinin olması tam sübuta yetirilir. Subyekt tərkibinin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs cinayət məsuliyyətinə cəlb edilir; - 20.1 və 20.2-ci maddələrin tələbinə görə cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə, ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən aydın olur ki, cinayətinin subyekti 16 yaşı tamam olmuş anlaqlı fiziki şəxsdir. Cinayət işi materiallarından Təqsirləndirilən şəxs qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması müəyyən edilir. Onun anlaqlığını istisna edən sübut isə məhkəməyə təqdim edilməyib. Bu qeyd edilənlərdən cinayətin subyekt tərkibinin olması da öz təsdiqini tapır. Beləliklə tədqiq edilmiş sübutlarla cinayət hadisəsinin baş verməsi, törədilmiş əməldə cinayətin əlamətlərinin olması və bu əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs törətdiyi əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci fəslində nəzərdə tutulmuş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun təqsirləndirildiyi əməlin “Qeyd” hissəsində göstərilən cinayət məsuliyyətindən azad edilən hal müəyyən edilməmişdi. Təqsirləndirilən şəxsin əməlinin hüquqi cəhətdən tövsifinə gəldikdə isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 9, 10 və 11-ci bəndələrində qeyd edilir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın qeyd etdirilməsi (yenidən qeyd etdirilməsi) üçün qanunvericiliklə müəyyən edilmiş müddətlər bitdikdən sonra odlu silahın saxlanılması, gəzdirilməsi, daşınması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin tərkibini yaratmır. Təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış və nəzərə almış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol verməmişdi. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarının rəhbər tutmuşdu. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törətməsi sübuta yetirilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd edilən cinayət əməlinə görə həmin maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, onun əməli təqsirin birbaşa qəsd formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsin əməlində cəzanın ağırlaşdıran və yüngülləşdirən halların qiymətləndirilməsinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasında müəyyən edilməli olan halların dairəsi göstərilmişdi ki, bunlardan da biri cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar olmaması müəyyən edilmişdi. Lakin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilən normadan yola çıxan məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olmasını, onun yaşlı olmasını, əməlini səmimi etiraf etməsini cinayətin açılmasında xüsusi əhəmiyyət kəsb etməsi cəzanı yüngülləşdirici hallar kimi qiymətləndirir. Bu faktlar aşağıdakılarla öz təsdiqini tapır: - iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X3 27 iyul 2023-cü il tarixli, 3-13-43/2-6785/2023 nömrəli məktubuna əlavə edilmiş tələbnamədən təqsirləndirilən şəxsin məhkumluğunun olmaması (iş vərəqə 68); - Babək rayonu, Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən Təqsirləndirilən şəxs müsbət xarakterizə olması (iş vərəqə 83); - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Təqsirləndirilən şəxs 71 yaşı olması; - iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs onun yaşadığı evə baxış keçirməsinə razılıq verməsi barədə ərizədən və onun verdiyi ifadədən əməlini səmimi etiraf etməsi, gizlətdiyi silahın yerini könüllü olaraq bildirməsi aydın olur. Qeyd edilən yüngülləşdirici halları, onun əməlinin bilavasitə cəmiyyətin digər üzvlərinə qarşı olan təhlükəliliyini və cəzanın məqsədini nəzərə alan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi ön plana çəkilmiş və məhkəmələr tərəfindən cəzanın məqsədinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdi. Məhkəmə qeyd edilən normanı, cinayətin törədilməsi halını, həmçinin Təqsirləndirilən şəxs təyin edilən cəzanın onun ailəsinə təsirini və cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir və Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilib onun həmin cəzaya şərti məhkum edilməklə, barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilməsinin məqsədə müvafiq olduğu qənaətinə gəlir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olduğundan, sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə götürülmüş maddi sübutun taleyinin hüquqi həllinə gəldikdə isə iş materiallarında olan 03 iyul 2023-cü il tarixli aktdan 1902-ci ildə “İmperator Tula Silah Zavodu”nda (keçmiş Rusiya İmperiyası, hazırki Rusiya Federasiyası) zavod üsulu ilə istehsal olunmuş, 7.62 mm kalibrli, “13419” nömrəli 1895-ci il nümunəli, “Naqan” sistemli 1 (bir) ədəd “Naqan” tipli tapança, odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatları olan 01 (bir) ədəd istifadəyə yararlı, 06 (altı) ədəd istifadəyə yararsız patron Babək Rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanc yerinə təhvil verilməsi müəyyən edilir (iş vərəqə 35). “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunundan aydın olur ki, qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar sırasına daxildir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin, 6 və 11-ci bəndlərinin tələbindən isə gör tapançalar və revolverlər üçün zirehdeşən, alışdırıcı və ya dağıdıcı təsirə malik döyüş sursatlarının, eləcə də qırma güllələri ilə döyüş sursatlarının dövriyyəsi, həmçinin kalibri 4,5 mm-dən çox, gülləsinin uçuş surəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu silahın idman obyektlərindən kənarda saxlanılması, istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsinin qadağan edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinin tələbinə görə mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Yuxarıda qeyd edilənlərin nəticə olaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan və Babək Rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan 1902-ci ildə “İmperator Tula Silah Zavodu”nda (keçmiş Rusiya İmperiyası, hazırki Rusiya Federasiyası) zavod üsulu ilə istehsal olunmuş, 7.62 mm kalibrli, “13419” nömrəli, 1895-ci il nümunəli, “Naqan” sistemli 1 (bir) ədəd “Naqan” tipli tapança, odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatları olan 01 (bir) ədəd istifadəyə yararlı, 06 (altı) ədəd istifadəyə yararsız patron Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat şöbəsinə təhvil verilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəflərinə gəldikdə isə iş üzrə təqsirləndirilən şəxs tələb etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.3, 92.3.1 və 92.12-ci maddələrinin tələbinə uyğun olaraq ona məhkəmənin qərarı ilə məcburi olaraq dövlət büdcəsi vəsaiti müdafiəçi təyin olunmuşdu. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edilməli olması göstərildiyindən, bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanan əmlak müəyyən edilməmişdi. Yekunda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5 və 351.2-ci maddələrinin mahiyyətinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarəti həyata keçirmək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan və Babək Rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanc yerində saxlanılan 1902-ci ildə “İmperator Tula Silah Zavodu”nda (keçmiş Rusiya İmperiyası, hazırki Rusiya Federasiyası) zavod üsulu ilə istehsal olunmuş, 7.62 mm kalibrli, “13419” nömrəli 1895-ci il nümunəli, “Naqan” sistemli 1 (bir) ədəd “Naqan” tipli tapança, odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatları olan 01 (bir) ədəd istifadəyə yararlı, 06 (altı) ədəd istifadəyə yararsız patron Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat şöbəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar