Məhkəmə qərarları › İş №1(079)-12/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-12/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-12/2025 18.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə “11” fevral 2025-ci ildə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. O, şikayətində özünün xüsusi ittihamçı qismində tanınmasını, onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldaraq böhtan atan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs şikayətini əsaslandıraraq qeyd etmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, 2024-cü ilin dekabr ayında dərs zamanı direktor Meydanova Gülbuta mənə dedi ki, Xurşud müəllimin uşaqları idman zalındadır, onları sinif otağına apar və müəllimə de ki, dərs vaxtı uşaqları sinif otağından buraxmasın. Mən uşaqları sinif otağına apardım və müəllimə direktorun dediklərini dedim. Müəllimə də mənə dedi ki, mən düşüb uşaq axtarası deyiləm, sinif rəhbəri yığıb gətirsin. Xurşud müəllim mənimlə kobud şəkildə danışdı. Növbəti gün mən davamiyyəti yazanda məni acılayaraq dedi ki, mənim sinfimi yoxlama, uşaqlarım qaydasındadır. Mənə həmçinin dedi ki, sənin yoldaşını görüb səni ona şikayət edəcəm. Mən də ona öz işimi gördüyümü dedim. 16 dekabr tarixində mən davamiyyəti yazdım, aşağı endim, Xurşud müəllimi gördüm. Ona dedim ki, sizin sinfin davamiyyəti yaxşı deyil. Onu da dedim ki, mənə deyirdiniz yoldaşına deyəcəm, narahat olmayın özüm yoldaşıma dedim. Xurşud müəllim özündən çıxaraq yoldaşımı təhqir eləməyə başladı. Daha sonra məktəb işçilərinin yanında şəxsiyyətimi alçaldan, məni təhqir edən sözlər deməyə başladı. Hətta mənim üzərimə hücum çəkərək məktəbin girişində foyedə məni vurmaq istədi, lakin əməkdaşlar onun qarşısını aldı. Həmin vaxt hadisə yerində direktor Babək rayon Kültəpə kənd sakini X3, məktəbin təşkilatçısı Babək rayon Kərimbəyli kənd sakini X7, müəllim Babək rayon Kərimbəyli kənd sakini X5, ocaqçı Babək rayon Kərimbəyli kənd sakini X10 olmuşdur. Bundan sonra mən Babək rayon Polis İdarəsinə zəng etdim. Polis əməkdaşları məktəbə gəldi və məndən və Xurşud müəllimdən izahat aldılar, başqa heç kəsdən izahat alınmadı. Mən ərizə ilə də Babək rayon Polis İdarəsinə şikayətimə baxılması ilə bağlı müraciət etdim. Lakin mənim müraciətim cavablandırılmadı. Bunun üçün də mən sahə müvəkkilinə məlumat verdim. Sahə müvəkkili yenidən gəlib məndən və Xurşud müəllimdən izahat aldı. Bir müddət sonra mənə Babək rayon Polis İdarəsinin 28 dekabr 2024-cü il tarixli məktubu göndərildi. Həmin məktubda mənə məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Onu da qeyd edim ki, Xurşud müəllim sadəcə mənimlə bağlı bu cür qanunsuz hərəkətlərə yol vermir, bir neçə nəfəri də bu cür narahat edib, təhqir edib. Həmçinin müəllimlər otağında onkoloji xəstə X6 döyüb. Buna bütün məktəb kollektivi də şahid olub. Həmin vaxt da Polislər hadisə yerinə gəlmişdir. Hər nə qədər müvafiq orqanlara müraciət etsək də , heç bir tədbir görülmür. Xurşud müəllim məni məktəb kolletivinin yanında təhqir etmişdir, şəxsiyyətimi alçaldan sözlər demişdir. Bu da mənim nüfuzuma xələl gətirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.2-ci və 298.3-cü maddələrinin tələbinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət məhkəmənin hazırlıq iclasında baxılmaq üçün Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə keçirilən məhkəmə hazırlıq iclasında Cinayət- Prosessual Məcəllənin 299-cu maddəsində nəzərdə tutulmuş hazırlıq iclasında baxılmalı və həll edilməli olan məsələləri cinayət prosesinin iştirakçılarının iştirakı ilə həll edərək məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilkin olaraq bildirir ki, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətdən onun X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sözü gedən normasına görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət əməli sayılmaqla, min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi məsələsinin məhkəmə hazırlıq iclasında aparılmış prosessual yoxlamanın nəticəsi olduğu müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 300.1, 300.1.2 və 300.1.3-cü maddələrinin mahiyyətinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlara xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi və ya xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması aiddir. Xüsusi ittiham qaydasında şikayətin hansı şərtlər daxilində yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, əgər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsində göstərilən əsasların mövcudluğu istisna edilərsə, bu zaman xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilir. Həmin maddənin tələbinə görə isə şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Zərərçəkmiş şəxs verdiyi xüsusi ittiham qaydasında şikayəti yuxarıda qeyd edilən prosessual normanın tələbləri daxilində yoxlayaraq məhkəmə bildirir ki, şikayətin məhkəməyə aid olub-olmasının müəyyən edilməsi baş vermiş cinayət əməlinin törədildiyi yerə uyğun olaraq müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qeyd edilən faktın müəyyən edilməsi üçün ilkin olaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələbinə əsasən bunu öz şikayətində qeyd etməlidir. Zərərçəkmiş şəxs verdiyi şikayəti isə Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsində qeyd edilən və imperativ qaydada müəyyən edilən məlumatlar əsasında yoxladıqda müəyyən edilir ki, o, xüsusi ittiham qaydasında şikayətin qanunvericiliklə müəyyən edilmiş məzmununa əməl etməmişdir. Belə ki, həmin prosessual sənəddə törədilmiş cinayətin harada, nə vaxt və necə törədilməsi barədə aydın və dəqiq məlumatları göstərməmişdir. Yəni o, şikayətində X1 əməlinin faktiki tərəfinin konkret olaraq nədən ibarət olmasını, təhqir cinayətinin törədilməsini nə ilə təsdiq etdiyini, şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan rəftar və ifadələrin nədən ibarət olmasını, cinayətin törədilməsi hallarının hansı sübutlarla təsdiq edildiyini və şikayətin verildiyi yeri bildirməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin diqqətinə çatdırır ki, cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, bir şəxsə qarşı irəli sürülən ittiham məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol, ittiham aktı və ya xüsusi ittiham qaydasında şikayətində öz əksini tapır. Qanunvericilik həmin prosessual sənədlərin tərtib edilməsinə ciddi yanaşmanı tələb edir. Bütün bunlara baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsində mövcud olmayan bir maddə ilə (148.1) cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 299.3 və 299.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin iştirakçı ilə xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasına baxır; -301.1-ci maddəsinə görə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir; - 302.1-ci və 302.1.3-cü maddələrinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin həmin Məcəllənin 302.2-ci və 302.2.3-cü maddələri ilə müəyyən edilir ki, məhkəmə Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs verdiyi X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin Babək Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirləndirilməsinə dair Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin Babək Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günay İsmayıl.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar