Məhkəmə qərarları › İş №1(079)-13/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-13/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-13/2025 05.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nəcəfov Nurani Alməmməd oğlu və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, Nəcəfov Nurani Alməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş Babək rayonu, Naxışnərgiz kəndində yaşayan Nəcəfov Nurani Alməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Nəcəfov Nurani Alməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, o, 24 may 2025-ci il tarixdən "Nurani Naxcıvanlı" adlı Tik-Tok sosial şəbəkələrində sözləri ilə mənim ünvanıma əsası olmayan böhtan xarakterli yazılar yazaraq paylaşım etmişdir. Nəcəfov Nurani Alməmməd oğlu həmin paylaşımda mənim barəmdə müxtəlif vaxtlarda "adı Naxışnərgiz kəndinə ayitdi dadı nəfərədi, su idarəsinin işçisidir, başqa kəndin sakinidir biz su tapa bilmirik amma çaqqal xozan suvarır, çaqqalı tutdum, axır ki oğruları tapdım, oğrular bilirsiniz kimdir, su meliorasiyanın işçiləridir, görürsünüz sirab su anbarına Naxışnərgiz kəndindən su vurulur, Naxışnərgiz camaatı sudan yana şikayətə gedir. Zeynəddin kənd sakini Zərərçəkmiş şəxs öz başına nasos quraşdırıb gör neçə illərdir, dövlət nasosunu və bizim əvvəlki nasosumuzu oğurlayıblar yerinə xırda nasos qoyublar öz mülkləri kimi, öz biznesləri kimi dövlətə aid olan torpaqları zəbt edib öz mal heyvanlarını saxlayırlar, su idarəsinin dövlət binasında mal heyvan saxlayırlar, gəlmişəm oğruları tutmuşam dövlətə xəyanət edən dövlətin işçisidi, su idarəsinin işçisidir, mən bunu işdən çıxartmayana kimi əl çəkməyəcəm" kimi ifadələr və videolar paylaşaraq barəmdə əsassız böhtan xarakterli məlumatlar yaymışdır. Qeyd edirəm ki, 30 ildən çoxdur ki, mən ailəmlə birlikdə Babək rayonu, Sirab su anbarının yardımçı bina ərazisində yerləşən ərazidə məskunlaşaraq yaşayıram. Həmin ərazi su və meliorasiya idarəsinin balansındadır. Həmin bina müqavilə əsasında atamın adına verilmişdir. Orada maldarlıq ilə məşğul oluruq. Toyuq, cücə və iribuynuzlu malqara saxlayırırıq. Orada istifadə etdiyimiz nasos dövlətə məxsusdur. Həmin nasos meşə zolağınının suvarılmasında istifadə olunur. Yaşadığımız əraziyə su Naxışnərgiz kəndindən gəlir. Bəzən o su kəsildiyindən və uzun müddət su olmadığından dövlətin icazəsi ilə həmin nasosu vuraraq su ehtiyacını qarşılayırıq. Qeyd etmək istəyirəm ki, Nəcəfov Nurani Alməmməd oğlunun sosial şəbəkələrdə mənim barəmdə dediyi böhtan xarakterli məlumatlar mənim nüfuzuma xələl gətirir, insanlar arasında nüfuzumu aşağı salır. Məni tanıyanların mənə göstərdiyi etimadı zədələyir. Mən, onun əsassız böhtan və təhqirlərini heç cür qəbul edə bilmirəm, şərəf və ləyaqətimin alçaldılması mənə çox pis təsir göstərir. Barəmdə yazılan böhtan xarakterli yazıları yüzlərlə insanlar oxuyaraq izləmiş və barəmdə həqiqətə sığmayan şərhlər yazmışlar və həmin paylaşıma yüzlərlə insan baxış etmişdir. Nəcəfov Nurani Alməmməd oğlunun sosial şəbəkələrdə mənim barəmdə yalan olduğunu bilə-bilə dediyi fikirlər şərəf və ləyaqətimi nüfuzdan salmış olmaqdadır. Xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilərək iş məhkəmədə baxılmağa təyin olunmuş, Zərərçəkmiş şəxs xüsusi ittihamçı qismində tanınmaqla Nəcəfov Nurani Alməmməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1- ci maddəsi üzrə təqsirləndirilən şəxs qismində tanınmışdır. Xüsusi ittihamçı məhkəmə baxışı iclasında verdiyi izahatında aralarında barışıq əldə olunduğunu, şikayətdən imtina etdiyini, işə xitam verilməsinini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nəcəfov Nurani Alməmməd oğlu məhkəmə baxış iclasında verdiyi izahatında aralarında barışıq əldə olunduğunu, bir daha həmin şəxslə bağlı sosial şəbəkələrdə paylaşım etməyəcəyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-in 39.1 və 39.1.9-cu maddələrinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 41.7 -ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının (bundan sonra – “Qərar”) 16-cı bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. “Qərar”ın 19-cu bəndində nəzərdə tutulmuşdur ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edərək Nəcəfov Nurani Alməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyini və iş üzrə icraata təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunduğundan xitam verilməsini xahiş etmişdir. CPM-in 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 43.1 və 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-39-cu, 41-ci, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Nəcəfov Nurani Alməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçının cinayət təqibindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin. Nəcəfov Nurani Alməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Günay ismayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar