Məhkəmə qərarları › İş №1(079)-14/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-14/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-14/2024 13.06.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin “06” iyun 2024-cü ildə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. O, şikayətində özünün xüsusi ittihamçı qismində tanınmasını, onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdi. X2 şikayətini əsaslandıraraq qeyd etmişdi ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barəmdə etmiş olduğu aşağıdakı faktlarla təsdiq olunur. Belə ki, X14 Muxtar Respublikası Perinatal Mərkəzdə müalicə alan anası X5 ölümündə haqsız yerə olaraq məni təqsirli bilməsi və barəmdə mənim şəxsiyyətimə, ləyaqətimə və işgüzar nüfuzuma xələl gətirən böhtan dolu fəaliyyət göstərməsidir. Belə ki, anasının ölümündə məni günahlandıran C.Xudiyev barəmdə olan böhtan xarakterli məlumatlarla Naxçıvan Şəhər Prokurorluğuna şikayət etmiş və Naxçıvan Şəhər Prokurorluğunda həmin şikayət əsasında araşdırmalar aparılmışdır. C.Xudiyev şikayətində bildirmişdir ki, guya anası müalicə aldığı müddətdə həkimlər ondan qeyriqanuni pul istəmiş və mənim müalicə vaxtı səhlənkarlıq və məsuliyyətsizlik etməyimlə əlaqədar olaraq anası vəfat etmişdir. Həmçinin şikayətində bildirib ki, guya onun anası ailəsinin razılığı olmadan əməliyyat edilmiş, əməliyyat zamanı ondan 260 manat alınmış, həmçinin anasının tibbi sığortasının olmasına baxmayaraq ondan 700 manat rüşvət alınmışdır. C.Xudiyevin mənim barəmdə etmiş olduğu böhtan əməli aşağıdakı faktlarla tam sübut edilmişdir. S.Xudiyevin Naxçıvan şəhər prokurorluğuna etmiş olduğu tamamilə böhtandan ibarət olan şikayəti prokurorluq tərəfindən araşdırılmışdır. Aparılmış araşdırılmanın nəticəsində C.Xudiyevin barəmdə etdiyi şikayətin əsassız, yalan və böhtan olduğu üzə çıxmışdır. Prokurorluq tərəfindən əməlimdə hər hansı bir cinayətin tərkib əlamətləri olmadığı əsas gətirilərək cinayət işinin başlanılması rədd edilmişdir. Anasının ölümündə guya mənim müalicə vaxtı səhlənkarlıq və məsuliyyətsizlik etməyimə gəldikdə isə onu bildirmək istəyirəm ki, S.Xudiyevaya göstərilmiş müayinə və müalicə tədbirlərinin düzgün seçilib-seçilməməsi, tibb işçilərinin hərəkət və ya hərəkətsizliyi ilə mərhumənin ölümündə səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək məqsədi ilə prokurorluq tərəfindən “Komission məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Naxçıvan MR X12 Xudiyevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 06. 10.23-cü il tarixində saat 23:30-da xəstəxanaya daxil olmuş və üzərində müvafiq müayinələr aparılmışdır. 11.10.23-cü il tarixində xəstənin vəziyyəti qəflətən pisləşmiş, dərhal reanimasion tibbi tədbirlər görülməsinə baxmayaraq xəstədə bioloji ölüm baş vermişdir. S. Xudiyevanın üzərində icra edilmiş cərrahiyə əməliyyatı texniki cəhətdən düzgün yerinə yetirilmiş və əməliyyat gedişində hər hansı bir fəsad baş verməmişdir. Xəstə üzərində müalicələr diaqnoza uyğun olaraq düzgün aparılmışdır. Əməliyyatdan sonra ağciyər emboliyasının yaranması ehtimalının yüksək olduğunu nəzərə alaraq müəyyən olunmuş profilaktik tədbirlər düzgün qaydada tətbiq olunmuşdur. S.Xudiyevaya göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. S.Xudiyavanın meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbləri aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqıda fikir söyləmək mümkün olmadı. S. Xudiyevaya müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan təlimat qaydalarına uyğun olmuşdur”. Bütün bunlar onu göstərir ki, Cəlil Xudiyev anasının ölümünü bəhanə edərək qərəzli olaraq mənim şərəf və ləyaqətimi alçaltmaq, işgüzar nüfuzuma xələl gətirmək məqsədini güdmüşdür. Təəssüf ki, buna nail olmuşdur. Əldə etdiyim uğurlara, əhali arasında qazanmış olduğum hörmətə kölgə salmağı bacarmışdır. Bütün bunlar mənim işgüzar nüfuzumu sarsıtmaqla yanaşı mənə mənəvi iztirablar verməkdədir. S.Xudiyevanın Naxçıvan MR Perinatal Mərkəzdə üzərində aparılmış müayinə və müalicə tədbirləri haqqında bildirirəm ki, 6 oktyabr 2023-cü il tarixdə 23:30-da mərkəzin ginekologiya şöbəsində X11 ağır vəziyyətdə, qanaxma ilə Novruzova Bəhriyyə tərəfindən qəbul edilib. Xəstənin 30 faiz qanı var idi. Xəstə haqqında dərhal mənə məlumat verilib, ilkin qankəsici müalicə işləri aparılıb. xx.xx.2023-cü il saat 1000-da xəstəyə konsilium təyin etmişəm. Xəstənin vəziyyəti hələ əməliyyata imkan vermirdi. Odur ki, xəstə reanimasiya şöbəsinə qaldırılıb, ayın 9-dək xəstəyə qan və qanəvəzedicilər köçürülüb. xx.xx.2023-cü il tarixdə xəstənin qan göstəriciləri yaxşılaşdığı üçün reanimatoloqun baxışı və razılığı ilə əməliyyata götürülüb və bütün müayinələr təlimata uyğun olaraq aparılıb. Əməliyyat olunması haqqında xəstənin qohumlarına məlumat verilib, baş həkim əməliyyat sənədlərinə imza atdıqdan sonra əməliyyat olunub və əməliyyat uğurla sonlanıb, əməliyyatdan sonra xəstənin qohumlarına xaric edilmiş preparat təqdim olunub və məlumat verilib. xx.xx.2023-cü ildə xəstənin vəziyyəti xeyli yaxşılaşıb, qan göstəriciləri yüksəlib. xx.xx.2023-cü il tarixdə səhər müayinəsindən sonra saat 0930-da xəstə tualetə gedərkən halı pisləşib, xəstə ani olaraq qəfil ölüb. Təxmini olaraq biz xəstənin qəfil ölümünə səbəb olaraq iki xəstəlik - trombemboliya və ürəyin ağır infaktından şübhələnərək ona uyğun müayinə tədbirləri apardıq. Lakin aparılan bütün tədbirlərə baxmayaraq xəstədə təxminən saat 1000-da bioloji ölüm yaranmışdır. Xəstənin ölümü haqqında dərhal qohumlarına və həmçinin prokurorluğa məlumat verilmişdir. Mərhumun qohumları autopsiyalardan imtina edərək, tibbi personalının nə qədər əziyyət çəkdiyini və şikayətçi olmadıqlarını bildirərək ölünü dəfn üçün evlərinə aparmışdırlar. Lakin təxminən bir ay sonra mərhumənin oğlu X16 Nazirliyinə şikayət edərək, məndən 10 000 manat pul tələb etmişdir Mən ona “ölümü hərraca qoymaq istəyirsən?” deyərək, ona veriləsi pulumun olmadığını bildirdim. Ondan sonra Cəlil Xudiyev mənim haqqımda sosial şəbəkələrdə nalayiq təhqirlər, şantaj xarakterli məlumatlar yaymağa başladı. C. Xudiyev yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatlarla 2023-cü ildə müxtəlif vaxtlarda internet saytlarında böhtan xarakterli yazılar yazaraq paylaşımlar etmişdir. Paylaşmalarında. müxtəlif internet informasiya şəbəkələrinə verdiyi iftira dolu məlumatlarla mənə böhtanlar atmış, hətta məni “qatil” deyə adlandırmaqdan belə çəkinməmişdir. Bildirirəm ki, mən uzun illərdir X8 həkim işləyirəm və hazırda mərkəzin müalicə işləri üzrə müavin vəzifəsini icra edirəm. İşlədiyim bu müddət ərzində həm rəhbərlik səviyyəsində, həm də ictimaiyyət arasında böyük nüfuz qazanmışam. Uzun illərin peşəkar həkimiyəm. Göstərdiyim xidmətlərə görə Naxçıvan MR əhalisi arasında böyük rəğbət qazanmışam. İşgüzar nüfuzum xeyli yüksəkdir. Xidmətim Naxçıvan MR rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Naxçıvan MR X18 2015-ci il 16 yanvar tarixli 270-04/S nömrəli Sərəncamı ilə Naxçıvan MR-nin “Əməkdar həkimi” adına layiq görülmüşəm. 2023cü ildə “OMPA” tərəfindən aparılan ictimai sorğulara əsasən, il ərzində göstərdiyim əvəzsiz tibb xidmətin yüksək keyfiyyətinə görə fəxrlə “İlin həkimi” mükafatı ilə təltif olunmuşam. Hər zaman bilik və bacarığımın artırılmasına diqqət göstərmişəm. Bununla əlaqədar bir sıra beynəlxalq tədbirlərdə və seminarlarda iştirak etmişəm. X3 təhqir və böhtanla dolu yaydığı yalan dolu bu məlumatlar mənim işgüzar nüfuzuma xeyli dərəcədə mənfi təsir göstərmişdir. Onun bu hərəkəti əhali və kollektiv arasında nüfuzumu sarsıtmışdır. Muxtar Respublika rəhbərliyinin və əhalisinin mənə göstərmiş olduğu etimada böyük zərbə vurmuşdur. Mən onun əsassız təhqirlərini heç cürə qəbul edə bilmirəm, şərəf və ləyaqətimin alçaldılması mənə çox pis təsir göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298.2-ci və 298.3-cü maddələrinin tələbinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət məhkəmənin hazırlıq iclasında baxılmaq üçün Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdi. Xüsusi ittiham qaydasında şikayət üzrə keçirilən məhkəmə hazırlıq iclasında Cinayət-Prosessual Məcəllənin 299-cu maddəsində nəzərdə tutulmuş hazırlıq iclasında baxılmalı və həll edilməli olan məsələləri cinayət prosesinin iştirakçılarının iştirakı ilə həll edərək məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilkin olaraq bildirir ki, X1 məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətdən onun X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sözü gedən normasına görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması cinayət əməli sayılmaqla, min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdu. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin tələblərindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi məsələsinin məhkəmə hazırlıq iclasında aparılmış prosessual yoxlamanın nəticəsi olaraq müəyyən edilmişdi. Belə ki, həmin Məcəllənin 300.1, 300.1.2 və 300.1.3-cü maddələrinin mahiyyətinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlara xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi və ya xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması aiddir. Xüsusi ittiham qaydasında şikayətin hansı şərtlər daxilində yoxlanılmasına gəldikdə isə məhkəmə qeyd edir ki, əgər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsində göstərilən əsasların mövcudluğu istisna edilərsə bu zaman xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilir. Həmin maddənin tələbinə görə isə şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. X1 verdiyi xüsusi ittiham qaydasında şikayəti yuxarıda qeyd edilən prosessual normanın tələbləri daxilində yoxlayaraq məhkəmə bildirir ki, şikayətin məhkəməyə aid olub-olmasının müəyyən edilməsi baş vermiş cinayət əməlinin törədildiyi yerə uyğun olaraq müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qeyd edilən faktın müəyyən edilməsi üçün ilkin olaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.3ci maddəsinin tələbinə əsasən bunu öz şikayətində qeyd etməlidir. X1 verdiyi şikayəti isə Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsində qeyd edilən və imperativ qaydada müəyyən edilən məlumatlar əsasında yoxladıqda müəyyən edilir ki, o, xüsusi ittiham qaydasında şikayətin qanunvericiliklə müəyyən edilmiş məzmununa əməl etməmişdi. Belə ki, həmin prosessual sənəddə özünün doğulduğu tarixi, törədilmiş cinayətin harada, nə vaxt və necə törədilməsi barədə aydın və dəqiq məlumatları göstərməmişdi. Yəni o, şikayətində C. Xudiyevin yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatlarla 2023-cü ildə müxtəlif vaxtlarda internet saytlarında böhtan xarakterli yazılar yazaraq paylaşımlar etməsini bildirsə də, bu palayaşımların konkret olaraq nədən ibarət olması, onun X3 harada və ya hansı sosial şəbəkədə paylaşmasını bildirməmişdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin diqqətinə çatdırır ki, cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, bir şəxsə qarşı irəli sürülən ittiham məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol, ittiham aktı və ya xüsusi ittiham qaydasında şikayətində öz əksini tapır. Qanunvericilik həmin prosessual sənədlərin tərtib edilməsinə ciddi yanaşmanı tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 299.3 və 299.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin iştirakçı ilə xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasına baxır; -301.1-ci maddəsinə görə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir; - 302.1-ci və 302.1.3-cü maddələrinə görə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin həmin Məcəllənin 302.2-ci və 302.2.3-cü maddələri ilə müəyyən edilir ki, məhkəmə Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, X1 verdiyi X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin Babək Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 verdiyi X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətin Babək Rayon Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan onun elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə o həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar