Məhkəmə qərarları › İş №1(079)-15/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №1(079)-15/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 1(079)-15/2023 06.12.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Xüsusi ittihamçı X1 və təqsirləndirilən şəxs Xudiyev Cəlil Məhərrəm oğlunun iştirakları ilə, Xudiyev Cəlil Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: X1 xx.xx.2023-cü il tarixdə xüsusi ittiham qaydasında şikayət qaydasında məhkəməyə müraciət edərək bildirmişdir ki, Xudiyev Cəlil Məhərrəm oğlunun Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, o, 31 oktyabr 2023-cü il tarixində "Gundliknaxcivan” adlı instaqram və "Gündelik Naxçıvan” facebook sosial şəbəkələrində onun sözləri ilə mənim ünvanıma əsası olmayan böhtan xarakterli yazılar yazaraq paylaşım etmişdir. Xudiyev Cəlil Məhərrəm oğlu hamin paylaşımda mənim barəmdə "anamı xəstəliyinə görə əməliyyat etmək olmazdı, tanış həkimlər bizə dedi ki, təcili Bakıya aparılmalıdır ki, əməliyyata hazır olması üçün problemlar aradan qaldırılsın. Ancaq mərkəzin baş həkimi Kifayət Məmmədova və həkim-mama-ginekoloq Nazakət Gülməmmədova buna imkan vermədilər, məndən 700 manat alıb 2-3 gün burada müalicə edib sonra əməliyyata alacayıq dedilər. Mən də anamı itirməmək üçün 700 manat pulu verdim, daha sonra heç bir müalicə etmədən anamı əməliyyat ediblər, görüşə icazə vermək üçün baş hakim Kifayət Məmmədova şəxsən özü bizdən 260 manat aldı. Anam həkimlərin acgözlüyü və məsuliyyətsizliyi nəticəsində ölüb və hər iki həkim məsuliyyət daşıyır” kimi ifadələr işlədərək barəmdə əsassız böhtan xarakterli məlumatlar yaymışdır. Qısa müddətdir ki, X2 baş həkim vəzifəsində işləyirəm və işlədiyim dövrdə fəaliyyətim ilə bağlı elə bir qüsurum olmamışdır. Mən işlədiyim dövr ərzində ölkəmizin qanunlarına və daxili nizamnamə qaydalarına uyğun işimi təşkil edərək fəaliyyət göstərmişəm. Bu günədək X3 və mənim fəaliyyətimdə heç bir neqativ hala rast gəlinməmişdir. Barəmdə sosial şəbəkələrdə böhtan xarakterli məlumatlar yayan Xudiyev Cəlil Məhərrəm oğlundan heç bir alacağım olmamışdır. Mənim onunla heç bir təmasım olmamışdır. O, mənimlə heç bir təması olmadığı halda şəxsən mənə 260 manat pul verməsini səsləndirərək mənə böhtan atması mənim üçün heç cür anlaşılan deyildir. Əksinə barəmdə şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan məlumatları internet informasiya vasitələrində yayan Xudiyev Cəlil Məhərrəm oğlunun anası mərhumə Sveta Xudiyevaya yardım göstərilməsi üçün əlimdən gələn bütün vasitələri əsir gəlməmişəm. Bildirirəm ki, xəstə Xudiyeva Sveta xəstəxanaya qanaxma diaqnozu ilə daxil olmuşdur. Ona qanaxmanın dayandırılması üçün hər bir vasitədən istifadə edilmişdir. Tərəfimdən onlardan heç bir maddi vəsait istənilməmişdir və bu barədə deyilənlər yalnız böhtan xarakteri daşımaqdadır. Əksinə mərhumə xanımın müalicə alması və səhhətinin düzəlməsi üçün əlimdən gələni əsir gəlməmişəm. Xudiyev Cəlil Məhərrəm oğlunun sosial şəbəkələrdə mənim barəmdə dediyi "görüşə icazə vermək üçün baş həkim Kifayət Məmmədova şəxsən özü bizdən 260 manat aldı” böhtan xarakterli məlumatı mənim işgüzar nüfuzuma xələl gətirir, kollektiv və insanlar arasında nüfuzumu aşağı salır. Kollektivimin və məni tanıyanların mənə göstərdiyi etimadı zədələyir. Mən, onun əsassız böhtan və təhqirlərini heç cür qəbul edə bilmirəm, şərəf və ləyaqətimin alçaldılması mənə çox pis təsir göstərir. Barəmdə yazılan böhtan xarakterli yazıları yüzlərlə insanlar oxumuş və həqiqətə sığmayan şərhlər yazmışlar və həmin paylaşıma yüzlərlə insan baxış etmişdir. Xudiyev Cəlil Məhərrəm oğlunun sosial şəbəkələrdə mənim barəmda yalan olduğunu bilə-bilə dediyi fikirlər şərəf və ləyaqətimi ləkələyərək hakimlik fəaliyyətimi nüfuzdan salmış olmaqdadır. Sonda isə xüsusi ittihamçı qismində tanınmaqla, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldaraq böhtan atan Xudiyev Cəlil Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cezalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı məhkəmə baxışı iclasında verdiyi izahatında Xudiyev Cəlil Məhərrəm oğlunun "Gundliknaxcivan” adlı instaqram və "Gündelik Naxçıvan” facebook sosial şəbəkələrində təkzib mesajını paylaşdığını, üzr və təkzib videosunu isə özündən asılı olmayan səbəblərdən yayınlaya bilmədiyini, belə ki, məlumatları paylaşaraq yayarkən düzgünlüyünü yoxlamayan sosial şəbəkə istifadəçisinin niyəsə təkzib və üzr mesajlarını paylaşmaqda reytinqi azalmasın deyə maraqlı olmadığını, bu məsələdə həm Cəlil Xudiyevin, həm də özünün zərər çəkdiyini, Cəlilin anasını, özünün isə istefa etməklə işini itirdiyini, hazırda isə maddi cəhətdən itkilərlə qarşılaşdığını, hər dəfəsində məhkəmə üçün Bakıdan Naxçıvana gəlib getməli olduğunu, Cəlilin mərhum anası Sveta Xudiyevanın ruhu xatirinə onunla barışdığını bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi izahatında "Gundliknaxcivan” adlı instaqram və "Gündelik Naxçıvan” facebook sosial şəbəkəsində təkzib mesajını başqa formatda, Kifayət xanımın bu məsələdə heç bir təqsirinin olmadığını açıqlayacaq şəkildə, həmçinin üzrxahlıq videosunu göndərdiyini, lakin sosial şəbəkə istifadəsinin reytinqinin azalmaması üçün bunu olduğu kimi paylaşmadığını, araşdırması nəticəsində istifadəçinin xaricdə fəaliyyət göstərdiyini və Naxçıvan Muxtar Respublikasında baş vermiş bu kimi hadisələri səs-küy yaradacaq tərzdə paylaşmaqla fəaliyyət göstərdiyini öyrəndiyini, anası Sveta Xudiyevanın ölümündə təqsirli olan şəxslərin aşkarlanması məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparıldığını, Kifayət xanımın bu məsələdə təqsirinin olmadığını paylaşımları etdikdən sonra araşdırma zamanı öyrəndiyini, yəni əslində həmin məlumatları yalan olduğunu bilə-bilə paylaşmadığını, belə ki, qohumu Məlahət Cəmiyevanın onlardan aldığı pulu müalicə həkiminə verdiyini və əməliyyata əks-göstəriş olduğu halda anasını onlardan xəbərsiz əməliyyata aldığını, onlara isə həmin pulu baş həkim olaraq Kifayət xanıma verdiklərini dediyini, təqsirli şəxslərin cəzalanması üçün mübarizəsini davam etdirəcəyini, üzrünü qəbul etdiyi üçün xüsusi ittihamçıya minnətdar olduğunu bildirmiş, barışmaları nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-in 39.1 və 39.1.9-cu maddələrinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 41.7 -ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının (bundan sonra – “Qərar”) 16-cı bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. “Qərar”ın 19-cu bəndində nəzərdə tutulmuşdur ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, bizim aramızda olan məsələ anlaşılmazlıq üzündən və Kifayət xanımın günahsız olduğunu bilmədiyim üçün baş vermişdir. “İnfoNews” xəbər saytı, “Gündəlik Naxçıvan” adlı İnstagram və facebook sosial şəbəkələrində və Hürriyyət TV-də Kifayət xanımın sözügedən məsələdə günahsız olmağını, mən və ailəm adından Kifayət xanımdan üzr xahişimizi qəbul etməsi ilə bağlı rəsmi məlumatlar paylaşılmışdır. Həmin məlumatları nəzərə alınmaqla barışığın olmasl üçün köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. X7 Məhərrəm oğlu tərəfindən məhkəməyə təqdim olunmuş “Gündəlik Naxçıvan” adlı xəbər saytının xx.xx.2023-cü il tarixdə paylaşdığı məqalədə qeyd olunur ki, Babək rayon Məhkəməsində dekabrın 1-də keçirilən prosesdə faktlarla sübut olundu ki, X5 keçmiş baş həkimi Kifayət Məmmədova anam Sveta Xudiyevanı ölümə aparan əməliyyatın əleyhinə olub və əməliyyatın keçirilməsi ilə bağlı rəy verməyib. Baş həkim anamın müalicə üçün təcili Türkiyəyə, yaxud Bakıya aparılmasını məsləhət görüb. Biz də yanlışlıqla Kifayət Məmmədovanın adını bu işdə hallandırmışıq. Buna görə çox üzgünük. İndi isə faktlarla məlum olur ki, o əməliyyatın qəti əleyhinə olub". Xüsusi ittihamçı X1 məhkəmə baxışı iclasında məhkəməyə yazılı ərizə verərək təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, barışığın səbəbinin isə "Gundliknaxcivan” adlı instaqram və "Gündelik Naxçıvan” facebook sosial şəbəkəsində paylaşdığı təkzib məlumatları olduğunu bildirmiş və sonda cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. CPM-in 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-in 43.1 və 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-39-cu, 41-ci, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Xudiyev Cəlil Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi ittihamçının cinayət təqibindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin. Xudiyev Cəlil Məhərrəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar